
ORTAQ MƏXRƏC AXTARIŞINDA
Gürcüstanda yaşayan azərbaycanlıların hüquqlarının pozulması faktları Tbilisinin milli azlıqların müdafiəsi siyasətinə ciddi zərbə vurur
Müəllif: Sahil İSGƏNDƏROV, politoloq Bakı
Noyabrın ortalarında Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov üçgünlük səfərlə Gürcüstanda olub. Səfər çərçivəsində o, Bütün Gürcüstanın Patriarxı İkinci İlya ilə görüşüb. İlya bir müddət əvvəl Bakıya etdiyi səfərin təəssüratlarını H.Orucovla bölüşüb, Azərbaycan rəhbərliyi ilə çox məzmunlu danışıqlar apardığını söyləyib. Patriarx Bakıda gürcü kilsəsinin tikintisinə dair razılaşmanı yüksək qiymətləndirib; öz növbəsində Gürcüstandakı Azərbaycan məscidlərinin problemlərinin həllinə dəstək olacağını bildirib.
H. Orucovun Tbilisi səfərinin məğzini də məhz bu mövzu təşkil edib. Qeyd edək ki, Gürcüstandakı Azərbaycan məscidlərinin problemləri Bolnisi rayonunun Fəxralı kəndində yaşanmış insidentdən sonra daha ciddi aktuallıq qazandı. Burada bir qrup keşiş və hüquq-mühafizə orqanlarının əməkdaşları kənd məscidinin bərpasına mane olmağa çalışıblar.
II İlyanın sözlərinə görə, burada lap əvvəldən yanlışlığa yol verilib. "Bütün ölkələrdə belə məsələlər hakimiyyətlə razılaşdırılır. Fəxralıda isə bərpa işləri hökumətin razılığı olmadan həyata keçirilməyə başlanıb. Biz problemin həllinə çalışırıq", - deyə II İlya qeyd edib.
H.Orucov öz növbəsində bildirib ki, Azərbaycanla Gürcüstan dost ölkələr və strateji tərəfdaş olmaqla, bütün problemlərin qanun çərçivəsində həllində maraqlıdırlar.
Azərbaycanlı qonaq Gürcüstanın diaspora işləri üzrə dövlət naziri Yulon Qaqoşidze ilə də görüşüb. Nazir belə halların iki ölkə arasında münasibətlərə xələl gətirməyəcəyinə əminliyini vurğulayıb və bütün problemlərin qanun çərçivəsində həllini tapacağını söyləyib.
Həqiqətən də, bu gün Gürcüstan Azərbaycanla münasibətlərin pisləşməsində hamıdan az maraqlıdır: Azərbaycan bu ölkənin sınaqdan çıxmış tərəfdaşı və regionda onun yeganə etibarlı dayağıdır. Digər tərəfdən, hər iki ölkə separatizm və təcavüzdən əziyyət çəkir və bu da ölkə daxilində separatçı qüvvələrə müqavimət göstərmək üçün vahid konsepsiyanın hazırlanmasını zəruri edir.
Bu işdə ölkənin bu və ya digər bölgəsində sıx yaşayan milli azlıqların problemlərinin həlli istiqamətində fəal işin aparılması da vacib məqamlardan biridir. Azərbaycan və Gürcüstanda isə bu, xüsusi əhəmiyyət daşıyır. Bu ölkələrin ərazilərində millətlərarası münaqişələrin həllində maraqlı olan qüvvələr yeni gərginlik ocağının yaranmasına imkan vermir. Ədalət naminə qeyd etmək lazımdır ki, Bakı və Tbilisi milli azlıqların hüquqlarının qorunması, onların ölkənin ictimai-siyasi həyatına inteqrasiyası sahəsində son illər ardıcıl siyasət aparır. Bu işdə Azərbaycan xüsusilə nəzərəçarpacaq işlər görüb. Bu gün bir çox beynəlxalq institutlar Azərbaycanın milli-dini zəmində ən tolerant ölkələrdən biri olduğunu təsdiq edir, onu digər ölkələr üçün nümunə göstərirlər. Bu işdə Azərbaycanın, hətta 100 illik demokratik ənənələrə malik bəzi dövlətlərə də nümunə sayıla biləcəyi vurğulanır.
Gürcüstanda da bu istiqamətdə az işlər görülmür. Amma təəssüf ki, bəzi məqamlar, Gürcüstanda ən böyük etnik azlıq olan azərbaycanlıların hüquqlarının pozulması Tbilisinin bu siyasətinə ciddi zərbə vurur.
Müxtəlif hesablamalara görə, bu gün Gürcüstanda azərbaycanlı icmanın üzvlərinin sayı 500-700 min nəfər arasındadır. Onlar Kvemo-Kartli əyalətində sıx şəkildə məskunlaşıblar. Bundan başqa, Marneuli rayonu əhalisinin 77%-i, Bolnisinin 66, Dmanisinin 64, Qardabani əhalisinin isə 43%-ni etnik azərbaycanlılar təşkil edir. Kvemo-Kartli əyaləti (Azərbaycan dilində Borçalı) Gürcüstan, Ermənistan və Azərbaycanın qovşağında yerləşir.
Qeyd etmək lazımdır ki, Gürcüstanda milli azlıqlara qarşı ən neqativ münasibət ölkənin ilk prezidenti Zviad Qamsaxurdianın rəhbərliyi dövründə yaşanıb. Onun siyasətinin əsasını etnomərkəzçilik təşkil edib. Doğrudur, sonrakı illərdə bu sahədə az iş görülmədi, lakin Gürcüstan azərbaycanlılarının hüquqlarının pozulması ilə əlaqədar kifayət qədər faktlar indi də mövcuddur.
Məsələn, Qardabani rayonunda azərbaycanlı əhali rayon administrasiyasının hər ailəyə 1 hektar əkin sahəsi vermək vədinə hələ də əməl etmədiyini bildirir. Burada, demək olar ki, bütün torpaqlar gürcü icarədarlara paylanıb və azərbaycanlılara verilən torpaq sahələri ilə müqayisədə çox cüzidir. Baxmayaraq ki yerli əhalinin əksər hissəsi məhz kənd təsərrüfatı ilə məşğuldur.
Yerli azərbaycanlıların hüquqlarının pozulması faktları qeyri-hökumət təşkilatı olan "Mtredi"nin hesabatında da əks olunub. Hesabata əsasən, Qardabani rayonunun 5000-dən artıq əhalisi olan (etnik azərbaycanlılar) Muğanlı kəndi, təxminən, 8000 əhalisi olan (gürcülər) Sartiçala kəndi ilə sərhəddir. Hazırda hər iki kəndin bir ümumi icra hakimiyyəti var. Əgər 2003-cü ilədək Muğanlı kəndinin adı bütün dövlət sənədlərində və ölkənin xəritəsində yer alırdısa, 2003-cü ildən heç bir izah olmadan bunu icra hakimiyyətinin bütün sənədlərindən çıxarıblar. Kəndin adı seçki komissiyasından da çıxarılıb, yerli əhalinin pasportunda isə Muğanlı yerinə Sartiçala yazılıb.
2008-ci ildə bütün icra orqanları, o cümlədən, Gürcüstan prezidentinə də müraciətlərdən sonra, parlament seçkiləri ərəfəsində azərbaycanlıların yaşadığı bu kəndin girişinə, axır ki, "Muğanlı" trafareti qoyuldu, amma cəmi bir gündən sonra o, naməlum təxribatçılar tərəfindən sındırıldı.
Bununla yanaşı, maraqlıdır ki, yerli polis və təhlükəsizlik orqanları fakta etinasız yanaşdı.
"Mtredi"nin hesabatında Muğanlı sakinlərinin torpaqların özəlləşdirilməsi prosesində, yerli büdcənin bölüşdürülməsində, sosial infrastrukturun qurulmasında da ayrı-seçkiliyə məruz qaldıqları bildirilir. Məsələn, qonşu gürcü kəndi olan Sartiçalada stadion, trenajor zalı yaradılıb, su təchizatı sistemi yeniləşdirilib, kilsə tikintisi üçün yardım ayrılıb, elektrik xətləri təzələnib, suvarma kanalları yeniləşdirilib və s. Muğanlının isə 60-70%-i hələ də içməli su ilə təchiz olunmayıb. Üstəlik, burada su 2-3 həftədə 1 dəfə verilir.
Muğanlı sakinləri məscid tikintisinə də icazəni böyük çətinliklə alıblar. Yerli hakimiyyət bunun qarşısını almaq üçün əlindən gələni edib. Hətta icazənin alınmasından sonra da yerli polis və məmurlar gündəlik kəndə baş çəkərək, tikintinin dayandırılmasını tələb ediblər. Hesabatda müqayisə üçün bildirilir ki, hazırda Sartiçala kəndində 3 kilsə fəaliyyət göstərir. Hesabat müəllifləri bildirir ki, dini sahədə analoji vəziyyətə digər rayonlarda da rast gəlinir.
Bolnisi rayonunun Fəxralı və Qardabani rayonunun bir neçə kəndində Gürcüstanın bir sıra qeyri-hökumət təşkilatları yerli məscidlərin bərpasına mane olur, yerli icra orqanları isə bu işdə gücsüz olduqlarını bildirirlər. Bolnisi rayonunun bütün kəndlərində, hətta müsəlman qəbiristanlıqlarında belə hələ də xaçlar qalmaqdadır. Məsələn, bu rayonun, əsasən, azərbaycanlılar yaşadığı Qoçulu və Kəpənəkçi kəndlərində Gürcüstan Patriarxiyasının yerli idarəsi 7-10 metr hündürlüyündə xaçlar quraşdırıb.
Oxşar vəziyyət qədim Azərbaycan toponimlərinin gürcü adlarına dəyişdirilməsi ilə də müşayiət olunur. Bu isə yerli azərbaycanlıların haqlı narazılığı ilə nəticələnir.
Gürcüstanın azərbaycanlı əhalisinin təhsil sahəsində də ciddi problemləri var. Muğanlıda cəmi 1 Azərbaycan məktəbi varsa, qonşu Sartiçalada 4 gürcü məktəbi fəaliyyət göstərir. Ümumilikdə isə Gürcüstanda əvvəllər fəaliyyət göstərən 167 Azərbaycan məktəbindən 50-si artıq bağlanıb. Bu məktəblərin durumu, maddi-texniki təminatından isə danışmağa dəyməz.
Gürcüstan rəhbərliyinin dövlət dilinin, yəni gürcü dilinin mütləq şəkildə vəzifəli şəxslər tərəfindən öyrənilməli olmasına dair qərarı isə azərbaycanlıların vəziyyətini daha da qəlizləşdirib. Əlbəttə, bu qərar Gürcüstan Konstitusiyasına tam uyğundur və istənilən vətəndaş milli, dini mənsubiyyətindən asılı olmayaraq, dövlət dilini bilməlidir. Gürcüstan azərbaycanlılarının özləri də etiraf edirlər ki, gürcülərlə aralarındakı bu fərq onların ölkənin ictimai-siyasi həyatına inteqrasiyasına, dövlət orqanlarında mükəmməl təmsil olunmalarına problemlər yaradır. Lakin onları Azərbaycan məktəblərinin direktoru postuna etnik gürcülərin təyin olunması da narahat edir.
Bundan başqa, sosial-iqtisadi problemlərin həll edilməməsi üzündən yerli azərbaycanlı əhali Azərbaycana miqrasiya edir və bu da Azərbaycan dilindəki məktəblərin bağlanmasına səbəb olur.
Gürcüstandakı Azərbaycan diasporunun nümayəndələri bildirirlər ki, mədəniyyət sahəsində də çoxsaylı problemlər var. Bu gün Tbilisidəki Azərbaycan Dram Teatrına gənc və istedadlı rejissor Q.Kopanadze rəhbərlik edir. Buradakı aktyorların əksəriyyəti gürcülərdir. Lakin Gürcüstan azərbaycanlılarının fikrincə, gürcü rejissor və aktyorlar nə qədər istedadlı və ağıllı olsalar da, onlar Azərbaycan dilində tamaşaları azərbaycanlı rejissor və aktyorlar kimi qoya və oynaya bilməzlər. Müqayisə üçün qeyd edək ki, Samtsxe-Cavaxetiyadakı erməni teatrına etnik erməni rəhbərlik edir. Bu fakt da azərbaycanlılar tərəfindən onların hüquqlarının pozulması və ayrı-seçkilik kimi qiymətləndirilir.
Marneuli rayonunun ən böyük kəndi olan Sadaxlı ətrafında daha qəribə hadisələr cərəyan edir. Son bir neçə il ərzində Ermənistan sərhədçiləri Gürcüstanın əksəriyyəti azərbaycanlı olan bu rayonunun ərazisini tədricən işğal edir. Erməni sərhədçilərin meşələri, otlaqları ələ keçirməsi, Sadaxlı kəndi və ətrafdakı daha kiçik kəndləri yaxınlığındakı şumluqları isə işğal etmək təhlükəsinin olması adi hadisəyə çevrilib. Kənd sakinləri bildirirlər ki, Gürcüstanın azərbaycanlılar yaşayan bu ərazilərinin Ermənistan tərəfindən işğalı həm yerli, həm də mərkəzi hakimiyyətin tam səhlənkarlığı şəraitində baş verir. Bir müddət əvvələdək burada nəhəng açıq bazar fəaliyyət göstərirdi ki, o da kənd əhalisinin rifahına xidmət edirdi. Bu, kənd əhalisinin sürətlə artmasına səbəb olmuşdu. Sadaxlı kəndinin əhalisi ən pik dövrdə, təxminən, 15 min nəfərə çatmışdı. Lakin Gürcüstan hökuməti qaçaqmalçılıqla mübarizə adı altında bu bazarı bağlayıb. Nəticədə, əhalinin yoxsullaşması və tədricən kənddən köçməsi prosesi başlayıb. Hazırda Sadaxlıda əhalinin sayı 10 mindən də azdır.
Bazarın bağlanması faktından dərhal istifadə edən Ermənistan öz ərazisində belə bazar açıb. İndi azərbaycanlılar ticarət məqsədilə həyatlarını risqə ataraq, Ermənistan ərazisinə keçməli olurlar.
Qeyd etmək lazımdır ki, Gürcüstan azərbaycanlılarının problemləri Avropa Şurasının milli azlıqların hüquqlarının müdafiəsi üzrə Məsləhətçi Çərçivə Konvensiyası Komitəsinin Gürcüstan tərəfindən də imzalanmış hesabatında əksini tapıb. Komitə Gürcüstanın hüquq-mühafizə orqanlarının Ermənistanla sərhəd bölgələrdə yaşayan azərbaycanlı əhalinin müdafiəsini lazımi səviyyədə təşkil etməməsinə dair şikayətləri narahatlıqla qeyd edir. Həmin şəxslərin zorakılığa məruz qaldıqları, torpaq və digər mülkiyyətlərinin, mal-qaralarının əllərindən alındıqları bildirilir. Sənəddə insanların itkin düşməsinə dair məlumatlar da yer alıb.
Hesabatda milli azlıqların sıx yaşadığı ərazilərin 1990-cı illərdə ənənəvi adlarının dəyişdirilməsindən sonra yaranmış situasiyanın düzəldilməsi üçün heç bir tədbirlərin görülməməsi və planlaşdırılmamasından da narahatlıq ifadə olunur. Belə məkanlar arasında Kvami-Kartli regionunun azərbaycanlılar yaşayan kəndlərinin adlarını çəkmək olar.
Komitə Gürcüstanda tədrisin milli azlıqların dilində aparıldığı çoxlu sayda orta məktəblərin olmasını - onların sayı azalmaqda olsa belə maraqla qeyd edir. Tədrisin gürcü dilində aparıldığı bəzi məktəblərdə də milli azlıqların dili tədris olunur. Lakin bu sistemdə də bir sıra problemlərin olduğu vurğulanır.
Qeyd edək ki, xüsusilə, 2010-2011-ci illərdə tarix, coğrafiya və ədəbiyyat fənlərinin gürcü dilində tədris olunmasına dair tələb milli azlıqlar tərəfindən əsaslı narazılıqla qarşılanıb. Təhsil sahəsində həyata keçirilən islahatların milli azlıqlara məxsus şəxslər üçün qərəzli xarakter daşımaması vacibdir. Milli azlıqları təmsil edən gənclərin (daha savadlı təbəqənin) emiqrasiyası da narahatlıq üçün ciddi əsasdır.
Avropa Şurasının narahatlığı həm də etnik azlıqların ictimai həyatda effektiv iştirakı məsələsi ilə əlaqədardır. Samtsxe-Cavaxetiya bölgəsində yerli seçkili orqanlarda ermənilər geniş təmsil olunurlarsa, azərbaycanlıların kompakt yaşadıqları Kvemo-Kartlidə onların belə qurumlarda təmsilçilikləri kifayət qədər məhduddur.
Komitə kənd təsərrüfatı mallarının satışına qoyulan məhdudiyyətlər, Ermənistanla həmsərhəd ərazilərdə torpaqların təkrar bölüşdürülməsi, Azərbaycan-Gürcüstan sərhədinin keçilməsində yaranan problemlər, icra orqanları və digər yüksək vəzifələrdə təmsilçilik və s. ilə bağlı azərbaycanlıların üzləşdiyi problemləri də diqqətdən kənar qoymayıb.
Sənəddə milli azlıqların sıx yaşadıqları rayonlarda insanların kütləvi şəkildə köçürülməsi problemi də ayrıca qeyd olunur və bunun da müəyyən gərginliyə səbəb olduğu bildirilir. Kvemo-Kartlidə bu, ötən əsrin 90-cı illərində - Svanetidən xeyli sayda əhalinin buraya köçürülməsi zamanı rast gəlinib.
Bütün bunlarla yanaşı, Gürcüstan hökumətinin bəzi iradlarını da nəzərdən qaçırmaq olmaz: azərbaycanlılar Gürcüstanın sosial həyatına pis inteqrasiya olunublar, gürcü dilini öyrənmək istəmirlər, buna görə də öz karyera imkanlarını məhdudlaşdırırlar; Azərbaycan məktəbləri, əsasən, şagird çatışmazlığı üzündən bağlanır, sərhəd bölgələrində torpaqların paylanmasına məhdudiyyətlərin tətbiqi Gürcüstan hökumətinin ərazi bütövlüyünün qorunması cəhdləri ilə bağlıdır.
Həqiqətən, ümumilikdə bu arqumentlərlə razılaşmamaq mümkün deyil. Bu ölkədə yaşayan azərbaycanlılar problemlərinin həlli üçün bu faktorları nəzərə almalıdırlar. Amma Gürcüstan hökuməti tərəfindən atılan adekvat addımlar da önləyici xarakter daşımalıdır.
Daha bir vacib məqamı qeyd etmək yerinə düşər. Gürcüstan parlamentində 500 minlik azərbaycanlını cəmi 1 deputat təmsil edirsə, 150-200 minlik etnik erməninin Gürcüstan parlamentində 3 deputatı var.
Razılaşın ki, bu vəziyyəti normal adlandırmaq olmaz. Gürcüstan hökuməti ermənilərdən fərqli olaraq, azərbaycanlıların heç zaman separatçı əhvalda olmadıqlarını da nəzərdən qaçırmamalıdır. Azərbaycanlıların tələbləri arasında siyasi məqamlara rast gəlinmir. Söhbət yalnız elementar sosial-iqtisadi elementlərin təmin olunmasından, mədəni və hüquqi problemlərdən gedir. Üstəlik, Ermənistandan fərqli olaraq, Azərbaycan rəhbərliyi də Gürcüstanda Azərbaycan dilinə dövlət dili statusu verilməsini tələb etmir.
Bu planda Tbilisi Samtsxe-Cavaxetiyanın erməni əhalisi ilə bağlı çətin işin öhdəsindən gəlməlidirsə, Kvemo-Kartlidə separatçı meyillər ümumiyyətlə yoxdur.
Bəli, azərbaycanlıların sosial-mədəni problemlərinin həll olunmamış qalması Gürcüstanın milli təhlükəsizliyinə də problemdir. Lakin bu təhlükə azərbaycanlı əhalidən gəlmir. Mütəmadi olaraq, regiondakı azərbaycanlıların narazılığına əsaslanan separatçı erməni millətçiləri onlardan öz uzunmüddətli planlarının reallaşdırılması üçün istifadə etməyə çalışıblar. Lakin azərbaycanlılar nəinki bu çağırışlara cavab verməyib, hətta belə təxribatların qəti əleyhdarı kimi çıxış ediblər.
Ayrı-ayrı təxribatçı qüvvələr bu gün də Gürcüstanda yaşayan azərbaycanlılarla gürcülər arasında ziddiyyət yaratmaq üçün incə və iyrənc taktikadan istifadə edirlər. Məsələn, "müstəqil" jurnalist Vano Tumanişvili Abxaziya və Güney Osetiyadan qovulmuş gürcülərin Samtsxe-Cavaxetiyada yerləşdiriləcəyindən, bununla da "zavallı" ermənilərin sıxışdırılacağından çox narahatdır. Sən demə, "özünüidarəetmə ilə bağlı elementar hüquqlardan məhrum olmuş (?!) həmin ermənilər yerli problemləri özləri həll edə bilmir, daim hökumətin ayrı-seçkiliyini hiss edir. Üstəlik, indi onlar regionda çoxluğu itirsə, "problemlərinin həll olunacağına ümid də birdəfəlik itəcək".
O, Gürcüstan rəhbərliyini fantomofobiyada və yerli ermənilərə qarşı tarixən mövcud olan traybo-şovinist siyasət yürütməkdə ittiham edir. Avropa Şurası Milli Azlıqların Hüquqlarının Müdafiəsi üzrə Çərçivə Konvensiyasını da xatırladan Vano Tumanişvilinin Məshəti türkləri ilə bağlı yazdıqları diqqət çəkir: "Yaxın vaxtlarda bölgəyə Məshəti türklərinin köçürülməsinə başlanacaq. Avropalılar onların hüquqlarını müdafiə edirlər, çünki bu dilənçi payı ilə onlar Türkiyəni razı salmaq istəyirlər. Odur ki, ən mürəkkəb problem heç də ermənilərlə bağlı deyil. Gürcüstanı "əla" perspektivlər gözləyir".
"Gürcüstan Türkiyə-Azərbaycan halqasında" adlı məqalədə Vano Tumanişvili bildirir ki, Gürcüstanın milli təhlükəsizliyi üçün vacib etnik-demoqrafik problem 5 inzibati rayonda (Marneuli, Bolnisi, Dmanisi, Qardabani, Saqareco) çoxlu sayda azərbaycanlının yaşamasıdır. Bu rayonların dördündə azərbaycanlılar mütləq çoxluğa malikdirlər: "Gələcəkdə türk-Azərbaycan alyansının iqtisadi və siyasi kontragenti kimi, azərbaycanlı əhali Cənubi Gürcüstan, Acarıstan və digər yerlərdə də məskunlaşaraq, Məshəti türkləri ilə vahid etnos kimi inteqrasiya oluna bilər. Əgər Məshəti türklərinin repatriasiya prosesi real olaraq başlansa, bu proses qısa vaxt ərzində gürcü rəhbərliyinin nəzarətindən çıxacaq. Türkiyə və Azərbaycanın yerli azərbaycanlı əhalidən öz siyasi və geoiqtisadi məqsədləri üçün istifadə edəcəklərinə şübhə yoxdur və artıq indi bu, reallığa çevrilib. Gürcüstanda yaşayan azərbaycanlılara etnik ərazilərində separatizm lazım deyil. Tezliklə onların qarşısında Gürcüstanın özünün udulması vəzifəsi qoyulacaq. Belə plan gec və ya tez aşkar məsələyə çevriləcək. Gürcüstan indiyədək Türkiyə-Azərbaycan alyansına effektiv müqavimət göstərmək bacarığını nümayiş etdirməyib və o, bu tendensiyada özünə rahat yer tapmaq ümidi ilə həmin siyasətin ətrafında fırlanır. Bu təhlükəni yalnız azsaylı, əsl millətçi gürcü siyasətçilər hiss edirlər. Bu təhlükəni Gürcüstanın ilk və demokratik yolla seçilmiş prezidenti Zviad Qamsaxurdia da yaxşı təsəvvür edirdi".
Razılaşın ki, ayrı-ayrı qüvvələrə xidmət edən "müstəqil" jurnalistlərin belə təxribatçı məqalələri milli azlıqların hüquqlarının təmini sahəsində situasiyanı daha da qəlizləşdirir. Bu müəllifin yalnız bir fikri ilə razılaşmamaq mümkün deyil. Yalnız Gürcüstanın yox, dünyanın bütün dövlətlərinin rəhbərliyi milli azlıqların problemləri, məqsədləri və hədəflərinə differensial yanaşmalıdır. Axı problemlərin həllini istəyərkən inteqrasiya vasitəsilə ictimaiyyətin tamhüquqlu üzvünə çevrilmək istəyənlərlə sosial-iqtisadi problemlərin arxasında gizlənərək, "böyük Vətən" uğrunda qəsbkarlığa çalışanlar arasında fərq var. Əsl mətləb də məhz budur.
Samtsxe-Cavaxetiya ermənilərinin Bakı-Tbilisi-Axalkalaki-Qars layihəsinin reallaşdırılmasına sərt müqaviməti də bunu bir daha sübut edir. Baxmayaraq ki, bu layihənin reallaşdırılması yeni iş yerlərinin açılmasına, Gürcüstanın bir çox sosial-iqtisadi problemlərinin həllinə xidmət edir. Bu regionda yaşayan ermənilərin və onların himayədarlarının Məshəti türklərinin tarixi torpaqlarına qaytarılması ilə əlaqədar isterikası isə onların, həmçinin Gürcüstan azərbaycanlılarının separatçı meyillərin qarşısında ciddi maneə olmaları ilə izah edilir. Çünki ermənilərdən fərqli olaraq, onlar Gürcüstanı öz vətənləri sayırlar. Azərbaycan isə postsovet məkanında Gürcüstanın ən ağır günlərində ona yardım əlini uzatmış yeganə ölkədir. Bakının həmin siyasəti bu gün də davam edir. Bu, yalnız iki dövlətin geosiyasi və geoiqtisadi maraqlarının üst-üstə düşməsi ilə yox, həm də Azərbaycan və azərbaycanlıların daim regionda sülh, mehriban qonşuluq münasibətlərində maraqlı olması ilə izah edilir.
Odur ki, Gürcüstan azərbaycanlılarının yerli hakimiyyətdən diqqət gözləməyə tam haqları çatır.
MƏSLƏHƏT GÖR: