
"OKSİGEN MASKASI" EFFEKTİ
Müəllif: Redaksiya
Oktyabrın 10-da Türkiyə ilə Ermənistan arasında Sürixdə imzalanmış "Diplomatik münasibətlərin qurulması" və "İkitərəfli münasibətlərin inkişafı haqqında" protokollar, şübhəsiz, yalnız Ermənistan-Türkiyə münasibətlərinin inkişafının vacib həlqəsi olmayacaq, həm də bütünlükdə Cənubi Qafqazdakı situasiyaya ciddi təsir göstərəcək.
Bu gün maraqlı tərəflərin (Türkiyə, ABŞ, Avropa İttifaqı, İsveçrə və digərləri) Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının regionda sülhün möhkəmlənməsinə, hətta Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edəcəyi haqda bəyanatları nə qədər ruh yüksəkliyi ilə səsləndirilsə də, reallıq bizə bu qədər sevindirici və nikbin təsir bağışlamır. Azərbaycan prezidenti bu günlərdə Azərbaycan Televiziyasına verdiyi müsahibəsində bildirib ki, əgər Türkiyə ilə Ermənistanın münasibətləri Dağlıq Qarabağ münaqişəsinin həllinədək normallaşdırılarsa, Yerevanın danışıqlar prosesində mövqeyini sərtləşdirməsi qaçılmaz olacaq. Prezident isə nə dediyini bilir - məhz o, danışıqlar prosesinin hər mərhələsində erməni həmkarı ilə qarşı-qarşıya oturan zaman Serj Sarkisyanın qeyri-konstruktiv və kompromissiz mövqeyi ilə üzləşir. Kişinyov sammiti də bu həqiqəti bir daha hər kəs üçün aydınlaşdırdı.
Başqa sözlə, Sürixdə imzalanmış sənəd Yerevanın Bakı ilə "dialoq qarşıdurması"ndakı mövqeyini gücləndirir və bu, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasının ən vacib (bizim üçün mənfi anlamda) məqamıdır.
Doğrudur, Ankara bizi sərhədlərin açılmasının nəzərdə tutulmadığına inandırmağa çalışır və bildirir ki, hələ ki iki ölkə arasında "sadəcə" diplomatik əlaqələr qurulacaq.
Ötən 2 il ərzində Türkiyə diplomatiyası beynəlxalq qurumlar səviyyəsində Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyində nəzərəçarpacaq dəyişikliklər edib. Ankaranın xarici siyasətində Dağlıq Qarabağ problemi və bu məsələdə Azərbaycanın dəstəklənməsi getdikcə daha aşağı yerlərdə qərarlaşır. Ermənistanla diplomatik əlaqələrin qurulmasından sonra isə bu tendensiya güclənməsə belə, ən azı qorunub-saxlanılacaq. Hər halda, "İkitərəfli münasibətlərin inkişafı haqqında Protokol"un preambulasında bildirilir ki, Ankara ilə Yerevan "beynəlxalq və regional təşkilatlarda, xüsusilə, BMT, ATƏT, Avropa Şurası, Avroatlantik Tərəfdaşlıq Şurası və Qaradəniz İqtisadi Şurası çərçivəsində əməkdaşlığın inkişafına dəstək verəcəklər".
Nəzərə alsaq ki, Ankara dünyada bizim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqe tutan o qədər də çox olmayan tərəfdaşlarımızdan biri idi, onun Ermənistanla diplomatik əlaqələr qurduqdan sonra aparacağı yeni kurs Azərbaycanın beynəlxalq mövqelərini ciddi şəkildə zəiflədə bilər. Bu, Türkiyə-Ermənistan sərhədinin açılmasından Azərbaycana dəyəcək iqtisadi və digər ziyanlardan daha ciddi zərər ola bilər.
Bəs Türkiyə-Ermənistan münasibətlərinin bu yeni dönüşündən sonda kim qazanacaq?
Yaxınmüddətli planda, əlbəttə ki, Ermənistan. O, qonşu Türkiyə və türk investorları ilə ticarət əlaqələrini qurmaqla, öz iqtisadiyyatını canlandıracaq. Lakin prezident İlham Əliyevin dediyi kimi, bu "oksigen maskası" effekti Ermənistan iqtisadiyyatına, çətin ki, ciddi kömək etsin. Çünki o, nəhəng regional layihələrdən kənardadır və demək olar ki, Moskva tərəfindən tam özəlləşdirilib.
Baş verənlərdə öz siyasi və iqtisadi dividend "payını" Ankara da alacaq. Bununla o, ABŞ-la münasibətlərdə, xüsusilə, Amerikanın erməni lobbisinə qarşı mübarizədə, həmçinin, Avropa İttifaqı ilə əlaqələrdə mövqelərini möhkəmləndirəcək. Sürix protokolları şəxsən Türkiyənin XİN başçısı Əhməd Davudoğlu üçün böyük uğur olacaq. Qeyd edək ki, Ədalət və İnkişaf Partiyasının xarici siyasətinin memarı məhz o sayılır və Ermənistanla yaxınlaşmanın əsas ideoloqu da odur.
Ermənistanın Türkiyə ilə (onun vasitəsilə isə ABŞ və Qərblə) yaxınlaşması fonunda Moskvanın Yerevanı itirməsi haqda tez-tez səsləndirilən fikirlərə baxmayaraq, bu prosesdən Rusiya da şübhəsiz ki qazanacaq. Rusiya artıq bu iki ölkə arasında yaxınlaşmanı həm Ermənistan, həm də Türkiyə ilə əməkdaşlıqla dəstəkləməyə hazır olduğunu bəyan edib. Türkiyə ilə Ermənistanın əməkdaşlıq kanalları və sərhədlərin açılması Yerevan və Moskvanın Tbilisi və Gürcüstanın tranzit dəhlizindən asılılığını minimuma endirəcək. Axı Rusiya ilə Gürcüstanın münaqişə şəraitində olması ilə bağlı, bu dəhliz normal işləmir. Bu baxımdan mütləq o da qeyd olunmalıdır ki, Ermənistanın Gürcüstan tranzitindən asılılığının aradan qalxması nəticəsində Yerevanın Gürcüstandakı erməni icmasının statusuna dair açıqlamaları və mövqeyi də sərtləşəcək, Cavaxetiya erməniləri arasında separatçı meyillər daha da artacaq.
Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Avropa İttifaqı üçün də yeni imkanlar açacaq. Brüsselin Cənubi Qafqaz regionunda mövqelərinin möhkəmlənməsi üçün şərait yaradacaq.
Bütün bunlarla yanaşı, nə qədər gözlənilməz səslənsə də, baş verən hadisələrdən ən çox udanı məhz Azərbaycan ola bilər. Ankara ilə Yerevanın yaxınlaşması Bakını milli xarici siyasətinin ideoloji əsaslarına yenidən baxmağa, xarici siyasi prioritetlərdə dəyişiklik etməyə vadar edə bilər. Çünki bu prioritetlərin bəziləri indiyədək heç bir əsası olmadan, Ankaranın mövqeləri nəzərə alınmaqla müəyyənləşmişdi. O, siyasi elitanın Ankaraya həddindən artıq böyük ümidlər bəsləyən, Türkiyənin daim Dağlıq Qarabağ münaqişəsində Bakının mövqeyini müdafiə edəcəyini düşünən hissəsini ayıltmalıdır.
Xarici siyasətimiz etno-siyasi komponentdən və bəzi məsələlərdə Türkiyənin maraqlarına həddindən artıq çox hesablanmadan azad edilməlidir. Prezident İlham Əliyevin də çıxışlarında dəfələrlə söylədiyi kimi, bu siyasət tamamilə milli maraqlara əsaslanmalı, Azərbaycanın və Azərbaycan xalqının maraqlarını güdməlidir. Əgər biz bu "ev tapşırığı"nı yerinə yetirsək, Sürix razılaşması bizim uğurumuz olacaq.
MƏSLƏHƏT GÖR: