"BOŞANMA" BAŞ TUTDU
Gürcüstanın və Müstəqil Dövlətlər birliyinin gələcək taleyi barədə düşünməyin vaxtı artıq çatdı?
Müəllif: Eldar PAŞAYEV Bakı
Gürcüstan parlamenti ölkənin Müstəqil Dövlətlər Birliyindən çıxması haqda qərar qəbul edib. Bu haqda məlumatı avqustun 18-də Gürcüstan XİN yayıb.
Gürcüstan hər şeyi qanuna uyğun şəkildə reallaşdırdı. MDB-nin Nizamnaməsinə uyğun olaraq, Birlikdə üzvlüyə xitam bu haqda yazılı müraciətdən bir il sonra verilir. Rəsmi Tbilisi isə bununla əlaqədar müvafiq sənədləri ötən il - hamını şoka salmış 5 günlük müharibədən dərhal sonra təqdim etmişdi.
Amma bununla belə, 1969-cu ilin Vyana konvensiyasına uyğun olaraq, Gürcüstan MDB çərçivəsində imzalanmış və Birlik üzvü olmayan ölkələrə də aid olan 75-dək beynəlxalq razılaşmaya sadiq qalır. Bunların sırasında MDB üzvü olan dövlətlər arasında vizasız gediş-gəliş, azad ticarət zonasının yaradılması (Birlik üzvü olan ölkələr arasında malların sərbəst hərəkəti), müəllif hüququnun qorunması və digər razılaşmalar da var. Bundan başqa, Gürcüstan Dəmiryolları Əməkdaşlığı Təşkilatına üzvlüyünü davam etdirmək və Beynəlxalq Dəmiryolu Yükdaşımaları razılaşmasının üzvü kimi qalmaqda da qərarlıdır.
Düzü, Tbilisinin MDB-dən çıxmasında təəccüblü heç nə yoxdur. Ələlxüsus da nəzərə alsaq ki, MDB Nizamnaməsinə əsasən, Birlik üzvləri bir-birinə yardım göstərməlidir, o cümlədən ərazi problemlərinin həllində də.
Odur ki, hadisələrin məhz bu istiqamətdə inkişaf edəcəyinə hamı hazır idi. Etiraf edək ki, ötənilki hadisələrdən sonra Gürcüstan prezidenti Mixail Saakaşvilini MDB sammitində iştirakçılar arasında görmək çox qəribə olardı.
Başqa sözlə, "daşların atıldığı" kimi "onları yığmağın" da vaxtı çatır.
İndi, Güney Qafqazdakı qanlı hadisələrdən bir il sonra artıq siyasətçilər və ekspertlər Gürcüstanın və ümumilikdə MDB-nin gələcəyi haqda daha dərindən düşünməyə başlayıblar.
Məsələn, bəziləri hesab edir ki, Gürcüstanın MDB-ni tərk etməsi bu ölkənin özünün maraqlarına ziddir, çünki onun iqtisadi və humanitar əlaqələri, məhz bu təşkilat çərçivəsində qurulurdu. Düzdür, yuxarıda qeyd etdiyimiz kimi, Tbilisi MDB çərçivəsində bir çox razılaşmaların üzvü kimi qalmaqdadır, amma istənilən halda, əksər sahədə əlaqələri ikitərəfli relslərə keçirməli olacaq.
Yeri gəlmişkən, Gürcüstanın qonşuları Tbilisini əmin ediblər ki, hadisələrin sonrakı inkişafından asılı olmayaraq, bu ölkə ilə münasibətlər yenə də mehriban qonşuluq xarakteri daşıyacaq.
Amma MDB-dən çıxmaqla Tbilisi Qərbə - Avropa İttifaqı və NATO-ya yaxınlaşa biləcəkmi? İnandırıcı görünmür. Əlbəttə, Gürcüstanı bu təşkilatlara aparan yol açıq olaraq qalır - Tbilisiyə son səfəri zamanı ABŞ-ın vitse-prezidenti Cozef Bayden də bəyan etmişdi ki, Gürcüstan tərəfdaşları və alyansları özü seçməlidir.
Amma təbii ki, bu məqsədə çatmaq üçün Gürcüstan xeyli səy göstərməli olacaq.
Özü də bütün bunlar ölkə iqtisadiyyatında yaşanan ağır problemlər fonunda baş verir. İqtisadiyyatla bağlı müxtəlif rəqəmlər gətirmək olar, amma real vəziyyəti göstərən əsas fakt kimi bir müddət əvvəl iqtisadi inkişaf naziri Laja Jvaniyanın istefaya göndərilməsini misal çəkmək olar. Hökumət başçısı onun fəaliyyətindən - xüsusilə, sərmayələrin cəlb edilməsi sahəsindən ciddi narazılığını bildirib.
Xatırladaq ki, son vaxtlar ərzində bu, Gürcüstanın Nazirlər Kabinetində baş verən ilk dəyişiklik deyil. Özü də yerli KİV-in yazdığına görə, yaxın vaxtlarda biz daha köklü dəyişikliklərin şahidi ola bilərik. "Qruzya Online" "Mteli Kvira" qəzetinə istinadən xəbər verir ki, Mixail Saakaşvili DİN başçısı Vano Merabişvili və ədliyyə naziri Zurab Adeişvili istisna olmaqla, bütün nazirləri dəyişməyə hazırlaşır.
Rusiya rəsmiləri isə bu fikirdədirlər ki, Gürcüstanın Birlikdən çıxması MDB-dəki vəziyyətə heç bir təsir göstərməyəcək, çünki Tbilisi onsuz da heç vaxt təşkilatın fəal üzvü olmayıb. Bununla belə, Moskvada işarə vururlar ki, Tbilisinin öz fikrini dəyişmək imkanı var.
Amma vəziyyət elə həddə çata bilər ki, "fikrini dəyişən" Gürcüstan daxil olmağa təşkilat tapmasın. Çünki Gürcüstanın Rusiyadan "ayrılmasından" sonra MDB-nin gələcək taleyi haqda ən müxtəlif rəylər səslənir.
Məsələn, MDB-nin oktyabrın 9-da Kişinyovdakı sammitinin Ukrayna prezidenti Viktor Yuşşenkonun iştirakı olmadan keçirilə biləcəyi barədə xəbərlər çoxlarının diqqətini cəlb edib. Yeri gəlmişkən, ukraynalı məmurlar indiyədək dəfələrlə bildiriblər ki, Kiyev, faktiki olaraq, MDB-nin bərabərhüquqlu üzvü deyil, çünki hələ də bu təşkilatın Nizamnaməsini ratifikasiya etməyib.
V. Yuşşenkonun Kişinyov sammitinə qatılmaqdan imtina etməsinin səbəbi kimi, Rusiya prezidenti Dmitri Medvedevin bu yaxınlarda ukraynalı həmkarına ünvanladığı məktuba reaksiya da göstərilir. Xatıradaq ki, bu məktubda D.Medvedevanti-Rusiya siyasəti yeritdiyinə görə rəsmi Kiyevi sərt tənqid edib.
Amma bu məsələyə başqa tərəfdən də baxmaq olar. Bəlkə də,bu məktubla Moskva Yuşşenkonu başa salmaq istəyib ki, onun Moldovadakı sammitə gəlməsinə ehtiyac yoxdur.
Xatırladaq ki, bu yaxınlarda Ukraynada prezident seçkiləri keçiriləcək və sosioloji rəy sorğularının nəticələrinə görə, Yuşşenko hələlik bu seçkinin favoriti deyil. Odur ki, müşahidəçilərin əksəriyyəti Yuşşenkonun Rusiya ilə münasibətlərə xüsusi önəm verdiyini bildirir, çünki Moskva ilə münasibətlərin Ukrayna elektoratına təsiri çox böyükdür.
Bir sözlə, Ukrayna üçün MDB-dən çıxmaq Gürcüstan üçün olduğu qədər asan olmayacaq. Bu məsələdə Rusiya ilə Ukrayna arasındakı iqtisadi-ticarət əlaqələrini, bu ölkədə çoxlu sayda rusdilli əhalinin yaşadığını, Ukrayna ərazisində Rusiya HDQ-nin mövcudluğunu, ümumi sərhədin uzunluğunu və digər spesifik məqamları nəzərə almaq lazımdır.
Amma Kiyevin bu tərəddüdləri MDB-nin sabitliyinə heç bir təsir göstərmir. Çünki bir vaxtlar SSRİ-yə daxil olan respublikaların sivil "boşanması" üçün yaradılmış bu təşkilat indi, bir növ, sovet qalığını xatırladır və daha çox inersiya ilə yaşayır.
MDB daxilindəki bir çox razılaşmalar hələ də faktiki gücə malik deyil və əslində, qüvvəyə minməyib. Buna baxmayaraq, MDB-nin icraçı katibi Sergey Lebedev bu yaxınlarda bildirib ki, MDB dövlət və hökumət başçılarının ötən il qəbul etdikləri qərarların 70%-dən çoxu reallaşdırılıb, yerdə qalan razılaşmalar isə uzun müddətli xarakter daşıdığından, onların həyata keçməsi üçün daha çox vaxt tələb olunur.
MDB-yə üzv dövlətlər arasında xarici siyasətlə bağlı uzlaşdırılmış mövqe yoxdur. Elə təşkilat üzvlərindən bəzilərinin hələ də Birliyin Nizamnaməsni imzalamaması çox şeydən xəbər verir.
Əlbəttə, etiraf etmək lazımdır ki, MDB quruma üzv dövlətlərin başçıları (həmçinin, nazirlər, ekspertlər və s.) üçün görüş meydanıdır. Ümumi maraq kəsb edən məsələlər məhz bu təşkilat çərçivəsində müzakirə olunur. Düzdür, skeptiklərin bu məsələyə öz yanaşması var: onların fikrincə, bu təşkilat çoxdan "prezidentlər klubu"na çevrilib və liderlərin nə danışmasından asılı olmayaraq, onlar öz mövqelərini dəyişmirlər və çox nadir halda ortaq məxrəcə gəlirlər. Ən əsası isə, MDB üzvü olan dövlətlərin maraqları artıq üst-üstə düşmür. Və söhbət, ilk növbədə, bu dövlətlərin mənafeyi ilə Rusiyanın maraqları arasındakı ziddiyyətlərdən gedir. Çünki artıq "mərkəz" olmadığından, keçmiş SSRİ-nin hər bir respublikasının öz şəxsi milli prioritetləri formalaşıb.
Təsadüfi deyil ki, MDB üzvü olan ölkələrin əksəriyyəti həm də digər beynəlxalq və regional təşkilatlarda birləşiblər - GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova), KTMT (Rusiya, Belarus, Ermənistan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Özbəkistan), ŞƏT (Tacikistan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Çin) və s.və i.
Rusiyanın özü aktiv şəkildə KTMT ilə məşğuldur və bu təşkilatdan maksimum istifadə etmək istəyir, hətta Kollektiv Operativ Reaksiya Qüvvələrinin yaradılması ideyasını da reallaşdırmağa çalışır - bu qüvvələr, az qala, NATO-nun analoqu kimi təqdim edilir.
Qeyd edək ki, MDB-dən çıxmaqla Gürcüstan Birlik üzrə qonşularından uzaqlaşmaqdan çox, Rusiya ilə münasibətləri nümayişkarcasına pozmaqla diqqəti cəlb etdi.
Moskva üçün MDB postsovet məkanındakı nüfuzunu atırmaq şansıdır. Kreml hələ də ümid edir ki, gec-tez keçmiş SSRİ məkanında reinteqrasiya prosesi başlayacaq və bu prosesin mərkəzində də RF dayanacaq.
Hələliksə, MDB üzvü olan dövlətlərin hamısı bu təşkilata üzvlüyə məhz Moskva ilə münasibətlər prizmasından yanaşır. Və bu baxımdan, MDB daxilindəki istənilən proses Moskvanın uğuru və ya uğursuzluğu kimi dəyərləndirilir. Xüsusilə də nəzərə alsaq ki, hazırda Moskvanın MDB üzvləri ilə ikitərəfli münasibətləri ideal deyil.
Məsələn, Ukrayna ilə münasibətlərdəki gərginliyin səbəbi kimi təbii qaz göstərilir. Hazırda Moskva ilə Kiyev yenidən "qaz müharibəsi" astanasındadırlar. Digər tərəfdən, Kiyev Rusiyanın Qara dəniz Donanmasının Krımda qalmasından narazılığını gizlətmir.
Rusiya-Belarus münasibətlərini də ideal adlandırmaq olmaz. Ələlxüsus da, son vaxtlar yaşanan bir sıra insidentlər, o cümlədən "ət-süd müharibəsi" fonunda. Minsk Gürcüstanın qiyamçı bölgələri olan Abxaziya və Güney Osetiyanın müstəqilliyini tanımaq haqda Rusiyanın çağırışlarını qulaqardına vurur. Yeri gəlmişkən, Gürcüstanda hesab edirlər ki, MDB üzvlərinin Rusiyanın çaldığı ilə oynamaq istəməməsi və Abxaziya ilə Güney Osetiyanın müstəqilliyini tanımaqdan imtina etməsi də Birliyin tezliklə dağılacağına işarədir.
Moldovada koalisiya qurmuş liberal-demokratik qüvvələr də Kreml üçün başağrısına çevrilə bilər. Məsələn, onlar artıq Kişinyovun öz neytral statusunu dəyişərək, NATO-ya qoşulmaq haqda düşüncələrinin olduğuna işarə edirlər.
Bütün bunların fonunda Rusiya bütün diqqətini Mərkəzi Asiya ölkələrinə yönəldib, amma bu istiqamətdə də ziddiyyətlər - həm Moskvanın bu ölkələrlə, həm də region dövlətlərinin bir-biri ilə münasbətlərində - kifayət qədərdir. Məsələn, hazırda Özbəkistan RF-in Qırğızıstanda KTMT çərçivəsində hərbi baza yaratmaq niyyətindən narazılığını gizlətmir.
Amma təbii ki, bu, regiondakı çoxsaylı ziddiyyətlərin yalnız bir hissəsidir.
Belə bir vəziyyətdə bəzi rusiyalı ekspertlər MDB-yə Sovet İttifaqının üzvü olmamış dövlətlərin - məsələn, Monqolustan, Venesuela, Kuba, Nikaraqua, Hondurasın da qoşula biləcəyi barədə fikirlər səsləndirirlər. Amma bu baş versə, keyfiyyətcə tamamilə fərqli bir təşkilat yaranacaq və əvvəlki MDB istənilən halda "dəfn ediləcək".
MDB-nin gələcəkdə Avropa İttifaqı tipli təşkilata çevrilmək ehtimalına inananların da sayı çox azdır.
Abxaziya və Güney Osetiyanın Birliyə qoşulmasına gəlincə, bu, yalnız onların MDB-nin bütün üzvləri tərəfindən tanınması halında mümkündür, bu isə inandırıcı görünmür.
Amma istənilən halda, MDB-nin qorunub saxlanmasına ehtiyac hələ ki var: nə qədər ki, vahid dil və mədəniyyət məkanı mövcuddur, bu birlikdən imtina etmək məqsədəuyğyn olmazdı.
Təbii ki, bu məsələdə Gürcüstan istisna təşkil edir.
Azərbycanın MDB-yə yanaşması daim praqmatik və balanslaşdırılmış yanaşma olub. Bakı heç vaxt bu təşkilatdan mümkün olandan daha artıq dividend gözləməyib, amma bununla yanaşı, onun siyasi və iqtisadi baxımdan verdiyi üstünlüklərdən də imtina etməyib.
Gürcüstanın MDB-dən çıxmasından ən böyük zərbəni isə Ermənistan alıb: bununla da Yerevan MDB ilə sərhədi itirib (Azərbaycanla sərhəd isə Ermənistanın günahı ucbatından bağlıdır); bu isə Rusiyanın özünün Güney Qafqazdakı "forpostu" ilə əlaqələrini xeyli çətinləşdirəcək.
MƏSLƏHƏT GÖR:




531

