24 Noyabr 2024

Bazar, 20:06

AĞZIMIZI QIFILLAYAQ?

Dietoloqlar düşünürlər ki, arıqlamaq yalnız artıq çəkidən azad olmaqdan ötrü yox, həmçinin sağlamlıq üçün də çox lazımlıdır

Müəllif:

01.09.2009

İnsan nə zaman cəmiyyəti dəyişə bilmirsə, özü-özünü dəyişməyə çalışır və onun bu "özünü dəyişmə"sinin  əsas hədəfi  də xarici görünüşü olur, xüsusilə də söhbət qadından gedirsə. Əgər insanlığın əsas hissəsi daim təkmilləşməyə can atmasaydı, onda sözün həqiqi mənasında gözəllik istehsal edən güclü sənaye də olmazdı. Özü də bu zaman söhbət kliniki plastik cərrahlıqdan tutmuş, müxtəlif əczaçılıq vasitələrinə, spa-salonlar, dəb meyillərinə və sairə qədər məsələlərdən gedir. 

Gəlin, həqiqətin gözünün içinə düz baxaq. Bizim hamımıza bəllidir ki, cəmiyyətdə arıq və şux bədənli qadınları gözəl sayırlar. Əgər qadın özünü arıq saymırsa, onda ya özünü dəyişdirməlidir, ya da barışmalıdır ki, heç vaxt onun gözəlliyinə görə ah çəkən olmayacaq. Təbii ki, bu cür yanaşmalar çox səthidir.  Zövqlər də  müxtəlif olur. Amma bütün bunlara baxmayaraq, məhz bu fikirlər cəmiyyətdə getdikcə daha çox möhkəmlənir. Buna görə də qadınların öz xüsusiyyətlərinə, sağlamlıqlarına və yaşlarına baxmayaraq, kütləvi şəkildə çəki azaltmağa, artıq kiloqramları atmağa çalışmalarında təəccüblü heç nə yoxdur. 

Düzdür, onların çəkilərinin nə qədər artıq olması məsələsi də mübahisəlidir. Bəllidir ki, şux olmaq heç də sadə iş deyil. Bunun üçün təkcə dietaya oturmaqla olmaz, həm də sağlam həyat tərzinə  müraciət etmək, yəni idmanla məşğul olmaq, daha çox gəzmək və televizora az baxmaq lazımdır. Ancaq dieta seçərkən ehtiyatlı olmaq lazımdır. Yəni sağlamlığa zərər vurmadan arıqlamaq gərəkdir. "Buta" qadın sağlamlıq və gözəllik tibbi mərkəzinin dietoloqu və kosmetoloqu Aygün Qəhrəmanova əmindir ki, bu məsələyə hər şeydən öncə beyin qoşulmalıdır. 

 

Özünəyanaşmanı dəyişməli

Bizim gerçəklikdə bir qayda olaraq, qadınlar dietoloqa dərin problemlər və ailə gərginliyi ilə bağlı mənəvi sarsıntılardan sonra müraciət edirlər. Adətən, belə problemlər qadınların yaşı qırxı və ya əllini keçəndən sonra başlayır. Bir qayda olaraq, öz xarici görkəmindən narazılıq özünəinamsızlığın əsas səbəbinə çevrilir. Dərin psixoloji sarsıntılar qadını daimi sıxıcı stresin əzabları içində saxlayır. 

"Elə alınıb ki, mən Rusiya, Fransa, Türkiyədə işləməli olmuşam. Mənim müqayisə etmək imkanlarım olub. Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, öz xarici görkəmindən narazılıq hissi ənənəvi psixologiya və insanların həyat tərzinin təsiri altında dəyişir. 

Məsələn, orta statistik Avropa qadını uşaqlarının instituta girməsini, sonra ailə qurub nəvələr dünyaya gətirməsini gözləyib, sonra özünə qulluq etmək barədə düşünmür. Qərb qadını hər şeydən öncə özünü gözəl və cəlbedici sayaraq, bütün həyatıboyu özünə qulluq edir. Azərbaycan qadınının isə əvvəl uşaqlarının, sonra isə nəvələrinin doğulmasının arxasınca ayrı problemləri də başlayır. Nəticədə, onun özünə qulluq etmək istəyinə son qoyulur. Əgər nəhayət o, özünə qulluq etməyə qərar verərsə, onda orqanizmində və psixikasında yığılmış, sağlamlığına və xarici görünüşünə dağıdıcı təsir göstərən mənfiliklərlə mübarizə aparmalı olur. Bu mənfiliklər bir il yox, onilliklərlə davam edir, şuxluğa və dirçəlişə gedən yolu mürəkkəbləşdirir. 

Beləliklə, mütəxəssislər yalnız artıq kiloqramlarla deyil, qadınların emosional sarsıntıları, stresləri, özlərinə inamsız olmaları və özlərinə qiymət qoya bilməmələri ilə mübarizə aparmalı olurlar. Özlərinə inamı bərpa etmək  və arıqlamağa başlamaq üçün Aygün xanım pasientlərinə özünü- təkmilləşdirmə məsələsinə savadlı və şüurlu yanaşmağı məsləhət görür. 

"Ancaq "düşünən və beyinlərini işlədən" pasient qadınlar azdır. Qadınların çoxu heç bir səy göstərmədən arıqlamaq istəyirlər. Onlar geniş reklam olunan Çin və Tailand həblərinə üz tuturlar. Bu həblər baş beynin qabığına təsir edərək iştahanI azaldır. Sürətlə arıqlayırlar, amma orqanizmləri üzərində hansı zorakılığa yol verdiklərini anlamırlar. Çin və Tailand həblərinin təhlükəsi onunla bağlıdır ki, istehsalçılar, adətən onların gerçək tərkibini göstərmirlər. Bu şübhəli tərkibli həblər heç vaxt ətraflı yoxlanılmır, halbuki onun içində işlətmə dərmanı qarışıq psixoaktiv maddələr də ola bilər. 

Əlbəttə, onlar arıqladır, çünki iştahı azaldaraq arıqladıcı təsir göstərir. Amma  onların tərkibində olan amfetamin psixostimulyatorunun narkotik asılılıq yaratması necə olsun? Bu preparatlar doğrudan da iştahı cilovlaya bilir, amma bir göz qırpımında orqanizmin həyati, vacib sistemini dağıtmaları necə olsun", - deyə mütəxəssis bildirir. Məsələn, Tailand həblərinin Rusiyada satışı qadağan edilib, Çin həblərinin qəbulu isə sonradan mədə, qaraciyər, bağırsaq və ginekologiya problemlərinə gətirib çıxarır. 

Buna görə də həb yolu ilə arıqlamaq məsələsində Aygün xanım bitki mənşəli qoruyucu preparatlara üstünlük verməyi məsləhət görür. Onlar dieta nəticəsində əldə edilmiş müsbət nəticələri daimi səviyyədə qorumaqda yardımçı olur. Həm də bu cür preparatlar qadın orqanizminin ginekoloji patologiyasına müsbət təsir göstərir. Amma özünütəkmilləşdirməyin başqa yolları da var. Hər şeydən öncə insan özünüdərkə başlamalı və özünə qarşı münasibəti dəyişməlidir, axı önəmli uğur insanın öz üzərində, öz zəiflikləri üzərində qələbəsidir. 

Qadınlar öz yeni görkəmləri ilə həyatlarında hansısa dəyişikliklərə nail olacaqlarını düşünürlər. Düşünürlər ki, şəxsi həyatlarında dəyişikliklər başlayacaq, ətrafdakılar onu başqa cür qəbul edəcəklər. Düşünürlər ki, paltar dəstlərini dəyişməklə, daha effektiv və dəbli qarderoba keçməklə karyerada uğurlar qazanacaqlar. Bütövlükdə, istənilən adam tam haqlı olaraq düşünür ki, bədən görünüşünü dəyişməklə daha parlaq və tanınmış olacaq. Adətən arıqlamanın əsas motivi də məhz bu gözlənti olur. 

"Ancaq insan özünə münasibəti dəyişməzsə, görkəmin dəyişdirilməsi çox vaxt gözləntiləri doğrultmur. Bu qədər güc və vaxt sərfi məhz bunun üçün edilməlidir. Yaraşıqlı bədən quruluşuna gedən yolun başlanğıcında qadın anlamalıdır ki, bunu ətrafdakı insanların xoşuna gəlmək üçün yox, özü üçün edir. Bu, istər sevdiyi insan, istərsə də rəisi olsun. Gözəl bədən ölçüləri adətən insanlarda özünə inam hissi yaradır. Çoxları əvvəllər mümkünsüz saydıqları bu istəyi gerçəkləşdirə biliblər", - deyə Aygün xanım vurğulayır.  

 

Sağlamlığa gedən yol 

Əlbəttə, gözəlliyə gedən yol həm də sağlamlığa aparan yol olmalıdır. "Buna görə də çəkiazaltma proqramları təcili və müəyyən çəki hədəflərinə nail olmaq üçün aparılmamalıdır, o, mütəmadi, yavaş-yavaş gerçəkləşdirilməlidir. Piylənmə səbəblərini aradan qaldırmağa, bütün oqranizmin sağalmasına, metobolik proseslərin yaxşılaşmasına yönəlməlidir", - deyə dietoloq vurğulayır. Buna görə də arıqlama proqramları üç əsas bünövrə üzərində qurulmalıdır. Bunlar  orqanizmin hüceyrələrinin təmizlənməsi, balansladırılması və qidalandırılmasıdır. Artıq çəki aterosklerozun ən ilkin əlaməti və inkişafının tipik səbəbidir.

"Təəssüf ki, piyin süni yolla çıxarılması prosedurları, məsələn, liposaksiya problemləri tam həll etmir, xəstələnmə riskinin azaldılmasının əsas yolu çəkinin təbii korreksiyasıdır. Artıq çəki heç də həmişə maddələr mübadiləsinin pozulması, hormonal disbalansla, mədə-bağırsaq xəstəlikləri ilə və ya şəkərli diabetlə bağlı olmur. Mədəaltı və qalxanabənzər vəzilərin endokrin funksiyasının tam hormonal diaqnostikası aparılmalı, hər bir konkret hal üçün çox sayda başqa laborator və aparat müayinələri keçirilməlidir. Və yalnız bundan sonra biz düzgün qidalanma proqramı təyin edirik. "Dieta" sözündən qorxmağa dəyməz, axı bu, düzgün yaşam yönündən başqa bir şey deyildir. Dietaya insan orqanizminin həyat fəaliyyəti üçün lazım olan hər şey - zülallar, karbohidrogenlər, yağlar, vitaminlər və  minerallar daxildir. Dietoloji proqram mütləq psixoliji proqramla birgə aparılmalıdır. Əsəb sistemini qaydaya salmaq lazımdır. Biz insanın həyat tərzini, onun prioritetlərini aydınlaşdırırıq. Əgər biz qarşımıza məqsəd  qoyuruqsa və ona doğru gediriksə, bizim orqanizm ehtiyatlardan enerji götürməyə başlayır", - deyə müsahibimiz vurğulayır. 

Məqsədə doğru köklənmək adrenalinin və noradrenalinin fəallığını artırır, bu hormonlar isə piylərin parçalanması ilə birbaşa bağlıdır. Qadın yalnız sakit psixoloji durumda uğurla arıqlaya və dietasına riayət edə bilər. 

"Əlbəttə, kosmetik prosedurlar da lazımdır. Fizioterapiya, limfodrenaj, bədənə dəniz yosunlarının yardımı ilə maska qoyulması, miostimulyasiya, talassoterapiya, massajlar və s. yalnız şux qamət deyil, həm də sağlamlıq bəxş edir: zərərli xolesterinin təsirlərini azaldır, aterosklerozun, hipertoniyanın inkişafını dayandırır. Bundan başqa, bu cür prosedurlar qan dövran fəallaşdırır, toxumalarda maddələr mübadiləsini sürətləndirir, artıq maye başqa parçalanma məhsulları ilə birgə orqanizmdən kənarlaşır. Arıqlayan adam dietoloqun yardımı ilə çox sayda yeniliklər də öyrənə bilər. Bu məsləhətlər əziyyətlə əldə edilmiş çəki azalmasını necə qorumaq,  iştahan necə aldatmaq, xoşbəxt və uğurlu olmaq üçün nələri etmək barədə ola bilər. Düzgün arıqlamaq  və eyni zamanda sağlamlığa can atmaq  lazımdır. Və həmişə də unutmaq olmaz ki, hər bir qadın parlaq bir individumdur", - deyə mütəxəssis vurğulayıb.    


MƏSLƏHƏT GÖR:

334