14 Mart 2025

Cümə, 21:47

DİQQƏT! ŞƏRQ!

Orta Asiya regionu dünya siyasətinin ən qaynar arenasına çevrilə bilər

Müəllif:

01.10.2009

Dünyanın geosiyasi mənzərəsi sürətlə dəyişir. Bu proses qlobal miqyasda geosiyasi və iqtisadi ağırlıq mərkəzinin Qərbdən Şərqə tərəf "sürüşməsi" ilə müşayiət olunur. Bu barədə məşhur politoloq Zbiqnev Bzejinski "The New York Times" qəzetində dərc etdirdiyi sonuncu, "NATO və beynəlxalq təhlükəsizlik" adlı məqaləsində açıq yazır. Orta Asiya regionu bu mənada daha çox yada düşən məkanlardan biridır. Onun da bir neçə səbəbi vardır. Birincisi, Qərbi daha çox maraqlandıran Rusiya, Xəzər hövzəsi, İran, Əfqanıstan, Pakistan, Çin və Hindistan coğrafi olaraq Orta Asiyanı əhatə edir. İkincisi, Qərbin Uzaq Şərqə yönələn enerji yolu Qafqaz-Orta Asiya xətti ilə keçir. Üçüncüsü, Qərbin geosiyasi-hərbi və energetik təhlükəsizlik məsələlərində əsas rəqib kimi gördüyü yeni güc mərkəzləri (ilk növbədə, Çin və Hindistan) Orta Asiya ilə həmsərhəd bölgədədirlər. Dördüncüsü, Qərbi terror mövzusunda daha çox narahat edən Əfqanıstan və Pakistan Orta Asiya ilə həmsərhəddir. Bu faktorlar kompleks şəkildə Orta Asiya regionunun çox yaxın zamanlarda dünya siyasətinin ən qaynar məkanlarından biri olacağı proqnozunu verməyə əsas yaradır. 

 

Geosiyasi risklər məkanı

Yuxarıdakı faktorlar Orta Asiyanı qlobal miqyasda geosiyasi risklərin məkanına çevirir. Çünki o faktorlar bir-biri ilə üç müstəvidə kəsişir. Birincisi, diplomatik gedişlər sahəsində. Diplomatiya hər bir siyasi, geosiyasi və hərbi addımın önündə gedir. Diplomatik həmlələr olmadan heç bir ciddi qlobal proqramı həyata keçirmək olmaz. Deməli, Qərb başda ABŞ olmaq üzrə bu bölgədə diplomatik fəallığını artıracaq. Buna Rusiya, Çin, Hindistan və bölgədə marağı olan başqa dövlətlər qarşılıq verəcəklər. Bununla da diplomatiyada əsrin böyük oyunlarından biri başlamaq üzrədir. İkincisi, təhlükəsizlik sahəsində. Təhlükəsizlik enerji və hərbi aspektlərdə daha aktual olmuşdur. Orta Asiya Qərbin enerji layihələrində indi əsas yerlərdən birini tutur. Böyük neft və qaz layihələrinin işləməsi üçün Qərb Rusiya, Çin və Hindistan kimi iddialı rəqibləri neytrallaşdırmalıdır. Məlumdur ki, Rusiya Orta Asiya enerji qaynaqlarının çox hissəsinə nəzarəti əlində saxlayır. Çin Türkmənistandan Özbəkistan və Qazaxıstandan keçməklə iri qaz kəməri çəkməyi planlaşdırıb. Hindistanın da bölgə ilə bağlı öz layihələri vardır. Bu məsələ ilə hərbi təhlükəsizlik də bağlıdır, hərçənd onu tamamilə ehtiva etmir. Yəni hərbi təhlükəsizliyin enerji təhlükəsizliyindən kənara çıxan və geosiyasi, siyasi, etnik-coğrafi və s. aspektlərlə kəsişən tərəfləri vardır. Üçüncüsü, geosiyasi maraqların uzlaşdırılmasıdır. Bu, daha geniş məzmun kəsb edən məsələdir və özündə risq faktorunu daşıyır. Belə ki, Orta Asiyada mövcud olan dövlətlərarası ziddiyyətlərlə beynəlxalq aləmdəki paradoksların kəsişməsi olduqca təhlükəli bir mənzərə yaradır. Dünyanın böyük dövlətlərinin öz arasındakı toqquşmalı məqamlarla Orta Asiya dövlətləri arasında olan anlaşılmazlıqların təhlükəli kombinasiyası düşünməyə vadar edən amildir. 

Bütün bunlarla bağlı ümumi qənaətlər əldə etmək üçün Orta Asiyada bu gün müşahidə edilən geosiyasi və etnik-coğrafi xarakterli ziddiyyətlərə nəzər salaq. Mərkəzi Asiyada mövcud olan və perspektivdə dövlətlərarası səviyyəyə yüksəlmə ehtimalı olan etnik fikir ayrılıqlarına qırğız-özbək, qırğız-tacik, özbək-tacik və müəyyən qədər qazax-özbək münasibətlərini nümunə göstərmək olar.

 

Qırğız-özbək münasibətləri

Özbəkistan  və Qırğızıstan arasında ən mürəkkəb və həll olunmamış məsələ iki ölkə arasında olan sərhədlərin sona qədər delimitasiya olunmamasıdır. Bu proses hələ ilkin mərhələdədir və ümumi uzunluğu 1300 km olan birgə sərhədin cəmi 250 km-i delimitasiya olunmuşdur. Müxtəlif mənbələrin verdiyi məlumatlara görə, ciddi müzakirə mövzusuna çevrilmiş, təqribən, 70-100 mübahisəli ərazi vardır və bu ərazilərə dair, demək olar ki, heç bir razılığa gəlinməmişdir.

İkitərəfli əlaqələrdə anklav amili də çox ciddi rol oynayır. Qırğızıstan ərazisində sayı  təqribən 40-50 min nəfərdən ibarət olan iki özbək (Sox və Şahiməardan) anklavı vardır. Öz növbəsində, Özbəkistanda da Qırğızıstan anklavı mövcuddur. Bu, təqribən, 600 nəfər əhalisi olan Oş vilayətinin Barak kəndidir. Yuxarıda qeyd edilmiş anklavlar dövlətlərinin ərazilərindən ayrıdırlar və bu da anklavlarda yaşayan əhali üçün çətinliklər yaradır. 

İkitərəfli münasibətlərdə ən böyük problemi sərhədyanı ərazilərdə etnik qırğız və özbəklərin qeyri-bərabər şəkildə yerləşmələri yaradır. Özbək etnik diasporu sayına görə Qırğızıstanda ən böyük etnik diaspordur. Bunların böyük hissəsi Oş, Cəlalabad və Batken vilayətlərində yaşayır. Bununla yanaşı, özbək diasporunun Qırğızıstanın şimalında da tarixi ənənəvi əlaqələri mövcuddur.

Qırğız-özbək fikir ayrılığına ən bariz nümunə kimi Qırğızıstanın Oş və Cəlalabad vilayətlərində 2000-ci ildə keçirilmiş parlament seçkiləri zamanı baş vermiş kəskin qarşıdurmanı göstərmək olar. Ayrı-ayrı seçki dairələrində milliyyət amili bəzən çox əhəmiyyətli rol oynamışdır. Bütün bunlar regiondakı qırğız və özbəklər arasında münaqişələrin yaranmasına şərait yaradır. Özbəkistan İslam Hərəkatının döyüşçülərinin 1999-2000-ci illər ərzində Qırğızıstan və Özbəkistan ərazilərinə daxil olmaları hər iki ölkənin rəhbərliyi qarşısında sərhədlərin qorunması problemini ciddi şəkildə qoymuşdur. 

Beləliklə, qırğız-özbək etnik münasibətləri müasir mərhələdə qeyri-stabilliyi ilə seçilir. Hər iki dövlətin Mərkəzi Asiyanın, demək olar ki, tam ortasında yerləşdiyini nəzərə alsaq, belə nəticə çıxarmaq olar ki, burada mövcud olan gərginlik bütün regionun stabilliyinə maneə ola bilər.  

 

 

Qırğız-tacik münasibətləri

Qırğız-tacik sərhədində, təqribən, 70-ə yaxın mübahisəli ərazi mövcuddur. Bu ərazilər, əsasən, Qırğızıstanın Batken vilayətində və Oş vilayətinin Leylək rayonunda, Tacikistanın Xocand vilayətinin İsfarin və Cirqatar rayonlarında yerləşir. İki ölkə sərhədinin delimitasiya prosesi öz inkişafının ilkin mərhələsindədir və tam əsasla demək olar ki, hər iki ölkənin rəhbərliyi bu məsələnin həll olunmasına ciddi şəkildə başlamamışlar. Nisbətən gərgin vəziyyət Qırğızıstanın Batken vilayətində və Oş vilayətinin Leylək rayonunda, Tacikistanın isə Xocand vilayətinin İsfarin rayonunda yaranmışdır.

Qırğızıstan və Tacikistan arasında mövcud olan ərazi problemini anklav amili daha da gərginləşdirir. Qırğızıstan ərazisində Tacikistanın Xocand vilayətinin İsfarin rayonunun tərkibinə daxil olan 130 min kv. km əraziyə malik Vorux anklavı yerləşir. Müxtəlif mənbələrin məlumatına görə, ümumi əhalisi 23-29 min olan Vorux anklavının 95%-i taciklərdən, 5%-i isə qırğızlardan ibarətdir.

Yuxarıda qeyd olunan səbəblər qırğızlar və taciklər arasında sosial gərginlik amilinə çevrilmişdir. Kiçik toqquşmalar hələ 80-ci illərin əvvəlində Sovet İttifaqının mövcud olduğu və hər iki respublikanın onun tərkibində olduğu dövrdə başlanmışdır. 1982-ci ildə baş vermiş Vorux-Tanker hadisələri və 1988-ci ildə baş vermiş Maçte-Aktatır hadisələri bunlara misal ola bilər. 1989-cu ildə Qırğızıstanın Batken rayonunda yaşayan qırğızlarla Tacikistanın İsfarin rayonunda yaşayan taciklər arasında qarşıdurma daha geniş miqyaslarda özünü büruzə vermişdir. 90-cı illərin əvvəllərində İsfarin və Batken rayonlarının siyasi və inzibati rəhbərlikləri arasında ərazilərin etnik yerləşməyə müvafiq olaraq yenidən bölünməsi barədə danışıqlara başlanılmış, amma bu danışıqlar heç bir ciddi nəticə verməmişdir.

Beləliklə, hal-hazırda hər iki respublikanın sərhədyanı rayonlarında tədricən dövlətlərarası səviyyəyə yüksələ biləcək etnik gərginlik öz mövcudluğunu davam etdirir.

 

Özbək-tacik münasibətləri

Mərkəzi Asiyada özbək-tacik münasibətləri öz gərginliyi ilə seçilir. Etnik və dövlətlərarası fikir ayrılıqlarının uzlaşması özünü burada daha bariz şəkildə büruzə verməkdədir. Özbək və taciklər arasında mövcud olan fikir ayrılıqları Mərkəzi Asiyanın ən uzunmüddətli mübahisəsi hesab olunur.

Məlum olduğu kimi, Tacikistan 1929-cu ilə qədər Muxtar Respublika olaraq Özbəkistan SSR-in tərkibinə daxil idi. Bununla yanaşı, bəzi ekspertlərin fikirincə, o zaman ərazilərin əsas hissəsi, xüsusilə də etnik taciklərin yaşadıqları ərazilər Muxtar Respublikanın tərkibinə daxil deyildi. Bəzi ekspertlərin fikirincə isə vəziyyəti gərginləşdirən amillərdən biri də etnik taciklərin əvvəlcə Tacikistan SSR-nın SSRİ, sonra isə müstəqil Tacikistan Respublikasının sərhədləri xaricində qalmalarıdır. Bəzi məlumatlara görə, Özbəkistanda təqribən 5-6 milyon (təqribən ölkə əhalisinin 20-25%-i) tacik yaşayır. Rəsmi məlumatlara görə isə onların sayı bir neçə dəfə azdır və bu, etnik taciklərin özbək kimi qeydiyyata alınması ilə əlaqələndirilir. Taciklərin yarıdan çoxu Özbəkistanın iqtisadi cəhətdən az inkişaf etmiş Surxadar, Fərqanə və Kaşkadərya vilayətlərində yaşayır. Burada həyat səviyyəsi ölkənin orta göstəricilərindən əhəmiyyətli dərəcədə aşağıdır. Əhali arasında yüksək səviyyədə işsizlik vardır və bu işsizlik sürətli demoqrafik artım fonunda gündən-günə artmaqdadır. Özbəkistanın tacik əhalisi arasında ölkənin siyasi həyatında iştirak etməyə istiqamətlənmiş fəaliyyət çox zəifdir. 

Bununla yanaşı, Tacikistanda da sayı 1 milyondan çox olan və ölkədə taciklərdən sonra sayına görə ikinci yeri tutan böyük özbək diasporu vardır. Bu, ölkə əhalisinin 25%-nə bərabərdir. Onlar Özbəkistanda yaşayan taciklərdən fərqli olaraq dövlət quruculuğunda, ölkənin siyasi və iqtisadi həyatında öz maraq və ehtiyaclarına uyğun olaraq fəal şəkildə iştirak edirlər. Bu amil 90-cı illərin əvvəllərində baş vermiş vətəndaş müharibəsi zamanı Tacikistanda yaşayan etnik özbəklərin rəsmi Daşkəndin də dəstəyi ilə ölkədə baş verən hadisələrin gedişinə nəzərəçarpan dərəcədə təsirində də özünü büruzə vermişdir. 

Beləliklə, özbək-tacik münasibətlərini Mərkəzi Asiyada ən qarışıq və ən təhlükəli adlandırmaq olar. Hazırda problemin həlli istiqamətində real nəticələr verə biləcək ciddi bir təklifin olmadığını da demək mümkündür. 

 

Qazax-özbək münasibətləri

Qazax-özbək münasibətləri stabil adlandırıla bilər. Buna baxmayaraq, bu stabillik də gələcəkdə münasibətlərin gərginləşməsinə səbəb ola biləcək ciddi potensiala malikdir. 

Sərhədlərin delimitasiyası prosesi Qazaxıstan və Özbəkistan arasında sərhədyanı rayonlarda etnik qrupların yerləşməsinin dəqiq sərhədləri olmadığı üçün problemə çevrilmişdir. Sovet İttifaqının inzibati sərhədləri qazax və özbəklərin tarix boyunca yerləşməsini özündə düzgün əks etdirmirdi. Belə ki, ərazi bölgüsü zamanı ənənəvi olaraq qazaxların yaşadıqları ərazilər Özbəkistana, özbəklərin yaşadığı ərazilər isə Qazaxıstana verilmişdir. Sonralar bu ərazilərin bəziləri qaytarılmış, lakin bu müddət ərzində həmin ərazidə yaşayanların etnik tərkibində yaranmış dəyişiklik problemin tamamilə həll olunması ilə nəticələnməmişdir.

Qazaxıstanın cənub vilayətlərində böyük özbək diasporu mövcuddur. Belə ki, Sayram rayonunda təqribən 134 min (əhalinin 62%-i), Sarıaqae rayonunda 9 min (əhalinin 4,2%-i), Çimkənd şəhərində 53 min (əhalinin 11,2%-i), Türküstan şəhərində isə 79 min (əhalinin 43,7%-i) özbək yaşayır.

Beləliklə, hər hansı bir ərazinin dəqiq olaraq bu və ya digər ölkəyə mənsubluğunu müəyyənləşdirmək praktik olaraq mümkün deyildir. Ancaq qazax-özbək münasibətlərini Mərkəzi Asiyanın digər regionları ilə müqayisədə öz sabitliyi ilə xarakterizə etmək olar. Lakin burada etnik fonda fikir ayrılıqlarının olduğu inkaredilməzdir. Bununla yanaşı, burada da bütün Mərkəzi Asiya regionu üçün xas olan etnik, ərazi, sərhədlərin qeyri-müəyyənliyi, su və torpaq ehtiyatlarının çatışmazlığı kimi problemlər müşahidə olunur. 

 

Şərq çox incə məsələdir

Təhlillərdən göründüyü kimi, müasir şəraitdə Mərkəzi Asiya dövlətlərində sabitlik və təhlükəsizlik problemində əsas rol oynayan etnik amil öz qeyri-müəyyənliyi və qeyri-stabilliyi  ilə fərqlənir. Bu keyfiyyətdə etnik amil geosiyasi məzmun kəsb edir və faktik olaraq risk rolunu oynayır. Etnik münasibətlərin gərginlik potensialı çoxdur. Zaman-zaman o bölgədə bu faktorun təsiri ilə siyasi-diplomatik gərginlik yaranır və onu hələlik sakitləşdirmək mümkün olur. Lakin etnik münasibətlərin təbiəti elədir ki, bəzən kənardan olan kiçicik qıcıqlandırıcı təsir belə regional konflikt yaradır. Bunun üçün böyük dövlətlərin əlində müasir üsullar vardır. 

Orta Asiyada mövcud olan etnik-coğrafi ziddiyyətlərin kökü sovet siyasətində qoyulduğundan, öncədən nə vaxtsa istifadə olunmaq məqsədi daşıyıb. Yəni həmin problemlər süni olaraq müəyyən məqsədlər üçün yaradılıb. Onu yaradanlar hansı formada regional ziddiyyətə çevirməyin yollarını da bilməmiş deyillər. Bu da uzun zamandır ki, Orta Asiyada etnik-coğrafi münasibətlərin təməlində geosiyasi risk faktorunun dayandığını təsdiq edir.

Müqayisələr göstərir ki, Orta Asiyada etnik-coğrafi ziddiyyətlərin həmişə bir tərəfi kimi Özbəkistan çıxış edir. Bu, Özbəkistanın dövlətçilik mahiyyəti ilə heç bir əlaqəsi olmayan məsələdir. Sadəcə, işi öncədən quranlar bölgənin ən böyük etnosunu münaqişə tərəfi etməklə daha qarışıq vəziyyət yaratmaq istəyiblər. Buna görə hesab edirik ki, potensial toqquşma məkanları sırasında Özbəkistan daha çox hədəfdədir.

ABŞ başda olmaqla Qərb özünün energetik və hərbi təhlükəsizlik planlarını həyata keçirmək üçün Orta Asiyadakı paradokslardan yararlana bilər. Bu halda bölgədə Rusiya, Çin, Hindistan və Pakistanın böyük qarşıdurması yarana bilər. Hər bir halda oyunda bir neçə dövlətin iştirak ehtimalı çoxdur. Bu vəziyyət Orta Asiyanın bir savaş məkamna çevrilməsinə səbə ola bilər.

Lakin bu, ən bədbin ssenaridir ki, o da xoşbəxtlikdən hazırda aktual deyil. Optimist gözləntilər isə ilk növbədə ABŞ-la Rusiya arasında münasibətlərin normallaşması ilə bağlıdır ki, bunun da Orta Asiyadakı gələcək geosiyasi duruma böyük təsiri olardı. 


MƏSLƏHƏT GÖR:

542