
HƏRB, YOXSA SÜLH?
Bu sualın cavabı yalnız Azərbaycan və Ermənistanın yox, həm də Moskva, Vaşinqton, Ankara və Brüsselin mövqeyindən asılıdır
Müəllif: Rasim MUSABƏYOV, politoloq Bakı
Noyabrın 22-də Mün-hendə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyan bu il ərzində sayca altıncı dəfə bir araya gəldilər. Fransa konsulluğunun binasında baş tutmuş danışıqlarda iki ölkənin xarici işlər nazirləri - Elmar Məmmədyarovla Edvard Nalbandyan, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradke (ABŞ), Bernar Fasye (Fransa) və Yuri Merzlyakov (Rusiya), qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspirşik də iştirak ediblər.
Danışıqların sonunda vasitəçilərin verdiyi bəyanatda deyilir: "Təxminən, 4 saat davam edən danışıqlar konstruktiv keçib. Bəzi sahələrdə irəliləyiş əldə edilib. Bununla yanaşı, bir sıra məsələlər hələ də açıq qalır, çətinliklər mövcuddur".
Həmsədrlərin bəyanatında daha sonra bildirilir ki, Azərbaycan və Ermənistan prezidentləri ölkələrinin xarici işlər nazirlərinə vasitəçilərlə məsələ ətrafında müzakirələrin davam etdirilməsini tapşırıblar. Növbəti addım kimi iki nazirin dekabrın 1-2-də ATƏT-in Nazirlər Şurasının Afinada keçiriləcək iclası ərəfəsində görüşməsi nəzərdə tutulub.
Kişinyovda keçirilmiş bundanəvvəlki görüşlə müqayisədə bu dəfə Bakı və Yerevanın şərhləri ton və məzmun baxımından Minsk qrupunun bəyanatına yaxın oldu. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov bildirib ki, həllini tapmamış məsələlər ətrafında dərin və ətraflı müzakirələrdən sonra tərəflərin mövqelərində bir sıra məqamlarla bağlı yaxınlaşma varmış. Ermənistan xarici işlər naziri E.Nalbandyan da Münhen danışıqları nəticəsində müəyyən irəliləyiş əldə olunduğunu söyləyib. Onun fikrincə, bu irəliləyiş prezidentlərin son ilyarımda keçirdikləri 8 görüşdə əldə edilmiş müsbət tendensiyanın qorunub-saxlanılmasına imkan verəcək.
Qeyd edək ki, nə Minsk Qrupunun həmsədrlərinin, nə də Bakı və Yerevanın açıqlamalarında müzakirələrin detallarına toxunulmayıb. Lakin Avropa və Türkiyənin nüfuzlu mətbuat orqanları danışıqların bəzi detallarına dair məlumatlar yayıblar. "Euronews" telekanalının məlumatına görə, danışıqlar nəticəsində tərəflər arasında müəyyən yaxınlaşmaya nail olunsa da, hələ ki yekun razılaşmadan danışmaq tezdir. Telekanal eyni zamanda bildirir ki, tərəflər Azərbaycanın işğal altındakı torpaqlarının boşaldılmaına dair razılığa gəliblər. Türkiyənin "Hur-riyet" qəzeti isə məlumatlı diplomatik mənbələrə istinadən xəbər verir ki, Münhen görüşündə S.Sarkisyan işğal altındakı 5 rayonun boşaldılmasına yekun razılığını verib. Bununla yanaşı, Ermənistan Kəlbəcər və Laçın rayonlarından da qoşunlarını çıxartmağa razıdır. Lakin Yerevan bunu yalnız Dağlıq Qarabağı Ermənistanla birləşdirəcək dəhlizin statusunun müəyyənləşməsindən sonra etməyə hazır olduğunu bildirib. Qəzetin məlumatına görə, Azərbaycan və Ermənistan prezidentləri münaqişənin həllinə dair çərçivə sazişinin imzalanmasına nail olmaq məqsədi ilə danışıqların davam etdirilməsi haqda da razılığa gəliblər.
Bu məlumatlar göstərir ki, Münhen danışıqları pozitiv keçib. Bu danışıqlaradək isə prosesin dalana dirəndiyi hiss edilirdi, irəliləyiş gözləntiləri haqda fikirlər isə məzəmmət və hətta hədələrlə əvəzlənmişdi. Elə Münhen görüşü ərəfəsində İlham Əliyev bu görüşün həlledici olacağını bəyan etmişdi. O, bu il tərəflər arasında bir neçə görüşün keçirildiyini, lakin nəticənin əldə olunmadığını xatırladaraq, münaqişənin danışıqlar yolu ilə həlli imkanlarının tükənəcəyi təqdirdə, hərbi varianta əl atıla biləcəyini istisna etməmişdi.
Azərbaycan prezidentinin bu açıqlaması ritorik yox, kifayət qədər konkret olduğu üçün adekvat reaksiya ilə müşayiət olundu. Ermənilərin cavab iddiaları, Rusiyanın ermənipərəst mətbuatında hərbi variantın Azərbaycana uğur gətirməyəcəyinə dair fikirlər Ermənistan və himayədarlarının qorxuya düşməsinin üstünü ört-basdır edə bilmədi. Tərəfləri hərbi hədələrdən çəkinməyə çağırmaqla məşğul olan Minsk qrupunun həmsədrləri də danışıqlar prosesi nəticəsiz qalacağı təqdirdə, proseslərin həqiqətən də neqativ ssenari ilə inkişaf edə biləcəyini anlamaya bilməzdilər.
Əlbəttə, burada söhbət Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların dərhal başlanacağından getmir. Lakin bu halda silahlanma yarışının yenidən qızışacağı şübhə doğurmur. Ermənistanın hərbi balansı saxlamaq üçün maliyyə imkanlarının, demoqrafik resurslarının olmadığını nəzərə alsaq, yük daim Ermənistana himayədarlıq edən fövqəldövlətlərin, ilk növbədə, Rusiyanın üzərinə düşəcək. Proseslər bu cür inkişaf edəcəyi təqdirdə, BMT və ATƏT meydanında təbliğat müharibəsi, diplomatik toqquşmaların da şiddətlənəcəyini gözləmək olardı. Daim pozulmaqda olan atəşkəs rejiminin də yaşandığı bir vaxtda, bütün bunların baş verməsi gec-tez genişmiqyaslı hərbi əməliyyatların bərpasına şərait yaradardı.
Hər halda, Azərbaycan rəhbərliyinin bu sərt mövqeyi, həmçinin son zamanlar Moskva və Vaşinqton tərəfindən erməni liderlərinə verilən öyüd-nəsihətlər Yerevana müəyyən təsir göstərib. Ermənilər anlayıblar ki, Azərbaycanla Türkiyə arasında münasibətlərin sərinləşməsinə, həmçinin Ankara-Yerevan münasibətlərinə dair protokolların tezliklə ratifikasiya edilməsi məqsədilə Türkiyənin Dağlıq Qarabağ münaqişəsinə dair prinsipial mövqeyini yumşaldacağına olan ümidlər doğrulmayacaq. Yerevanın son zamanlar danışıqlar prosesinin süni şəkildə uzadılmasına hesablanmış taktikası da nəticə verməyib. Ermənistanın dərin maliyyə və iqtisadi böhranda olduğu, Rusiya ilə birbaşa kommunikasiyaları itirdiyi şəraitdə danışıqların dayandırılması və hərbi əməliyyatların bərpası Ermənistan üçün həddindən artıq riskli olardı.
Bir məqam da aydındır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində irəliləyişlər yalnız bilavasitə Bakı və Yerevandan yox, həm də Moskva ilə Vaşinqtonun mövqeyindən asılıdır. Bu baxımdan İ.Əliyevin Rusiyaya işgüzar səfəri xüsusi əhəmiyyətə malikdir. Xatırladaq ki, səfər çərçivəsində İlham Əliyev həmkarı Dmitri Medvedevlə birlikdə Ulyanovskda Heydər Əliyev meydanı və abidəsinin açılışında iştirak edib. Bu səfərdən sonra Azərbaycan prezidenti Moskvanın hansı şərtlərlə və nə dərəcədə Qarabağ probleminin həllinə kömək etməyə hazır olduğunu özü üçün müəyyənləşdirəcək. Belə rçaqlar isə Rusiyada kifayət qədərdir.
Diqqətçəkən məqamlardan biri İ.Əliyevlə S.Sarkisyanın Kişinyov görüşündən dərhal sonra Ermənistan prezidentinin Moskvaya dəvət edilməsidir. Həmin vaxt səfərdən qayıdan Sarkisyan Dağlıq Qarabağa yollanıb, orada separatçı rejimin liderləri və hərbçilərin iştirakı ilə qapalı toplantı keçirib və yenidən Moskvaya səfər edib. Sonuncu səfəri zamanı S.Sarkisyan "DQR"in "prezident"i və "parlamentin spikeri"ni də özü ilə Rusiya paytaxtına aparıb. Çox güman ki, burada məqsəd Moskvanın mövqeyinin birbaşa separatçılara nümayiş etdirilməsi olub. Sarkisyan bununla separatçıların Dağlıq Qarabağ ətrafındakı rayonlardan erməni hərbçilərinin çıxarılmasına istiqamətlənmiş kompromis siyasətinə mane olmasının qarşısını almağa çalışıb.
Nəhayət, dekabrın 7-də Vaşinqtonda ABŞ prezidenti ilə Türkiyə Baş naziri arasında görüş olacaq. "Anadolu" agentliyi Türkiyənin xarici işlər naziri Əhməd Davudoğluna istinadən xəbər verir ki, "Səfər zamanı Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsinə dair də müzakirələr aparacaq". Şübhəsiz, Ankara Ermənistanla münasibətlərinin normallaşdırılmasını Dağlıq Qarabağ probleminin həlli ilə əlaqələndirməyə çalışır. Məhz bununla əlaqədar olaraq, ABŞ-dakı erməni lobbisinin nümayəndələri Türkiyə liderinə mane olmaq üçün səylərini artırıblar. Konqresdə qondarma erməni soyqırımının tanınmasına dair qətnamə layihəsinin gündəliyə gətirilməsinə edilən növbəti cəhd də bunun göstəricisidir. Lakin bu, yeganə məqam deyil. Ərdoğana hücumlar başqa yollarla da həyata keçirilir. Nüfuzlu "The Washington Post" qəzeti Ədalət və İnkişaf Partiyasının (ƏİP) rəhbərlik etdiyi Türkiyəni avtoritar islamçı rejimlərlə yaxınlaşmada, ölkənin özündə isə antidemokratik hərəkatların güclənməsində, müstəqil KİV-ə, xüsusilə, "Doğan Media"ya təzyiqlərin artırılmasında günahlandırır.
Amma nəzərə alsaq ki, Obama administrasiyasının 2010-cu ildə İraqdan qoşunların çıxardılması, taliblərlə mübarizə və Əfqanıstanda situasiyanın normallaşdırılması ilə əlaqədar, Türkiyənin dəstəyinə həmişəkindən daha çox ehtiyacı var, onda bədxahların addımlarının nəticə verməyəcəyini düşünmək olar. Əks halda erməni lobbisi Konqresdə Obamaya qarşı isterik tələblər irəli sürməzdi: söhbət ABŞ prezidentindən S.Sarkisyana təzyiq göstərilməməsi, onun Dağlıq Qarabağ münaqişəsinin həllində ermənilər üçün arzuolunmaz güzəştlərə getməyə məcbur olunmaması ilə bağlı tələblərdən gedir.
Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Ermənistan-Azərbaycan danışıqlarının finiş xəttinə çatdığını söyləmək olar. İrəliləyiş şansları var və bu şanslar heç də az deyil. Bu şansların əldən verilməsi isə tək münaqişə tərəfləri üçün yox, həm də vasitəçi fövqəldövlətlər üçün bağışlanmaz səhv olardı.
İndi Ermənistan və Azərbaycanın XİN başçıları arasında Minsk qrupu həmsədrlərinin də iştirakı ilə dekabrın əvvəlində Afinada keçiriləcək görüşdən də çox şey asılıdır. Həmin danışıqlar müsbət olacağı təqdirdə Madrid prinsiplərinə əsaslanacaq çərçivə razılaşmasının hazırlanması o qədər də çox vaxt aparmayacaq. Bununla da 2010-cu ilin sülh ili olması mümkündür. Danışıqlarda vasitəçilik edən Minsk qrupunun məxsus olduğu ATƏT-ə sədrliyin Qazaxıstana keçəcəyi də daha bir müsbət məqamdır. Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ilk, lakin təəssüf ki, nəticəsiz olan ilk beynəlxalq vasitəçilik 1991-ci ildə məhz Yeltsin-Nazarbayev cütlüyünün təşəbbüsü ilə həyata keçirilib. Münaqişə tərəflərinin hər biri ilə dost olan Qazaxıstan ərazisində Ermənistan və Azərbaycan arasında sülh yaradacaq razılaşmanın imzalanması kifayət qədər rəmzi olardı.
MƏSLƏHƏT GÖR: