14 Mart 2025

Cümə, 21:45

SONU BİLİNMƏYƏN ADDIM

Rəsmi Ankaranın reallaşdırmağa çalışdığı təşəbbüsün nəticəsi nə olacaq?

Müəllif:

01.12.2009

Türkiyənin geosiyasi rolunu artırmağa etdiyi cəhdlər dünya ictimaiyyətinin diqqət mərkəzində qalmaqdadır. Bunu təbii saymaq olar. Ankaranın bu addımlarının birmənalı olmayan reaksiya yaratması da bir o qədər təbiidir. Əgər Türkiyə müxalifəti və ictimaiyyətin xeyli hissəsi Ərdoğan hökumətinin fəaliyyətini milli təhlükəsizlik məsələsində prinsipial mövqelərdən imtina sayırsa, beynəlxalq səviyyədə Ankara bu siyasətindən müəyyən dividendlər qazana bilir.

Bəzi rusiyalı ekspertlərin fikrincə, Türkiyə artıq ABŞ və NATO-nun "əyaləti" və "kiçik qardaşı" yox, regional təhlükəsizliyin vacib komponenti və Avrasiyanın mərkəzidir. Bu mövqeyin öz məntiqi var.

Məsələn, son bir neçə ildə Ankara Suriya ilə münasibətlərdə ciddi irəliləyişə nail olub. Nəticədə, 1950-ci ilin sonlarından Türkiyə-Suriya sərhədi boyunca uzanan genişminalı zolaq aktuallığını itirib. Çünki Suriya ölkə ərazisində terrorçu Kürd Fəhlə Partiyasının (PKK) fəaliyyətinin qarşısını almaq üçün ciddi addımlar atıb. Bununla paralel olaraq, iki ölkə arasında viza rejimi də yüngülləşdirilib.

Türkiyə İranla enerji sahəsində əməkdaşlığa dair razılaşma imzalayıb ki, bu da Tehranın "Nabucco" layihəsində iştirakını mümkün edir. Bütün bunlar isə Vaşinqtonun istəklərinin  əksinə baş verir.

Türkiyə Afrika qitəsi ölkələri ilə münasibətlərin inkişafına dair strategiya da hazırlayıb. Baş nazir Rəcəb Tayyib Ərdoğanın Liviyaya son səfəri də bunun göstəricisidir. Xatırladaq ki, onun Müəmmar Qəzzafi ilə danışıqlarından sonra Türkiyənin Liviyadakı diplomatik nümayəndəliyindən "Qara qitə"də maraqlarının inkişafı məqsədilə istifadə etmək fikrində olduğu açıqlanıb.

Ankaranın Balkan regionundakı diplomatik fəallığı və prezident Abdullah Gülün Belqrada səfəri ayrıca qeyd olunmalıdır. Ankaranın Kosovonun müstəqilliyini tanımasına baxmayaraq, bu səfər Serbiya ilə münasibətlərdə yumşalmaya səbəb oldu.

Qeyd edək ki, 2008-ci ilin avqustunda Güney Osetiyada yaşananlardan, həmçinin, İsrailin Qəzzada keçirdiyi əməliyyatdan sonra Ankara önəmli xarici və daxili problemlərin ölkənin mövqelərinin möhkəmlənməsinə mane olduğunu anlayıb. Bu, ilk növbədə, başıbəlalı Kipr problemi, ikincisi, qardaş Azərbaycanın ərazilərini işğal etmiş, həmçinin Ankaranın özünə ərazi iddiaları irəli sürən, "erməni soyqırımı"nın tanınmasını tələb edən Ermənistanla münasibətlər, nəhayət, üçüncüsü, "kürd məsələsi"dir.

Ankaranın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların dayandırılmasını tələb edən opponentləri də məhz bu arqumentləri əsas gətirirdilər. Bu məqamlar Türkiyəni hər il PKK-nın neytrallaşdırılması məqsədilə sərhəd bölgələrində, həmçinin İraqın şimalında həyata keçirilən əməliyyatlarda milyardlarla dollar xərcləməyə vadar edir. Elə həmin faktorlar Türkiyə diplomatiyasının Osmanlı İmperiyasında 1915-ci ildə baş vermiş hadisələrlə bağlı ermənipərəst qərar çıxarmış ölkələrlə münasibətdə fəaliyyətini məhdudlaşdırır, həmçinin Güney Qafqazda və İraqda Ankaranın mövqelərinin möhkəmlənməsinə mane olur.

Əlbəttə ki, yuxarıda sadalanan əngəllər aradan qalxmadan Ankaranın "regional lider"ə çevrilmə cəhdləri nəticə verməyəcək. Buna görə də Türkiyənin, hətta görüntü xətrinə olsa belə, "ənənəvi" problemlərin həllinin tərəfdarı imicini yaratması vacib idi.

Türkiyə parlamentində bir müddət davam edən səs-küylü müzakirələrdən sonra prezident Abdullah Gülün məhz hakim partiyanın təşəbbüsü nəticəsində "kürd" və "erməni" məsələlərinin ölkənin gündəmindən çıxmasını bəyan etməsi də qeyd olunan fikirlərin təsdiqidir. Hərçənd, bu məsələlərdən heç biri həllini tapmayıb, üstəlik, erməni təşəbbüsləri Yerevanın əsassız iddiaları və Azərbaycan torpaqlarının işğalını davam etdirməsi ucbatından, ümumiyyətlə, dalana dirənib.

Qərb KİV-nə müsahibəsində A. Gül bildirib ki, onun ölkəsi qonşu dövlətlərlə problemlərin aradan qaldırılması kursunu davam etdirmək niyyətindədir. "Ölkədə demokratiyanın səviyyəsi artırsa, tabu yox olur", - deyə Gül "kürd" və "erməni" məsələsini nəzərdə tutaraq bildirib.

Qeyd etmək lazımdır ki, müxalifətlə yanaşı, hakim partiyanın sıralarında da müəyyən narazılıq yaratmış "demokratik təşəbbüslər" son aylarda Türkiyənin gündəmində özünə möhkəm yer edib. 

Bəs opponentlər tərəfindən sərt tənqidlə müşahidə olunan, həmçinin Ədalət və İnkişaf Partiyasının reytinqində zəifləməyə gətirib çıxaran bu təşəbbüsün reallaşdırılmasına cəhd nə ilə əlaqədardır?

Parlament dinləmələrinin noyabrın 10-na - Türkiyənin yaradıcısı Mustafa Kamal Atatürkün ölümünün növbəti ildönümünə təyin edilməsi heç də təsadüf deyil. Hakim elita bununla Atatürk dəyərlərinə sadiqliyini nümayiş etdirməyə çalışıb. Bununla yanaşı, "demokratik təşəbbüs"ün etnik kürdlərin hüquqlarının artırılması, bununla da terrorçuların ideoloji bazasının zəiflədilməsinə cəhd kimi qəbul olunmasının vacibliyi xüsusi vurğulanır.

"Son məqsəd milli birlik və qardaşlığa nail olmaqdır. Bu, demokratik prosesdir", - deyə Baş nazir parlamentdəki çıxışı zamanı bildirib. Baş nazir müxalifət partiyalarını Şərqi Anadolu sakinlərinə etinasızlıqda da günahlandırıb: "Çoxcəhətlilik zənginlikdir. Bu regionun problemləri də bizim problemlərimizdir. Odur ki, biz onlara əhəmiyyət verməyə bilmərik. Orada baş verənlərə göz yummamız mümkün deyil". Bütün siyasi partiyalara müraciət edən Ərdoğan onları dondurulmuş münaqişələrin həllinə nail olmaq üçün əhatə dairələrini genişləndirməyə çağırıb.

Hökumətin planını təqdim edən daxili işlər naziri Bəşir Atalay isə deyib: "Təşəbbüslər paketi iki məqsəd güdür: terrorizmə son qoyulması və demokratik institutların durumunun yaxşılaşdırılması".

Nazirin sözlərinə görə, dini və sosial sahələrdə ayrı dillərdən istifadəyə qoyulmuş qadağanın aradan qaldırılması, yaşayış məntəqələrinin və coğrafi məkanların əvvəlki kürd adlarının bərpası, milli azlıqların dilində siyasi kampaniyaların aparılmasına icazə verilməsi planlaşdırılır. Bununla yanaşı, Türkiyə hökuməti yanında İnsan Haqları Departamentinin strukturunun dəyişdirilməsi də nəzərdə tutulub - o, müstəqil qurum olacaq.

Hökumət güc strukturlarına insan haqlarının pozulması sahəsində nəzarət edəcək müstəqil təşkilat yaratmaq fikrindədir. Cənub-Şərqi və Şərqi Anadolu yollarındakı nəzarət-buraxılış məntəqələri yığışdırılacaq ki, burada məqsəd ölkə ərazisində hərəkətin asanlaşdırılmasıdır. "Düzəlişlər və yeni mexanizmlərdə məqsəd ölkənin etnik mənsubiyyəti, cinsi və ya siyasi orientasiyasından asılı olmayaraq, bütün vətəndaşları üçün azadlıq yaratmaqdır", - deyə B.Atalay bildirib. Nazir bunların "Demokratik təşəbbüslər"in heç də bütün maddələri olmadığını söyləyib, onun daim əlavələrin ediləcəyi dinamik proses olduğunu bildirib.

Daxili işlər naziri Türkiyə Konstitusiyasına dəyişikliklərin də zəruri olduğunu qeyd edib: "Bizim insanlarımız belə konstitusiyaya layiq deyillər. Yeni plüralistik konstitusiya geniş müzakirələr nəticəsində hazırlanmalıdır".

B.Atalayın sözlərinə görə, Ədalət və İnkişaf Partiyasının hakimiyyətə gəlməsindən sonra, hökumət daim demokratikləşmə istiqamətində işləyib və bu fəaliyyət davam etdiriləcək. Bununla yanaşı, nazir dövlətçiliyin əsas prinsiplərindən imtina olunmayacağını da söyləyib və onların konstitusiyanın ilk 3 bəndində əks edildiyini xatırladıb - Türkiyə dövlət dili türk dili olan dünyəvi, demokratik, unitar dövlətdir. Atalay himn və milli bayrağın da müzakirə obyekti olmadığını bəyan edib.

Bütün bunlarla yanaşı, "demokratik təşəbbüslər"də əsas diqqət iqtisadi məqamlara yönəldilib. Hökumət PKK-nın fəaliyyəti nəticəsində iqtisadi baxımdan zərər çəkmiş Şərq və Cənub-Şərq regionlarının inkişaf layihəsini hazırlayır. Bəşir Atalay xatırladıb ki, "demokratik təşəbbüslər" hansısa "xüsusi qrup"a yox, bütünlükdə ölkəyə hesablanıb: "Məhz buna görə də "demokratik təşəbbüslər" "hər kəs üçün daha çox azadlıq" şüarı altında həyata keçirilir. Bu, Türkiyəni zəiflətməyəcək, əksinə, daha da gücləndirəcək".

Müxalifətçi Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı bütün bunlara cavab olaraq, 2002-ci ildə ƏİP-in hakimiyyətə gəlişi zamanı terrorizmə son qoyulacağına dair vəd verildiyini, bunun üzərindən 7 il keçdikdən sonra isə onların "Türkiyənin monoetnik quruculuğuna son qoymağa çalışdıqlarını" bəyan edib: "Parlament dağılma planını müzakirə edir. Biz terrorizmin siyasətçilərin vasitəsilə arzularını ifadə etməsini görürük". Baxçalı hesab edir ki, hökumət öz siyasətini terrorçuların tələblərinə uyğun şəkildə qurur. Onun fikrincə, bu, yanlış başa düşüləcək - sanki PKK bütün kürdlərin maraqlarını təmsil edir. Müxalifət lideri "kürd təşəbbüsü"nü qəsd sayır və onun Türkiyə vətəndaşlarına ciddi təhlükə yaratdığını düşünür.

Cümhuriyyət Xalq Partiyasının (CXP) lideri Dəniz Baykal isə hökumətin təşəbbüsünün yalan proses olduğuna əmindir. O, bu işdə ƏİP-in tərəfdaş kimi kimi seçməsinin məlum olmadığını bildirib.

Baykalın sözlərinə görə, Türkiyənin hakim partiyası Abdulla Öcalanla (PKK-nın hazırda həbsxanada olan sabiq lideri) onun PKK ilə hökumət arasında vasitəçilik etməsi üçün danışıqlar aparır. Silahlı qruplaşma ilə danışıqlar aparılmasını ciddi səhv adlandıran müxalifət lideri bildirib ki, Türkiyədə yaşayan etnik kürdləri əhalinin digər hissəsindən ayırmaq olmaz".

Qeyd edək ki, bu tənqidlərə baxmayaraq, Türkiyə hökuməti artıq milli azlıqların dilində və dialektində yayımlara qoyulmuş müvəqqəti qadağanı aradan qaldırıb. Bu haqda qərar noyabrın 13-dən qüvvəyə minib. Əvvəllər radioda başqa dillərdə 1 sutkada maksimum 1 saat, həftədə isə 4 saat veriliş aparılmasına icazə verilirdi. Televiziyalarda isə icazə gündə 45 dəqiqə, həftədə isə 4 saatdan çox olmamaqla verilirdi.

Dəyişikliklər Türkiyə dövlət maşınının ən müqəddəs sahəsinə - milli təhlükəsizlik idarəsinə (MİT) də toxundu, oraya indiyə qədər etnik azlıqların təmsilçilərini götürmürdülər. Hökumət bununla da dayanmaq istəmir. Növbədə "ələvi" dini təriqətinin tərəfdarlarının hüquqlarının genişlənməsidir. 

Bütün bunlara baxmayaraq, güzəştlər etnik kürdlərin yeganə siyasi ruporu olan Demokratik Toplum Partiyasını (DTP) qane etməyib. Partiya hökumətin addımlarını tənqid edib və onların "kifayət olmadığını" bəyan edib. DTP lideri Əhməd Türk bildirib ki, Ərdoğanın təşəbbüsləri PKK problemini həll etməyəcək. Partiya liderinin fikrincə, hökumət məhz onunla danışıqlar aparmalıdır. Hökumət isə bu tələbdən birmənalı şəkildə imtina edir.

Türkiyənin daxili siyasi həyatının aparıcı oyunçularından biri - Silahlı Qüvvələrin Baş Qərargahı isə hələ öz sözünü deməyib və məhz bu, Ərdoğan tərəfdarlarını narahat edən əsas məqamlardan biridir.

Bütün qeyd olunan məqamları nəzərə alsaq, Türkiyə hökumətinin apardığı siyasi islahatlar, çətin ki, real nəticələr versin. Noyabrın ortalarında keçirilmiş sosioloji sorğunun nəticələri göstərir ki, hakim partiyanın fəaliyyəti əhali arasında dəstəyini itirir və artıq respondentlərin yarıdan çoxu (51%) "Demokratik təşəbbüslər"ə qarşıdır. Bu təşəbbüsü dəstəkləyənlər 35,4% təşkil edir. Bu, iki ayda təşəbbüsün öz tərəfdarını 13% itirdiyini göstərir. Bu dövrdə həyat şəraitindən narazı olanlar da artaraq, 49,9%-ə çatıb.

Bütün bunlar 2012-ci ildə keçiriləcək parlament seçkisində  koalisiyanın yaradılmasını zəruri edəcəyini də söyləməyə əsas verir. Demək, bundan sonra ƏİP "demokratik təşəbbüslər" və digər bu kimi islahatları reallaşdıra bilməyəcək. Baş nazirin bu islahatlardan əldə olunacaq dividendlərlə bağlı verdiyi vədlər isə müvəqqətidir və daha çox ölkənin xarici siyasi imicinin yaxşılaşdırılmasına yönəlib.



MƏSLƏHƏT GÖR:

507