14 Mart 2025

Cümə, 20:57

İŞTAH DİŞ ALTINDADIR

Ermənistan həm Türkiyə ilə münasibətlərinin normallaşdırılması, həm də Dağlıq Qarabağ münaqişəsinin həlli proseslərini dalana dirəmək üçün əlindən gələni edir

Müəllif:

15.11.2009

Sürix protokollarının imzalanmasından sonra Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında maraqlı olan bütün dövlətlər və beynəlxalq qurumlar birağızdan bu prosesin Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərəcəyindən danışmağa başlayıblar. Protokollarda bu məsələyə dair birbaşa fikirlər yer almasa da, hamı hər iki prosesin paralel aparılacağını iddia edir.

Bu bəyanatlardan belə qənaətə gəlmək olar ki, ATƏT-in Minsk qrupunun həmsədrləri, həmçinin, bütün maraqlı oyunçular Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq məqsədilə Ermənistana hələ Sürix protokollarının ratifikasiyasınadək təzyiq göstərmək fikrindədirlər. Üstəlik, Ankara dəfələrlə bəyan edib ki, protokolların ratifikasiyası Ermənistan-Azərbaycan münaqişəsinin həllində irəliləyişlə birbaşa əlaqəlidir. Yəni Yerevan konstruktivlik nümayiş etdirməyəcəyi təqdirdə nə Ermənistan, nə onun himayədarları, nə də Qərb üçün Türkiyənin iştirakı ilə maraqlı "kino" olmayacaq.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi də bu fikri dolayısı ilə təsdiqləyib. "Kommersant" qəzetinə müsahibəsində o bildirib ki, Sürix protokollarının ratifikasiyası çətin proses olacaq. Eyni zamanda, diplomat bunun həm Türkiyənin, həm də Ermənistanın maraqlarına uyğun olduğunu söyləyib. "Əminəm ki, perspektivdə bu, Azərbaycanın da maraqlarına uyğundur. Çünki o da regionda sərhədlərin açılmasında maraqlıdır. Gürcüstandakı müharibə bölgədəki ölkələrin zərif dövlətlər olduğunu göstərdi. Bu zərifliyi yalnız qeyd olunan problemlərin həlli ilə aradan qaldırmaq olar. Əminəm ki, Ermənistan rəhbərliyi də belə düşünür. Qarabağdakı hazırkı status-kvo Ermənistanın maraqlarına uyğun deyil. O, əbədi olaraq qeyri-müəyyən durumda qala bilməz. Bütün bu problemlərin həlli üçün Qafqaza daha çox etibar edilməlidir. Bunun üçün isə Aİ və ya Rusiya kimi üçüncü tərəfin fəallığına ehtiyac var. Ümid edirəm,  biz birlikdə dialoqu təmin edə biləcəyik", - deyə P.Semnebi qeyd edib.

Cənubi Qafqaz regionunda çoxdan gözlənilən sabitliyin bərqərar olmasının Dağlıq Qarabağ münaqişəsinin həllinə bağlılığı heç kəsdə şübhə doğurmur. Amma Ermənistan yalnız Qarabağ probleminin çözülməsində yox, həm də Türkyə ilə münasibətlərin normallaşdırılmasında konstruktivlik nümayiş etdirməyə hazırdırmı? Görünən odur ki yox.

Rəsmi Yerevan protokolların imzalanmasından dərhal sonra, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması ilə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi arasında əlaqənin olmadığını iddia etməyə başlayıb. Bundan başqa, Ermənistan hakimiyyəti protokolların ayrı-ayrı maddələri ilə razı olmadığını bəyan etməkdən belə çəkinmir. Protokollar Türkiyə ilə Ermənistanın Qars müqaviləsi əsasında formalaşmış sərhədlərinin tanınmasını, həmçinin, "erməni soyqırımı"nın araşdırılması üçün müstəqil tarixçilərdən ibarət komissiyanın yaradılmasını nəzərdə tutsa da, rəsmi Yerevan bəzən açıq, bəzən isə üstüörtülü formada bu məqamları şübhə altına almağa çalışır. Bütün bunlar isə erməniçiliyin ideoloqları və Sarkisyan rejimini ölkə maraqlarına qarşı çıxmaqda ittiham edən erməni diasporunun ciddi təzyiqi altında baş verir. Vaxtilə milli şovinizm və Dağlıq Qarabağ münaqişəsindəki barışmaz mövqeyi ilə Ermənistan hakimiyyətini qəsb etmiş Qarabağ klanı isə bu gün çətin vəziyyətdədir: bu klan erməniçilik və "Böyük Ermənistan" virusuna yoluxmuş soydaşlarının təzyiqləri qarşısında tab gətirməyə çalışır.

Türkiyə və ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini intensivləşdirməyə çalışdığı hazırkı dönəmdə isə Yerevan prosesi iflasa uğratmaq üçün əlindən gələni edir.

Minsk Qrupu həmsədrlərinin regiona son səfərləri ərəfəsində və səfər zamanı səsləndirilən bəyanatları diqqətlə analiz edən zaman yaranan mənzərə, münaqişənin həlli baxımından, heç də müsbət təsir bağışlamır. Noyabrın əvvəlində Serj Sarkisyan Ermənistan Apostol Kilsəsinin (EAK) yerarxiyasının toplantısında bəyan edib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi heç bir halda "erməni soyqırımı"nın tanınması üçün səylərdən imtina anlamına gəlmir və onun Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə heç bir əlaqəsi yoxdur. Toplantıda iştirak edən Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan isə bildirib ki, erməni diasporu separatçı rejimə daha çox kilsənin səyləri nəticəsində yardım edib. Eçmiədzin və erməni ruhanilərinin etnik münaqişələrin qızışdırılmasındakı böyük rolunu nəzərə alsaq, Ermənistan hakimiyyətinin EAK-a belə münasibətində və onun rolunu yüksək qiymətləndirməsində təəccüblü heç nə yoxdur. Protokolların imzalanmasından sonra "erməni soyqırımı"na dair növbəti sənədin ABŞ Konqresinə təqdim olunması, həmçinin, Senatdakı çoxluğun rəhbəri R.Reydin dövlət katibi Hillari Klintondan Amerikanın erməni icmasının liderləri ilə görüşərək, Ermənistan-Türkiyə protokollarını müzakirə etməsini istəməsi göstərir ki, ermənilər bu məsələni siyasətçilərdən alıb tarixçilərin ixtiyarına verməyi düşünmürlər.

Ermənistan milli elmlər akademiyasının prezidenti R.Martirosyanın fikrincə, Yerevan, ümumiyyətlə, "erməni soyqırımı"nın öyrənilməsi üçün tarixçilərdən ibarət müstəqil komissiyanın yaradılmasından imtina etməlidir. 

Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı ən konkret fikri isə Ermənistanın İsveçrədəki səfiri (qəribə təsadüf deyilmi?), məşhur şansonye Ş.Aznavur səsləndirib: "1924-cü ildə, mən anadan olan zaman, ermənilərə torpaqlarının geri qaytarılacağı vədi verilsə də, bu hələ də reallaşmayıb. İndi mənim 85 yaşım var və bundan sonra daha 85 il gözləyə bilmərəm. 1924-cü ildə Stalin Ərzurum, Ərzincan, Ağrı, Sivas, Elaziğ, Diyarbəkir, Bitlis, Siirt, Muş, Van və Həkkarinin qaytarılacağını vəd etmişdi. Şimal müqaviləsinə əsasən isə "Vilson Ermənistanı" Trabzon, Ərzurum, Van və Bitlis quberniyalarını da özünə birləşdirməli idi". 

Ermənilər Türkiyə ilə münasibətləri, bax, bu cür normallaşdırmaq istəyir. 

Lakin Aznavur, deyəsən, dünyanın aparıcı fövqəldövlətlərinin geosiyasi oyunları nəticəsində, xüsusilə Stalin-Mikoyan-Orconikidze kombinasiyası ilə Sovet İttifaqı illərində Ermənistana hədiyyə olunmuş Azərbaycan, Türkiyə və Gürcüstan torpaqlarını yaddan çıxarıb.

Ermənistan parlamentindəki "İrs" fraksiyası işə daha "canla-başla" girişib. O, "Dağlıq Qarabağın müstəqilliyinin tanınması haqqında" qanun layihəsini və "Ermənistan respublikasının bayramları və unudulmaz günləri" haqqında qanuna dəyişikliklər layihəsini yenidən gündəmə gətirib. Orada aprelin 24-də "erməni soyqırımı" qurbanlarının xatirəsi ilə yanaşı, "ermənilərin vətəndən məhrum olunması günü"nün də qeyd edilməsi nəzərdə tutulur.

İkinci qanun layihəsi birbaşa Sürix protokollarında "erməni soyqırımı" ilə bağlı araşdırma aparılması niyyəti ilə tarixçilərdən ibarət müstəqil komissiyanın yaradılması bəndinin neytrallaşdırılmasına yönəlib. Əgər "X" saatında Ermənistan parlamenti bu qanunu qəbul edərsə, protokollardakı bu maddənin mənası itəcək. Ermənistanın "erməni soyqırımı"nı Türkiyəyə qarşı ərazi iddialarına bərabər olan "ermənilərin vətəndən məhrum olunması günü" ifadəsi ilə əvəzləməsi, komissiyanı araşdırma predmetindən məhrum edəcək. 

Digər tərəfdən, hazırkı Ermənistan konstitusiyasında həm "soyqırım", həm də Türkiyəyə ərazi iddiaları məsələsi, həmçinin, türklərə qarşı düşmən mövqeyi öz əksini tapıb. Odur ki, hətta "İrs" fraksiyasının təşəbbüsü qəbul edilməsə belə, ermənilər bu istiqamətdə fəaliyyət göstərəcəklər.

Amma deyəsən, "İrs"in lideri S.Safaryanın narahatlıq keçirməsi üçün ciddi səbəb var. O, iddia edir ki, getdikcə Ermənistan-Türkiyə münasibətləri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini əlaqələndirən, sadəcə, bunu açıq şəkildə ifadə etməyən Avropa siyasətçilərinin sayı artmağa başlayıb. Safaryan Brüssel və Strasburqda Avropa strukturlarının bir sıra rəsmiləri ilə keçirdiyi görüşlərdən sonra belə qənaətə gəlib. Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin bu iki proses arasında əlaqənin olmadığı haqda bəyanatları yalnız ölkə daxilində əhalini sakitləşdirmək məqsədi güdür. Bu gün Avropa Türkiyəni regionun ən parlaq ulduzu kimi qəbul edir və onun ATƏT-in MQ həmsədrliyinə yolunu da aça bilər. Bununla yanaşı, Avropada Ermənistan-Türkiyə məsələsinə birmənalı yanaşma yoxdur və bu, disbalansı pozmağa imkan vermir. Məhz buna əsaslanan "İrs" Sürix protokollarının ratifikasiyasına qarşı çıxır. Fraksiya protokolların parlamentdə ratifikasiyası ilə bağlı Ankara və Yerevanın seçdiyi taktikanı belə dəyərləndirir: "Bu mərhələdə tərəflərin hər biri öz məqsədlərinə çatmağa çalışır. Ermənistan Türkiyənin sənədləri 2010-cu il aprelin 24-dək ratifikasiya etməsinə nail olunmasını vacib sayır və hesab edir ki, bu zaman Qarabağ faktoru nəzərə alınmamalıdır. Yerevan Türkiyənin protokolları ratifikasiyadan imtinası halında erməni lobbisinin vasitəçiliyi ilə ABŞ-ın erməni soyqırımını tanımasına da nail olmaq istəyir. Türkiyənin məqsədlərinə gəlincə, o, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini və ya bu istiqamətdə ciddi irəliləyişlərin olmasına çalışır. Məqsəd isə ABŞ Konqresinin erməni soyqırımını tanıması imkanının aradan qaldırılmasıdır. 

Ankaranın ikinci minimal məqsədi Türkiyənin regional liderə çevrilməsidir. Bununla əlaqədar olaraq, Türkiyə protokolların ratifikasiyasını uzadacaq. Ankara Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın maraqlarına uyğun formada həllinə nail olmaq üçün addımlar atmağa çalışır və bu işdə diplomatik resurslarından, digər imkanlarından istifadə edir".

Maraqlıdır, görəsən, S.Safaryan tərəfindən belə açıqlamanın səsləndirilməsi təsadüfdürmü? İstisna etmək olmaz ki, rəsmi Yerevan "müxalifət" fraksiyası liderinin dili ilə öz taktikasını açıqlayır və bununla da həm Türkiyəyə, həm də Ankara-Yerevan münasibətlərinin normallaşmasında maraqlı olan qüvvələrə təzyiq etməyə çalışır. Protokolların ratifikasiyasında ilk addımın atılması məsuliyyətini Türkiyənin üzərinə qoymaqla, Ermənistan Ankaranı çətin duruma salır. Türkiyə parlamenti bu addımı atmaqdan imtina edəcəyi təqdirdə, bütün məsuliyyət Ankaranın üzərində qalacaq; Ermənistan və erməni diasporu isə dərhal bu imkandan istifadə edəcək. Türkiyə-Ermənistan münasibətlərinin normallaşması və Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmayan qüvvələrin də  bu imkandan maksimum yararlanmağa çalışacaqları heç şübhə doğurmur. 

Sərhədlərin Qarabağ probleminin həllində müsbət irəliləyişlər olmadan açılması isə Türkiyənin dünya arenasında (xüsusilə islam dünyasında) imicinə zərbə vuracaq və Azərbaycanla qarşılıqlı münasibətlərində çətinlik yaradacaq.

Bir daha xatırladaq ki, bütün bu bəyanatlar ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfərləri öncəsi səsləndirilirdi. Bununla da səfər zamanı Azərbaycan və Ermənistan prezidentləri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, dövlət başçıları arasında növbəti görüşün təşkili məsələsini müzakirə etmiş vasitəçilərin bölgəyə gəlişinə dair, əvvəlcədən, ümidsizlik və pessimizm yaradılırdı.

Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində, daha dəqiqi, vasitəçilərin fəaliyyətində qəribə situasiya yaranıb (Yerevan isə bu situasiyadan ciddi dvidendlər götürməyə çalışır). Hələ ötən ay Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov hər görüşdən sonra Madrid prinsiplərinə dəyişikliklər edildiyini söyləməklə, tərəflərə sənədin yenilənmiş variantının təqdim olunacağına işarə etsə də, bunun nə vaxt baş verəcəyini açıqlamamışdı.

Bu cür bəyanatlardan ruhlanan separatçı rejimin "baş naziri" A.Arutyunyan isə hətta Madrid prinsiplərinin yenilənmiş variantını da şübhə altına alıb: "Madrid prinsipləri rəsmi Stepanakert (Xankəndi - R+) üçün sənəd sayıla bilməz. İstənilən sənəd Ermənistan və Dağlıq Qarabağ tərəfindən yalnız xalqın dəstəklədiyi halda qəbul ediləcək".

Hazırkı mərhələdə nəyin bahasına olur-olsun Dağlıq Qarabağdakı separatçı rejimin danışıqlar prosesinə qoşulması, onun da münaqişə tərəfi kimi təqdim edilməsinə cəhdlərdə qeyd olunan "zəncir"in bəndlərindən biridir. Bu, Azərbaycan və Ermənistan ekspertlərinin noyabrın əvvəlində Moskvada keçirdikləri "dəyirmi masa"da da gündəmə gəlib.  O vaxt yalnız Azərbaycan nümayəndələrinin etirazından sonra "DQR XİN"in məsləhətçisi kimi təqdim olunan R.Zarqaryan müzakirələrdən kənarlaşdırılıb. 

Xatırladaq ki, R.Zarqaryan Şərq və Aralıq dənizi sivilizasiyasına türk təhlükəsi haqda yazdığı "kitab"la məşhurdur. 

Maraqlıdır, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması və Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduqlarını iddia edənlər "dəyirmi masa"ya bu cür mənfur fiquru gətirərkən nəyi düşünürlər?

Həmsədrlərin regiona səfəri zamanı daha bir açıqlama ilə Rusiyanın xarici işlər nazirinin müavini Q.Karasin çıxış edib: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində problemə cəlb olunmuş bütün tərəfləri qane edəcək variantı dəstəkləməyə hazırdır. Kompromis razılaşmanın əldə olunması halında isə Moskva münaqişənin həllinin qarantı kimi çıxış edə bilər. Problemin Cənubi Qafqaza sabitlik və sakitlik gətirəcək həlli daha çox həyat qabiliyyətinə malik olacaq. Bu həll postmünaqişə dövründə regionda tarixən çətin olmuş qüvvələr nisbətinin qorunmasına, bölgənin beynəlxalq siyasi və hərbi rəqabət meydanına çevrilməməsinə imkan yaradacaq. Biz öz rolumuzu Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə yardım etməkdə, aparıcı məqamlarla bağlı tərəflərin qarşılıqlı səmərəli variant axtarmasına dəstəkdə görürük. Lakin münaqişə tərəflərinə hər hansı kənar reseptin verilməsini məqsədəuyğun saymırıq. Son qərarın qəbulunda əsas məsuliyyət azərbaycanlılar və ermənilərin üzərinə düşür".

Əslində, bu açıqlama indiyədək həmsədrlərin münaqişə tərəflərinə, xüsusilə təcavüzkar tərəfə heç bir təzyiq göstərə bilməyəcəklərinə dair çoxsaylı bəyanatlarından heç nə ilə fərqlənmir. Necə deyərlər, şərhə ehtiyac yoxdur. 

Lakin bu məqamda meydana bir təbii sual çıxır: vasitəçi ölkələrin təcavüzkara təzyiq etmək imkanları həqiqətənmi yoxdur? Bu suala cavab Rusiyanın "strateji müttəfiqi"nin düşərgəsindən, Ermənistanın strateji və milli tədqiqatlar mərkəzinin direktoru Riçard Giroqosyandan gəlib: "Moskvanın Yerevana qarşı siyasətində dəyişiklik etməsi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ciddi dönüşə səbəb olacaq. Moskvanın ermənipərəst siyasəti, neytrallıqla əvəzlənə bilər. Bu halda, Rusiya-Azərbaycan münasibətlərinin normallaşması mümkündür. Bununla Rusiya Aİ və ABŞ-a daha konstruktiv əməkdaşlığa hazır olduğunu göstərəcək. Hadisələrin belə gedişi Ermənistanın hazır olmadığı yeganə ssenaridir. Əgər Rusiya Qarabağ problemi ilə əlaqədar mövqeyini həqiqətən də dəyişərsə, Yerevan, çətin ki, buna hansısa cavab və ya qarşılıqlı addım tapa bilsin". 

Amma Rusiyanın siyasətində belə dəyişikliyin olması hələ böyük sual altındadır.

Ola bilsin, Azərbaycanın xarici işlər nazirinin müavini A.Əzimov Nyu-Yorkun Kolumbiya Universitetindəki çıxışı zamanı məhz bu səbəbdən ABŞ-ı Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarılmasında daha fəal iştiraka səsləyib. Vasitəçilər təcavüzkara təzyiq rçaqlarının olmadığına dair nə qədər bəyanatlar səsləndirsələr də, onların belə imkanları kifayət qədərdir. Lakin bu imkanların reallaşdırılmasına Rusiya ilə Ermənistanın hərbi-siyasi birliyi, Qərbin Ermənistana və Dağlıq Qarabağ separatçılarına maliyyə yardımı, Fransanın ənənəvi ermənipərəst mövqeyi və xaricdəki güclü erməni diasporu mane olur. Və bütün bunlar Azərbaycanın işğal altında olan ərazilərindəki vəziyyətin BMT-də müzakirəsi, ermənilərin Türkiyəyə açıq ərazi iddiaları və Gürcüstan-Ermənistan sərhədində, həmçinin, Cavaxetiyada vəziyyətin gərginləşməsi fonunda baş verir. 

Yuxarıda qeyd olunanların analizi göstərir ki, Ermənistan himayədarlarının köməyi və vasitəçilərin səhlənkarlığı nəticəsində işləri o dərəcədə korlayıb ki, (elə indi də korlamaqda davam edir), Sürix protokollarının nəinki Dağlıq Qarabağ münaqişəsinin həllinə, hətta Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına da təsir etməsi çətin olacaq. 



MƏSLƏHƏT GÖR:

567