
HƏDƏFDƏ GƏLƏCƏKDİR
Vaşinqton və Moskva öz siyasətlərinə redaktələr etsələr də, "yeniləşmə" haqda danışmaq hələ ki tezdir
Müəllif: Rasim MUSABƏYOV, poitoloq Bakı
ABŞ-ın Polşada raket əleyhinə sistem və Çexiyada radar quraşdırmaqdan imtinası sentybarın ən çox şərh edilən xəbəri oldu. "Mənim qərarım əsas iki faktorla bağlıdır. Birincisi, biz İranın raket istehsalı proqramı ilə bağlı yeni məlumatlar əldə etmişik və orada söhbət Avropa ərazisini vurmağa qadir olan yaxın və orta məsafəli raketlərdən gedir. İkincisi, biz raketdən müdafiə texnologiyasının inkişafında ciddi nailiyyət əldə etmişik. Burada söhbət ilk növbədə quruda və dənizdə obyektlərin, həmçinin onların lokatorlarının tutulmasından gedir. Bir sözlə, Avropada HHM sisteminin yeni arxitekturası Amerika qoşunları və bizim müttəfiqlərimizin daha etibarlı, əsaslı və operativ müdafiəsini təmin edəcək", - deyə Ağ evin rəhbəri Barak Obama öz qərarını belə əsaslandırıb.
ABŞ-ın müdafiə naziri Robert geytsin "The New York Times" qəzetində yer almış açıqlamasında isə bildirilir ki, Obamanın yeni planına əsasən, HHM sisteminin qurulmasının ilk mərhələsi 2011-ci ildə başa çatdırılacaq. Bu dövrdə dəniz üçün nəzərdə tutulmuş və sınaqdan keçirilmiş SM-3 (Standard Missile-3) raketəleyhinə kompleksləri Avropa üçün daha çox təhlükə yaradan rayonlarda quraşdırılacaq.
2015-ci il üçün reallaşdırılması nəzərdə tutulmuş ikinci fazada Cənubi və Mərkəzi Avropada onlarca SM-3 qurğuları yerləşdiriləcək. Pentaqon rəhbəri hesab edir ki, belə sistem İranın eyni vaxtda xeyli sayda raket buraxmasının qarşısını almaq üçün daha effektli olacaq.
Amma yeni plan yalnız bununla bağlı deyil.
Buşun planına əsasən, Polşada yerləşdirilməsi nəzərdə tutulmuş GBİ raketəleyhinə sistemin effektivliyi son dərəcə aşağı idi: keçirilmiş 12 sınağın, demək olar ki, yarısı uğursuz alınıb.
Bu planın reallaşdırılmasının maliyyə tərəfləri də sərfəli deyildi və bu faktor qlobal böhran şəraitində xüsuslə ön plana çıxmışdı. Belə ki, "Patriot zenit-raket kompleksi üçün raketlər 3,3, THAAD üçün isə təxminən 9 milyon dollara başa gəlir. SM-3-ün istehsalı isə təxminən 9,5-10 milyon dollar tələb edir. Müqayisə üçün qeyd edim ki, GBİ sisteminin hər biri təxminən 70 milyon dollara başa gəlir", - deyə ABŞ-ın hərbi rəsmisi, general Ceyms Kartrayt bildirib.
Obamanın özündən əvvəlki administrasiyanın HHM sistemi planından imtinası həm ABŞ-da, həm də aldadılmış Polşa və Çexiyada heç də birmənalı qarşılanmayıb. Arizonadan olan respublikaçı senator Uip Con Kil Obamanın qərarını təhlükəli və fərsiz addım adlandırıb: "Bu, rusları gücləndirəcək, polyakları, çexləri, ukraynalıları və gürcüləri isə qorxudacaq və zəiflədəcək. Bu, çox böyük səhvdir. Bununla nəinki Amerika İran tərəfindən uzaq məsafəli raketlərin əldə edilməsi ilə əlaqədar təhlükə qarşısında qalır, həm də bizi ötən dövrlərə - "soyuq müharibə" zamanına, Şərqi Avropanın Rusiyanın vilayəti sayıldığı çağlara qaytarır".
ABŞ-da keçirilmiş prezident seçkisində Obamanın rəqibi olmuş respublikaçı senator Con Makkeyn də oxşar fikirdədir: "Şərqi Avropa xalqlarında Rusiyanın hamıya meydan oxuyan əməllərindən narahatlıq artmaqdadır. Və belə bir vəziyyətdə bu cür qərar qəbul edilir".
Lakin Obama administrasiyasının HHM sistemi ilə bağlı plandan Moskvanın təzyiqlərindən qorxaraq geri çəkildiyini düşünmək düzgün deyil. Pentaqonun rəsmi açıqlamasına görə, yeni planda da Polşada HHM sisteminin yerləşdirilməsi nəzərdə tutulur, lakin bunun SM-3 vasitəsi ilə reallaşdırılması planlaşdırılır. Və onlar sözügedən bölgədə əvvəldən nəzərdə tutulmuş vaxtdan daha tez peyda olacaq.
Yeni sistemlərin sayı daha çox olacaq. Lakin mobillik baxımından onların Rusiyaya məxsus "İsgəndər" operativ-taktiki raketləri tərəfinən tutulması çətinləşəcək.
Radarlara gəlincə, onların Qafqazda quraşdırılacağı istisna edilmir. Amerikalı hərbçilər hələ ki bunun konkret harada yerləşdirilə biləcəyini açıqlamasalar da, ya Gürcüstan, ya da Azərbaycanın seçiləcəyi, uzağı Türkiyə üzərində dayanılacağı gözlənilir.
Moskvanın ABŞ-a birgə istifadəsini təklif etdiyi Qəbələ RLS isə taktiki-texniki xarakteristikası ilə əlaqədar, Vaşinqtonun raketəleyhinə müdafiə sisteminə uyğun gəlmir. Lakin Pentaqon Rusiyanın Armavirdə yerləşən daha müasir RLS-inə marağını gizlətmir və HHM ilə bağlı müvafiq razılaşma əldə etməklə, ondan birgə istifadə olunması mümkündür. Amma hələ bu haqda danışmaq tezdir. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nikolay Makarov bildirib ki, onun ölkəsini yalnız birgə raketdən müdafiə sistemi qane edə bilər. Bununla yanaşı, Baş Qərargah ABŞ-ın Qafqazda radar yerləşdirmək niyyətinə də mənfi münasibətini ifadə edib.
Lakin istənilən halda, Barak Obama administrasiyası Moskvanın narazılığını, müəyyən mənada, nəzərə alıb. Rusiya liderləri - həm prezident Dmitri Medvedev, həm də baş nazir Vladimir Putin Vaşinqtonun bu addımını müsbət qiymətləndiriblər. Pittsburqda G-20 sammitinin yekunlarına dair keçirilən mətbuat konfransında D.Medvedev bildirib ki, Rusiya Obamanın HHM planından imtinasına cavab olaraq, Kalininqrada "İsgəndər" komplekslərinin yerləşdirilməsi ilə bağlı qərarını dəyişib.
Nəzərə alsaq ki, fiziki baxımdan bu komplekslər hələ mövcud deyil və qarşıdakı dövrlərdə istehsal olunmalı idi, Moskva üçün bu addımı atmaq o qədər də çətin olmayıb.
Liderlər, ekspertlər və KİV-də yer alan şərhlər göstərir ki, bütün baş verənlərin fonunda Moskva Tehranı nüvə proqramından imtinaya razı salmaq üçün Qərblə həmrəyliyə tələsmir.
Rusiya İrana C-300 zenit-raket komplekslərinin satılmasına dair müqavilədən də imtina haqda düşünmür. Prezident Medvedev bildirib ki, Rusiyanın İrana hərbi dəstəyi yalnız müdafiə sistemi üçün nəzərdə tutulub və bu, beynəlxalq təcrübə və normalara zidd deyil. O, İrana qarşı sanksiyaların sərtləşdirilməsi ideyasına mənfi yanaşdığını da gizlətməyərək bildirib ki, təcrübə onların effetinin güclü olmadığını göstərir. Nüvə silahlarının yayılmaması qaydalarının sərtləşdirilməsi və nüvə sınaqlarına moratoriumun qoyulmasının nəzərdən keçirildiyi BMT Təhlükəsizlik Şurasının dövlət başçılarının iştirakı ilə keçirilmiş toplantısında da Rusiya və Çinin israrı ilə İran və Şimali Koreya haqda birbaşa xatırlamalar sənəddən çıxarılıb.
Vaşinqtonun Avropada HHM sistemi yerləşdirməkdən imtinası yalnız strateji hücum silahlarının ixtisarına dair Rusiya ilə ABŞ arasında yeni razılaşmanın əldə edilməsinə müsbət təsir göstərəcək. Qeyd edək ki, bu sahədə qüvvədə olan köhnə müqavilənin müddəti bu ilin dekabrında başa çatır, Corc Buşun rəhbərlik etdiyi respublikaçı administrasiyadan fərqli olaraq, Obama hökuməti nəinki Rusiya ilə yeni müqavilə imzalamaq niyyətini nümayiş etdirir, həm də bununla dünyanı ölümsaçan nüvə silahından imtinaya razı salmağadək gedib çıxmağa ümid edir.
Rusiyanın bu müqaviləyə ABŞ-dan heç də az ehtiyacının olmadığı da şübhə doğurmur və bu idealist düşüncələr yox, tam praqmatik səbəblərlə əlaqədardır. Maliyyə resurslarının kasadlığı və ciddi texnologi geriliklə əlaqədar olaraq, Moskva ABŞ-la yeni silahlanma yarışına girmək iqtidarında deyil. Bundan başqa, onun hətta hazırkı, sürətlə köhnələn nüvə arsenalını saxlamağa və ona qulluq etməyə də pulu çatmır. Odur ki, hətta ABŞ-la razılaşma olmadan belə, Rusiya xeyli sayda köhnəlmiş ballistik raket və başlıqları öz arsenalından çıxartmalı olacaq. Çünki onların nəinki layihə, həm də uzadılmış istifadə müddəti başa çatıb.
Beləliklə, nəticədə Rusiyanın nüvə arsenalı yeni müqavilədə nəzərdə tutulmuş saya enəcək (başlıqlar 1500-1675, daşıma vasitəsi 500-1100 ədədədək).
Beləliklə, görünən odur ki, ABŞ-Rusiya münasibətlərindəki "yeniləşmə" hələ ki onunu həqiqətən keyfiyyət baxımından dəyişməsinə səbəb olmayıb. Tərəflərdən hər biri öz siyasətinə dəyişikliklər etməkdə yalnız şəxsi məqsədlərini güdür. Moskva keçmişdəki fövqəldövlət statusunun bəzi rəmzlərini, xüsusilə, ABŞ-la hərbi-strateji pariteti, həmçinin enerji sahəsində sərfəli mövqeləri qoruyub-saxlamağa çalışır. Eyni zamanda o, Qərbin postsovet məkanını Moskvanın nüfuz dairəsi kimi qəbul edəcəyinə ümidlərini də itirmir (halbuki, bu inandırıcı deyil).
ABŞ isə öz növbəsində dünyada vahid lider olmağın ağırlığını hiss etdiyi üçün onu NATO-dan olan tərəfdaşları ilə, bir sıra regional məsələlərdə isə hətta Rusiya, Çin və Hindistanla bölüşməkdən çəkinmir. Dünyada kəskinləşən iqtisadi və maliyyə böhranı, iqlim problemləri, beynəlxalq terrorizm, dünyanı cənginə almış narkomaniya belə əməkdaşlığı hazırkı dövrdə vacib edir.
Azərbaycanın nöqteyi-nəzərindən Rusiya-ABŞ rəqabətində kəskinliyin, hətta bir qədər azalması, əməkdaşlıq tendensiyasının güclənməsi Bakı üçün köhnə və böyük problemə çevrilmiş Dağlıq Qarabağ münaqişəsi ətrafında konsensusun əldə edilməsinə əlavə şanslar yaradır. Minsk Qrupu çərçivəsində aparılan danışıqlar finiş mərhələsinə çatıb və indi Vaşinqtonla Moskvanın fəallığından çox şey asılıdır.
İranın nüvə proqramına dair həmrəy mövqe isə, nəhayət, bu ölkə rəhbərliyini bütün dünya ilə qarşıdurmadan imtinaya razı sala, bizim regionumuz üçün də hərbi ssenarinin aradan qalxmasına səbəb ola bilər. Qəbələ RLS-dən birgə istifadəyə və ya bölgədə Amerika radarının yerləşdirilməsinə gəlincə, bu məsələdə Bakı üçün ən yaxşı variant buna ümumiyyətlə ehtiyacın yaranmamasıdır. Bu halda Azərbaycanın çoxistiqamətli və balanslaşdırılmış xarici siyasətində riskli seçim etməyə də ehtiyac olmayacaq.
MƏSLƏHƏT GÖR: