14 Mart 2025

Cümə, 15:44

PƏRDƏ ARXASI…

Madrid prinsiplərini müstəqil beynəlxalq sənədə çevirmək istəyirlər?

Müəllif:

01.02.2010

Yanvarın 25-də Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarqsyan Soçidə bir araya gəliblər. Danışıqlarda hər üç ölkənin xarici işlər nazirləri - Elmar Məmmədyarov, Sergey Lavrov və Edvard Nalbandyan da iştirak ediblər. Qeyd edək ki, bu, son 2 ildə tərəflər arasında keçirilmiş sayca 5-ci üçtərəfli görüşdür. Onlardan 3-ü müəyyən tədbir çərçivəsində baş tutub, ikisi isə (Soçi danışıqları da daxil olmaqla) xüsusi təşkil olunub. 

Xatırladaq ki, ilk belə görüş 2008-ci ilin noyabrında Moskvada baş tutmuşdu. Nəticədə, tərəflər arasında Mayendorf bəyannaməsi imzalanmışdı. Həmin sənəddə tərəflər arasında Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən yaxınlaşmaya da nail olunmuşdu. 

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında atəşkəs razılaşmasının əldə edilməsindən keçən 15 ildə iki ölkə prezidentinin imzası ilə qəbul edilmiş ilk sənəd məhz həmin bəyannamədir.

Əliyev, Medvedev və Sarkisyanın Soçi görüşünə gəlincə, o, təxminən, 2 saat davam edib. Rəsmi görüşdən sonra tərəflər arasında nahar süfrəsi ətrafında qeyri-rəsmi müzakirələr də aparılıb. Daha sonra isə prezidentlər qarlı dağlarda xizək  sürüblər.

Elə həmin gün axşam Soçi Hava Limanının VİP zalında Azərbaycan və Ermənistan prezidentlərinin daha bir görüşü keçirilib. Bu dəfə danışıqlarda ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradke (ABŞ), Bernar Fasye (Fransa) və Yuri Merzlyakov (Rusiya), həmçinin ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspirşik də iştirak ediblər.

Rusiyanın Soçi görüşünə xüsusi canfəşanlıqla hazırlaşdığını nəzərə alsaq, belə təsəvvür yaranır ki, Moskva, danışıqlarda Qarabağ probleminin həlli istiqamətində konkret nəticənin əldə olunmasına ümidli idi. Xatırladaq ki, yanvarın 13-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yerevana etdiyi səfər zamanı Ermənistan rəhbərliyi ilə məhz Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etmişdi. Bunun ardından Ermənistanın müdafiə naziri Seyran Ohanyan və Dağlıq Qarabağ separatçılarının rəhbəri Bako Saakyan Moskvada oldular. Yanvarın 18-də isə D. Medvedev S.Sarkisyanı qəbul etdi.

Bakıya isə Rusiya Prezident Administrasiyasının rəhbəri Narışkinin başçılıq etdiyi böyük nümayəndə heyəti səfər etdi. 

Bütün bunlara baxmayaraq, belə təsəvvür yaranır ki, skeptiklər haqlı çıxdılar - Qarabağ münaqişəsinin həlli prosesində irəliləyiş bu dəfə də baş vermədi.

Soçi görüşü zamanı heç bir sənəd imzalanmadı, heç olmasa, bir problemli məqamın belə razılaşdırılması mümkün olmadı. Görüşdən sonra isə nə Azərbaycan və Ermənistan prezidentləri, nə də bu ölkələrin xarici işlər nazirləri KİV qarşısına çıxdılar. Heç Minsk Qrupunun həmsədrləri də hər hansı açıqlama ilə çıxış etmədilər. Görüş haqda media mənsublarına yalnız Rusiyanın XİN başçısı S.Lavrov danışdı. Onun sözlərinə görə, tərəflər arasında həmsədrlərin hazırladığı sənədin preambulası haqda ümumi fikir var.

"Bu sənədin mövcudluğu hər kəs tərəfindən səmərəli hal kimi dəyərləndirilib. Çünki o, danışıqların abstrakt yox, konkret formul üzrə aparılmasına imkan verir", - deyə Lavrov qeyd etdi. 

Nazir bildirdi ki, mübahisəli məqamlar hələ qalsa da, onlarla bağlı tərəflər konkret ideya və formullarını hazırlayacaqlar. Həmin ideya və formullar ümumi mətnə əlavə ediləcək. Lavrov sənədin detallarını və preambulanı açıqlamaqdan imtina edib: "Bu, tərəflər arasında danışıqlar predmetidir".

Soçi danışıqlarının başa çatmasından sonra Minsk Qrupunun rusiyalı həmsədri Y.Merzlyakov da qısa açıqlama verdi: "Yerevan və Bakı 2 həftə ərzində hələ razılaşdıra bilmədikləri məqamlarla bağlı təkliflərini təqdim etməlidirlər". 

Onun sözlərinə görə, bundan sonra vasitəçilər regiona növbəti səfərlərini edəcəklər.

RİA "Novosti" və "İTAR-TASS" agentlikləri isə Kremldəki mənbələrinə istinadən xəbər verirlər ki, münaqişədən sonrakı dövr Cənubi Qafqazda tarixən mövcud olmuş qüvvələr nisbətini dəyişməməlidir. Açıq ermənipərəst mövqeyi ilə tanınmış "Regnum" agentliyinin məlumatında isə bildirilir ki, prezidentlərin Soçidə apardıqları üçtərəfli danışıqlar nəticəsində guya razılaşdırılmış preambula Dağlıq Qarabağ separatçılarının bundansonrakı müzakirələrə qatılmasını nəzərdə tutur. Agentliyin məlumatına görə, orada münaqişənin həlli üçün xalqların öz müqəddəratını təyinetmə prinsipinin vacibliyi xüsusi vurğulanır.

Bu məlumatlar Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov tərəfindən dərhal təkzib olundu. Azərbaycan rəsmiləri Soçi görüşü haqda bundan başqa heç bir şərh verməyiblər.

Erməni tərəfinin şərhləri də qısa olub. Serj Sarqsyanın mətbuat katibi prezidentlərin görüşü ilə bağlı qısa bəyanat verməklə kifayətlənib. Açıqlamada bildirilir ki, "Ermənistan Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik cəhdlərini yüksək qiymətləndirir".

Minsk Qrupunun üzvü olan dövlətlər və beynəlxalq təşkilatların Soçi görüşü ilə bağlı mövqeləri də qısadır. Yalnız ATƏT Parlament Assambleyasının Gürcüstandakı münaqişələr və Dağlıq Qarabağ problemi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker prezidentlərin görüşünü şərh edərək deyib: "Ümid edirəm, tərəflər danışıqlar prosesinin sonundadır. Razılaşmanın imzalanması üçün çoxsaylı görüşlərə ehtiyac var və o, bu gün baş verməyəcək. Amma bu gün biz tərəflərin mövqelərində yaxınlaşmanı görə bilirik. Odur ki, tərəflər arasında razılaşma bu ilin yazında imzalana bilər". 

Qeyd edək ki, Lenmarker nikbinliyi ilə tanınır və indiyədək dəfələrlə proqnoz və gözləntilərlə çıxış etsə də, sonradan onun bu fikirləri real həyatda əksini tapmayıb.

Bütün qeyd olunanlara əsaslanan Azərbaycan analitikləri Soçi görüşünün nəticəsiz olduğunu düşünür. Bəziləri isə hətta görüşün iflasa uğradığı qənaətindədir.

İlk baxışdan bu fikirlə razılaşmamaq mümkün deyil. Amma bu məqamda meydana əsaslı sual çıxır: Moskva bu danışıqların nəticələrini əvvəlcədən hesablamadan, Azərbaycan və Ermənistan prezidentlərinin və şəxsən Rusiya dövlət başçısının da iştirakı ilə belə bir görüş təşkil edərdimi? Qarabağ probleminin həllində guya fəallıq göstərdiyini nümayiş etdirmək üçün onu Moskvada keçirilən hansısa beynəlxalq tədbirlə üst-üstə salmaq və D.Medvedevin nüfuzuna belə zərbə vurmamaq daha məqsədəuyğun olmazdımı? 

Bu səbəbdən düşünürəm, Soçi görüşündə ictimaiyyətə açıqlanmayan ciddi danışıqlar olub və Rusya tərəfi ciddi təkliflərlə çıxış edib. Görünür, danışıqların gedişində tərəflər nə "hə", nə "yox" deməyə hazır olmadıqlarından, fikirləşmək üçün vaxt istəyiblər. Siyasi emosiyaları vaxtından əvvəl qızışdırmamaq üçün isə Rusiyanın təklifləri ictimaiyyətə açıqlanmayıb. Amma ara-sıra sızan informasiyalar və dolayı məlumatlarla baş verənlərin mənzərəsini qismən də olsa, müəyyənləşdirmək mümkündür.

Əvvəlcə, başlayaq qeyri-müəyyən sənədin gözlənilmədən peyda olmuş preambulasından. Xatırladaq ki, onun razılaşdırıldığını Soçi görüşünün sonunda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib. Bu preambula nəyə gərək idi? Məsələ bundadır ki, bütün bu illər ərzində danışıqlar konkret prinsiplər haqda aparılıb və sonda məhz onların əsasında çərçivə sazişinin imzalanması nəzərdə tutulur. Odur ki, tərəflərin baza prinsiplərini qəbul etdiklərini, XİN başçılarına həmsədrlərlə birlikdə sülh razılaşmasının hazırlanmasının tapşırıldığını açıqlamaq kifayət idi. Bunu hətta şifahi formada da bəyan etmək olardı.

Lakin preambulanın peyda olması göstərir ki, Madrid prinsiplərinin müstəqil beynəlxalq sənəd kimi təsdiqlənməsinə çalışılır. Qeyd edək ki, ATƏT üzvü olan ölkələrin XİN başçılarının Afina sammitində də buna cəhd edilmişdi - Fransanın xarici işlər naziri Bernar Kuşner bunu ağzından qaçırmışdı. Amma Afinada nədənsə, son anda, bu baş tutmadı. 

İndi isə işə Rusiya qarışıb, amma o da nəticə əldə etməyib. Bununla belə, mövzu qapanmayıb və tərəflərə yekun düzəliş və təklifləri hazırlamaq üçün 2 həftə vaxt verilib.

Bu, tərəflərə nə verə bilər? Ermənistan Azərbaycanın münaqişənin həllində hərbi yola əl atılmayacağı ilə bağlı öhdəlik götürməsini istəyir. Həmçinin, arzulayır ki, Azərbaycan Dağlıq Qarabağ ermənilərinin danışıqlara qoşulmasına razılıq versin, müqəddəratı təyinetmə prinsipini qəbul etsin. Azərbaycan üçün isə ermənilərin işğal edilmiş rayonlardan qoşunlarını çıxartmaq haqda öhdəlik götürməsi vacibdir.

Bu məsələdə Azərbaycan üçün əsas risk ondadır ki, sənədin qəbulundan sonra işğal olunmuş ərazilərin zor gücünə azad edilməsindən imtina, faktiki surətdə, hüquqi öhdəlik sayılar. Ermənilərin işğal olunmuş ərazilərdən çıxması isə uzana bilər, çünki qoşunların nə vaxt və necə çıxarılması məsələsi sülh müqaviləsi ilə razılaşdırılmalıdır. Lakin Bakı üçün təminat odur ki, o, Dağlıq Qarabağ ətrafındakı rayonlar işğaldan azad edilməyənədək, kommunikasiyalar açılmayacaq və Ermənistanla heç bir iqtisadi əməkdaşlıq qurulmayacaq.

Bundan başqa, bu sənədin qəbulu Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində irəliləyişin olduğunu elan etməyə, bu isə öz növbəsində, Ankaraya Ermənistanla sərhədlərin açılmasını nəzərdə tutan Sürix protokollarını ratifikasiya etməyə imkan verəcək. 

Dünya fövqəldövlətləri üçün isə Azərbaycanla Ermənistan arasında ilkin razılaşmanın imzalanması regionda arzuolunmaz hərbi əməliyyatların bərpasının qarşısını alacağı üçün sərfəlidir. 

İnformasiya pauzasını nəzərə nəzərə alsaq, biz hələ rəsmi Bakının prezidentlərin Soçi görüşündə irəli sürülmüş təkliflərə münasibətin formula olunmadığını deyə bilərik. Amma  Azərbaycan liderinin İsvesrədə baş tutan Davos İqtisadi Forumunda səsləndirdiyi bəyanatlar  müəyyən düşüncələrə əsas verir.  The Wall Street Journal  qəzetinə müsahibəsində Azərbaycan prezidenti bəyan etdi ki, iqtisadi təzyiq Ermənistanı konstruktiv danışıqlar masası arxasında əyləşməyin vacibliyinə inandıracaq başlıca  vasitədir.  "Biz görürük ki, Türkiyə məsələyə çox anlaşıqlı yanaşır və Ermənistan əraziləri boşaltmayınca protokolu ratifikasiya etməyə hazırlaşmır. Əgər bu iki məsələ bir-birindən ayrı götürülərsə  o zaman çox güman ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqları donduracaq. Bundan başqa, bölgədə belə bir ümumi fikir formalaşıb ki, Ermənistan işğal etdiyi əraziləri azad etməklə  birinci addımı atmalıdır"

Ermənistana gəlincə, S.Sarksi-yan məsələni aprelədək uzada bilər. O, Vaşinqton və Brüsselin təzyiqi ilə Ankaranın geri çəkiləcəyinə, Sürix protokollarını ratifikasiya edəcəyinə, Qarabağ problemi həll edilməmiş sərhədləri açacağına ümid edir. Yerevanda güman edirlər ki, Ankaranın güzəştə getməyəcəyi təqdirdə, ABŞ Konqresi "erməni soyqırımı"nı tanıya bilər. Axı bu ilin payızında Nümayəndələr Palatası yenidən seçiləcək. Bu dövrdə isə səsə və maddi ianələrə ehtiyacı olan konqresmenlər erməni lobbisi qarşısında daha üzüyola olacaqlar.

Beləliklə, Yerevanda münaqişənin həllini özlərinə sərf edən istiqamətə yönəltmək və ya status-kvonu qeyri-müəyyən vaxtadək uzatmaq üçün Ermənistanın mövqelərinin güclənəcəyini, Azərbaycanın isə əksinə, zəifləyəcəyini gözləyirlər. 

Bu ümidlər isə illüziyadır. Ermənilərsə illüziyalardan yapışmağa, son anadək israr etməyə öyrəşiblər. Amma anlamırlar ki, uzaqbaşı, bir neçə ay dözə bilərlər. Çünki Azərbaycanın və Türkiyənin iqtisadi, beynəlxalq mövqeləri, ermənilərin öz müdafiəsi üçün səfərbər edə biləcəklərindən qat-qat üstündür. Odur ki, Bakının özünə əminliyi, beynəlxalq hüquqa əsaslanması və öz siyasətini Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə cəlb olunmuş dövlətlərin real maraqları ilə əlaqələndirməsi gec-tez öz bəhrəsini verməlidir. 



MƏSLƏHƏT GÖR:

438