14 Mart 2025

Cümə, 21:45

"GÖRMƏK ASANDIR, GƏLƏCƏYİ GÖRMƏK ÇƏTİN"

Bencamin Franklin

Müəllif:

15.12.2009

Türkiyənin Konstitusiya Məhkəməsi yekdilliklə Demokratik Toplum Partiyasının (DTP) bağlanması haqda qərar çıxarıb. Söhbət Türkiyədəki yeganə kürdyönümlü siyasi təşkilatdan gedir. Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıq deyib: "DTP fəaliyyətini dayandırmalıdır. Qərar partiya təmsilçilərinin terrorçu təşkilatla əlaqələrinə əsaslanır".

Məhkəmənin belə qərar çıxarmasına səbəb noyabrın əvvəlində Kürd Fəhlə Partiyası (PKK) yaraqlılarının 7 türkiyəli hərbçinin qətlinə görə məsuliyyəti üzərinə götürməsi olub. Qeyd edək ki, DTP məhz belə fəaliyyəti ilə qadağan olunmuş təşkilatla əlaqədə ittiham edilir.

Hakimlər yalnız partiyanın qapadılmasına yox, həm də onun rəhbərliyində təmsil olunan 37 nəfərin siyasi fəaliyyətinə 5 illik qadağa qoyulmasına qərar veriblər. Bu isə partiyanın rəhbər elitasının artıq digər siyasi strukturda bir araya gələ bilməyəcəkləri deməkdir.

Qeyd edək ki, DTP qısa müddət ərzində fəaliyyət göstərsə də, bu təşkilat 20 illik dövrün siyasi ənənələrini davam etdirirdi. 

Məlum olduğu kimi, Türkiyədə ilk kürdyönümlü siyasi qüvvə (Xalq İşçi Partiyası) hələ 1989-cu ildə yaranmışdı və həmin vaxtdan ölkədə 6 oxşar struktur formalaşıb. Lakin onların hər biri ya PPK ilə əlaqədə, ya da "unitar dövlət quruluşunda və cəmiyyətdə parçalanma yaratmaqda" günahlandırılaraq qapadılıb. 

Ümumilikdə isə DTP Türkiyədə fəaliyyətinə qadağa qoyulan 27-ci partiyadır. Onlardan 24-ü 1963-cü ildən sonra məhz Konstitusiya Məhkəməsinin qərarları ilə qapadılıb.

2005-ci il noyabrın 9-da yaradılmış DTP-nin taleyinin hələ 2007-ci il noyabrın 16-da həll edildiyini də söyləmək olar. Xatırladaq ki, həmin vaxt Baş Prokurorluq partiyanın qapadılması təşəbbüsü ilə çıxış etmişdi. Amma Konstitusiya Məhkəməsinin indi çıxardığı bu qərar, vaxt baxımından, o dərəcədə yersiz görünür ki, hətta hakim partiyanın nümayəndələri də Konstitusiya Məhkəməsinin addımının "siyasi xarakter" daşıdığını bəyan etməkdən çəkinmirlər.  Axı 21 deputat mandatına sahib olan, parlamentdə fraksiyasının böyüklüyünə görə 4-cü yeri tutan DTP faktik olaraq, Baş nazir Rəcəb Tayyib Ərdoğanın "demokratik təşəbbüslər"i irəli sürməsindən sonra oyundankənar vəziyyətdə qalmışdı. Qeyd edək ki, bu təşəbbüs etnik azlıqlarla, xüsusilə kürdlərlə dialoqun genişləndirilməsini nəzərdə tuturdu.

Konstitusiya Məhkəməsinin son qərarı isə yalnız bu kürdyönümlü partiyanın fəaliyyətinə yox, həm də güman ki, hakim Ədalət və İnkişaf Partiyasının "demokartik təşəbbüslər"inə son qoyub. 

Beləliklə, görünür ki, müxalifətin "demokratik təşəbbüslər"in perspektivsizliyinə dair proqnozları özünü doğruldur. Belə düşünmək olar ki, hazırkı situasiyada hakim elita planlarını həyata keçirmək üçün bir müddət gözləməli olacaq. 

Əslində, Türkiyə daxilində, həmçinin onun ətrafında belə kardinal islahatların aparılması üçün situasiyanın tam yetişmədiyi əvvəlcədən də bəlli idi. Cəmiyyət kürd separatçıları ilə dialoqa hazır deyil. İslahatlar paketi "kürd məsələsi" və PKK-nın terrorçu fəaliyyətini də gündəmdən çıxarmayıb və sonuncular bu təşəbbüsə 7 hərbçini qətlə yetirməklə cavab veriblər.

Ermənistan - Türkiyə yaxınlaşması ilə bağlı məsələ də eyni vəziyyətdədir. Ankaranın xoşməramlı jestinə cavab olaraq, Yerevan nə qondarma soyqırım iddialarından, nə də Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkir. Türkiyə Baş nazirinin Vaşinqtona son səfəri və onun Ermənistanla yaxınlaşması ilə Azərbaycanın işğal altındakı rayonlarının boşaldılması məsələləri arasında əlaqənin olduğunu bəyan etməsi göstərib ki, əvvəlcədən də gözlənildiyi kimi, Ankaranın "qonşularla sıfır problemi" təşəbbüsü Dağlıq Qarabağ münaqişəsi çözülmədən irəliləyə bilməz.

Beləliklə, lap əvvəldən Qərbdəki opponentlərinin əlindəki "kürd" və "erməni" kartlarını zərərsizləşdirməyə çalışan ƏİP, faktik olaraq, dalana dirənib. 

Baş verənlərə Qərbin münasibətinə gəlincə, gözlənildiyi kimi, Avropa İttifaqı Türkiyə məhkəməsinin kürdpərəst partiyanın fəaliyyətinə qadağa qoymasını pisləyib. 

ABŞ isə məsələnin Türkiyənin daxili işi olduğunu bəyan edib.

Lakin reaksiyaların necəliyindən asılı olmayaraq, Konstitusiya Məhkəməsinin qərarından şikayət verilə bilməz. Odur ki, böhranın dərinləşəcəyi, parlamentin növbədənkənar seçki haqda qərar çıxaracağı istisna edilmir.

Bunun üçün hüquqi baxımdan 28 deputat kürsüsünün boşaldılması lazımdır. DTP-dən olan 21 deputata daha 6 boş qalmış mandatı əlavə etsək, növbədənkənar seçkilər üçün cəmi 1 deputatın qərarı çatmırdı. Son anda isə müstəqil deputat Ufuk Aras da DTP-yə dəstək verib. Bu isə o deməkdir ki, artıq növbədənkənar seçkinin keçirilməsi üçün hüquqi baxımdan tələb olunan şərait mövcuddur. 

Lakin növbədənkənar seçki ilə bağlı qərarı parlament rəhbərliyi, yəni hakim partiyanın təmsilçiləri verməlidirlər. Deməli, son söz yenə də onlarındır.

Bu məqamda dəqiq olan bir şey var: Türkiyə kifayət qədər çətin siyasi kataklizmlər dövrünə qədəm qoyur. 


MƏSLƏHƏT GÖR:

648