5 Dekabr 2025

Cümə, 18:25

"NEMTSOVUN İŞİ"

Kreml yaxınlığında açılmış atəşin əks-sədası hələ çox eşidiləcək

Müəllif:

10.03.2015

O, "Yeni Rusiya"nın başında duranlardan, rəmzlərindən biri idi. Özünün dediyinə görə, Rusiya Federasiyası Konstitusiyasının müəlliflərindən idi. O dövrdə gənc dövlətin başında dayanan "qızıl gənclik" arasında Nemtsov prezident Boris Yeltsinin sevimli şəxslərindən sayılırdı. 1997-1998-ci illərdə Rusiya Federasiyası Təhlükəsizlik Şurasında da yer almışdı. Nijeqorod vilayətinin qubernatoru və baş nazirin müavini işlədiyi dövrlərdə Nemtsov bu vəzifəni tutmuş ən gənc siyasətçi kimi tarixə düşdü.

Çoxları inanırdı ki, nə vaxtsa Rusiyanın birinci prezidentinin varisi məhz Nemtsov olacaq. Lakin xalqda çox tez bir zamanda ölkədə aparılan islahatlar və islahatçılarla bağlı məyusluq yarandı. Onların arasında isə əlbəttə ki, Nemtsov da var idi. Yaranmış məyusluq və onun fəaliyyətilə bağlı bəzi birmənalı olmayan qiymətləndirmələr Boris Yefimoviçin Boris Nikolayeviçin varisi olmasına imkan vermədi. Nəticədə islahatçılar-oliqarxlar komandasının seçimi Putin oldu. Nemtsov isə hələ 1999-cu ildə hazırks müxalifət radiosu olan "Exo Moskvı"nın efirindən Putin haqda bu sözləri işlətmişdi: "Əminəm ki, növbəti prezident Vladimir Putin olmalıdır. Əgər məşhur şəxslər onun qollarını və ayaqlarını burmasalar, əminəm ki, onun səs qazanmaq üçün bütün şansları var. Hər halda, mən ona hər cür dəstəyi verəcəyəm".

Bu, 1999-cu il idi. Bəs sonra nə baş verdi ki, Nemtsov nəinki Putini dəstəkləməkdən imtina etdi, hətta onun ən qatı düşmənlərindən birinə çevrildi? Ekspertlərin fikrincə, gənc islahatçılardan və oliqarxlardan ibarət qrup Putinin "idarəolunan" olacağına, Yeltsinin dövründə olduğu kimi, real idarəçiliyin məhz onların əlində qalacağına ümid edirdilər. Putinin isə planları fərqli idi və "Kremldəki gənclik" tədricən daha sərt idarəçilik üsullarını dəstəkləyən, xüsusi xidmət orqanlarının şnelindən çıxmış şəxslərlə əvəzlənməyə başlamışdı. Nemtsovun hazırki hakimiyyətin tərəfdarından liberal cəbhəyə aid müxalifətçiyə çevrilməsi prosesi əsasını bu məqamdan götürüb.

Amma liberal müxalifət Rusiya cəmiyyətində uğur qazana bilmədi. Nemtsovun müxalifətə keçdikdən sonra qazandığı yeganə siyasi nailiyyət Yaroslav vilayət dumasına deputat seçilməsi idi.

Onu siyasətçi adlandırmaq çətin idi. Nemtsov daha çox ictimai-siyasi xadim idi. Opponentləri onu Rusiya hökumətinə qarşı çıxarkən bir çox hallarda anti-Putin deyil, anti-Rusiya qüvvələrini dəstəkləməkdə ittiham edirdilər.

Nemtsov hələ yüksək postlar tutarkən Qərb isteblişmenti ilə yaxın münasibətlərə malik idi. Hökumətdən getdikdən sonra onun bu əlaqələri daha da möhkəmlənmişdi. Nemtsov ABŞ prezidenti Bill Klintonla dəfələrlə görüşmüşdü. Onun Dövlət Departamentinin rəhbəri Kondoliza Rays, vitse-prezident Dik Çeyni ilə də görüşləri olmuşdu. Nemtsovu ABŞ konqresmenləri və qubernatorları da qəbul edirdilər. Beynəlxalq Münasibətlər Şurasının Nyu-Yorkdakı ofisindəki çıxışı zamanı o, prezident Barak Obamaya Rusiya müxalifətinin liderlərilə daha sıx-sıx görüşməyə çağırmışdı. 2010-cu ilin martında konqresmen Con Makkeyn ilə görüşən Nemtsov Rusiyada 2012-ci ildə keçiriləcək prezident seçkisi zamanı ABŞ rəhbərliyinin hansı mövqeni tutmalı olduğunu açıqlamışdı. Elə həmin ilin noyabrında Nemtsov ABŞ Konqresindəki çıxışı zamanı amerikalıları "Rusiyada demokratiyanın dəstəklənməsi haqqında" qanun qəbul etməyə çağırmış, eyni çağırışı "ABŞ-ın dünyadakı lider rolunun bərpası"na dair müzakirələrin aparıldığı forumda dilə gətirmişdi. Nemtsov Avromaydandan sonra qurulmuş Ukrayna hökumətinin yaxın müttəfiqlərindən idi. O, Rusiyanın Krım və Donbasdakı əməllərini dəfələrlə pisləmişdi. Nemtsov Rusiya hökumətini az qala Ukrayna siyasətçilərindən çox tənqid edirdi. Buna baxmayaraq, Rusiya müxalifətinin digər liderlərindən - neonasist ideyalarına açıq dəstək verən Navalnıdan və son zamanlar siyasi mühacir kimi ABŞ-da yaşayan marginal şahmatçı Kasparovdan fərqli olaraq, Nemtsov hakimiyyətin demokratik yolla, yəni, seçki vasitəsilə dəyişməsinə tərəfdar idi. Xalq arasında müxalifətin reytinqinin aşağı olması isə bu ssenarini demək olar ki, qeyri-real edirdi.

Və onu qətlə yetirdilər... 90-cı illərin böyük insanını elə o dövrün ənənələrinə uyğun şəkildə güllələdilər: açıq-açığına, həyasızcasına, nümayişkaranə şəkildə. Amma ölüm onu Rusiyada adətən siyasətçilərin, jurnalistlərin və digərlərinin sifarişli qətlləri zamanı olduğu kimi, qaranlıq bina girişində yaxalamadı. Tale ona belə demək mümkünsə, "gözəl" ölüm hazırlayıbmış: Moskvanın mərkəzində, son zamanlar ciddi mübarizə apardığı şəxslərin oturduqları Kreml divarlarının yaxınlığında, Kiyevdən olan gənc qızın yanında, axşam yağışı altında tarixi körpünün üzərində gəzişən zaman. Lap Hollivudda olduğu kimi... Boris Nemtsov həyatdan faciəvi şəkildə köçməsilə bir çox sual qoyub getdi. Bu sualların ən əhəmiyyətlisi isə bu qətlin kimə lazım olduğu, onun Rusiyanın gələcəyi üçün hansı fəsadlara yol aça biləcəyilə bağlıdır.

Mütəxəssislərin fikrincə, Nemtsovun qatilləri son dərəcə qeyri-peşəkarcasına davranıblar. Ona çox yaxın məsafədən 6 güllə atılsa da, güllələrin 2-si hədəfdən yayınıb. Güllələr müxtəlif istehsalçılara məxsus olduğundan qatil üçün ən məsuliyyətli anda müvəffəqiyyətsizlik mümkün idi. Üstəlik başa kontrol atəşi də olmayıb. Ən maraqlısı isə qatillərin vacib şahidi, hadisə zamanı Nemtsovun yanında olmuş qızı sağ buraxmalarıdır. Bu, onların qeyri-peşəkarlığının və digər son dərəcə maraqlı məqamların göstəricisidir.

Fevralın 10-da "Sobesednik"də Nemtsovla müsahibə dərc olunmuşdu. Siyasətçi müsahibəsində anasının Putinin onu öldürə biləcəyindən narahatlığını dilə gətirmiş, bunu hökumət əleyhinə çıxışları ilə əsaslandırmışdı. Bəlkə də Nemtsov bu fikri səsləndirməklə özünə qarşı ölüm hökmünü imzalayıb və qatillərin əlinə hazır "əsas" verib. Həqiqətən də, qətldən dərhal sonra bütün diqqətlər Putinə yönəlib. Çünki Nemtsov Putini daim tənqid edir, hətta bəzi müsahibələrindən senzuradan kənar sözlərlə təhqir edirdi. İlk baxışdan Nemtsovu cəzalandırmaq Putindən çox kimə lazım ola bilərdi?! Qətldən dərhal sonra İnternetdə Nemtsovun "Putin tərəfindən aradan götürüləcəyinə dair şübhələri"ndən bəhs edən məqalələr peyda olub. B. Nemtsovun təhlükəsizliyilə bağlı narahatlığını amerikalı senator Makkeyn hələ 2013-cü ildə dilə gətirmişdi: "Mən Boris Nemtsovun şəxsi təhlükəsizliyilə bağlı müəyyən narahatlıq keçirirəm. Mən ona nəyinsə baş verə biləcəyini dedim".

Xarab saatın belə, gündə iki dəfə vaxtı düz göstərdiyi kimi, daim Rusiya ilə bağlı apokalipsis proqnozlar səsləndirən Makkeynin dedikləri təəssüf ki, bu dəfə doğrulub. Putini dolayısı ilə ABŞ prezidenti Barak Obama da ittiham edib. O bildirib ki, "hazırda əslində nəyin baş verdiyini bilmir". Bununla yanaşı, Obama əmindir ki, Nemtsovun qətli "Rusiyada insan haqlarına hörmət sahəsində vəziyyətin ağırlaşdığını göstərir".

Amma Nemtsovun qətlində birbaşa və ya dolayısı ilə kimisə günahlandırmazdan əvvəl bunun kimin işinə yaradığını düşünmək lazımdır. Hər halda, istənilən məişət cinayətində belə, ilk olaraq motivə diqqət yetirilir.

Bəli, Nemtsov Putini tənqid atəşinə tutur, bəzi hallarda hətta təhqir edirdi. Amma hazırkı gərgin şəraitdə Putin bu cür ağılsızlıq edərdimi? Qərbin Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirməsi üçün bəhanə axtardığı hər kəsə bəlli deyilmi? Hazırda Nemtsov Rusiya hakimiyyəti üçün heç bir təhlükə yaratmırdı. Onun Rusiyada korrupsiyanın tüğyan etdiyinə dair çoxsaylı məruzələri və bəyanatları, Moskvanın Donbas hadisələrində iştirakı ilə bağlı dedikləri heç kəsi təəccübləndirmir və şoka salmırdı. İndi Rusiya hakimiyyəti üçün böyük problem məhz Nemtsovun qətlidir. Hüquq-mühafizə orqanları yaxın vaxtlarda cinayətin üstünü aça bilməsə, bu, onlara böyük başağrısı gətirəcək. Aydındır ki, Rusiya hökuməti istintaq materiallarını baxılması üçün müxalifətə təqdim etsə belə, bu, qarşı tərəfi qane etməyəcək. Səbəb isə kifayət qədər sadədir: müxalifətin maraqlı olduğu yeganə məsələ hər şeydə güc strukturlarının, o cümlədən şəxsən prezident Putinin günahlandırılmasıdır. Obyektiv məlumatlar isə çətin ki, kimisə maraqlandırsın - orada nə deyiləcəyindən asılı olmayaraq.

Qətlin üstü açılarsa, birincisi, hələ istintaqın şəffaf aparıldığını sübut etmək lazım gələcək. Bu, daha bir tənqid dalğasına yol aça bilər: hökumət Nemtsovu niyə qorumadı? Amma Nemtsov da çətin ki, elə həmin gecə Moskvada, tutaq ki, FTX tərəfindən təqdim edilmiş iki cangüdənlə gəzməyə razı olaydı.

Bəs Rusiya müxalifəti? Nemtsovun ölümü onlara sərf edə bilərdimi? Yəqin ki, bu işdə müxalifət hakimiyyətdən daha az maraqlı idi. Birincisi, onsuz da zəif olan Rusiya müxalifəti ən parlaq liderlərindən birini itirdi. Nemtsovun gedişindən sonra Rusiya müxalifətinin başında kim dayanacaq? Silahdaşının dəfninə belə gələ bilməyən və bunu "anasının icazə verməməsi" ilə əsaslandıran Kasparov və Navalnı haqqında yuxarıda bəhs etmişik. Bəlkə Nemtsovun yerini "dişi aslan" Ksenya Sobçak dolduracaq? Bu yerdə necə deyərlər, şərhə ehtiyac yoxdur. İkincisi, Rusiyanın istənilən nazirliyilə əlaqələri hələ də davam edən Nemtsov bir telefon zəngi ilə bu və ya digər problemi çözmək iqtidarında idi. Bu cür insanın itirilməsi müxalifətlə hakimiyyət arasında əlaqənin itirilməsi deməkdir.

Bəs onda Boris Nemtsovun qətlinin arxasında kimlər dura bilər? Yenə də yada Vladimir Putin düşür. 2012-ci ilin prezident seçkisi ərəfəsində o, demişdi: "Mən bu metodikanı bilirəm. Artıq on ildir ilk növbədə xaricdə oturanlar onu tətbiq etməyə çalışırlar. Hətta məşhur insanlar arasında rəmzi qurban da axtarırlar. Özləri aradan götürəcəklər, sonra isə hakimiyyəti günahlandıracaqlar". 90-cı illərdə "Kremlin xaç atası" sayılmış məşhur oliqarx Boris Berezovskinin bir fikri də yaddaşlardadır: "Vasyanı öldürürük, hamı düşünür ki, bunu Kolya edib".

Demək, kiməsə Nemtsovu "rəmzi qurban"a çevirmək lazım imiş. Kimə və nə üçün? İlk olaraq onu yada salaq ki, tarixdə bir çox inqilablar, bənzər siyasi proseslər məhz bu cür "qurbanlar" vasitəsilə başlayıb. Tunisdə Məhəmməd Buazizinin özünü yandırması "ərəb baharı"na start vermiş, Kiyevdə ASALA terror qrupunun aşkar tərəfdarı olan erməni Sergey Niqonyanın qətli Avromaydanın prezident Yanukoviçə qalib gəlməsilə nəticələnmişdi. Bu cür misalları çox çəkmək olar.

Nemtsovun qətli müxalifətin martın 1-nə təyin etdiyi etiraz aksiyasına bir neçə gün qalmış baş verib. Müxalifətin hazırkı durumunu nəzərə alsaq, əminliklə demək olar ki, bu aksiyaya çox az adam çıxacaqdı. Amma qətl aksiyaya əlavə stimul qazandırıb və mitinqin əvəzinə Moskvanın mərkəzində matəm yürüşünün keçirilməsi qərara alınıb. İstər Rusiyadan, istərsə də digər ölkələrdən olan əksər mütəxəssislər matəm yürüşünün "yerli Maydana" çevriləcəyini, sonda ölkədə ictimai-siyasi qeyri-sabitliyə yol açacağını gözləyirdi. Amma gözləntilər doğrulmayıb. Ya müxalifət düşərgəsində sağlam düşüncə qalib gəlib, ya da Rusiyanın xüsusi xidmət orqanları təhlükələrə operativ reaksiya verib... Yeri gəlmişkən, həmin günlərdə ölkədə bir neçə təxribatçı qrupun üzə çıxarıldığına dair informasiya yayılıb, yürüşdən öncə isə Moskva polisi Ukrayna parlamentinin deputatı, 2014-cü ilin mayında Odessadakı faciəvi hadisələrdə fəal iştirak etmiş Aleksey Qonçarenkonu həbs edib. Onun üzərindən külli miqdarda nağd pul - ABŞ dolları tapılıb. Qonçarenko pulların onu məxsus olduğunu etiraf edib. Ümumiyyətlə, Rusiyanın İnternet məkanında Ukrayna millətçi qruplarının Nemtsovun qətlində iştirakı haqda məlumatlar çox yayılıb. Guya onlar Nemtsovu "Maydan"ın baş qaldırması üçün katalizator saydıqları üçün bu yola əl atıblar. Amma hələlik bütün bunlar sübuta yetirilməyib.

Bir şey aydındır ki, Nemtsovun qətli Rusiyada kütləvi etirazlara və "Maydan"a səbəb olmadı. Fikrimizcə, bunun əsas səbəblərindən biri Ukraynadan fərqli olaraq, Rusiyada oliqarx qrupları, regional klanlar və qruplaşmalar arasında qarşıdurmanın olmamasıdır. Doğrudur, Rusiyanın problemləri sadalanmaqla qurtarmır. Amma "narıncı inqilab"ların baş verdiyi ölkələrdən fərqli olaraq, Rusiyada hakimiyyətdən narazı regionlar (Yanukoviçin dövründəki Qərbi Ukrayna kimi), etirazlara açıq maliyyə dəstəyi verən oliqarx qrupları yoxdur.

Bəs Nemtsovun ölümü Rusiyanın gələcəyinə hansı təsiri göstərəcək? Yəqin ki, o, bu ölkə rəhbərinin başı üzərindən asılmış Damokl qılıncına çevriləcək. Ukraynanın sabiq prezidenti Kuçmaya qarşı çıxan Qonqadzenin, Argentina prezidenti Kristina de Kirşnerin "hiylə"sinin üzərini açmış prokuror Alberto Nismanın qətlini, yaxud elə Rusiyada baş vermiş Maqnitski işini xatırlamaq kifayətdir. Yeri gəlmişkən, Rusiyaya qarşı ilk sanksiyaların səbəbi Ukraynada baş verənlər yox, məhz Maqnitski işi olub. Nemtsovun qətli isə yeni sanksiyalara, ölkənin təcrid durumunun daha da ağırlaşmasına, Ukrayna böhranı ilə danışıqlar kontekstində diplomatik təzyiqlərin daha da artmasına və s. səbəb ola bilər.

Beləliklə, Nemtsovun qətlindən sonra Rusiya hakimiyyətinin rəqiblərinin əlinə kifayət qədər güclü rçaq keçib. Biz onların bu rçaqdan necə istifadə edəcəklərinin şahidi olacağıq.



MƏSLƏHƏT GÖR:

837