
ƏNƏNƏLƏR DAVAMÇISI VƏ İSLAHATLAR CARÇISI
Son 54 ildə ilk dəfə Yaponiyada hakimiyyətə yeni siyasi qüvvə gəldi
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Gündoğar ölkədə avqustun 30-da keçirilmiş parlament seçkisi Yaponiyaya yeni eraya çıxış vəd edən siyasi qüvvənin qələbəsi ilə başa çatdı. Bununla da, Tokionun yürüdəcəyi daxili və xarici siyasət bütünlükdə Asiya-Sakit okean regionunda situasiyaya böyük təsir edə, Yaponiyanın dünya siyasəti və iqtisadiyyatındakı onsuz da adi olmayan durumuna əlavə rənglər qata bilər.
"Biz, nəhayət, yapon xalqına inandığımız siyasəti verə bilərik"
Seçki baş nazir Taro Asonun rəhbərlik etdiyi və Yaponiyada 1955-ci ildən hakimiyyətdə olan Liberal-Demokrat Partiyasının (YLDP) böyük fərqli məğlubiyyəti ilə başa çatdı. Qalib isə Yaponiya parlamentinin Aşağı palatasındakı 480 yerdən 320-ni ələ keçirən Demokrat Partiyası (YDP) oldu. Partiyanın lideri Yukio Xatoyamanın ali qanunverici orqanın fövqəladə toplantısında Yaponiyanın yeni baş naziri seçiləcəyi gözlənilir.
Liberal-demokratların məğlubiyyəti əsasən Yaponiyaya ciddi təsir göstərmiş qlobal maliyyə böhranının nəticəsində mümkün oldu. Bu ölkənin iqtisadiyyatı ənənəvi ixrac oriyentasiyasına malikdir, özü də ixrac olunan əsas məhsullar bahalı yüksək texnologiyalardır. Maliyyə böhranı dövründə isə məhz bu tip mallara təlabat kəskin şəkildə aşağı düşüb. Böhranın yaşandığı 1 ildə Yaponyianın nəhəng istehsalçıları və bankları rekord həddə zərərə məruz qalıblar. Parlament seçkisindən 2 ay öncə isə baş nazir Taro Aso bəyan edib ki, ölkə iqtisadiyyatı "batıb". Bununla yanaşı, o, yenidən inkişafa nail olacaqlarına əminliyini də ifadə edib.
Həqiqətən də, bir müddət sonra Yaponiyanın ümumi daxili məhsulunda kəskin artım müşahidə edilməyə başlayıb. Lakin bu faktor adi yaponların yaşayış səviyyəsinə qısa zaman kəsiyində təsir göstərməyib, işsizlik 1953-cü ildən sonra özünün ən kəskin həddinə çatıb - 5,7% (bu isə 3,5 milyon yaponyialının işsiz qalması deməkdir).
Seçkiöncəsi Yapon xalqına müraciət edən Xatoyama isə əhalinin məhz sosial-iqtisadi baxımdan sıxılmış hissəsindən dəstək istəyib. "Yaponiyanın tarixini dəyişmək məqamı çatıb. Yaponiyanı sizin əsas simalar olacağınız ölkəyə çevirmək üçün mənə məhz sizin dəstəyiniz lazımdır", - deyə YDP lideri bildirib. Artıq qalib partiyanın lideri kimi isə o, həmvətənlərinə deyib: "Biz qələbəyədək uzun yol qət etmişik. Lakin indi mən hiss edirəm ki, yalnız start xəttindəyəm. Seçkidə qələbə heç də son nəticə deyil. Biz, nəhayət, indi Yapon xalqına inandığımız siyasəti verə bilərik".
Qeyd edək ki, Yukio Xatoyama zadə xalqın arasından çıxmış şəxs deyil. O, ölkədə məşhur olan dövlət xadimləri sülaləsinin nümayəndəsidir. Yukionun ulu babası Kadzuo Xatoyama 1896-1897-ci illərdə ölkə parlamentinin spikeri olub. Babası İtiro Xatoyama 1954-1956-cı illərdə Yaponiya hökumətinə rəhbərlik edib, atası İitiro Xatoyama isə ötən əsrin 70-ci illərində əvvəlcə maliyyə nazirinin müavini, daha sonra Yaponiyanın xarici işlər naziri postlarını tutub.
Yukio Xatoyama Tokio Universitetini bitirib, Stenford Universitetində isə (ABŞ) mühəndis ixtisası üzrə doktorluq dərəcəsi alıb. Yaponiyaya qayıtdıqdan sonra, 80-ci illərdə əvvəlcə Tokio universitetlərindən birində müəllim kimi çalışıb. Təxminən 40 yaşında o, YLDP-nin sıralarında siyasi karyerasına başlayıb.
Yeri gəlmişkən, bu partiya Yukionun babası tərəfindən yaradılıb.
1986-cı ildə Xatoyama Yaponiya parlamentinə seçilsə də cəmi bir neçə il sonra partiya sıralarını tərk edib. O zaman Xatoyama bu qərarını partiyanın xalqın ümidlərini doğrultmaması, Xatoyamalar tərəfindən yürüdülən "qardaşlıq və sevgi cəmiyyəti ideyalarına" cavab verməməsi ilə əsaslandırıb. Nəticədə YDP-ni yaradan siyasətçi dövlətdə köklü dəyişikliklərin tərəfdarı kimi çıxış edib və hər bir vətəndaşın sosial müdafiəsini təşkil edəcək sistemin yaradılmasını prioritet elan edib.
Onun seçkiqabağı vədlərində iqtisadiyyat üzərində dövlət nəzarətinin gücləndirilməsi və bazar fundamentalizmindən imtina əsas yerlərdən birini tutur. Xatoyamanın fikrincə, hazırkı qlobal maliyyə böhranının yaranmasının əsas səbəblərindən biri məhz bu amildir. Demokratlar əhali üçün sosial zəmanətlə bağlı xərcləri artırmağı, kiçik və orta bizneslə məşğul olan şirkətlərin gəlir vergisinin ildə 18%-dən 11%-ə endirilməsini vəd edir.
Yaponiyanın gələcək baş naziri 2020-ci il üçün atmosferə buxar qazlarının tullanmasını 1990-cı illərin göstəricisi ilə müqayisədə 25% azaltmağa da söz verib. Xatırladaq ki, Taro Aso bu tullantıları cəmi 8% azaltmağa söz verirdi. "Bu göstərici ilə Yaponiya iqlim dəyişikliklərinin qarşısını almaq üçün güzəştlərə getməyə razılaşan sənaye baxımından inkişaf etmiş ölkələrin siyahısına başçılıq edəcək", - deyə BMT-nin iqlim dəyişiklikləri katibliyinin rəhbəri İvo de Boyer bildirib.
Yukio Xatoyama ölkənin xarici siyasətinə də müəyyən dəyişikliklərin ediləcəyini bildirib. O, əsas vəzifələrindən biri kimi ölkənin yaxın müttəfiqi olan ABŞ-la münasibətlərdə bərabərliyin əldə edilməsini göstərib.
"Biz ABŞ-ın rəhbərlik etdiyi birqütblü dünyadan çoxqütblülük erasına tərəf gedirik"
"İraqdakı müharibənin iflasa uğraması və maliyyə böhranı üzündən Amerikanın dünyadakı üstünlüyü sona çata bilər", - deyə Xatoyama "Mənim siyasi fəlsəfəm" adlı məqaləsində yazır. Yaponiyanın sentyabrda dərc olunan aylıq "Voice" jurnalında çap edilmiş məqalədə demokratların lideri bildirir ki, "biz ABŞ-ın rəhbərlik etdiyi birqütblü dünyadan çoxqütblülük erasına tərəf gedirik". "ABŞ üslubunda bazar fundametalizmini" tənqid edən siyasətçi hesab edir ki, məhz bu, müxtəlif ölkə və regionların iqtisadi ənənələrini pozmaqla, Yaponiya və bütünlükdə dünyaya zərər vurub. Xatoyama Yaponiya ilə ABŞ-ın təhlükəsizliyə dair müqaviləsini Tokionun xarici siyasətində çox mühüm məsələ adlandırsa da bu siyasəti müxtəlifləşdirməyə də çağırır.
Xatoyamanın fikrincə, İkinci Dünya müharibəsindən qalib çıxmış fövqəldövlətlərin iradəsi əsasında Yaponiyaya Silahlı Qüvvələrə malik olmağı qadağan edən Konstitusiyaya yenidən baxılmalıdır.
Əlbəttə ki, Yaponiyanın müdafiə xarakterli silahlı qüvvələri var. Lakin onun təhlükəsizliyini əsasən, Gündoğar ölkəni özünün "nüvə çətiri"nin altına alan ABŞ təmin edir. Birləşmiş Ştatlar Yaponiyanı kənar təcavüzlərdən qorumaq haqda öhdəlik götürüb və bu məqsədlə ölkə ərazisində amerikalılara məxsus bir neçə hərbi baza yaradılıb, Yaponiyada təxminən 50 min ABŞ hərbçisi daim xidmət çəkir.
Xatoyama Yaponiyanı Amerikanın müdafiəsindən məhrum etməyi düşünmür, lakin hesab edir ki, "milli təhlükəsizlik sahəsində Birləşmiş Ştatlara tabe olmaq arzuolunan deyil": "Biz Yaponiyanın müstəqil şəkildə özünü qoruya biləcəyi münasibətlər sistemi yaratmalıyıq".
Hələ Xatoyamanın partiyasının parlament seçkisində qələbə qazanmasından təxminən 1 ay əvvəl Amerikanın "Project Syndicate" nəşri Vaşinqtonla Tokio arasında münasibətlərində meydana çıxan yeni xətləri təhlil edərək, ortaya belə bir sual atmışdı: "ABŞ-Yaponiya alyansı qorunub saxlanacaqmı?". Yazıda müəllif sualın cavabını da tapmağa çalışırdı: "Gələn il Amerika ilə Yaponiya arasında imzalanmış Təhlükəsizlik müqaviləsinin 50-ci ildönümü tamam olur. Bu müqavilə yarım əsrlik dövrdə Şərqi Asiyanın sabitliyinin əsas faktoru olub. Lakin hazırda Yaponiya daxili siyasi qeyri-müəyyənlik mərhələsinə qədəm qoyub, Şimali Koreyanın nüvə sınaqları və havaya raketlər buraxması isə onların narahatlığını daha da artırır. Belə olan təqdirdə Gündoğar ölkə uzun müddətdir qüvvədə olan qərarından imtina edərək, özünün milli nüvə hədəsi vasitəsini yaratmağa çalışmayacaq ki? Bu, ABŞ-Yaponiya alyansının mövcudluğunun bitməsi anlamına gəlmir ki?"
Xatoyamanın uğuru Amerika-Yaponiya münasibətlərində korrektələrin edilməsi məsələsini gündəmə gətirsə də hər halda, onu alyansın bitməsi kimi qiymətləndirmək də olmaz. Çünki Şimali Koreya ətrafındakı situasiya Vaşinqton və Tokionu bu ölkənin nüvə iddialarını dayandırmaq üçün səyləri daha da birləşdirməyə məcbur edir. Xatoyamanın Şərqi Asiya regionunun gələcəyi ilə bağlı inteqrasiya planları da Amerika-Yaponiya alyansına hər hansı ciddi təhlükə yaratmır. YDP-nin Çinlə yaxınlaşmanı prioritet elan etməsinə baxmayaraq, şübhə yoxdur ki, ÇXR-in artan qüdrəti ABŞ və Yaponiyanı Çin iqtisadiyyatının total şəkildə genişlənməsinin qarşısını almaq üçün əməkdaşlığı gücləndirməyə sövq edən faktordur.
Bundan başqa, Asiya-Sakit okean regionunda həlledici olan daha bir məqam - Rusiya amili də Yaponiyanı təhlükəsizlik məsələlərində ABŞ-la yaxınlığı qoruyub saxlamağa vadar edir.
Kuril müəmması
Yaponiya ilə Rusiya arasında İkinci Dünya müharibəsindən sonra qarşılıqlı münasibətləri müəyyənləşdirməli olan sülh müqaviləsi hələ də imzalanmayıb. Burada əsas maneə müharibədə qələbə qazanmış SSRİ-nin tərkibinə daxil edilmiş Kuril adalarının cənub hissəsidir. Hazırda özünü SSRİ-nin varisi sayan Rusiya bu iddialarını davam etdirir. Tokio isə adaların itirilməsi ilə razılaşmır və təbii ki, imzalanacaq hər hansı sülh müqaviləsində belə ziddiyyət yer ala bilməz.
Rusiya-Yaponiya münasibətlərində yeganə baza sənədi 1956-cı ildə rəsmi Tokio adından Yukio Xatoyamanın babası, o zaman baş nazir postunu tutmuş İtiro Xatoyama tərəfindən imzalanmış birgə bəyannamədir. Sonuncunun nəvəsi partiyasının qazandığı qələbədən dərhal sonra Rusiya ilə möhkəm qarşılıqlı inamın yaradılması kursunu götürəcəyini bəyan edib. Moskva isə öz növbəsində Tokionun dost addımına reaksiyasını gecikdirməyib. Bu ölkənin Xarici İşlər Nazirliyi etiraf edib ki, Yaponiyada keçirilmiş parlament seçkisi nəticəsində ərazi məsələsinin həllinə ümidlər yaranıb.
Bununla yanaşı, Rusiya tərəfi Yukio Xatoyamanın Moskva ilə münasibətlərdə babası kimi çıxış etməsini də arzulayıb.
Xatoyamanın Rusiya ilə dialoqu gücləndirmək niyyəti, həqiqətən də, ikitərəfli münasibətlərdə yeni perspektivlər açır. Axı, hələ iyulda bu münasibətlər son dərəcə ciddi böhranın astanasında idi və onda hər iki ölkənin parlamentləri bir-birinin ünvanına sərt bəyanatlar səsləndirməkdən belə çəkinmirdilər. Həmin vaxt Yaponiya parlamentinin Kurilin Gündoğar ölkənin "əzəli torpaqları" olduğunu əks etdirən qanun layihəsini qəbul etməsi rusiyalı qanunvericilər tərəfindən ciddi narazılıqla qarşılanmışdı.
Odur ki, Xatoyamanın Yaponiya ilə Rusiya arasında əməkdaşlığın böyük potensialından istifadə edilməməsinin "hər iki ölkənin milli maraqlarına ciddi zərər vuracağı" haqda dedikləri Moskva-Tokio əlaqələrinin inkişaf etdirilməsinin tərəfdarları üçün əsl hədiyyə olub.
Belələri isə Yapon dənizinin hər iki tərəfində kifayət qədərdir.
Doğrudur, Rusiyanın ekspertlər cəmiyyətində narahatlıqlar da var. Onlar düşünürlər ki, Yaponiyanın yeni rəhbərliyi ikitərəfli münasibətlərin yaxşılaşdırılması imkanlarının mövcudluğundan danışan zaman qlobal maliyyə böhranı nəticəsində iqtisadi imkanları xeyli zəifləmiş Rusiyanın Kuril məsələsində öz maraqlarından imtina edəcəyinə ümid bəsləyir. Lakin əks fikir də mövcuddur ki, qlobal maliyyə böhranı Rusiya ilə Yaponiya arasında sözügedən məsələ ilə bağlı aparılan dialoqa heç bir təsir göstərməyəcək. Birincisi, ona görə ki, Moskva üçün Kuril "prinsip məsələsi"dir. Digər tərəfdən, Rusiya Yaponiyadan borc götürməyib (məsələn, Rusiyaya 25 milyard dollar kredit ayırmış Çin kimi) və gələcəkdə də bu addımı atmaq niyyətində deyil.
Moskvanın Yaponiya ilə iqtisadi əməkdaşlığı genişləndirmək təklifi isə başqa məsələdir. O, hesab edir ki, bu, dialoqun "istiləşməsi" və ərazi mübahisəsinin qarşılıqlı anlaşma əsasında həllinə yardım edə bilər.
Bu ilin mayında rəsmi səfərlə Yaponiyada olmuş Rusiyanın baş naziri Vladimir Putin ölkəsinin Şərqi Sibirdə yaponlarla birlikdə nəhəng layihələr reallaşdırmaqda, xüsusilə Rusiya neftinin Asiya-Sakit oken regionuna nəqli məqsədi ilə "Şərqi Sibir - Sakit okean" neft kəmərinin tikintisində maraqlı olduğunu açıqlayıb.
Bundan başqa, Vladimir Putin Yaponiya şirkətlərini 2014-cü ildə Soçidə keçiriləcək Olimpiadaya hazırlıqda iştiraka dəvət edib. Moskvanın irəli sürdüyü bu və digər layihələrin, həmçinin Putinin dediyi kimi, "Yaponiya biznesinin gələcək regional diversifikasiyasına ümidlər"in Yaponiyanın yeni hökuməti dövründə reallaşması ehtimalı var.
Şərqi Asiya əməkdaşlığı
Xatoyamanın xarici siyasət doktrinasının əsasını isə, güman ki, Asiyada ölkələrin iqtisadi və siyasi birliyinin yaradılması təşkil edəcək. Bu işdə, təbii ki, Yaponiya aparıcı rollardan birinə malik olacaq. Qeyd edək ki, region dövlətlərinin Yaponiyanın dominatlığı ilə birləşməsi ideyası ilk dəfə hələ XIX əsrin ikinci yarısında meydana çıxmışdı. 1937-ci ildə Çinlə müharibənin başlanmasından sonra Yaponiya rəhbərliyi imperator Xiroxitonun rəhbərliyi ilə "Şərqi Asiyada yeni düzən"in yaradılmasına başlanıldığını elan etmişdi. Lakin Yaponiyanın İkinci Dünya müharibəsində məğlub olması ilə bu ideya da unuduldu. Yukio Xatoyamanın yeni inteqrasiya layihəsi isə artıq müasir Yaponiya dövlətinin demokratik mahiyyətindən irəli gəlir.
Xatoyama tədricən dünya iqtisadiyyatında aparıcı mövqeyə yüksələn Çinlə sıx əlaqələrin qurulmasını təklif edir. O, Yaponiyanın 1937-1945-ci illərdəki işğalını unutmayan bu dövlətlə birdəfəlik barışığa nail olmaq üçün özündən əvvəlki baş nazirlərdən fərqli olaraq, Yaponiya militarizminin rəmzi sayılan Yasukuni məbədini heç zaman ziyarət etməyəcəyinə söz verib.
Qeyd edək ki, burada Yaponiya imperatoru uğrunda döyüşlərdə həlak olanların ruhuna and içilir. Xatoyama iki ölkə ətrafında iqtisadi cəmiyyətin yaradılmasını və orada kollektiv təhlükəsizlik prinsipinin əsas götürülməsini təklif edir. Yaponiyanın gələcək baş naziri regional inteqrasiya çərçivəsində Şərqi Asiya birliyinin iqtisadi inkişafı üçün "yeganə yol olan" vahid Asiya valyutasının yaradılmasını da təklif edir.
"Regional inteqrasiya yolundakı maneələrin aşılması mümkündür. Lakin bunu yalnız daha güclü inteqrasiya ilə etmək olar. Avropa İttifaqı nümunəsi regional birliklərin ərazi mübahisələrini necə həll edə bildiklərini göstərir", - deyə Xatoyama qeyd edib.
Xatırladaq ki, gələcək baş nazirin layihəsi Çində böyük maraq yaradıb. Lakin o da məlumdur ki, bu fövqəldövlət regional liderliyinin öz maraqlarına zidd şəkildə bölünməsinə razılıq verməyəcək.
Amma hər halda, Çinin Xarici İşlər Nazirliyi Yaponiya tərəfi ilə birlikdə ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə yönəlmiş cəhdlərin artırılması niyyətini açıqlayıb.
Yaponiya demokratlarının iddialı lideri özünün bu böyük ideyalarını reallaşdıra biləcəkmi?
Bu, artıq yaxın aylarda məlum olacaq.
MƏSLƏHƏT GÖR: