14 Mart 2025

Cümə, 21:45

HƏQİQƏT ANI YAXINLAŞIR

Ermənistan-Azərbaycan münasibətləri normallaşmadan Ermənistan-Türkiyə münasibətlərinin düzələcəyi mümkün deyil…

Müəllif:

15.09.2009

Avqustun 31-də Ermənistan və Türkiyənin Xarici İşlər nazirlikləri İsveçrənin vasitəçiliyi ilə aparılan danışıqlarda imzalanmış iki ilkin sənəd ətrafında daxili məsləhətləşmələrə başlanmasına dair birgə bəyanatla çıxış ediblər: "İki dövlət arasında diplomatik münasibətlərin qurulması " və "İkitərəfli münasibətlərin inkişafına dair"  protokollar nəzərdə tutulur. 

Bəyanatda qeyd olunur ki, bu siyasi məsləhətləşmələr 6 həftə davam edəcək və bundan sonra  iki protokol imzalanacaq və ratifikasiya üçün iki ölkənin parlamentinə təqdim olunacaq. "İkitərəfli münasibətlərin inkişafına dair protokol"un qüvvəyə minməsindən sonra, iki aydan gec olmayaraq, Ermənistan və Türkiyənin xarici işlər nazirlərinin rəhbərliyi ilə işçi qrup yaradılacaq. İşçi qrupun vəzifəsi hökumətlərarası komissiya və onun alt komissiyasının fəaliyyətini tənzimləməkdən ibarət olacaq. 

Elə həmin vaxt Türkiyə-Ermənistan sərhədinin də açılacağı güman edilir.

Bu xəbər yalnız Türkiyə və Ermənistanın yox, Azərbaycanın da siyasi və ictimai dairələrində narahatlıq yaradıb. Xatırladaq ki, hələ bu ilin yazında Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün "yol xəritəsi"nin qəbuluna dair məlumat yayılan zaman bu, Bakının sərt reaksiyasına səbəb olmuşdu. Azərbaycan rəhbərliyi Ankaranın bu addımının ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətləri ilə bir araya sığmadığını açıq şəkildə bəyan etmişdi. Axı, Türkiyə vaxtilə Ermənistanla sərhədlərini məhz bu ölkənin Azərbaycana qarşı silahlı təcavüzü və apardığı etnik təmizləmə siyasətinə görə bağlayıb.

Yazda həm Azərbaycanda, həm də Türkiyədə ciddi ictimai dəstək alan Bakının bu demarşı nəticəsini vermişdi. Nəticədə Bakıya səfər edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan burada açıq şəkildə bəyan etmişdi ki, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olmadan, Türkiyə-Ermənistan sərhədləri açılmayacaq. 

Türkiyə prezidenti Abdullah Gül və ölkənin digər rəhbər şəxsləri də təxminən eyni fikirləri səsləndirmişdilər.

Bundan sonra Ermənistan-Türkiyə danışıqları faktik olaraq dayandı və sanki hər kəs Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupundan xoş xəbər gözləməyə başladı. Bu isə Yerevanın planlarını qarışdırdı. Axı, Ermənistan prezidenti Serj Sarqsyan və xarici işlər naziri Edvard Nalbandyan Ankara ilə diplomatik oyuna başlamaqla, məhz Qarabağ münaqişəsində əlavə bonus əldə etməyə çalışırdılar. Onlar güman edirdilər ki, Türkiyə tərəfindən "satıldığını" düşünən Azərbaycan özünü itirəcək, vurnuxmağa başlayacaq və səhvlərə yol verəcək. Bu isə Yerevana Madrid prinsipləri adlı danışıqlar partiyasının endşpilini öz xeyrinə tamamlamağa imkan yaradacaq.

Alınmadı və görünür, bundan sonra da alınmayacaq. İndi Sarqsyanın komandası beynəlxalq arenada qeyri-konstruktiv tərəf kimi iflasa uğramamaq, eyni zamanda ölkə daxilində tənqid hədəfinə tuş gəlməməyin yollarını tapmalıdır. Ağır iqtisadi böhran və xarici maliyyə donorlarından ciddi asılılıq isə Ermənistanın hazırkı rejiminin durumunu daha da ağırlaşdırır.

Məsələyə dərindən yanaşsaq, hətta ermənilər üçün ən pozitiv ssenari halında belə, ratifikasiyaya hazırlanmış protokolların reallaşmasına hələ 2-3 ay var. O vaxtadək Minsk Qrupunun təklifləri ilə bağlı situasiyaya aydınlıq gələcək: razılaşma əldə edilsə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi qrafik üzrə gedəcək. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmaq istəməyəcəyi təqdirdə isə təmas xəttində elə bir gərginlik yarana bilər ki, Yerevanla Ankaranan münasibətlərindən danışmaq belə mümkün olmaz.

Bunu Türkiyə rəhbərliyi də yaxşı anlayır. "Radikal" qəzetinin məlumatına görə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ABŞ, Fransa və Rusiyadan olan həmkarları ilə telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində irəliləyiş qeydə alınmadan, Türkiyə parlamentinin sözügedən protokolları ratifikasiya etməyəcəyinə işarə vurub. Bundan başqa, Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin dalana dirənəcəyi təqdirdə, Türkiyənin məsələni Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında qaldıracağı, BMT-nin müvafiq qətnamələrinə əməl etməyən Ermənistana qarşı sanksiyaların tətbiqi təşəbbüsü ilə çıxış edəcəyi də istisna olunmur. 

Prezident Administrasiyasının beynəlxalq şöbəsinin müdiri Novruz Məmmədov da buna işarə edərək bildirib ki, Azərbaycan Türkiyə liderlərinin bununla bağlı vədlərinə əməl edəcəyinə inanır.

Qeyd edək ki, Ankara Bakıya söz verdiyi kimi, mütəmadi olaraq Ermənistanla apardığı danışıqların gedişi haqda Azərbaycan tərəfini məlumatlandırır. Bu haqda prezident İlham Əliyevlə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında da ətraflı fikir mübadiləsi aparılıb. Həmçinin iki ölkənin xarici işlər nazirləri arasında baş tutmuş telefon söhbəti zamanı Əhməd Davutoğlu Elmar Məmmədyarovu əmin edib ki, Türkiyə heç zaman Azərbaycana zərər verə biləcək addımlar atmayacaq. E.Məmmədyarov isə öz növbəsində bildirib ki, Bakı Türkiyə ilə Ermənistan arasında yaşanan son proseslərdən narahat deyil: "Biz inanırıq ki, Türkiyənin baş naziri və xarici işlər naziri Azərbaycan xalqına işğal altındakı torpaqların azad edilməyəcəyi təqdirdə sərhədlərin açılmayacağına dair verdikləri sözlərinin  üstündə dayanacaqlar".

Bakı bu məsələdə yalnız Gül-Ərdoğan hökumətinin vədlərinə yox, həm də Türkiyənin siyasi elitasına və geniş ictimaiyyətinə güvənir. Türkiyə parlamentində böyük fraksiyalara malik müxalifətçi Cümhuriyyət Xalq Partiyası və Millətçi Hərəkat Partiyasının Ermənistanla paraflanmış protokollara qarşı sərt reaksiya göstərməsi son dərəcə xoş təsir bağışlayır. Onların tənqidi, ilk növbədə, sənədlərdə Azərbaycanın işğal altındakı torpaqlarından ermənilərin çıxması ilə bağlı məsələnin əksini tapmaması ilə əlaqədardır.

Bütün bunlarla yanaşı, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi ermənilərin özləri tərəfindən də dayandırıla bilər. Axı, protokollarda nə yazılmasından asılı olmayaraq, onlar hələ də "1915-ci il soyqırımı" ilə bağlı Türkiyəyə qarşı irəli sürdükləri maliyyə və ərazi xarakterli iddialardan əl çəkməyiblər. Üstəlik qarşılıqlı etnik ziddiyyət həm Ermənistanın özündə, həm də xarici ölkələrdəki erməni diasporu arasında yüksək səviyyədə qalmaqdadır. 

Türkiyə ilə münasibətlərin normallaşmasını nəzərdə tutan protokolların ratifikasiyasına Ermənistan parlamentində təmsil olunan "Daşnaksütyun" və "İrs" partiyaları da kəskin etiraz edir. Sonuncular hətta bununla bağlı referendumun keçirilməsini də tələb edirlər. Özü də onların fikrincə, referendumla bərabər ölkənin xarici siyasətinə birbaşa cavabdeh olan prezidentə etimad məsələsi də səsverməyə çıxarılmalıdır. 

Daşnaklar isə öz növbələrində hakimiyyəti kütləvi etiraz aksiyaları ilə hədələyirlər. Bu partiyanın terrorçu ənənələrini, eks-prezident Robert Koçaryanla gizli əlaqələrini nəzərə alsaq, ölkədə yeni siyasi qətlləri, parlayış və qanlı aksiyaları istisna etmək olmaz. 

Hər halda, Ermənistanın yeni tarixində belə hadisələr kifayət qədər çoxdur. 

Hazırda Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına yalnız sabiq dövlət başçısı Levon Ter-Petrosyanın rəhbərlik etdiyi erməni milli konqresi etiraz etmir. Lakin onun da Serj Sarqsyan rejimini dəstəkləyəcəyi inandırıcı deyil.

Yuxarıda qeyd olunanlarla yanaşı, Ermənistan-Azərbaycan münasibətləri normallaşmadan Ermənistan - Türkiyə münasibətlərinin qaydaya düşməsinə mane olan digər səbəblər də var. Çünki Yerevanla Bakının münasibətləri qaydaya düşməsə, Ermənistan-Türkiyə əlaqələrinin normallaşması perspektivsiz mezalyansdan başqa bir şey olmayacaq. Ermənistanla Türkiyə arasında ticarət dövriyyəsi cəmi 80-100 milyon dollardır (Azərbaycanla Türkiyə arasındakı ticarət dövriyyəsindən 15-20 dəfə az) və nəzərə alsaq ki, Ermənistan iqtisadiyyatı bərbad haldadır, bu rəqəmin, hətta sərhədlərin açılmasından sonra da ciddi şəkildə artacağını gözləmək olmaz. Gürcüstan-Rusiya və Ermənistan-Azərbaycan sərhədləri bağlı qaldığı halda, Ermənistanın tranzit ölkə kimi çıxış etməsi və nəhəng regional layihələrə qoşulması mümkün deyil. 

Ermənistan-Türkiyə münasibətlərindəki cüzi normallaşma da "dondurulmuş" Dağlıq Qarabağ münaqişəsi üzündən Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların başlanmasına mane ola bilməz. 

Odur ki, yalnız problemlərin paralel həlli müsbət və davamlı nəticənin əldə olunmasını mümkün edə bilər.

Beləliklə, son dərəcə mürəkkəb olan Azərbaycan-Türkiyə-Ermənistan üçbucağında həqiqət anı yaxınlaşır. Yerevanın Bakı ilə Ankara arasında mübahisənin yaranacağına ümidləri doğrulmadı. Azərbaycan bu dəfə də özünü sakit və əmin apararaq Bakı ilə Ankara arasındakı strateji tərəfdaşlığına xələl gətirmək istəyən bədxahlara sevinmək üçün əsas vermədi. Ermənilərin və onların maliyyələşdirdikləri Rusiya KİV-nin (bu məsələdə "REGNIUM" xüsusilə fərqlənir) informasiya diversiyaları heç bir effekt vermir, hər şeyi anlayan insanlarda sadəcə gülüş yaradır. Bununla paralel olaraq, Gürcüstan və Azərbaycandan (!?) İran, Ermənistan və Türkiyəyə boru xətləri və nəqliyyat layihələri ilə bağlı fantastik sxemlər uydurulmaqdadır. Lakin regionun coğrafi xəritəsinə gözucu baxmaq bu sxemləri təkzib etmək üçün kifayət edər.

Bir sözlə, ermənilər və onların himayədarlarının təbliğat cəhdləri olsa-olsa, yalnız onların özlərini maraqlandıra bilər. Çünki ilk görünüşdən hiyləgər və çox şey vəd edən sxem və kombinasiyalar, əslində, real demoqrafik və iqtisadi əsaslar üzərində yox, qum üzərində cızılıb. Və reallığa gələn kimi dağılıb yox olur.

Serj Sarqsyanın özünü aldadılmış sayması və türkiyəli həmkarlarına ziddiyyətli siqnallar göndərməsi təəccüblü deyil. Məsələn, bir müddət əvvəl o, növbəti dəfə iki ölkənin futbol üzrə milli komandaları arasında keçiriləcək cavab qarşılaşmasını izləmək üçün Türkiyəyə səfər edəcəyini şübhə altına qoyub. Ərdoğanın buna reaksiyası isə soyuqqanlı oldu. O bildirdi ki, Ermənistan prezidenti Türkiyəyə gəlməzsə, nəsə ciddi hadisə olmayacaq, amma bununla Yerevan Ankara ilə münasibətlərin normallaşdırılmasına hazır olmadığını nümayiş etdirəcək. 

Dünyanın aparıcı fövqəldövlətlərinin, həmçinin NATO, Avropa İttifaqı, Avropa Şurasının Ermənistan-Türkiyə münasibətlərində ehtimal normallaşma hallarına müsbət münasibətini nəzərə alsaq, tərəflər üçün konstruktiv mövqedən çıxış etmək və beynəlxalq dəstək qazanmaq olduqca vacibdir.


MƏSLƏHƏT GÖR:

481