
"SIFIR PROBLEM", YOXSA YENİ PROBLEMLƏR?
Türkiyəli analitik Sinan Oğan ankaranın xarici siyasətdəki niyyətləri və səhvləri haqda "R+"a danışıb
Müəllif: Almaz NƏSİB Bakı
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri ortaya, Vaşinqtonda aparılmış danışıqların dünyada baş verən hadisələrə, Türkiyənin regiondakı mövqelərinə və iki ölkə arasında münasibətlərə necə təsir göstərəcəyinə dair çoxsaylı suallar çıxarıb. Əksər analitiklər hesab edir ki, Ermənistan - Türkiyə yaxınlaşmasının gələcəyi və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi də bu səfərin nəticəsindən çox asılıdır.
Qeyd edək ki, Türkiyənin Baş naziri ABŞ prezidenti Barak Obama ilə görüşdə Ankaranın bu məsələyə dair mövqeyini qəti şəkildə ortaya qoydu : Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Azərbaycanın işğal altındakı torpaqlarının boşaldılmasından asılıdır. Politoloqlar ABŞ-ın bu müttəfiqinin regionda mövqelərini möhkəmləndirməsində maraqlı olduğunu əsas gətirərək, hesab edirlər ki, yaxın zamanlarda hamımız Vaşinqtonun Dağlıq Qarabağ probleminin həllində daha ciddi addımlarının şahidi ola bilərik.
Türkiyə Beynəlxalq Münasibətlər və Strateji Analiz Mərkəzinin (TÜRKSAM) rəhbəri Sinan Oğan da oxşar fikirdədir. O, Ankaranın xarici siyasi məqsədləri, regionda situasiya və qüvvələr nisbəti kimi məsələləri jurnalımıza şərh etməyə, həmçinin hadisələrin gələcək inkişafı ilə bağlı bir sıra proqnozlar verməyə razılıq verib.
- Cənab Oğan, fikrinizcə, regiondakı situasiya Türkiyədən hansı addımların atılmasını tələb edir?
- Regiondakı durum Türkiyədən fəallıq tələb edir. Türkiyə regional liderdir və burada baş verən hansısa hadisədən kənarda qala bilməz. Amma regional problemləri həll etməyə çalışmaqla yanaşı, Ankara, şübhəsiz ki, özünün və strateji tərəfdaşlarının da maraqlarını müdafiə etməyə çalışır.
Türkiyənin daha bir önəmli məqsədi Qərbin çözə bilmədiyi və ya nizamlamaq istəyərkən, yanlışlıqlara yol verdiyi regional münaqişələrin həllinə nail olmaqdır - Rusiya ilə Qərb fövqəlgücləri arasında balansın qorunması şərti ilə.
ABŞ prezidenti Barak Obamanın ilk transkontinental səfərini məhz Türkiyəyə etməsi təsadüf deyil. Bir müddət əvvəl - dekabrın 7-də isə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ağ evdə Barak Obama ilə görüşdü. Bu danışıqlarda müzakirə edilmiş məsələlərə diqqət etməklə, Vaşinqtonun xarici siyasətindəki vacib məqamların əksəriyyətinin Türkiyənin xarici siyasi prioritetləri ilə üst-üstə düşdüyünü görmək olar. Burada fərq yalnız həmin məsələlərin ardıcıllığı ilə bağlı ola bilər. Məsələn, əgər Vaşinqton üçün Əfqanıstan problemi ilk yerdə durursa, Ankara üçün bir saylı məsələ Dağlıq Qarabağ münaqişəsidir. Yəni regional proseslər Ankaranın dünya liderləri ilə sıx əlaqə şəraitində problemlərin həllində fəal olmasını diktə edir.
- Bu ilin mayında Rəcəb Tayyib Ərdoğan Azərbaycan parlamentindəki çıxışı zamanı Türkiyənin Ermənistanla münasibətlərdə Bakının maraqlarına cavab verməyən heç bir addım atmayacağını bəyan etmişdi. Lakin bir qədər sonra Türkiyə - Ermənistan sərhədlərinin açılmasını nəzərdə tutan protokollar imzalandı. Erməni tərəfi Ankara ilə danışıqlarda Qarabağ probleminin, ümumiyyətlə, gündəmdə olmadığını iddia edir. Necə düşünürsünüz, bütün bunlar Azərbaycanın Türkiyəyə etibarına zərbə vurmayıb ki?
- Əlbəttə, Azərbaycan Türkiyəyə inanmaqda davam etməlidir. Eyni dərəcədə, Ankara da Bakıya inanmalıdır. Türk dünyasının böyük lideri Heydər Əliyevin "Bir millət - iki dövlət" şüarı boş yerə səsləndirilməyib. Eyni millətdən olan iki dövlət bir-birinə etibar etməlidir.
Türkiyədə baş nazir postunu kimin tutmasından asılı olmayaraq, o, vədlərinə əməl etməlidir. Hökumət başçıları öz adlarından yox, təmsil etdiyi dövlətin, türk xalqının adından vəd verirlər. Bu halda, baş nazir türk xalqı adından verilmiş vədə əməl etməlidir. Azərbaycan buna şübhə etməməlidir. Türk xalqı, Türkiyə dövləti Azərbaycanın maraqlarına zidd addımlar atmayacaq və bu, Dağlıq Qarabağ münaqişəsinə də aiddir.
Lakin unutmaq olmaz ki, beynəlxalq siyasətdə, bəzən, manevrlər etmək lazım gəlir. Odur ki, bəzi məqamlarda, sadəcə, səbir nümayişinə ehtiyac var. Axı vacib olanı dövlətin niyyəti və onun nail olmaq istədiyi hədəflərdir. Türkiyənin səyləri və atdığı addımlar isə Azərbaycanın ərazi bütövlüyünün qorunmasına, məcburi köçkünlərin öz torpaqlarına qayıtmalarına, erməni işğalına son qoyulmasına yönəlib.
- Necə düşünürsünüz, Türkiyə Ermənistanla yaxınlaşmada müstəqil siyasət yürüdür, yoxsa xarici təzyiqlərə görə hərəkət edir? Hər halda, ABŞ və Fransa kimi dövlətlərin bu məsələdə çox israr etdikləri sirr deyil.
- Türkiyənin Ermənistanla sərhədləri açmaq istəyinin bir neçə səbəbi var. Birincisi, hazırda Ankara "qonşularla sıfır problem" siyasəti yürüdür və bu baxımdan, ölkə rəhbərliyi Ermənistanla problemləri də aradan qaldırmaq istəyir. Lakin Ankaranın bu addımlarına cavab olaraq, Yerevan, təəssüf ki, "Türkiyə və Azərbaycana istənilən güzəştdən imtina" xətti aparmağa çalışır.
Daha bir səbəb beynəlxalq səviyyədə qondarma erməni soyqırımı ilə bağlı aparılan antitürkiyə kampaniyasıdır. Ankara Ermənistanla münasibətləri normallaşdırmaq və sərhədləri açmaqla bu kampaniyanı zəiflətməyə çalışır.
Üçüncü səbəb iki ölkə arasında sərhədlərin açılmasını istəyən Qərbin təzyiqidir. Özü də bu təzyiq yalnız ABŞ-dan yox, həm də Avropa İttifaqından gəlir.
Nəhayət, Ankara hesab edir ki, sərhədlərin açılması Ermənistanı Azərbaycanla danışıqlarda konstruktivliyə sövq edəcək kozır olacaq. Türkiyə münaqişənin həllində yeni üsuldan istifadə etməyə çalışır. Bu üsul dünya təcrübəsində təsdiqini tapıb. Söhbət qarşı tərəfin müxtəlif iqtisadi layihələrə cəlb edilməsi ilə regionda sülhün həmin ölkəyə nə qədər xeyir gətirəcəyini göstərməkdən gedir.
Bütün bunlarla yanaşı, mən uğur əldə etmək şanslarını o qədər də yüksək saymıram. Bu üsul istənilən başqa ölkəyə qarşı istifadədə uğurlu alına bilər, amma Ermənistana qarşı yox. Yerevan qonşu dövlətlərə ərazi iddiaları irəli sürür, "türk və azərbaycanlıların düşmən obrazı"nı məişətinin daimi hissəsinə çevirib. Hesab edirəm, Türkiyə Ermənistanı kifayət qədər yaxşı tanımır.
- Türkiyə - Ermənistan sərhədlərinin açılması Türkiyəyə, Ermənistana və Azərbaycana necə təsir göstərəcək?
- Sərhədlərini açılmasının bu və ya digər dövlətə təsiri sərhədlərin necə və hansı şərtlərdə qapadılması ilə əlaqədardır. Əgər sərhəd hər hansı ilkin şərt olmadan, yəni Dağlıq Qarabağ probleminin həllində irəliləyiş əldə edilmədən açılarsa, bu addımdan nə Türkiyə, nə də Azərbaycan nəsə qazanmayacaq. Bu yalnız Ankara ilə Bakı arasında münasibətilərin pisləşməsinə aparıb çıxaracaq. Buna heç bir şübhə yoxdur. Yəni bu halda qazanan tərəf yalnız Ermənistan olacaq.Amma sərhədlər Qarabağ probleminin həllində irəliləyişlə paralel şəkildə açılarsa, regionun bütün üzvləri bundan qazanacaq.
Qeyd etmək lazımdır ki, Ermənistan hər iki halda udan tərəf olacaq. Yəni sərhədlərin bağlanmasından ziyan görmüş ölkə yalnız Ermənistandır, odur ki, güzəştlərə də məhz o getməlidir.
- Amma erməni tərəfi iddia edir ki, Türkiyə ilə münasibətlərin normallaşdırılması heç də qondarma soyqırımın beynəlxalq aləm tərəfindən tanınması siyasətindən imtina anlamına gəlmir.
- Doğrudur, Türkiyə ilə Yerevan arasında münasibətlərin normallaşması, heç də Yerevanın qondarma soyqırım iddialarından əl çəkəcəyi anlamına gətirmir. Ən yaxşı halda, Ermənistan və erməni diasporu "yaxşı və pis polis" rolunu oynayacaq. Yəni Yerevan görüntü üçün bu məsələdə öz mövqeyini yumşaltsa belə, əslində o, uydurma soyqırım iddiaları ilə çıxış edən diasporanı dəstəkləməkdən heç zaman imtina etməyəcək.
Ankara bütün bunları lazımi dərəcədə nəzərə almalıdır. Mənim fikrimcə, Ankaranın strateji hesablamalarından biri məhz budur. Yəni Türkiyə hesab edir ki, münasibətlərin normallaşdırılması qondarma soyqırım məsələsinin gündəmdən çıxarılmasına imkan verəcək. Lakin bu yalnız erməni diasporunun yox, həm də Qərbin əlindəki kartdır və sonuncu daim bu kartdan Ankaraya qarşı istifadə edir.
Fikrimcə, hətta Ermənistanla münasibətlər normallaşdırılacağı halda belə, Türkiyənin ünvanına "soyqırım" ittihamları davam edəcək. Onların müəyyən qədər azalması mümkündür, lakin tam aradan qaldırılması alınmayacaq.
- Türkiyə ilə Azərbaycan arasında təbii qazın tranziti ilə bağlı aparılan danışıqlar nəticə vermir. ABŞ prezidentinin Avrasiyada enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar isə bildirir ki, "Nabucco" və "Cənub axını" layihələri Avropanın enerji təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır. Belə çıxır ki, Qərb Azərbaycanla Türkiyənin bu məsələdə razılığa gəlməsində maraqlı olmalıdır?
- Qərb Türkiyə ilə Azərbaycan arasında münasibətlərin korlanmasını istəmir. Amma o, Ankara - Bakı münasibətlərinin "Bir millət - iki dövlət" səviyyəsində olmasında da maraqlı deyil. Lakin bu gün "Nabucco" layihəsinin reallaşmasında problemin yaranmasının əsas səbəbkarı Avropanın özüdür. Bir tərəfdən, Avropa İttifaqı üzvləri bəyan edirlər ki, "Nabucco"nun reallaşdırılması vacibdir, digər yandan isə Rusiya ilə enerji əlaqələrini möhkəmləndirirlər. Üstəlik, Avropa İttifaqı Avropaya Türkiyə ərazisindən nəql edilməsi planlaşdırılan qazın ümumi həcminin 15%-ni Ankaraya verməkdən də imtina edir. Yəni Vaşinqton nümayəndəsinin bu bəyanatını o qədər də ciddi qəbul etmək lazım deyil.
Eyni zamanda, bu gün "Nabucco"nun mahiyyətinin dəyişdiyini də unutmaq olmaz. Əvvəlcə Azərbaycan layihənin əsas oyunçusu kimi nəzərdə tutulurdu. İndi isə yeni dizaynın şahidi oluruq: əsas diqqət İran, Türkmənistan və İraq qazına yönəldilir; hansı ki İran ərazisindən nəql ediləcək.
- Cənubi Qafqaz və Mərkəzi Asiyadan Avropaya qazın Türkiyə ərazisindən nəql olunacağı təqdirdə, Ankara ilə Moskvanın gələcək münasibətlərini necə görürsünüz?
- Türkiyə və Rusiya 90-cı illərdə olduğu kimi, indi də boru xətləri məsələsində rəqabət aparır. Neft boruları sahəsində kəskin rəqabət indi əməkdaşlığa çevrilib. Lakin qaz nəqli ilə bağlı rəqabət davam edir.
Ankaranın Moskvaya Türkiyənin iqtisadi zonasında "Cənub axını" qaz kəmərinin çəkilməsinə icazə verməsi heç də onun "Nabucco"ya rəqib olmadığı anlamına gəlmir. Lakin artıq məlumdur ki, Qafqaz və Xəzər regionundan təbii qazın heç də hamısı Türkiyə vasitəsilə nəql olunmayacaq. Qafqaz və Mərkəzi Asiyanın qaz mənbələrinin Ankara ilə Moskva arasında razılışdırılaraq bölüşdürülməsi tamamilə gözləniləndir.
- Azərbaycanda tez-tez Qərbi Bakıya qarşı "ikili standartlar" siyasəti yürütməkdə günahlandırırlar. Qərbin bu siyasəti nə ilə bağlı ola bilər? Axı onun regiondakı maraqlarının təmini daha çox Azərbaycandan asılıdır...
- Qərbin regiona baxışı yalnız maraqlarla formalaşmır. Bu məsələdə rol oynayan digər faktorlar da var. Yalnız iqtisadi və siyasi maraqlar əsas götürülsəydi, Qərb də, Rusiya da Azərbaycanın tərəfində olmalı idilər. Lakin situasiya başqadır. Qərb bir tərəfdən, öz maraqlarını qorumağa, digər yandan isə "qeyri-müsəlman və qeyri-türk" olan Ermənistanı müdafiə etməyə çalışır. Odur ki, Azərbaycan Qərbi "ikili standart" siyasəti yürütməkdə günahlandırarkən tam haqlıdır. Təcavüzkar və işğalçı tərəfin Ermənistan olmasına baxmayaraq, Qərb Azərbaycan və Türkiyəyə təzyiq göstərərək, onların Yerevanla münasibətləri normallaşdırmasına çalışır. Qərb yaxşı anlayır ki, Bakı ilə Ankara bir olsalar, onlara təzyiq göstərmək xeyli çətinləşəcək. İki ölkə arasında fikir ayrılıqlarının yaranması isə həm Azərbaycana, həm də Türkiyəyə təzyiq göstərilməsini daha asan edəcək. Bunu anlamaq lazımdır və məhz bu faktor nəzərə alınmaqla fəaliyyət göstərilməlidir. Bunun üçün isə "Bir millət - iki dövlət" ideyası ətrafında daha sıx birləşmək lazımdır.
- Və sonda soruşmaq istərdik: Qarabağın taleyini necə görürsünüz?
- Çox çətin sualdır. Suala belə cavab vermək istərdim: Dağlıq Qarabağ münaqişəsi tezliklə Azərbaycanın xeyrinə həll olunacaq. Bunu istərdim. Dağlıq Qarabağ ətrafındakı 7 rayondan 6-nın Azərbaycana qaytarılacağı istisna deyil. "Dəhliz" məsələsi isə açıq qalır. Fikrimcə, Dağlıq Qarabağın statusu məsələsi hələ uzun müddət həll edilməmiş qalacaq.
Unutmayaq ki, Kipr problemi 40 ildən artıqdır öz həllini gözləyir. Dağlıq Qarabağ heç zaman müstəqil dövlət olmayacaq. Lakin sülh danışıqları ilə bu torpaqları Azərbaycana qaytarmaq da istəmirlər. Bu konteksdə bir məqam tam aydındır - Azərbaycan daha sürətlə inkişaf edir və onun ordusu bir çox regional problemləri həll etmək iqtidarındadır. Bu problemlər sırasına isə Qarabağ münaqişəsi də aiddir.
MƏSLƏHƏT GÖR: