
100 % KEYFİYYƏT
"AZNAR" müəssisəsi nar şirəsi istehsalı üzrə dünya müəssisəsinə çevrilməyi planlaşdırır
Müəllif: Rəsmiyyə QƏMBƏROVA Göyçay
Azərbaycan iqtisadi inkişafın elə mərhələsinə qədəm qoyub ki, ölkə kənd təsərrüfatının müxtəlif sahələrini bərpa etməklə yanaşı, yerli məhsulu tələbkar Qərb istehlakçısının önünə də çıxara bilir. Bu məsələdə xüsusi yer bizim meyvə və tərəvəzə, həmçinin onların emalından alınan məhsullara məxsusdur. Axı, Azərbaycanda yetişən onlarca unikal məhsul öz dadı və şəfalı xüsusiyyətləri ilə sevilir. Bu baxımdan, narı, doğrudan da, bizim "meyvələrin şahı" adlandırmaq olar, çünki bizdə yetişdirilən bir sıra sortların dünyada analoqu yoxdur. Xarici istehlakçıya həm də bu meyvədən alınan məhsullar, xüsusilə də 100 faizlik nar şirəsi çox maraqlıdır. Təsadüfi deyil ki, Göyçayda yerləşən AZNAR müəssisəsinin buraxdığı GRANTE nar şirəsi uzaq xarici ölkələrdə çox populyardır, sərgi və müsabiqələrdə çox sayda mükafatlar və qələbələr qazanır. Onlardan biri də 2009-cu ildə Moskvada dünyanın 37 ölkəsinin iştirakı ilə keçirilmiş beynəlxalq PRODEKSPO-2009 sərgisində "Ən yaxşı məhsul - 2009" nominasiyası üzrə mütləq qələbədir.
Zavod direktorunun müavini N.Əsgərovun sözlərinə görə, müəssisənin tarixi 1967-ci ildən başlayır. O, "Sentrosoyuz"un yanında tədarük kontoru kimi fəaliyyət göstərib. Bu bölgədə müşahidə edilən yüksək məhsuldarlıq nar, alma, gilas, albalı və s. emalı üzrə sex yaradılmasına səbəb olub. Sexin adı 1970-ci ildə Şirə Zavoduna dəyişdirilib. 1981-ci ildə Nazirlər Sovetinin sərəncamı, Heydər Əliyevin fərmanı ilə yeni Nar Emalı Zavodu yaradılıb. Müəssisəni xammalla təmin etmək üçün iki sovxoz təşkil edilib, özü də burada məhsuldarlıq 25 min tona çatır. Üç ildən sonra müəssisə nar emalı üzrə üç istehsal xəttində saatda 15 ton xammal emal etmək səviyyəsinə qaldırılıb. 90-cı illərin əvvəlində müəssisə, demək olar ki, dağılmışdı. Ancaq 2005-ci ildə müəssisə sahibkar Fərhad Əhmədov tərəfindən alındıqdan sonra ikinci həyata başladı. Sahibkar bu addımı zavodun ilk direktoru olmuş atasının xatirinə atıb. Sahənin dirçəldilməsi üzrə investisiya proqramı işlənib.
"Biz, doğrudan da, fəxr etməliyik ki, insanlar üçün çox yararlı olan ekoloji təmiz məhsulun - təbii nar şirəsinin istehsalı ilə məşğuluq", - deyə AZNAR şirkətinin baş direktoru Aleksandr Kryuçkov bildirir.
- Azərbaycandan ixrac edilən məhsullar beynəlxalq standartların tələblərinə uyğun olmalıdır. Bu istiqamətdə AZNAR tərəfindən hansı işlər görülüb?
- İşimlə əlaqədar olaraq, mən müxtəlif ölkələrdə və postsovet məkanında, uzaq xaricdə oxşar zavodlara baş çəkməli oluram. Hər şey müqayisədə ortaya çıxır, təvazökarlıqdan uzaq çıxmasın, amma bizim müəssisənin iş prinsipləri xarici həmkarlarımızdan heç nə ilə geri qalmır.
Hazırda dünyada ərzaq xarakterli məhsullara qarşı bir neçə standart - ISO və HAASP tətbiq edilir. Özü də müxtəlif yerlərdə fərqli standartlara üstünlük verilir. Məsələn, Fransa, Almaniya və İngiltərə əsasən ISO standartları ilə işləyir. Məhsulun keyfiyyəti müxtəlif amillərdən asılı olur. Buraya xammal, avadanlıq, texnologiyalar, kadrlar və əlverişli iş şəraiti daxildir. ISO standartını almağa biz ətraflı hazırlaşmışıq və plana görə bu iş bir aya başa çatmalıdır. Problem ondadır ki, ISO sertifikatlaşdırması ilə postsovet məkanında yalnız bir auditor şirkəti məşğul olur. Onun bizim müəssisəyə səfəri sentyabrın əvvəlinə gözlənilir.
Bildirmək gərəkdir ki, qoyulan tələblər yetərincə sərtdir, amma Yaponiyadan olan həmkarlarla ünsiyyətdən sonra biz bu məsələ ilə bağlı mövqeyimizi bir qədər dəyişmişik. Məsələ bundadır ki, yaponlar xüsusilə də sağlamlıqla bağlı məsələlərdə o qədər tələbkar və irad tutmağı sevəndirlər ki. Odur ki, biz elə yoxlamadan keçirildik ki, hətta ISO-nun da belə ağlına gəlməz. Yaponiyadan gəlmiş komissiyanın tərkibində kimyaçılar, bioloqlar, standartlaşma mütəxəssisləri var idi. Onlar həm quru, həm də yaş torpağın, müəyyən dərinliklərdə suyun nümunələrini götürdülər, butılkanın şüşəsinin tərkibini, həmçinin qapağın məhsulun keyfiyyətinə mümkün təsirlərini öyrəndilər, müxtəlif istehsal mərhələlərində temperatur rejimini yoxladılar. Yalnız havanın nümunəsini götürmək qaldı. Amma bu cür hərtərəfli yoxlamadan sonra saziş bağlandı və hazırda AZNAR bizim məhsulun ilk partiyasını uzaq Yaponiyaya göndərməyə hazırlaşır.
- Hansı ölkələrə nar şirəsi ixracı artıq təşkil edilib?
- Bu gün GRANTE brend adına malik təbii nar şirəsi Azərbaycanın yüksək keyfiyyətli ekoloji təmiz məhsul istehsalçısı kimi mövqe tutmasına imkan verir. İxrac barədə gəlin bir qədər uzaqlardan başlayaq - Yeni Zelandiya, Kanada, Yaponiya, Almaniya, Fransa; yaxın xarici ölkələr isə - Qazaxıstan, Rusiya, Belarus, Ukrayna, Gürcüstan bura daxildir. Bu ölkələrin coğrafiyası genişlənəcək. Son məqsədimiz zavodu təbii nar şirəsi təchizatı üzrə dünya istehsalçısına çevirməkdir.
- Bununla yanaşı, hazırda bazarda böyük rəqabət var. İstehlakçı sizin məhsulun ən yaxşı olmasına necə əmin ola bilər?
- Şirələr iki kateqoriyaya bölünür. Bunlardan birincisi ev şirəsidir, onun hazırlanma texnologiyası sadə və bəllidir. Bundan başqa, sənaye şirələri də var, onlar da iki alt kateqoriyaya bölünürlər: birbaşa sıxılmış şirələr və bərpa olunmuş şirələr. Bu gün dünyanın çox ölkələrində, Avropa Birliyində, Rusiyada və Belarusda bərpa edilmiş şirələrin istehsalı zamanı şirə adından qaçmağa çalışırlar. Çünki bu məhsulu şirə adlandırmaq çətin məsələdir. Bu, süd məsələsinə oxşayır. Əvvəllər dünyanın bütün ölkələrində süd və süd tozundan hazırlanmış süd içkisi istehsal edilirdi, hamısı da süd adlandırılırdı. Amma artıq bir çox ölkələr qanunvericilik səviyyəsində süd və süd içkisi anlayışlarını ayırırlar.
Yaxın zamanlarda qanunvericilik qurumları şirələrlə bağlı da bu fikrə gələcəklər. İstehlakçı məhz hansı məhsulu aldığını və eyni adlı iki məhsulun qiymətinin niyə fərqli olduğunu bilməlidir. Məsələ bundadır ki, şirələr əsasən konsentratdan və ya püredən bərpa edilir. Mən demirəm ki, bu pisdir, amma onları şirə adlandırmaq düzgün deyil. Şirə meyvədən və ya tərəvəzdən birbaşa sıxılır, xüsusi texnologiya ilə emal edilir, süzgəcdən keçirilir, termiki emal edilir. Təbii şirədə bir damcı da su, boyayıcı, şirinləşdirici və şəkər olmur.
Deyilənlərə yekun vuraraq bildirirəm ki, AZNARın şirələri 100% təbiidir, birbaşa sıxılır. Xammal bir neçə emal mərhələsindən keçir. Məhsulun özü qəbuletmə xəttinə götürülür, sonra o, vizual nəzarətdən keçir, yəni sortlaşdırılır. Daha sonra şirə istehsalının bütün texnoloji prosesi gerçəkləşdirilir. Bunun özəlliyi ondadır ki, sıxma prosesinə yalnız narın dənələri düşür. Biz narın qabığını təmizləmək üçün xüsusi avadanlıq almışıq. Bu, bir neçə məqamla bağlıdır. Birincisi, qabıq əczaçılıqda işlədilən aşılayıcı maddə istehsalında istifadə olunur, çünki biz də bütün dünyada olduğu kimi tullantısız istehsala can atırıq.
İkinci müsbət məqam şirənin öz keyfiyyəti ilə bağlıdır, axı, qabıq şirəyə acılıq verir.
Hazır şirə xüsusi sisternlərdə saxlanır, orada bu cür məhsulların saxlanması üçün bütün tələblərə - təzyiqə, temperatur rejiminə əməl edilir. Bu, məhsulu ilkin vəziyyətində iki ilə qədər saxlamağa imkan verir. Biz həm də bərpa olunmuş şirə satan şirkətlər üçün konsentrat istehsal edirik.
Qeyd edək ki, istehsal məqsədləri üçün su iki artezian quyusundan götürülür. Bunlardan biri 120 metr, o birisi isə 160 metr dərinlikdən çıxır. Suyun saxlanması üçün hər birinin tutumu 250 min litr olan, Avropa istehsalçılarının yeyinti istehsalı üçün nəzərdə tutulan vasitələri ilə emal olunmuş iki qurğumuz var.
- AZNAR məhsullarının çeşidi necədir?
- Biz əsasən nar şirəsi istehsalına istiqamətlənmişik: birbaşa sıxılmış 100 faizlik nar şirəsi, birbaşa sıxılmış, süzgəcdən keçirilməmiş 100 faizlik nar şirəsi, narşərab istehsal edirik. Hazırda narşərabın qabının dizaynı üzərində işləyirik, o bardaqşəkilli butılka olacaq. Həmçinin əczaçılıq üçün aşılayıcı maddə istehsal edirik. Yaxın zamanlarda çiyidlərdən nar yağı istehsalı üçün avadanlıq almalıyıq. İstehsalın dövriliyini və tullantısızlığını tam təmin etmək istəyirik. Amma bu da son deyil. Bununla yanaşı, biz heyvadan da birbaşa sıxma şirəsi əldə edirik. Məhsul yetərincə spesifikdir və xarici istehlakçı üçün tanış deyil. Payızda birbaşa sıxma alma şirəsi istehsalına başalyacağıq, daha 5-6 adda təbii şirə istehsal edəcəyik. Həm də müxtəlif meyvələrdən mürəbbə və cem istehsal edirik.
Planda çeşid xəttinin genişlənməsidir, bunun üçün avadanlıq alınır. Məsələn, bu yaxınlarda biz əks osmoslu, yəni süzülmə qabiliyyəti olan yeni su hazırlayıcı avadanlıq almışıq. O, istənilən suyu təmizləməyə qadir avadanlıqdır və bu da texnoloji proses üçün önəmli amildir.
Qeyd etmək lazımdır ki, bütün istehsal prosesi avtomatlaşdırılıb, çalışırıq ki, qeyri-ixtisaslı əl əməyindən uzaqlaşaq. Həm də avadanlıq İnternetə qoşulub və istehsalçı yarana biləcək istənilən nasazlıqdan və boş dayanmalardan xəbərdar olur.
- Göyçay rayonu narın vətənidir, bununla belə xammal təminatı məsələsi necə həll olunur. Axı zavodun istehsal gücü az deyil, həm də şirkətin dünya səviyyəli istehsalçıya çevrilmək ambisiyaları da düşünməyə vadar edir.
- Yüksək keyfiyyətli şirə əldə etmək üçün ilkin material kimi xammal da yüksək keyfiyyətli olmalıdır. Məhsulu zədəsiz, sağlam qəbul etməyə çalışırıq. Bunun üçün 700 hektar yer almışıq, iki il ərzində 400 hektar yerə 10-12 sort nar ağacları əkmişik. Fermer təsərrüfatları ilə də işləyirik. Kənd Təsərrüfatı Nazirliyi yanındakı nümunə məntəqələri ilə də əməkdaşlıq edirik. Orada, demək olar ki, 80 hektarda mütəxəssislərin nəzarəti altında müxtəlif nar sortları yetişdirilir, öz şəfaverici xüsusiyyətlərinə görə unikal olan bu meyvənin çox tanınmış bir sıra növlərinin bərpası üzərində iş gedir. Qeyd edək ki, zavodun texnoloji imkanları hər mövsümdə 10 min ton xammalın emalına imkan verir.
- Müəssisə menecmentinin qiymət siyasəti necədir?
- Çevikdir. Hər tərəflə, hər müştəri ilə fərdi qaydada anlaşırıq. Müqayisə üçün bildirirəm ki, Yaponiyaya göndərdiyimiz 0,75 litr həcmi olan təbii nar şirəsi 3 avrodur, Azərbaycanda isə 2 manatdır. İstənilən halda biz öz alıcımıza tərəf gedirik.
MƏSLƏHƏT GÖR: