14 Mart 2025

Cümə, 20:48

TARİXİN 2009-cu SƏHİFƏSİ

Bu il narahat, maraqlı və əksər məqamlarda isə ibrətamiz oldu

Müəllif:

01.01.2010

2009-cu ildə qlobal maliyyə və iqtisadi böhran beynəlxalq ictimaiyyətin həyatının bütün sahələrinə hakim kəsildi, və bu, ilk növbədə əlbəttə ki, siyasətə də aid idi. Yüksək səviyyədə təşkil olunmuş bütün sammitlər, forumlar, konfrans və görüşlərdə söhbət böhranın nəticələrinin aradan qaldırılması ətrafında aparılırdı. Dünya liderləri həyəcanla vəziyyətdən çıxış yolları axtarırdılar. Və axırda aşkar nigarançılıq, kifayət qədər inamlı və nikbin əhvalla əvəzləndi. Amma bəzi ölkələrdə, məsələn, bir sıra Avropa dövlətlərində böhran, təəssüf ki, daxili siyasi qeyri-sabitliyin də yaşanmasına gətirib çıxardı. Xüsusilə, Yunanıstanda bu özünü daha ciddi şəkildə göstərdi.

Bəzilərinə isə böhran, hətta, demək olar ki, beynəlxalq çəkisini bir daha nümayiş etdirməyə imkan yaratdı. Məsələn, dünyada tüğyan edən maliyyə və iqtisadi problemlər burulğanında Çin özünü kifayət qədər rahat hiss edirdi. Bu, bir sıra faktorlarla əlaqədardır və əlbəttə ki, bu faktorların ən başlıcası, Çinin nəhəng əmək resurslarıdır.

 

Çin mövqelərini möhkəmləndirir

Əksər ekspertlərin fikrincə, Çin yaxın zamanlarda iqtisadi göstəricilərinə görə daha da irəli gedəcək. Xüsusilə, Çin yuanı inamlı təsir bağışlayır və o, dünyanın ehtiyat valyutalarından birinə çevrilmək istiqamətində inamla irəliləyir. Bu yenilik, ilk növbədə, ABŞ-a zərbə vura bilər. Axı Çin bu ölkə üçün artıq indidən nəhəng kreditordur. Böhranlı dövrdə isə bu faktorun təsiri daha da artır. Pekinin getdikcə dünyanın, demək olar ki, bütün bölgələrindəki enerji resurslarına marağının gücləməsi, həmçinin bu ölkənin hərbi qüdrətinin daim artmaqda olması Qərbdə xüsusi narahatlıq yaradır. Amma əlbəttə ki, Çinin əsas silahı yenə də çoxişlənən mallardır. ABŞ-dan alınmış Azadlıq heykəli suveniri və ya Vaşinqtonun əsas yerlərinin şəkilləri üzərində "Made in China" yazısını gördükdə, bu faktın qüdrəti daha yaxşı başa düşülür...

İş o yerə çatıb ki, əksər Qərb KİV ABŞ prezidenti Barak Obamanın 2009-cu ildə Çinə etdiyi səfərinin tonunda, az qala, yaltaqlıq  izləri axtarırdı.  "Özü ilə müharibədə: Amerika niyə yaxşı dünya qurmaq şansını qaçırır?" kitabının müəllifi Maykl Hirş məşhur "Newsweek" dərgisində yazır ki, "ABŞ artıq Asiyada tələb irəli sürmür və sadəcə, xahiş edir".

Müşahidəçilər bildirir ki, Vaşinqton bu dəfə Çində insan haqlarının pozulması mövzusunda həmişə olduğu kimi, fəal və hirsli danışmayıb. Amma bu onsuz da Pekinin vecinə deyil - Çin heç zaman ona ünvanlanmış məzəmmətlərə əhəmiyyət vermir.

Digər tərəfdən, Vaşinqton Çindən asılılığının ikitərəfli xarakter almasından məmnundur. Bu baxımdan, (dolların "əhvalı" və ticarətin həcmi) Çini öz iqtisadi təhlükəsizliyi narahat etməyə bilməz - iki ölkə arasında sərt rəqabət bitmək bilmir. Bunun fonunda bir məqam aydındır - məhz Çinin sayəsində Qərb Şərqi yeni rakursda görüb. Məsələn, insan resursları baxımından böyük üstünlüyə malik olan qonşu Hindistan da ÇXR-dən örnək götürməyə çalışır.

 

Uyğur böhranı

Bundan əlavə, bu il Çin Sintzyan-Uyğurdakı iğtişaşları ilə də yadda qaldı. Xatırladaq ki, muxtariyyətdə baş vermiş toqquşmalar nəticəsində onlarca insan həlak oldu, yüzlərlə yerli sakin yaralandı. Aranın qarışmasına isə Qaundun vilayətinin Şaoqun şəhərindəki oyuncaq fabrikində iki uyğurun qətlinə etiraz olaraq keçirilmiş aksiya rəvac vermişdi. Pekin, qanlı olaylara görə məsuliyyəti Qərbdə yaşayan Ümumdünya Uyğur Konqresinin rəhbəri Rəbiyə Qədirin üzərinə qoydu. Xatırladaq ki, o, 1999-cu ildə Çində "milli təhlükəsizliyi sarsıtmaq"da günahlandırılaraq həbs olunsa da, 2005-ci ildə girov müqabilində azadlığa çıxıb. 

Sintzyan-Uyğur Muxtariyyəti Qazaxıstanla sərhəddə yerləşən dağlıq rayondur. Əhalisi 21 milyon nəfərdir ki, onlardan 9 milyonu islama ibadət edən türkdilli xalq  (Çinin qərbində ən böyük etnik azlıq) olan uyğurlardır. Uzun illər müstəqillik uğrunda mübarizə aparan uyğurlar 1930-cu illərdə Şərqi Türküstan İslam Respublikası, 1940-cı ildə isə Şərqi Çin İnqilab Respublikasını yaratsalar da, 1950-ci illərdə yenidən Çinin tərkibinə qatılıblar. İndi uyğurların bir hissəsi muxtariyyətin genişləndirilməsini, bəziləri isə ümumiyyətlə, Çindən ayrılmasını istəyir və sonuncu fikir "Şərqi Türküstan İslam Hərəkatı" tərəfindən də dəstəklənir. Çin hökumətindən gələn məlumatlara görə, yerli xüsusi xidmət orqanları bir neçə terror aktının qarşısını alıb. Məlumata görə, separatçı uyğurlar bir neçə dəfə təyyarələrin partladılmasına da cəhd ediblər. Rəbiyə Qədir isə bu işlərə aidiyyətinin olduğunu birmənalı şəkildə rədd edib və "The Wall Street Journal" qəzetinə müsahibəsində bildirib ki, qarışıqlıq nəticəsində həlak olmuş uyğurların sayı Çin hökuməti tərəfindən dəfələrlə azaldılıb.

 

Obamanın Amerikası

2009-cu il Barak Obama üçün ABŞ prezidenti postundakı ilk il oldu. Əvvəlcədən onun Ağ evə rəhbər seçilməsi böyük maraq və müsbətə doğru dəyişikliklərə gözlənti yaratmışdı. "Daily Mail" yazır ki, Obama prezidentliyinin ilk ilində özünə "müsbət dörd" qiyməti yazıb. Belə ki, o, iqtisadi və beynəlxalq məsələlərdəki irəliləyişlə bağlı loğvalığını gizlətmir, özünə daha yüksək qiymət verməməsinin yeganə səbəbi isə gündəmə gətirdiyi bəzi məsələlərin hələ də həllini tapmamasıdır. Söhbət, ilk növbədə, səhiyyədə islahatlar və çoxlu sayda yeni iş yerlərinin yaradılmasından gedir.

Səhiyyədə islahatlar sırf amerikalıların problemidirsə, beynəlxalq ictimaiyyətin digər üzvlərini Amerika liderinin daha çox xarici siyasi fəaliyyəti maraqlandırır. Yeri gəlmişkən, o artıq Nobel sülh mükafatını almağa da macal tapıb. Bəziləri üçün bu, gözlənilməz, digərləri üçün isə vaxtından əvvəl verilmiş qərar olsa belə.

Maraqlıdır ki, bəzi müşahidəçilər Obamanın builki çıxışlarında, hətta ABŞ-ın "dünya idarəedicisi" rolundan imtina və Amerikanın təşəbbüslərinə digər tamhüquqlu tərəfdaşları cəlb eləmək istəyini də duyub. Bu il Obama Misirdə etdiyi çıxışında bildirib ki, Vaşinqton islam dünyası ilə  Corc Buşun Ağ evə rəhbərliyi dövründə pozulmuş münasibətləri də normallaşdırmaq istəyir.

ABŞ prezidenti Yeni il ərəfəsindəki müsahibəsində Vaşinqtonun İraqdan qoşunlarının çıxarılmasına qərar verməsini, həmçinin Əfqanıstanda sabitliyə nail olmaq niyyətini müsbət məqamlar kimi qiymətləndirib.

 

Əfqanıstan dərsi

Dekabrın əvvəllərində Barak Obama uzun-uzadı götür-qoydan sonra, nəhayət, ABŞ-ın Əfqanıstanla bağlı yeni strategiyasını açıqlayıb. Yeni strategiyaya əsasən, yaxın 6 ay ərzində bu ölkəyə əlavə 30 min hərbçinin göndərilməsinə qərar verilib. Obama etiraf edib ki, Əfqanıstana əlavə hərbi kontingent göndərmək qərarı onunçün asan olmayıb: "Hesab edirəm, Əfqanıstan və Pakistanda təhlükəsizliyimizə böyük təhdid var. Qərarım da məhz bununla bağlıdır".

Obamanın sözlərinə görə, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması üçün şərait yarananadək təşəbbüsü əldə saxlamaqdan ötrü məhz əlavə resurslara ehtiyac var. Xatırladaq ki, bundan bir qədər əvvəl ISAF qüvvələrinin komandanı, amerikalı general Stenli Makkristal Əfqanıstandakı  hərbçilərin sayının 40 minə çatdırılmasını  istəmişdi. Bütün bunların fonunda Əfqanıstanda amerikalıların itkisinin sayı artmaqdadır.

Obamanın strategiyasına gəlincə, o, əsasən, taliblərə qarşı mübarizə, BMT, beynəlxalq partnyorlar və əfqan xalqı ilə əməkdaşlıq, həmçinin Pakistanla sıx tərəfdaşlığa əsaslanır.  Vaşinqton sonuncuya  problemli regionda əsas müttəfiq kimi baxır. Əfqanıstanla Pakistan sərhədindəki əlçatmaz dağ rayonlarında məskunlaşmış "Taliban" və "Əl-Qaidə" hərəkatı yaraqlıları ilə mübarizədə İslamabadın töhfəsi vacib və arzuolunan sayılır. Yeri gəlmişkən, terrorçular nüvə dövləti olan Pakistanı da hədələyir. Bu il ölkə ordusu taliblərin fəal hücumlarının qarşısını almaq üçün xeyli tər tökməli olub.

ABŞ Pakistana 7,5 milyard dollar yardım ayırmağı da düşürür. Bununla Ağ ev ölkənin uzunmüddətli inkişafına ümid bəsləyir.

 

"Məğlubedilməz" Kərzai

Əfqanıstandakı amerikalılar taliblərin ölkədə hakimiyyəti devirməsinin qarşısını almaq üçün əlindən gələni edir. Bu baxımdan Əfqanıstanda 2009-cu ilin avqustunda keçirilən prezident seçkisi zamanı risk böyük idi. Xatırladaq ki, seçki kütləvi saxtakarlıq və zorakılıqla müşayiət olunmuşdu və nəticədə ölkədə çox mürəkkəb vəziyyət yaranmışdı. Amma bütün bunlara baxmayaraq, Həmid Kərzai öz postunda ikinci müddətə qala bildi. Seçkidə Kərzainin əsas rəqibi, sabiq xarici işlər naziri, 2001-ci ildə terrorçular tərəfindən qətlə yetirilmiş Şimal Alyansının lideri Əhməd Şah Məsudun yaxın silahdaşı olmuş 49 yaşlı doktor Abdulla Abdullanın öz namizədliyini geri götürməsi nəticəsində prezident seçkisinin ikinci turu baş tutmadı. Abdulla bu addımını səsvermənin şəffaf keçiriləcəyinə şübhə etməsi  ilə əsaslandırdı.

İkinci turun keçirilməsi Vaşinqtona da sərf etmirdi. Çünki səsvermənin təşkilində ciddi səylər tələb olunurdu. Çoxları anlayırdılar ki, Kərzai ilə Abdulla arasında qarşıdurmanın davam etməsi ölkədə situasiyanı daha da qəlizləşdirəcək, Kərzaini dəstəkləyən puştunlarla Abdullanın arxasında dayanan taciklər arasında milli münaqişəyə çevriləcək. Onsuz da zorakılığın baş alıb getdiyi Əfqanıstan üçün isə bu, son damla ola bilərdi.

Bütün bunlarla yanaşı, Əfqanıstanda prezident kürsüsünün həqiqətən ən ali kürsü olub-olmadığının özünə də xeyli şübhələr var. Çünki əksər müşahidəçilərin iddia etdiyi kimi, bu gün mərkəzi hakimiyyət, faktik olaraq, yalnız Kabilə tam nəzarət edir. 

ABŞ-ın regiondakı siyasətinə qayıdaraq, Ağ evin terrorizmlə mübarizəyə yanaşmasını dəyişməsini də vurğulamaq lazımdır.

Terrorizm ABŞ üçün hələ də təhlükə yaradır və yalnız diqqət yox, həm də ciddi maliyyə vəsaiti tələb edir. Konqresin Təhqiqat Xidmətinin analitikləri bildirirlər ki, 2001-ci ildən indiyədək ABŞ-ın dünyada terrorla mübarizəyə xərclədiyi vəsaitin məbləği 1 trilyon dolları ötüb.

 

"Yenilənmə"

Bundan başqa, ABŞ son zamanlar Rusiya ilə münasibətlərini "yeniləməyə" nəzərəçarpacaq dərəcədə cəhdlər göstərir. Çoxlarının fikrincə, Obamanın 2009-cu ildə verdiyi ən səs-küylü qərarlarından biri - Avropada HHM sistemini yerləşdirmək planından imtina da məhz bu məqsədi daşıyır. Obama komandası HHM sahəsində öz variantını təklif edir. Bu il ərzində Moskva ilə Vaşinqton strateji hücum silahlarının ixtisarına dair yeni müqavilənin imzalanması üzərində də iş aparıb. Bu isə bütün dünya üçün vacib sənəd sayılır.

 

Avropa piroqu

Avropa bu il bütün diqqətini Lissabon müqaviləsinin qüvvəyə minməsi istiqamətinə yönəltmişdi. Xatırladaq ki, bu sənəd Avropa İttifaqında ciddi islahatları (ilk növbədə, səsvermə sahəsində, yəni qurumda kollektiv qərarların qəbulunu) nəzərdə tutur.  Sənəd Avropa İttifaqında yeni postların - prezident və xarici işlər naziri postlarını da tətbiq edir.

Lissabon müqaviləsi dekabrın 1-dən qüvvəyə minib. Bunun  üçün Brüssel, əhalisinin sayı o qədər də çox olmayan İrlandiyaya ciddi güzəştlərə getməli olub. Qeyd edək ki, İrlandiyada sənədin qəbulu ilə əlaqədar keçirilən referendumda əhali buna "yox" demişdi (yeri gəlmişkən, bütün digər ölkələrdə sənədin ratifikasiyası ilə parlamentlər məşğul olub). Lakin iş Dublinin sakitləşdirilməsi ilə bitmədi və İrlandiyanın ardınca Çexiya da müəyyən güzəştlər tələb etdi.

Bununla yanaşı, 2009-cu ilin hadisələri göstərdi ki, Kosovonun Aİ ölkələrinin əksəriyyətinin də dəstəyi ilə Serbiyadan birtərəfli şəkildə ayrılması, avropalılar üçün hələ uzun müddət başağrısı olacaq. Məsələn, bu ilin iyununda Danimarkanın tərkibinə daxil olan Qrelandiya geniş muxtariyyət statusu əldə edib və çoxları bu hadisəni dünyanın ən böyük müstəqil adası olmaq istiqamətində növbəti addım kimi qiymətləndirib. İndi Qrelandiya hökuməti hüquq-mühafizə orqanları və məhkəmə sistemi ilə bağlı özü qərar verəcək, adanın bütün faydalı qazıntılarının (almazdan neftədək) taleyini özü müəyyənləşdirəcək. Xarici siyasət, müdafiə və pul siyasəti isə hələ ki Danimarka tərəfindən tənzimlənir.

Bundan başqa, dekabrda keçirilmiş qeyri-rəsmi referendumda Kataloniya sakinləri də İspaniyadan ayrılmağa səs veriblər.

Bunların fonunda Haaqa Beynəlxalq Məhkəməsi Kosovonun elan etdiyi birtərəfli müstəqilliyin qanuni olub-olmamasına dair açıq dinləmələr keçirib. Sonda qurum tövsiyə xarakterli qərar da çıxaracaq. Amma bu qərarın 2010-cu ilin aprelindən tez çıxarılmayacağı bildirilir.

Yəni bu il bir daha göstərib ki, bəziləri üçün Avropa ilə birlikdə olmaq heç də sevindirici və məmnunedici deyil, "aborigenlər"lə "yenilər" arasında münaqişə var və bu, yaxın vaxtlarda aradan qalxmayacaq. Baş verənlər Avropa İttifaqının perspektivinə inananlarla "avroskeptiklər" arasındakı fərqi də üzə çıxarıb. 

Bununla yanaşı, bir məqamı da yaddan çıxarmaq olmaz ki, Aİ, təxminən, yarım milyard insanı özündə birləşdirir və dövlətlərin nəhəng birliyi olan bu qurumun dünyanın siyasi sistemində özünü necə hiss etməsindən çox şey asılıdır.

Amma istənilən halda, Aİ-nin həyat qabiliyyətli olub-olmayacağına dair suallar hələ də açıq qalır. Ələlxüsus,  XXI əsrin yeni onilliyinin gətirə biləcəyi təhlükələr fonunda...

 

İran bombası

Əvvəlki illərdə olduğu kimi, bu ilin gedişində də dünya ictimaiyyəti İranı nüvə proqramını dayandırmağa razı salmaq üçün səylərini davam etdirdi. Amma Tehrana qarşı səsləndirilən müxtəlif ultimatumlar heç bir nəticə vermədi. Müəyyən mərhələdə beynəlxalq ictimaiyyətdə müəyyən nikbinlik yaransa da, sonda ümidlər doğrulmadı. 

Sonradan belə informasiyalar yayılıb ki, hazırda İran yeni nəsil IR4 və IR3 sentrifuqaların yaradılması ilə məşğuldur və onların növbəti ilinin sonunadək, yəni 2011-ci il martın 21-dək istifadəyə verilməsi nəzərdə tutulub. Bununla paralel olaraq, Tehran atom bombasının komponentlərinin - neytron partlayıcılarının sınaqdan keçirilməsində də ittiham olunub.

Eyni zamanda, dünya birliyi bu ilin mayında Şimali Koreyanın daha bir nüvə sınağını da həzm etməli oldu. Vəziyyəti mürəkkəbləşdirən amil həm də odur ki, bu dövlətin nə etmək istədiyini heç kəs anlaya bilmir. Şimali Koreya lideri Kim Çen İrin səhhəti ilə bağlı da heç kəsdə dəqiq məlumat yoxdur. Qərb KİV isə onun mümkün varisi - kiçik oğlu Kim Çen Un haqqında ətraflı məlumat toplamaq üçün əlindən gələni edir. 

 

İransayağı seçki

2009-cu ildə yaşanmış hadisələr sırasında uzun müddət yaddan çıxmayacaq məqamlardan biri də, şübhəsiz, İranda iyunun 12-də keçirilmiş prezident seçkisidir. Hazırkı dövlət başçısının 62,6, müxalifət lideri Mirhüseyn Musəvinin 33,7, digər iki namizədin isə hərəyə 2%-dən bir qədər artıq səs topladığı bu seçkidən sonra ölkədə kütləvi aksiyalar dalğası yaşandı. Musəvi nəticələrin açıqlanmasından əvvəl özünü seçkinin qalibi elan elədi, sonra nəticələrin saxtalaşdırıldığını bəyan etdi, cəmi bir gün sonra isə Tehran və digər şəhərlərdə yüz minlərlə tərəfdarını küçələrə çıxardı. Qeyd edək ki, 1979-cu il inqilabından sonra, ilk dəfə idi, İranda bu cür genişmiqyaslı aksiyalar keçirilirdi.  Nümayişçilər iqtidarın seçkinin nəticələrinin saxtalaşdırıldığını etiraf etməsini, həmçinin təkrar seçki keçirilməsini tələb edirdilər. Hüquq müdafiəçilərinin məlumatına görə, İranda bir neçə həftə davam edən qarışıqlıq nəticəsində onlarca dinc sakin həlak oldu, çoxsaylı müxalifətçilər isə həbsxanaya salındı.

Açığı, İranda ehtirasların bu cür coşacağını və intriqanın yaşanacağını heç kəs gözləmirdi. Hamı düşünürdü ki, İranda hadisələrin bu cür inkişafı mümkün deyil. Hakimiyyət isə əlbəttə ki, baş verənləri "imperialistlər"in boynuna qoymağa çalışır. Amma ABŞ prezidenti Barak Obama seçkilər zamanı açıq şəkildə bəyan etmişdi ki,  Əhmədinejatla Musəvinin siyasi proqramları bir-birindən elə də fərqlənmir. Doğrudan da, unutmaq lazım deyil ki, islam respublikasında hər şey dini liderin iradəsinə bağlıdır və o, çətin ki, Qərbə güzəştə getsin...

 

Müqəddəs Torpaq hələ də od içindədir

2009-cu ildə ərəb-İsrail münaqişəsini ölü nöqtədən tərpətmək də mümkün olmadı. ABŞ-ın Yaxın Şərq münaqişəsinin həlli istiqamətindəki səyləri heç bir müsbət nəticə vermədi, baxmayaraq ki Vaşinqton həqiqətən də prosesi canlandırmağa çalışdı. "Biz daha "bir addım irəli, iki addım geri" təcrübəsini davam etdirə bilmərik. Belə şəraitdə uğurun qazanılması hər kəsdən asılıdır və bu situasiyada hər kəs təxirəsalınmaz addımlar atmalıdır", - deyə Barak Obama bildirdi. Şahidlərin sözlərinə görə, o, BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilmiş toplantısı çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu və Fələstin lideri Mahmud Abbasla baş tutan  görüşlərindən sonra əsəbi təsir bağışlayıb.

Yanvarda Fələstin rəhbəri postuna, həmçinin qanunverici orqanına seçkilər keçiriləcək. Lakin HƏMAS liderləri Qəzza zolağı ərazisində keçiriləcək seçkini, artıq indidən qanunsuz elan edib. Muxtariyyət ərazisində humanitar vəziyyət isə pisləşməkdə davam edir.

 

Buz dövrü,  dünyanı məhv edəcək daşqınlar, yoxsa Böyük quraqlıq?

2009-cu ilin son həftələrində birdən-birə, qlobal istiləşmə bəşəriyyətin əsas problemlərindən biri, bəlkə də birincisi kimi qəbul edilməyə başlandı. Onun bütün sahələrdə - ekoloji, iqtisadi və siyasi problem olduğu bəyan olundu. 

Amma bununla belə, məsələyə dair dünya liderləri ilə alimlər arasında yekdil fikir yoxdur. Onların bəziləri qlobal istiləşmənin antropogen faktorlarla əlaqədar olduğunu, digərləri isə bunun  tamam əksini düşünürlər. Dekabrın ortalarında BMT-nin iqlim dəyişikliklərinə dair Kopenhagendə 190-dan artıq ölkə liderinin iştirakı ilə keçirilmiş konfransı da əksər ekspertlərin fikrincə, iflasa uğradı. Tədbirin, demək olar ki, son dəqiqəsində qəbul edilmiş bəyannamədə ümumi ifadələrdən başqa heç nə yoxdur. Ən əsası, bu sənəddə atmosfer tullantılarına konkret məhdudiyyətlə bağlı heç bir fikir yer almayıb. Demək, o, dövlətlər üzərində heç bir öhdəlik qoymur. 

Bundan başqa, Qərb KİV əmindir ki, Kopenhagen toplantısı "tox" və "ac" ölkələr arasındakı fərqi bir daha ortaya çıxardı, söhbətin həqiqətən aktual və həlliçətin məsələlərdən getdiyi zaman BMT-nin aciz olduğunu bir daha görsəndi.

 

Rusiya diqqət mərkəzindədir

Bu il Rusiya ən nəhəng texnogen faciələrdən birini yaşadı. Söhbət Sayano-Şuşensk HES-dəki qəzadan, "Nevsk ekspress" qatarının partladılmasından və səhlənkarlıq üzündən yaşanmış böyük faciə - Permdəki gecə klublarının birindəki yanğından gedir. Bütün bunlar ölkədə çoxsaylı problemlərin olduğunu bir daha üzə çıxarır. 

2009-cu il Rusiya üçün Şimali Qafqazda zorakılığın artması ilə də yadda qaldı. Yaraqlılar əməlli-başlı "məmur ovu"na çıxaraq, xüsusilə hüquq-mühafizə orqanlarında çalışan yüksəkrütbəliləri hədəfə götürməyə başladılar. 

Maraqlıdır, prezident Dmitri Medvedevin simasında Kreml müasir Rusiyanın nasaz olduğunu açı şəkildə etiraf edir - "primitiv xammal iqtisadiyyatı", "çoxdankı xroniki korrupsiya", "hələ möhkəmlənməmiş demokratiya". 

Medvedev əmindir ki, bu problemlərin həllini gələcək nəsillərə saxlamaq lazım deyil ...

 

Nəticə çıxarmaq vaxtı

Beləliklə, dekabrın 31-də yalnız il başa çatmır, həm də  XXI əsrin ilk onilliyi arxada qalır. Bu onilliyi gələcək nəsillər necə adlandıracaq - bunu indidən söyləmək çətindir, çünki bunun üçün indi yaşadığımız dövrə 20-30 ildən sonra baxmaq lazımdır. 



MƏSLƏHƏT GÖR:

477