YAXIN ŞƏRQ YOLAYRICINDA
Dünya ictimaiyyəti Fələstin-Israil danışıqlarının bərpa olunacağını gözləyir
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Yaxın Şərq nizamlanması prosesi yeni yolayrıcındadır. ABŞ prezidenti Barak Obamanın vasitəçilik səyləri sayəsində ciddi irəliləyiş şansı yaransa da, müqəddəs torpaqda sülh prosesi birdəfəlik iflasa uğraya bilər.
Keçid müddəaları və 9 aylıq plan
Fələstin-İsrail dialoqu Təl-Əvivin ötən qış Qəzza sektorunda həyata keçirdiyi hərbi əməliyyatdan sonra dondurulub. Yaxın Şərq nizamlanmasını dalandan çıxarmağa çalışan ABŞ-ın yeni administrasiyası bunun üçün "iki dövlət"in yaradılması planını irəli sürüb. Bu planın əsasında İsrailin İordan çayının qərb sahilində yəhudi yaşayış məntəqələrinin tikintisini dayandırması və ərəb ölkələrinin İsrail dövlətini tanıması dayanır.
Son vaxtlar keçirilən bir sıra vacib görüşlər Fələstin-İsrail danışıqlarında müəyyən irəliləyişə və sülh danışıqlarının yaxın vaxtlarda bərpa olunacağına ümid yaradır. Ağ evdə Misir prezidenti Hüsni Mübarəklə görüşdən sonra ABŞ lideri Barak Obama da nikbinliyini gizlətməyib və tərəflərin yaxın vaxtlarda danışıqlar masasına qayıdacağına ümidvar olduğunu söyləyib.
Digər tərəfdən, İsrailin baş naziri Benyamin Netanyahu və Fələstin muxtariyyətinin lideri Mahmud Abbas da belə perspektivin real olduğunu təsdiqləyiblər. Və ola bilsin ki, artıq sentyabrda BMT Baş Assambleyasının sessiyasında Netanyahu-Abbas görüşü baş tutsun. Amma nə İsrail, nə də Fələstin rəhbərliyi bununla bağlı illüziyalara qapılmırlar. Məsələn, İsrailin xarici işlər naziri Aviqdor Liberman hesab edir ki, Ağ evin müstəqil Fələstin dövlətinin yaradılması ilə sülh prosesində irəliləyişə nail olmaq istəyi real deyil. Təbii ki, bu, yalnız XİN başçısının şəxsi fikri deyil və İsrail rəhbərliyi də bu mövqeni bölüşür. Bu günlərdə Avropa turnesinə çıxmış və ABŞ-ın Yaxın Şərq üzrə xüsusi təmsilçisi Corc Mitçel ilə görüşmüş B.Netanyahu da analoji fikirdədir. Qərbin təzyiqlərinə baxmayaraq, İsrailin baş naziri Fələstin ərazilərində yəhudi məntəqələrinin tikintisini dayandırmağa razılaşmayıb. Halbuki bu, Fələstin tərəfinin irəli sürdüyü əsas şərtdir. Netanyahu yeni yaşayış məntəqələrinin tikintisini dondurmağa razılaşsa da, hazırda gedən tikintiləri dayandırmaqdan imtina edir və mövcud məntəqələrin genişləndirilməsi planına sadiqliyini nümayiş etdirir. Baş nazir əsas arqument kimi, yəhudi əhalisi arasıdakı demoqrafik artımı göstərir. Bununla əlaqədar belə bir informasiya yayılıb ki, Netanyahu İsrailin İudeya və Samariya ərazilərindəki tikinti işləri ilə bağlı yeni təşəbbüsünü Vaşinqtona və Avropa liderlərinə təqdim edib. Bu plana əsasən, İsrail bu məntəqələrdəki tikinti işlərini 9 ay müddətinə dondurmağa razılıq verir. Amma İudeya və Samariyada başlamış 2500 evin tikintisi davam etdirilməlidir. Bu ərazilərdə poliklinika, məktəb və uşaq bağçalarının tikintisinə isə, ABŞ administrasiyasının razılığı ilə başlanıla bilər. Buna cavab olaraq, Birləşmiş Ştatlar Şərqi Qüdsdə tikinti işlərinin davam etdirilməsinə razılıq verməyə hazır olduğunu bildirib. Düzdür, C. Mitçel vurğulayıb ki, ABŞ bununla yalnız sülh prosesində irəliləyişə nail olmaq xatirinə razılaşır.
Digər tərəfdənsə, Netanyahu ABŞ qarşısında şərt qoyub: əgər qeyd olunan 9 ay ərzində Vaşinqton ərəb ölkələrinin və Fələstin muxtariyyətinin İsraillə münasibətləri normallaşdırmasına nail olmasa, onda Təl-Əviv də üzərinə götürdüyü öhdəliklərdən azad olacaq.
Əgər bu informasiya həqiqətdirsə, onda biz yenə qapalı çevrənin şahidi oluruq. Çünki ABŞ İsrailin qanunsuz tikinti işlərini birmənalı olaraq dayadırmasına nail olmadığından, ərəbləri İsrail dövlətini tanımağa razı sala bilməyəcək. Həm də unutmaq lazım deyil ki, İsrail Fələstin dövlətini yalnız bir şərtlə tanımağa razıdır ki, muxtariyyət dimilitarizasiya olunsun və İsraili yəhudi dövləti kimi tanısın. Bu şərtlər isə (xüsusilə də, ikinci şərt) ərəblər üçün qəbuledilməzdir, çünki onlar İsraili yalnız yəhudilərin dövləti kimi tanımaqdan imtina edirlər. Üstəlik, Qüds problemi də həll olunmamış qalır - həm yəhudilər, həm də fələstinlilər bu müqəddəs şəhəri öz paytaxtı hesab edirlər.
Ziddiyyətləri artıran daha bir məqam kimi Fələstin Milli Azadlıq Hərəkatının (FƏTH) rəhbərliyində "gənclər qanadı"nın mövqelərinin möhkəmlənməsini göstərmək olar. Çünki bu qanad Yaxın Şərq probleminin həlli prosesinə radikal mövqedən yanaşır. Məsələn, bu qanad İsraillə zorakı metodlarla mübarizədən imtina etdiyinə görə Mahmud Abbası kəskin tənqid edir. FƏTH-in bu yaxınlarda keçirilmiş qurultayında isə bəyan edilib ki, bu təşkilat hələ Yasir Ərəfatın Fələstin Azadlıq Təşkilatı zamanı qəbul edilmiş proqrama sadiqdir. Bu proqram isə fələstinlilərin Qüdsün yalnız Şərq (ərəb) hissəsinə deyil, Qərb (yəhudi) hissəsinə də iddialarını, İsraili yəhudi dövləti kimi tanımamaq və nəhayət, israillilərə qarşı silahlı mübarizə aparmaq hüquqlarını tanıyır.
Yenə İranın adı hallanır
Amma bütün bunlara rəğmən, yaxın vaxtlarda ərəb-İsrail dialoqunda irəliləyişə nail olmaq üçün ciddi bir faktor var. Hərçənd, bu faktorun reallaşması yalnız Yaxın Şərq yox, bütün dünya üçün ciddi fəsadlara da yol aça bilər. Söhbət İran amilindən gedir.
Qərb KİV Barak Obamanın İsrail-Fələstin danışıqlarının bərpa olunacağına olan inamını onunla izah edir ki, Vaşinqtonla Təl-Əviv İrana qarşı kursu sərtləşdirmək haqda razılığa gəliblər. Yəni, İsrailin Fələstin torpaqlarında yaşayış məntəqələrinin tikintisini dayandırmasına cavab olaraq, Vaşinqton İrana qarşı sərt siyasət yeritməyə boyun olub. Doğrudan da, ABŞ və onun avropalı müttəfiqləri - Böyük Britaniya, Fransa və Almaniya BMT Təhlükəsizlik Şurasında İranın neft-qaz sənayesinə qarşı sərt sanksiyaların qəbuluna nail olmaq istəyirlər. Ekspertlərin fikrincə, əgər bu baş tutarsa, onda İran iqtisadiyyatı iflic vəziyyətinə düşəcək. İsrailin bu şərti qəbul etməsi də məntiqli görünür, çünki yaşayış məntəqələrinin tikintisini dayandırmaq yəhudi dövləti üçün hər hansı qlobal təhlükə törətmədiyi halda, İran İsrail üçün birbaşa təhlükədir.
İsrailin baş naziri ilə danışıqlar zamanı Böyük Britaniyanın baş naziri Qordon Braun və Almaniyanın federal kansleri Angela Merkel də İrana qarşı siyasəti sərtləşdirməyə hazır olduqlarını bildiriblər. Q. Braun bəyan edib ki, "Tehran nüvə silahından imtina etməlidir", bu tələbə əməl olunmayacağı təqdirdə isə bu, Tehran üçün ciddi fəsadlara gətirib çıxaracaq. Braun hətta vurğulayıb ki, İran dünya birliyinin qərarlarına qarşı gedərsə, Tehrana qarşı istənilən hərəkəti məqbul sayır.
Öz növbəsində A.Merkel də Tehranın beynəlxalq təzyiqlərə tabe olmayacağı və nüvə proqramını dayandırmayacağı təqdirdə, bu ölkəni yeni sanksiyalarla hədələyib.
Tehrana qarşı siyasətin sərtləşdirilməsinin mümkünlüyünü Fransa prezidenti Nikolə Sarkozi də bildirib.
Bəzi ehtimallara görə, Netanyahu ilə Mitçelin Londonda keçirilən görüşü zamanı İsraillə Qərb arasında İrana dair razılaşmanın detalları müzakirə olunub. Hətta belə bir versiya var ki, tərəflər razılığa gələ bilsələr, yekun razılıq "Böyük İyirmilik"in sentyabrın sonunda ABŞ-ın Pitsburq şəhərində keçiriləcək sammitində açıqlana bilər.
Digər tərəfdən, aparıcı ərəb dövlətləri də İrana qarşı İsraillə birləşə bilərlər, çünki Tehranın regiondakı nüfuzunun artması ərəblərin də maraqlarına cavab vermir. Hətta belə bir məlumat yayılıb ki, Səudiyyə Ərəbistanının da daxil olduğu ərəb dövlətləri koalisiyası İran təhlükəsi ilə bağlı İsraillə məxfi danışıqlar aparır. Bu mənada, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Marakeş kimi ərəb dövlətlərinin İsraillə münasibətləri normallaşdırmağa hazır olduğunu bəyan etməsi artıq təəccüblü görünmür.
Bütün bunların fonunda, Netanyahunun mövqeyindəki yumşalmanı da nəzərdən qaçırmaq olmaz, çünki indiyədək o, fələstinlilərə qarşı ən sərt mövqedən çıxış edən siyasətçi kimi tanınıb. İndi isə o, Təl-Əvivdən yəhudi yaşayış məntəqələrinin tikintisini dayandırmağı tələb edən ABŞ-ın ünvanına tənqidi fikirlər səsləndirdiyinə görə öz müavini, strateji planlaşdırma naziri Moşe Yaalondan izahat tələb edir. Halbuki Netanyahunun özü də yaşayış məntəqələrinin tikintsini davam etdirməyə tərəfdardır və bunu onunla izah edir ki, "yəhudilər artıq 3 min ildir ki, Qüdsü tikirlər".
Beləliklə, ilk baxışdan, Yaxın Şərq prosesində müəyyən irəliləyiş hiss olunmaqdadır. Və bəlkə də, Qordon Braun ilə birgə mətbuat konfransında "Yaxın Şərqdəki sülh prosesi tezliklə bütün dünyanı təəccübləndirəcək" deyərkən, B.Netanyahu tam səmimi olub//.
MƏSLƏHƏT GÖR:





521

