14 Mart 2025

Cümə, 15:35

İSVEÇRƏ AÇARI ERMƏNİ QIFILINA DÜŞMƏDİ

Yerevan Qarabağ münaqişəsində olduğu kimi, Türkiyə ilə protokolları da sabun köpüyünə çevirir

Müəllif:

01.02.2010

Böyük siyasətdə eyforiyaya düşmək çox təhlükəlidir. Bunun nəticələri acınacaqlı ola bilər. Bəs, görəsən, yeni dünya düzəni yaratmağa çalışan fövqəldövlətlərin liderləri bu adi həqiqəti hər an nəzərə alırlarmı?

Yəqin ki, dünya siyasətinin liderləri məhz bu və ya digər dövləti öz çaldıqlarına oynatmağa çalışdıqları üçün mütəmadi olaraq çətin duruma düşürlər. Ən təhlükəlisi isə odur ki, bu liderlər bəzi hallarda vəziyyəti düzəltmək üçün bu və ya digər dövlətə təzyiq göstərir, bəzən isə hətta hərbi müdaxiləyə də əl atırlar. Belə acınacaqlı durum çox vaxt böyük geosiyasi oyunların oynanılması zamanı taktikanın o qədər də dərindən düşünülməməsi üzündən yaranır. Məqsədə nəyin bahasına olur-olsun çatmaq cəhdləri bir çox hallarda, hətta, artıq qazanılmış uğurların da itirilməsi ilə nəticələnir. Sürix protokolları ətrafında yaşanan son hadisələr yuxarıda sadalanan fikirləri bir daha sübut edir. Axı protokolların imzalanmasının təşəbbüskarları onun Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına, iki ölkə arasında sərhədlərin açılmasına səbəb olacağını düşünürdülər. Əslində, hər şey onlar üçün yaxşı başlamışdı. İlyarım davam edən gizli intriqa və təzyiqlərdən (xüsusilə Türkiyə tərəfinə) sonra, maraqlı qüvvələr, nəhayət, Ankara ilə Yerevanı protokolları hər hansı ilkin şərt irəli sürmədən imzalamağa razı sala bilmişdi. Tərəflərin sənədlərə müəyyən şərtlər əlavə etmək cəhdləri isə xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında böyük maraqları olan əsas oyunçuların sərt təpkisi ilə üzləşdi.

Bu prosesdə daha böyük müqavimət Qərbdən gəlirdi. Əslində, protokolların Ermənistana təsirini azaltmaq iqtidarında olan Rusiya isə sənədlərə qarşı açıq etiraz etmədi. O, sözdə bu təşəbbüsü dəstəklədi. Beləliklə, Ermənistanın protokollarda Türkiyəyə ərazi iddiaları, həmçinin "erməni soyqırımı"nın beynəlxalq aləm tərəfindən tanınması cəhdlərini açıq saxlamaq səyləri fiaskoya uğradı.

Bu iki məsələ protokollarda dəqiq və qəti şəkildə əks olunub. Öncə, tərəflər ikitərəfli və çoxtərəfli öhdəliklərini təsdiqləyib, bərabərlik, suverenlik və ərazi bütövlüyü, həmçinin sərhədlərin toxunulmazlığı, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq olduqlarını bəyan ediblər. Türkiyə və Ermənistan iki ölkə arasındakı mövcud olan və beynəlxalq hüquqi sənədlər əsasında müəyyənləşmiş sərhədləri qarşılıqlı şəkildə tanıyır. Bu, tərəflərin avtomatik olaraq, Qars müqaviləsini qəbul etməsi anlamına gəlir. Çünki iki ölkə arasındakı hazırkı sərhədlər məhz həmin sənəd əsasında müəyyənləşib.

İkincisi, tərəflər iki xalq arasında qarşılıqlı inamın bərpası məqsədilə tarixi müstəvidə dialoqa başlamaq haqda öhdəlik də götürüblər. Bu zaman onlar problem və təkliflərin araşdırılması üçün, tarixi sənədlərdən və arxivlərdən qərəzsiz istifadə etmək haqda da razılığa gəliblər. Bu məqsədlə ikitərəfli hökumətlərarası komissiyanın yaradılması da nəzərdə tutulub: onun ayrı-ayrı alt komissiyaları fəaliyyət göstərəcək. 

Başqa sözlə, "erməni soyqırımı" ilə bağlı arxiv sənədlərinin araşdırılması üçün hər iki tərəfi təmsil edən müstəqil tarixçilərdən ibarət beynəlxalq komissiya yaradılacaq.

Ankara da öz növbəsində protokollarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələnin əks olunması tələbindən imtina etməli oldu. Bu, birbaşa Ermənistanın işğalçı siyasətini və onların ideologiyasını göstərərdi. Ermənistan isə əvvəlcə sənədləri hər hansı ilkin şərt irəli sürmədən imzalamağa razılıq versə də, imzalanma ərəfəsində Serj Sarqsyanın bunun üçün guya diasporadan "razılıq" almaq üçün addımlar atmağa başlaması ciddi siqnal oldu. Bunun nəyə işarə olduğu hər kəsə bəlli idi: Ermənistan rəhbərliyi diaspora tərəfindən narazılığın olacağı təqdirdə, protokolları ratifikasiya etməyəcək. Hələ üstəlik, hakimiyyətə ölkədaxili təzyiqlər də var.

İkinci qeyri-rəsmi şərt isə Yerevanın Ankaradan protokolların əvvəlcə Türkiyə parlamentində ratifikasiyasını tələb etməsi idi. "Kim kimi" şüarı altında keçən bu oyunda Türkiyə də sənədlərdə əksini tapmayan öz xəttini irəli sürdü: "Protokolların ratifikasiyası və Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət irəliləyişlər paralel getməlidir". Yəni, Qarabağ probleminin həllində Yerevan konstruktivlik nümayiş etdirməyəcəyi təqdirdə, protokolların ratifikasiyasından heç bir söhbət gedə bilməz. 

Amma bununla yanaşı, sənədlər Türkiyə parlamentinin xarici siyasət komitəsinin müzakirəsinə çıxarıldı. 

Yerevan isə əvvəlcədən bəyan etdiyi kimi, parlamentdəki prosedurdan öncə protokolları Konstitusiya Məhkəməsinin (KM) müzakirəsinə verdi. Qurum onların ölkə konstitusiyasına zidd olub-olmadığını müəyyənləşdirməli idi. Və S.Sarqsyanın Moskvaya səfəri günü Konstitusiya Məhkəməsi məsələyə baxaraq, protokolların konstitusiyaya uyğun olduğunu təsdiqlədi. Amma bu, çox qəribə formada baş verdi. Məhkəmə protokollara birtərəfli şəkildə dəyişikliklər etdi, halbuki,  onun buna heç bir hüququ yoxdur. Ermənistan KM hesab edir ki, sənədlər hazırlandığı formada qəbul edilə bilməz, çünki bu halda Ermənistan Konstitusiyasının 11-ci maddəsinin pozulması halı meydana çıxır. Söhbət Ermənistanın Müstəqillik Bəyannaməsi ilə bağlı maddədən gedir. Həmin maddədə isə deyilir: "Ermənistan Respublikası 1915-ci ildə Osmanlı İmperiyası və Qərbi Ermənistanda törədilmiş erməni soyqırımının beynəlxalq aləm tərəfindən tanınması prosesini dəstəkləyir". 

Bu üzdən də "erməni soyqırımı" ilə bağlı komissiyanın yaradılması məqsədəuyğun sayılmır.

Bu cür təqdimat və "Qərbi Ermənistan" ifadəsindən istifadə göstərir ki, ermənilər heç zaman könüllü şəkildə "erməni soyqırımı" məsələsi və Türkiyəyə ərazi iddialarını gündəmdən çıxarmayacaq.

Prinsipcə, Ermənistan KM-in belə qətnamə çıxaracağı gözlənilən idi. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın protokolları  hazırlanmış formada imzalamağa var qüvvəsi ilə müqavimət göstərməsi təsadüf deyildi. Xatırladaq ki, məhz onun sənədləri imzalamaq istəməməsi üzündən Sürixdə təşkil olunmuş mərasim 1 saat ləngimişdi. Ermənistanda bu addımı atmağa razılıq vermiş istənilən hakimiyyət özü öz altına gec partlayan bomba qoyur.

İndi Yerevan hər kəsi inandırmağa çalışır ki, KM-in qətnaməsi daxili sənəddir və protokolların parlamentdə ratifikasiya prosesində, sadəcə, tövsiyə xarakteri daşıyır. Bu fikirlə yalnız bir halda razılaşmaq olardı: KM-in protokolların ölkə konstitusiyasına uyğun olub-olmamasına bir kəlmə ilə cavab versəydi ("hə" və ya "yox"). Amma qurum sənədə yazılı əlavə edib ki, buna da onun heç bir hüququ yoxdur. KM uzağı, hökumətdən onun təkliflərini nəzərə almaqla, Türkiyə ilə razılaşmanı yenidən imzalamağı tələb edə bilərdi. Bundan başqa, KM-in məsələyə dair hökumətlə protokolların imzalanmasına razılıq verilənədək məsləhətləşmələr aparması üçün də kifayət qədər vaxtı olub.

KM-in qərarının tövsiyə xarakteri daşıdığını söyləyən Yerevanın, əslində, oyun oynadığını Ermənistan Demokrat Partiyasının lideri A. Sarqsyanın mövqeyi daha aydın göstərir: "Konstitusiya Məhkəməsinin Ermənistan-Türkiyə protokolları ilə bağlı qərarı sənədlərdə xarici siyasət idarəsinin buraxdığı bütün çatışmazlıq və səhvləri ortaya çıxarır. Erməni tərəfinin, xüsusilə Ermənistan diplomatiyasının əsas vəzifəsi milli maraqların qorunmasıdır. Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması ilə bağlı aparılan danışıqlarda isə erməni tərəfi bəlkə savadsızlıqdan, bəlkə də iradəsizlikdən dövlətin maraqlarını lazımi səviyyədə qoruya bilməyib. Konstitusiya Məhkəməsinin qərarı ilə bir çox mənfi məqamlar və xətalar aradan qaldırılıb. Məhkəmə müstəqil Ermənistanın Türkiyə ilə ikitərəfli öhdəliklərinin olmadığını bəyan etməklə, danışıqlar predmetini konkretləşdirib. Bundan başqa, Konstitusiya Məhkəməsi "dövlətlərarası sərhədlər"dən yox, "faktiki sərhədlər"dən danışır".

Bir sözlə, görünən odur ki, Ermənistan özü üçün rahat məqamda Türkiyə ilə Ermənistan arasında ikitərəfli öhdəliklərin olmadığına əsaslanaraq, yalnız öz xəyalındakı sərhədləri tanıdığını bəyan edəcək. Əslində, Ankara hadisələrin məhz bu cür inkişaf edəcəyinə heç şübhə belə etməməli idi. Nə qədər ki Sürix protokolları ermənilərin arzularına uyğun şəklə salınmayacaq, Yerevanın həmin sənədlər əsasında üzərinə götürdüyü öhdəliklər adi kağız parçası olaraq qalacaq.

Baş verənlərə Ankaranın reaksiyası özünü çox gözlətmədi. Türkiyə rəhbərliyi Ermənistanı razılaşmadan qaçmaqda və protokolların ratifikasiyası prosesini pozmaq cəhdində günahlandırdı. 

Görəsən, Ankara həqiqətənmi Yerevanın öz niyyətində ciddi olduğuna inanırmış?

Ermənistan isə Ankaranın KM-nin qərarına etirazını özünəməxsus şəkildə şərh edir. Yerevan Türkiyənin məhkəmənin protokollara etdiyi əlavəyə etirazını ratifikasiya prosesinin pozulmasına cəhd kimi dəyərləndirir. Üstəlik, bu, yenə də Qərbin açıq dəstəyi ilə baş verir. Bunu görmək üçün ABŞ dövlət katibinin müavini F.Qordonun bəyanatına diqqət yetirmək kifayətdir: "Ermənistan Konstitusiya Məhkəməsinin qərarına baxdıqda, protokollara hansısa əlavə xarakteristika verildiyi və ya onun məhdudlaşdırıldığı təsəvvürü yaranmır. ABŞ Ermənistan Konstitusiya Məhkəməsinin qərarına müsbət yanaşır. Qərarda protokolların ölkə konstitusiyasına uyğun olduğu bildirilir. ABŞ Dövlət Departamenti Ermənistan Konstitusiya Məhkəməsinin qərarını protokolların hər iki ölkə parlamenti tərəfindən ratifikasiyası prosesində müsbət addım hesab edir. Məhkəmə qərarı protokolların parlamentə imzalandığı formada verilməsinə imkan yaradır. Əminik ki, Türkiyə ilə Ermənistan öz öhdəliklərinə ciddi yanaşırlar. Odur ki, tərəfləri səmərəli müddətdə protokolları ratifikasiya etməyə çağırıram. Bizim məsələyə dair mövqeyimiz də-yişməz qalır. Biz Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyirik. Hesab edirik ki, bu, Qafqazda sülh və sabitliyin bərqərar olunmasına kömək edəcək".

Belə fikir yaranır ki, ya amerikalı dövlət məmuru Ermənistanın hərəkətlərinin əsil mahiyyətini yaxşı dərk etmir, ya Ankaranın etirazlarının məğzini başa düşmür, ya da ümumiyyətlə, Yerevanın xətrinə dəymək istəmir. Əks təqdirdə, o anlamalıdır ki, ratifikasiya üçün Ermənistan parlamentinə Sürixdə imzalanmış protokollar yox, onların KM tərəfindən dəyişdirilmiş forması təqdim olunacaq. Bu isə razılaşın ki, iki tam fərqli məsələlərdir. 

Digər tərəfdən, F.Qordon kimi Qərb siyasətçiləri Ermənistanla yaxınlaşmaq üçün Ankaraya təzyiq göstərməkdən əvvəl, ermənilərlə müqavilələrin imzalanmasından da öncə, ilk növbədə, Ermənistan Konstitusiyasını diqqətlə öyrənsəydilər, heç də pis olmazdı. İstər-istəməz, ürəyimdən cənab Qordona bir sual vermək keçir: "Azərbaycan Konstitusiyasına Ermənistana qarşı ədalətli ərazi iddiaları daxil edilsəydi, buna necə yanaşardınız?".

Ermənistan KM-in qərarının Ankaraya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təzyiq vasitəsi olduğu istisna deyil. Çünki protokollarda Qarabağ problemi haqda heç bir fikir yer almasa da, məhkəmə öz qərarında bu məsələdən də yan keçməyib: "Protokollar iki ölkə arasında imzalandığından, Türkiyənin onların Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra ratifikasiya olunacağını bəyan etməsi sənədlərin məğzinə uyğun deyil. Bu, prosesə üçüncü tərəfin cəlb olunması deməkdir".

Ankara isə öz növbəsində hesab edir ki, KM-nin qərarına bu məsələnin salınması düzgün deyil. Çünki o, sənədləri Ermənistanla heç bir ilkin şərt irəli sürmədən imzalayıb. Ermənistan KM hüquqi sənədə Türkiyə rəsmilərinin ünvanına şifahi bəyanatlar səsləndirmək üçün yox, qərar çıxartmaq üçün baxıb. İndi isə belə çıxır ki, Yerevan KM-nin iddialarından imtinası müqabilində (buna inanmaq çox çətindir), Ankaradan Qarabağ problemi ilə bağlı tələblərə son qoymasını istəyəcək. Bununla da özü üçün məğlubiyyətsiz variant əldə etməyə çalışacaq. Ankaranın razılaşmayacağı təqdirdə isə, Ermənistan protokolların ratifikasiyası prosesini pozacaq və bu zaman, günahı başqalarının üzərinə atmağa çalışacaq. Türkiyənin güzəştə (Qərbin təzyiqi vasitəsilə) gedəcəyi təqdirdə isə mövqeyini möhkəmləndirən Ermənistan Qarabağ münaqişəsinin həllində daha destruktiv mövqe tutacaq. 

Ən başlıcası, bu halda Azərbaycan-Türkiyə münasibətlərinə ciddi zərbə dəyə bilər. 

Görəsən, bu, heç nəyə baxmayaraq, Türkiyəyə təzyiq göstərərək protokolların imzalanmasına çalışan Qərbə sərf edəcəkmi? Əvvəlcədən Ermənistanın destruktiv gedişləri və bütün mümkün variantları nəzərə almadan bu dərəcədə cəhdlər göstərməyə dəyərdimi? Hadisələrin belə gedişi bir daha sübut edir ki, protokollar imzalanan zaman ilkin şərt kimi məhz Dağlıq Qarabağ probleminin həlli irəli sürülməli idi. O zaman işğalçı siyasətinə qarşı vahid cəbhədən gələn müqavimətlə üzləşən Ermənistan bu gün Sürix protokollarını sabun köpüyünə çevirməyə çalışmazdı. 

Onun bu addımları isə, ilk növbədə, elə Qərbin öz imicinə zərbə vuracaq.



MƏSLƏHƏT GÖR:

564