
ERMƏNİSTANDA YEL ƏSİB, QOZ TÖKÜLÜB?
"Barışıq" ərəfəsində Ankara və Yerevanda nədən ehtiyat edirlər?
Müəllif: Rasim MUSABƏYOV, politoloq Bakı
Türkiyə Böyük Millət Məclisi Ermənistan-Türkiyə protokollarının müzakirəsinə başlayıb. Sənədi deputatlara təqdim edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, Ankara "erməni soyqırımı"nı müzakirəyə çıxarmaq, bununla da onu şübhə altına almaq üçün yaxşı şans əldə edib. Nazir bildirib ki, protokolların ratifikasiyasından sonra Sevr müqaviləsinə istinad etmək mənasını itirəcək və heç kəs Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış edə bilməyəcək. "Biz qarşılıqlı anlaşma atmosferi yaratmağa, regionda mövcud olan bütün problemlərin həllinə kömək edəcək siyasi dialoq üçün əsas hazırlamağa çalışırıq. Qafqazda hazırda mövcud olan status-kvo bizim baxışlarımıza uyğun gəlmir. Çünki bölgədə istənilən an partlaya biləcək "dondurulmuş" münaqişələr var", - deyə Ə.Davudoğlu qeyd edib.
Azərbaycan ərazilərinin işğalının davam etdiyini xatırladan nazir, Türkiyənin hazırkı status-kvo qalacağı təqdirdə, effektiv işləyə bilməyəcəyini söyləyib: "Birincisi, Ermənistanla mehriban qonşuluq münasibətləri qurulmalı, ikincisi, hər iki ölkənin ictimaiyyəti arasında sağlam dialoq yaradılmalıdır. Nəhayət, üçüncüsü, Ermənistanla Azərbaycan arasında münaqişənin həll prosesi sürətləndirilməlidir".
Gözlənildiyi kimi, müxalifətçi MHP (Millətçi Hərəkat Partiyası) və CHM-dən (Cümhuriyyət Xalq Partiyası) olan deputatlar protokolların ratifikasiyasına qəti etiraz ediblər və iclas zalından çıxıblar. İlk baxışdan belə düşünmək olar ki, bu cür demarşa ehtiyac yox idi. Çünki nəinki müxalifətçi deputatlar, hakim ƏİP-dən (Ədalət və İnkişaf Partiyası) olan parlamentarilər də birağızdan bəyan edirlər ki, Azərbaycan torpaqları azad edilməyənədək, Ermənistanla Türkiyə arasında sərhədlər açılmayacaq. Siyasətçilər, analitiklər və KİV-lər də əsasən, məhz bu məqama diqqət yönəltsələr də, əslində, Ermənistanla Türkiyə arasında imzalanmış protokolların ratifikasiyasını mümkünsüz edəcək problemlər kifayət qədərdir.
Türkiyə parlamentinin CHP-dən olan üzvü, vaxtilə Türkiyənin ABŞ-dakı səfiri olmuş Şürük Elekdağ sözügedən sənədlərdə Qars müqaviləsinə birbaşa istinadın olmadığına diqqət çəkib: "Unutmayın ki, Ermənistanın müstəqillik əldə etməsindən sonra atdığı ilk addım Qars müqaviləsinin tanınmamasına dair qərarın qəbulu olub".
Ərdoğan hökumətinin bu protokolların erməni diasporunun "1915-ci il soyqırımı"nın tanınması istiqamətindəki lobbiçiliyini zəiflədəcəyinə dair gözləntiləri də özünü doğrultmur. Bir müddət əvvəl senatorlar Robert Menendez və Con Ensayn ABŞ Senatına "erməni soyqırımı" ilə bağlı növbəti qətnaməni təqdim ediblər. ABŞ Konqresinin Ermənistana dəstək qrupunun həmsədrləri Frenk Pallone və Mark Kirkin, həmçinin, konqresmenlər Adam Şiff və Corc Radanoviçin təşəbbüsü ilə analoji sənəd Nümayəndələr Palatasına da təqdim olunub.
Bundan başqa, Ermənistan-Türkiyə protokollarının ratifikasiyası prosesi özü-özlüyündə kifayət qədər uzun və çətin prosesdir. Əvvəlcə müzakirələr Məclisin xarici münasibətlər komissiyasında aparılmalıdır. Əgər komissiyanın qərarı müsbət olarsa, protokollar ümumi parlamentin müzakirəsinə çıxarılacaq. Amma o da qeyd olunmalıdır ki, burada hakim partiya ilə müxalifətçi deputatların say nisbəti üzündən sənədlərin qəbulunda ciddi problem yaşanmamalıdır.
Lakin Türkiyə ictimaiyyətinin mövqeyi və Azərbaycanın sərt reaksiyası Gül - Ərdoğan hakimiyyətini ehtiyatlı olmağa vadar edir. Odur ki, türkiyəli deputatların yalnız sərhədlərin açılması ilə bağlı konkret müddətin göstərilmədiyi protokolları ratifikasiya edəcəkləri istisna olunmur.
Ermənistanda isə protokolları parlamentin müzakirəsinə çıxarmağa tələsmirlər. Əvvəlcə, ölkənin əsas qanununa uyğun olaraq, sənədlər Konstitusiya Məhkəməsinə göndərilib. Erməni KİV isə sənədlərin parlamentdə baxılmasına yalnız Türkiyə parlamentində ratifikasiyasından sonra başlanmasının məqsədəuyğun olduğunu yazır.
Beləliklə, Sarkisyan hakimiyyəti bir tərəfdən özünü müxalifətin tənqidindən sığortalamaq istəyir, digər yandan - Türkiyə parlamentinin konkret qərarı olacağı təqdirdə - öz qərarını elə bir bəyanatla müşayiət etmək istəyir ki, sonradan bu sənədi müxtəlif cür yozmaq mümkün olsun. Xatırladaq ki, məhz bu cür "bəyanatlar savaşı", az qala, Sürixdə prokolların imzalanmasını əngəlləyəcəkdi və sənədlərin ratifikasiyasında da eyni situasiyanın təkrarlanacağını istisna etmək olmaz.
Müşahidə olunan lənglik və tərəddüd yalnız tərəflərin razılaşmadan əldə edəcəkləri qazanclar və ya itkilərlə bağlı deyil. Hər iki ölkənin hakim dairəsi müxalifətin müqaviməti və ictimaiyyətin neqativ reaksiyası ilə hesablaşmalıdır. Həm Türkiyədə, həm də Ermənistanda cəmiyyətin bir hissəsi məsələyə müsbət, digər hissəsi isə mənfi yanaşır. "Tert.am" İnternet portalı Ermənistan Sosioloji Assosiasiyasının rəhbəri Gevorq Poqosyana istinadən xəbər verir ki, Yerevanın 1000 sakini arasında aparılmış sorğu, onların 52,4%-nin Türkiyə ilə protokolların imzalanmasına qarşı olduqlarını göstərib. Rəyi soruşulanların 40%-i isə iki ölkə arasında sərhədlərin açılmasının əleyhinədir.
Türkiyədə isə məsələyə mənfi yanaşanların sayı daha çoxdur. Hələ yayda burada cəmiyyətin, təxminən, 70%-i Ermənistanla münasibətlərin normallaşdırılmasına qarşı idi. İndi onların sayı bir qədər azalsa da, narazılar yenə də əhalinin yarısından çoxunu təşkil edir.
Belə olan təqdirdə, Türkiyə və Ermənistan hakimiyyətlərini ictimaiyyətdə narazılıq yaradan tarixi barışığa getməyə görəsən nə vadar edir? Təbii ki, Vaşinqtonla Brüsselin israrından başqa.
Yerevanın məqsəd və gözləntiləri aydındır. Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar finiş mərhələsinə yaxınlaşmaqdadır. Ərazi iddiaları siyasəti ilə özünü geosiyasi dalana dirəmiş, zəif iqtisadi və demoqrafik imkanlara malik Ermənistan Azərbaycanla qarşıdurmada tab gətirmir və danışıqlar prosesində mövqeyini gücləndirmək üçün son imkanlarını da ortaya qoyur. Türkiyənin Azərbaycandan uzaqlaşdırılması Yerevan üçün çox güclü gediş olardı və Ermənistan üçün qısamüddətli perspektivdə məhz belə "uduş" arzuolunandır. Yerevanda ümid edirlər ki, Ankaranın belə addımlarından məyus olan Azərbaycan münaqişənin mümkün hərbi yolla həlli variantında türklər tərəfindən ala biləcəyi dəstəkdən ümidini üzəcək və nəticədə, ermənilər üçün sərfəli olan güzəştlərə gedəcək. Son zamanlar xüsusilə, "bayraq anlaşılmazlığı"nın ardından Ankara ilə Bakı arasında yaşanan gərginlik elementləri, inamın itməsi, sanki erməni siyasi texnoloqlarının hesablamalarının təsdiqləndiyinə dair fikir yaratsa da, Yerevanın Türkiyə-Azərbaycan münasibətlərinə fəal təsir imkanının olmadığı şübhə doğurmur. Bakı ilə Ankara soyuqqanlılıq və ehtiyatlı davranışı ilə strateji tərəfdaşlıq münasibətlərini qorumağa, Yerevanı Azərbaycan-Türkiyə ziddiyyətinə oynamaq imkanından məhrum etməyə tam qadirdir.
Ermənistanda Türkiyə ilə münasibətlərin normallaşdırılmasından müəyyən iqtisadi gözləntilər də var. İlk növbədə bu, sərhədlərin açılması nəticəsində nəqliyyat blokadasının aradan qalxmasıdır. Türkiyə ilə sərhəddə yerləşən, Gümrü şəhəri yaxınlığındakı Axuryan stansiyasında artıq logistika mərkəzinin yaradılmasına başlanılıb. "Cənubi Qafqaz Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ("CQDY" QSC) (Ermənistanın dəmir yolu şəbəkəsinə idarəçilik bu quruma verilib) baş direktorunun müavini Marat Xakov bildirib ki, ilkin mərhələdə illik yükdaşımalarının həcmi 2 milyon tona çata bilər ki, bu da "Ermənistandan Gürcüstana və əksinə daşımaları təxminən, 25-30% azaldacaq". Nəticədə, Ermənistanın Gürcüstandan birtərəfli tranzit asılılığı azalacaq.
Bundan başqa, Ermənistanla Rusiya arasında iqtisadi-ticari münasibətləri Türkiyə limanları və quru kommunikasiyaları ilə qurmaq da mümkün olacaq. Bu, xüsusilə, köhnə Metsamor atom-elektrik stansiyasının yerinə yeni AES blokunun tikilməsi planı baxımından əhəmiyyətlidir. Türkiyə, oradan isə Avropa və Yaxın Şərq bazarlarına (xüsusilə böyük erməni diasporunun yaşadığı Suriya və Livana) çıxmaq Ermənistan ərazisində müəssisələr yaratmaq istəyən investorlar üçün yeni imkanlar açır.
Lakin bütün bunlar haqqında yalnız orta və uzaq perspektiv kimi danışmaq olar.
Ermənistan-Türkiyə sərhədlərinin açılması bilavasitə Ermənistan iqtisadiyyatının "reanimasiya"sına səbəb olmayacaq. Ermənilər əvvəllər də işləmək və istirahət üçün Türkiyəyə maneəsiz şəkildə gedib-gələ bilirdilər. Hər il vasitəçilərin köməyi ilə bu ölkəyə Türkiyədən ümumi dəyəri 200 milyon dollar olan sənaye və ərzaq məhsulları gətirilirdi. Beynəlxalq ekspertlərin hesablamalarına görə, Türkiyə ilə sərhədlərin açılması, ən yaxşı halda, Ermənistan iqtisadiyyatında 1% artıma səbəb olacaq. Bu isə ilin sonuna gözlənilən 18%-lik tənəzzülün fonunda ciddi rəqəm sayıla bilməz.
Dağlıq Qarabağ münaqişəsinin həlli və Ermənistan-Azərbaycan sərhədlərinin açılmasınadək Yerevanın tranzit gəlirlər əldə etməsi mümkünsüzdür və yəqin ki, ermənilərin özləri də Nabucco və digər kəmərlərin Ermənistan ərazisindən çəkilməsi planının nağıla bənzədiyini yaxşı dərk edirlər. Sarqsyan hökuməti qısamüddətli perspektivdə Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesində "özünü yaxşı aparmaq"la Beynəlxalq Valyuta Fondundan və Dünya Bankından yeni kreditlər, həmçinin, ABŞ-la Avropa İttifaqından yardımlar almağa ümid bəsləyir. Bunlar olmasa, gələn il Ermənistanı labüd maliyyə defoltu və iqtisadi uçurum gözləyir.
Türkiyəyə gəlincə, onun Ermənistanla münasibətlərin normallaşdırılmasından gözləntiləri o qədər də böyük deyil, nəsə qazanacağı isə real görünmür. Ankara Ermənistanla diplomatik əlaqələr qurmaq və sərhədləri açmaqla Cənubi Qafqaza təsir imkanlarını artırmağa çalışır. Bununla bərabər, Türkiyə ABŞ və Avropa İttifaqı ilə qarşılıqlı münasibətlərinə xələl gətirən "erməni soyqırımı"nın tanınması məsələsini də gündəmdən çıxarmağa ümid bəsləyir.
Düzdür, Türkiyə rəhbərliyi bu addımlarından dərhal sonra erməni diasporunun "soyqırım" səylərini dayandıracağına dair illizüyalara qapılmır. Lakin ümid edir ki, məsələ ikitərəfli komissiyanın, parlamentin və hökumətin müzakirəsinə verildikdən sonra beynəlxalq qurumlar erməni lobbiçilərinin müraciətinə bir qədər fərqli reaksiya verəcəklər.
Ermənistanla münasibətlərin normallaşması və sərhədlərin açılması Türkiyənin Avropa İttifaqına inteqrasiyasına qarşı çıxanların ortaya atdıqları daha bir maneəni aradan qaldıracaq.
Münasibətlərin qaydaya salınmasından əldə ediləcək iqtisadi dividendlərə gəlincə, Türkiyə ilə Ermənistan iqtisadiyyatı miqyasına görə müqayisə belə oluna bilməz; odur ki, Ankaranın bundan çox cüzi səmərə götürə biləcəyini söyləmək olar. Bu səmərəni də, yəqin ki, yalnız sərhəd vilayətlər hiss edəcək.
Bundan başqa, hətta sərhədlərin açılmasından sonra belə, Türkiyə biznesinin Ermənistana "yeriməsi" çətin olacaq. Çünki bu ölkənin iqtisadiyyatının bütün "yüksək nöqtələr"i (dəmir yolu, qaz kəmərləri, elektrik enerjisi, rabitə, bank sahəsi və s.) Rusiyanın əlindədir. Yerli istehsalçıların yüngül və ərzaq sənayesi bazarından kənarlaşdırılmasına isə erməni hökuməti imkan verməyəcək.
Beləliklə, düşünmək olar ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması məsələsi ətrafında KİV-in səyi ilə süni olaraq ajiotaj qaldırılıb. Əslində isə bütün bu hadisələr çox lokal əhəmiyyətlidir və iqtisadi baxımdan tam səmərəsizdir. Cənubi Qafqazda geosiyasi düzəni Ermənistanla Türkiyənin savaşması və ya yaxınlaşması yox, Dağlıq Qarabağ münaqişəsinin həlli və Azərbaycanın regionda rəqabət aparan, öz iqtisadi, kommunikasiya və hərbi-siyasi layihələrini reallaşdırmağa çalışan nəhəng və kiçik oyunçulara münasibətdə tutacağı mövqe müəyyənləşdirəcək. Və təkcə etnik simpatiya deyil, sağlam düşüncə də Ankaranın bu reallığı qəbul etməsi üçün kifayətdir.
MƏSLƏHƏT GÖR: