5 Dekabr 2025

Cümə, 22:24

"SUVEREN DÖVLƏTLƏR İTTİFAQI", YOXSA "FÖVQƏLDÖVLƏT"?

Yaxın illər "birləşmiş Avropa" ideyasını ya təsdiq, ya da inkar edəcək…

Müəllif:

15.10.2009

Beləliklə, baş tutdu: mühafizəkar İrlandiya əhalisinin 67,1%-i (59%-lik seçici fəallığı fonunda) nəhayət, Avropa İttifaqının uğursuzluğa düçar olmuş konstitusiyasını əvəzləyəcək Lissabon razılaşmasına səs verdi. Xatırladaq ki, 2005-ci ildə Fransa və Niderlandda keçirilən referendumlarda xalqın vahid konstitusiyaya "yox" deməsi, onun "dəfn"inə səbəb olmuşdu. İrlandiyada keçirilən səsverməyə gəlincə, 2008-ci ildəki analoji referendumda sənədin əleyhinə 53,4% seçici səs vermişdisə, bu dəfə cəmi 32,9% Lissabon protokoluna "yox" deyib.

Avropa İttifaqının liderləri tərəfindən 2007-ci ilin dekabrında Portuqaliyada imzalanmış Lissabon razılaşması birliyin gələcəyinin özünəməxsus təminatı sayılır: sənəd Aİ-nin fəaliyyətində daha effektiv prinsip və mexanizmləri nəzərdə tutur və bunun üçün bir sıra institut islahatlarına ehtiyac var. Lakin nəzərdə tutulan dəyişiklikləri "ümumavropa evi"nin heç də bütün sakinləri birmənalı qarşılamır. Razılaşmanın qüvvəyə minməsi üçün isə Avropa İttifaqının bütün üzvlərinin onu dəstəkləməsi tələb olunur.

Brüsselin kiçik İrlandiyada təkrar səsvermənin gedişini bu qədər narahatlıqla və diqqətlə izləməsinin səbəbi də məhz bu idi. 

Qeyd edək ki, İrlandiya Avropanın ən mühafizəkar ölkələrindən biri sayılır - onun sakinləri öz ənənələrini və qaydalarını qısqanclıqla qoruyur. Bu həm gündəlik həyata, mədəniyyətə, dinə, həm də biznesə aid olan (aşağı vergi dərəcələri) ənənələrə aiddir. Odur ki, irlandları ələ almaq üçün Brüssel güzəştlərə getməli olub: Lissabon sazişi İrlandiyanın neytrallıq statusuna qətiyyən toxuna bilməz, ölkə sakinləri vergi ödənişləri və ya ailə qanunvericiliyi (boşanma, abort və s.) ilə bağlı məsələləri özləri həll edəcəklər.

Bununla yanaşı, Dublinin birdən-birə daha üzüyola olmasının daha bir səbəbini də göstərirlər. Bu, İrlandiyaya Aİ-nin digər üzvləri ilə müqayisədə daha ciddi toxunan iqtisadi böhrandır. Qeyd edək ki, böhran İrlandiyada ciddi işsizliyə, inflyasiyaya və digər çətinliklərə səbəb olub. Bütün bunlar irlandlarda hər şeyi təkbaşına həll edəcəkləri, digər dövlətlərlə əməkdaşlıq olmadan yaşaya biləcəkləri haqda fikirlərindən daşınmasına səbəb olub. Bununla da onlar, sanki, müəyyən mənada, "ümumi" qanunlardan asılı olduqlarını başa düşüblər. Üstəlik, İslandiyanın bir neçə ayın içərisində çökən iqtisadiyyatı da onların gözlərinin qarşısındadır. Bunun fonunda Dublin "kollektiv dəstək"in hansı əhəmiyyət daşıdığını dərk edib.

Brüssel siyasətçiləri İrlandiyanın qərarından son dərəcə məmnun qalıblar. Avropa Komissiyasının rəhbəri Coze Manuel Borrozu bildirib ki, bu, "Avropa üçün əla gündür". 

Borrozunun bir çox həmkarları da onunla həmfikirdirlər. Onlar hesab edirlər ki, Lissabon sazişində nəzərdə tutulan siyasi islahatların həyata keçirilməsindən sonra Avropa İttifaqının fəaliyyəti daha sürətli və səmərəli olacaq, onun beynəlxalq aləmdəki rolu isə bir neçə dəfə artacaq. Bu ona görə baş verəcək ki, öz məqsədlərinə çatmaq uğrunda çalışan birləşmiş Avropanın səsi, hətta Fransa və Almaniya kimi nəhənglərin ayrı-ayrılıqdakı səsindən daha yaxşı eşidiləcək.

İstənilən halda, Aİ üzvlərinin sayının 27-yə çatmasından sonra daxili qərarların qəbulu mexanizminə yenidən baxılması vacib əhəmiyyət daşımağa başlayıb. Hazırda qurumda qərarlar konsensus yolu ilə qəbul edilir və ölkələrdən hansısa hər hansı məqamla razılaşmırsa, onun mövqeyi ümumi işi tam iflic edir. Bu səbəbdən də Lissabon sazişində başqa sxem nəzərdə tutulur. Yeniliyə əsasən, "ikili ixtisaslaşdırılmış çoxluq"dan söz açılır və bu, Aİ-yə üzv dövlətlərdən minimum 55% səs alınan zaman qərarın qəbulunu nəzərdə tutur. Lakin Aİ-nin taleyüklü məsələnin qəbulu ilə əlaqədar mübahisəli vəziyyətə düşdüyü təqdirdə, yenə köhnə qaydaya müraciət olunacaq və qərarın qəbulu üçün birliyin 27 üzvünün hər birinin səsi lazım gələcək.

Bundan başqa, Lissabon sazişi Avropa Komissiyasının komissarlarının sayını 27-dən 17-yə endirməyi, onun heyətinə böyük səlahiyyətlərə malik xarici siyasət üzrə komissarın əlavə edilməsini də nəzərdə tutur. Həmin şəxs hazırkı ümumi xarici siyasət və təhlükəsizlik üzrə komissarın (Havyer Solana), həmçinin, Avropa qonşuluq siyasəti üzrə ali komissarın (Benita Ferrero-Valdner) səlahiyyətlərini özündə birləşdirəcək. Aİ-nin "xarici işlər naziri" hesab olunacaq bu posta əsas namizəd elə Havyer Solananın özü sayılır.

Yeniliyə əsasən, Avropa Komissiyasının tərkibi 5 il müddətinə seçiləcək. Avroparlamentarilərin sayının da 785-dən 751-ə endirilməsi nəzərdə tutulur. Lakin bununla yanaşı, Avropa Parlamenti qanunverici təşəbbüslərə ciddi təsir etmək imkanı qazanacaq.

Lissabon sazişinin ən maraqlı məqamlarından biri "Aİ prezidenti" vəzifəsinin yaradılması ilə bağlıdır. Avropa İttifaqının prezidenti 2,5 il müddətinə (daha bir səlahiyyət müddətinin artırılması da mümkün-dür) birbaşa səsvermə ilə yox, Aİ ölkələrinin liderlərinin qərarı ilə seçiləcək. Bu yenilik Avropa İttifaqına sədrliyin hər altı aydan bir növbə ilə üzvdən-üzvə keçməsi qaydasını ləğv edir. 

Lakin Brüsseldə belə bir fikir var ki, bu, o qədər də düzgün qərar deyil. Belə düşünənlərin fikrincə, 492 milyon əhalisi və zərif iqtisadiyyatı olan Aİ-nin rəhbərliyini, məsələn, Xorvatiya kimi kiçik ölkəyə verilməsi, doğru olmazdı.

Hazırda "avroprezident" postuna bir neçə namizəd var və onların sırasında Böyük Britaniyanın sabiq baş naziri Toni Bler favorit sayılır. Onun namizədliyinin Avropanın bütün aparıcı dövlətləri - Fransa, İtaliya, Böyük Britaniya, İspaniya və hətta Almaniya tərəfindən dəstəklənəcəyi gözlənilir. 

Bler, eyni zamanda, Mərkəzi və Şərqi Avropa ölkələrinin - Bolqarıstan, Rumıniya və ya Çexiyanın da dəstəyinə ümid edə bilər.

Britaniya hökumətinin sabiq rəhbərinin rəqibləri kimi Niderlandın baş naziri Yan Peter Balkenendenin (deyilənə görə, onu Almaniya kansleri Angela Merkel dəstəkləyir), Lüksemburq hökumətinin rəhbəri Can-Klod Yunkerin, İspaniyanın sabiq baş naziri Felipe Qonsalesin (yeri gəlmişkən, o, sədrlik arzusundan uzaq olduğunu dəfələrlə bəyan edib), həmçinin, Finlandiya hökumətinin keçmiş başçısı Paavo Lipponen və İrlandiyanın sabiq rəhbəri Meri Robinsonun adlarını çəkmək olar.

Amma şübhəsiz, beynəlxalq məsələlərdə Blerin təcrübəsi böyükdür. Onun, məsələn, ABŞ prezidenti Barak Obama, Rusiya baş naziri Vladimir Putin və ya Çin lideri Xu Tszintao ilə münasibətlərindən isə danışmaq belə artıqdır. Ekspertlərin fikrincə, Blerə mane ola biləcək yeganə amil odur ki, onun namizədliyi haqda vaxtından əvvəl, özü də açıq şəkildə danışılmağa başlanıb. "The Independent" yazır ki, Avropa siyasətçiləri arasında artıq Blerin "Aİ prezidenti" postuna təsdiqlənməsinin qarşısını almaq məqsədi ilə kampaniya başlayır. Bundan başqa, Avropa Komissiyasının rəhbəri Joze Manuel Borrozu bildirib ki, "Avropanın prezidenti" haqda danışmaq, ümumiyyətlə, doğru deyil. Onun sözlərinə görə, Lissabon sazişi Avropa İttifaqının prezidenti postunun yaradılmasını nəzərdə tutsa da, bu postun Blerə yox, daha neytral bir şəxsə həvalə olunacağı istina edilmir.

Bir sözlə, hələ ki Blerin şansları haqda danışmaq, ən azı, ona görə tezdir ki, Lissabon sazişini hələ ki Aİ-nin 27 üzvündən yalnız 26-sı təsdiqləyib. İrlandiyadan sonra hələ sənədin parlament tərəfindən ratifikasiya olunduğu, lakin prezidentlərinin imzalamasını gözlədiyi Polşa ilə Çexiya qalmaqda idi - onu Avropanın skeptikləri olan Lex Kaçinski və Vatslav Klaus imzalamalı idilər. Kaçinski tez "təslim" olsa da, o da prosesi sonadək uzadaraq, xüsusilə, İrlandiyada keçirilən referendumun nəticələrini gözləməyin vacibliyini bildirirdi. "İrlandiya xalqının fikrini dəyişməsi müqavilənin yenidən doğulduğunu göstərir və artıq sənədin ratifikasiyası üçün heç bir maneə yoxdur", - deyə Kaçinski imzalanma mərasimində bildirib. - "Avropa İttifaqı bəşəriyyət tarixində presedenti olmayan uğurlu eksperimentdir". Bununla yanaşı, o, qurumun fövqəldövlət yox, suveren dövlətlərin ittifaqı olduğunu da söyləyib. Kaçinski qurumun yeni üzvlər üçün açıq qalmalı olduğunu deyib və bu fikrinin yalnız Baltikyanı ölkələrə yox, məsələn, Gürcüstan kimi dövlətə də aid olduğunu bəyan edib.

Beləliklə, indi Lissabon sazişinin ratifikasiya olunmadığı yeganə dövlət Çexiyadır. Ölkə prezidenti bildirir ki, Çexiyanın Konstitusiya Məhkəməsi sənədi ölkənin baş qanununa uyğun hesab etməsə, sazişi imzalamayacaq. Bu prosesin təşəbbüskarı isə Avrointeqrasiyaya mənfi yanaşan və Lissabon müqaviləsinin Çexiya Konstitusiyasında ölkənin suverenliyi ilə bağlı yer almış maddələrə uyğun olmadığını düşünən yerli senatorlardan ibarət qrupdur. Təbii ki, bu, əvvəllər də "Avropa dövləti"nin yaranmasının əleyhinə çağırışlar edən prezident Klausu yalnız sevindirir.

Klaus İsveçin baş naziri Fredrik Reynfeldlə telefon söhbəti zamanı onu da bildirib ki, sənədin imzalanmasından əvvəl, əsas hüquqlarla bağlı Avropa xartiyasına (Lissabon sazişinin qüvvəyə minməsindən sonra xartiyaya əməl edilməsi vacib olacaq) İkinci Dünya müharibəsindən sonra Sudetsk vilayətindən departasiya edilmiş etnik almanların Çexiyaya mülkiyyət iddiaları ilə çıxış etməsinin qarşısını alacaq maddə salınmalıdır. Lakin bu şərt Avropa siyasətçiləri arasında heç də birmənalı qarşılanmayıb. 

Bundan başqa, onlar bildirirlər ki, Çexiya Konstitusiyasına görə, beynəlxalq müqavilələri prezident yox, hökumət bağlayır. 

Maraqlı məqam ondan ibarətdir ki, Çexiyada yerli skeptiklərin zəfər çalacağı təqdirdə, bu ölkəni heç də İrlandiya kimi dilə tutmağa çalışmayacaqlar. Artıq belə fikir var ki, proses bu cür inkişaf edəcəyi təqdirdə, Praqa Avropadan təcrid olunmuş duruma düşə bilər. 

Odur ki, Çexiya prezidenti tezliklə öz fikrini dəyişməli olacaq.

Yeri gəlmişkən, "İTAR-TASS" xəbər verir ki, Polşa Seyminin müxalifətçi "Qanun və ədalət" partiyasından olan deputatlarından ibarət 60 nəfərlik qrup ölkənin Konstitusiya Tribunalına müraciət etməyə hazırlaşır. Onlar Polşa Konstitusiyasının Lissabon müqaviləsinə uyğunlaşdırılmasının qarşısını almaq niyyətindədirlər.

Bundan başqa, Çexiyanın sənədin ratifikasiyasını nə qədər uzatmasından asılı olaraq, bu dəfə prosesin qarşısına  Böyük Britaniyanın simasında yeni maneə də çıxa bilər. Belə ki, Krallıqda keçiriləcək parlament seçkisində qələbə qazanacaqlarına əmin olan mühafizəkarlar, bu halda Britaniyada da artıq parlament tərəfindən ratifikasiya olunmuş sənədi referenduma çıxartmağı düşünür-lər. Tezliklə "Dumanlı Albion"da leyboristlər üzərində qələbə qazanacaqlarını düşünən mühafizəkarların lideri Devid Kamerton və tərəfdarları Avropa İttifaqının rolunun artırılmasının əleyhinədirlər.

Qeyd edək ki, Britaniyada parlament seçkisi gələn ilin yazında keçiriləcək. 

Bu səbəbdən də Aİ liderləri Lissabon razılaşmasının bu il tam ratifikasiya olunmasını istəyirlər. Bu istiqamətdə Fransa ilə Almaniya xüsusi canfəşanlıq göstərirlər. Əgər Britaniya mühafizəkarları ilə Çexiyanın hazırkı rəhbərliyi birgə fəaliyyət göstərmək haqda razılığa gəlsələr, onda Brüssel müəyyən cavab addımları atmaq məcburiyyətində qalacaq.

Beləliklə, "Aİ superdövlət"in gələcəyi haqda ehtiyatlı nikbinliklə danışmaq olar. Əgər Avropanın inteqrasiyası pozulsa, bu, hətta ayrı-ayrı dövlətlərdən ibarət müxtəlif qruplara parçalanma kimi mənfi nəticələrə aparıb çıxara bilər. Məsələ ondadır ki, Aİ-nin 27 üzvü arasında müxtəlif çəki dərəcəsinə malik "oyunçular" var və onların heç də hamısı bir-birlərindən razı deyillər. Kimsə qonşularını "başqasının hesabına dolanmaq" istəyində, kimsə "liderlik iddiasına düşmək" arzusunda olmaqda şübhəli bilir.

Bütün bunlara baxmayaraq, Aİ-nin imkanları doğrudan da heyrətamizdir - o, həqiqətən də "fövqəldövlət"ə çevrilə, bununla da hazırda ABŞ və Çinə tərəf əyilmiş "ağırlıq mərkəzi"nin istiqamətini dəyişə və beynəlxalq aləmdə qüvvələr nisbətinə  ciddi şəkildə təsir göstərmək imkanlarına nail ola bilər.

Azərbaycan üçün birləşmiş Avropanın dünya siyasi meydanında rolu və nüfuzunu artırması, əlbəttə ki, müsbət xarakter daşıyır. Brüssel ardıcıl olaraq, postsovet məkanında həm siyasi, həm də iqtisadi sabitliyin tərəfdarı kimi çıxış edir, müxtəlif yardım proqramları və layihələri ilə öz niyyətini reallığa çevirməyə çalışır. Bununla yanaşı, baş verən proseslərin qarşılıqlı şəkildə bir-birindən asılı olduğunu Avropa siyasətçiləri yaxşı anlayırlar - Avropa İttifaqının güclü və sabit qonşuları geosiyasi baxımdan, onun öz mövqelərini möhkəmləndirir.

İstənilən halda, İrlandiyada keçirilmiş referendumun tarixi hadisəyə çevriləcəyi  istisna olunmur. Çünki bu referendum Avropada elə bir geosiyasi modelə yol aça bilər ki, sonradan həmin model başqaları üçün də nümunəyə çevrilər. 

"Avropa dövləti"nə tərəfdarların, yoxsa bunun əleyhdarlarının qalib gələcəyi artıq yaxın vaxtlarda məlum olacaq. Əsl "birləşmiş Avropa" arzusunun reallığa çevriləcəyini, yoxsa iflasa uğrayacağını isə sonrakı illər göstərəcək.


MƏSLƏHƏT GÖR:

637