
MEDVEDEVƏ KİM BADALAQ VURUR?
Müəllif: Redaksiya
Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan dövlət başçıları arasında keçirilmiş ikinci görüş də nəticəsiz başa çatdı. Amma Soçidə baş tutan bu görüşdə müəyyən irəliləyiş də qeydə alındı. Hər halda, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən hazırlanmış sənədin preambulasının razılaşdırıldığını bəyan etdi.
Tərəflər arasında dialoqun davam etdirilməsi faktının özü nikbinlik yaradır və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli imkanlarının tükənmədiyini göstərir. Əks halda, Azərbaycan prezidenti İlham Əliyev, əvvəllər bəyan etdiyi kimi, Bakı danışıqlardan imtina edərdi.
İstənilən halda, əvvəlcədən bəlli idi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi Soçi görüşündən irəliləyişin gözlənilməsi səviyyəsinə çatmayıb. Amma Azərbaycan görüşə ümid və konstruktiv əhvalla getdiyi halda, erməni tərəfi əvvəlcədən Soçi görüşünün iflasa uğrayacağına işarə edərək, sanki, Dmitri Medvedevin təşəbbüsünün əhəmiyyətini azaltmağa çalışırdı.
Bunu Soçi səfəri öncəsi hər hansı adi siyasətçinin yox, Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın səsləndirdiyi bəyanat da açıq şəkildə göstərirdi: "Yaxın zamanlarda Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş gözlənilmir. Prosesin süni şəkildə sürətləndirilməsi və ya ləngidilməsi, çətin ki, səmərəli olsun".
Diqqətçəkən məqamlardan biri odur ki, Nalbandyanın bəyanatı Rusiya KİV-də münaqişənin dondurulmasının Moskvaya sərf etməsinə dair fikirlərin dərci ilə eyni vaxtda yayılıb - baxmayaraq ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü təşəbbüsü şəxsən Rusiya prezidenti Dmitri Medvedevdən gəlib.
"Vremya Novostey" qəzetində dərc olunan "Qarabağı dondurmaq" başlıqlı məqalədən bir hissəni təqdim edirik: "Rusiya Türkiyə ilə böyük oyun oynayır. Onun nəticəsində Cənubi Qafqazda qüvvələr nisbəti dəyişə bilər. Əsas məsələ budur, Qarabağ mövzusu yox. Bir tərəfdən Moskvanın fəallığı Ermənistana Rusiya-Türkiyə yaxınlaşmasından narahatlığa əsasın olmadığını göstərməlidir. Digər yandan, Rusiya azərbaycanlılar üçün də vacibdir: Qərbə Bakının alternativ xarici siyasi xəttinin olduğunu göstərmək üçün. Odur ki, Rusiyanın fəallığı tərəflərdən heç birinin müqaviməti ilə qarşılanmır... Danışıqları davam etdirmək onu dondurmaqdan yaxşıdır. Dondurulmuş münaqişənin daha da gərginləşməməsi üçün ən yaxşı yol onun daha da dondurulmasının qarşısını almaqdır".
"Rosbalt" agentliyi daha da irəli gedib: "Getdikcə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində "məğrur tənhalıq"da qaldığını düşünən analitiklərin sayı artır". Bu fikir "Əliyev Qarabağdan itminanın bir addımlığında" adlı məqalədə yer alıb. Məqalədə bildirilir ki, "Azərbaycan qüvvələr nisbətini nəzərə alaraq, hər şeyi itirməmək üçün Ermənistana güzəştə getməlidir".
Xatırladaq ki, "Rosbalt" indiyədək dəfələrlə Azərbaycan əleyhinə məqalələr dərc etməklə, çoxmillətli ölkədə millətlərarası münasibətləri qızışdırmaqla yadda qalıb. Agentliyin qərəzli mövqeyi haqda fikirlərin əsassız olmadığını göstərmək üçün, indiyədək "Rosbalt"ın saytında dərc edilmiş məqalələrdən yalnız bir neçəsinin başlığını nəzərinizə çatdırırıq: "Azərbaycan 5 muxtariyyətdən ibarət olacaq", "Dağlıq Qarabağ: ən yaxşı seçim status-kvodur", "Talış məsələsinin" gərilmiş yayı" və s.
Rusiyanın bəzi mətbuat orqanlarının bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin həllində sülhməramlı missiyanı reallaşdırmasına qarşı çıxdığı heç kəs üçün sirr deyil. Bunu hələ ötən ilin dekabrında Moskvada keçirilmiş beynəlxalq media-sammitdə Azərbaycanın Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov "qaynar nöqtələr"dəki vəziyyətin KİV-də işıqlandırılmasındakı problemlər haqda danışarkən bəyan etmişdi.
"Çox istərdik ki, Rusiya mass-mediası sakitləşsin və iki xalqa (Azərbaycan və Ermənistan) 80-90-cı illərə qayıtmamaq imkanı versin", - deyə Axundov forumda qeyd etmişdi. O, Rusiyanın bəzi mətbuat orqanlarında münaqişənin uzadılmasının Moskvaya sərf etməsi haqda yazılanlardan təəccübünü gizlətməmişdi. Axundov bu məsələdə Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən digər ölkələr - ABŞ və Fransa mətbuatından nümunə də gətirərək bildirmişdi ki, bu ölkələrin KİV-də onların analoji niyyəti haqda fikirlərə rast gəlmək mümkün deyil.
"Onlarda söz azadlığı bizdəkindən az deyil. Lakin orada məsuliyyət də var", - deyə F.Axundov qeyd etmişdi.
Beləliklə, ortaya sual çıxır: Dmitri Medvedevə badalaq vurmaq kimin üçün bu qədər vacibdir? Nəyə görə oxşar fikirlər Rusiya prezidentinin vasitəçiliyi ilə keçirilən danışıqlar ərəfəsində peyda olur? Elə "Rosbalt" agentliyinin imicini nəzərə alsaq, aydın olur ki, bu tezislər agentliyə Yerevan və onun Rusiyadakı himayədarları tərəfindən ötürülür. Rusiyanın özündə bəzi qüvvələr Medvedevin uğurlu siyasi addımlarından narahatdır. Və rəsmi Yerevanı da məhz həmin qüvvələr idarə edir. Çünki Ermənistanın himayədarlarının istəyi olmasaydı, bu ölkənin XİN başçısı Rusiya prezidentinin təşəbbüsünün əhəmiyyətini azaldan bəyanatlarla çıxış etməzdi.
Belə olduqda, ortaya maraqlı və məntiqli sual çıxır: Ermənistan prezidenti Serj Sarqsyan danışıqlarda irəliləyiş olacağına inanmırdısa, Soçiyə nə üçün səfər edirdi? Axı Azərbaycan prezidentindən fərqli olaraq, o, xizək sürməyi də bacarmır...
MƏSLƏHƏT GÖR: