14 Mart 2025

Cümə, 23:32

ÖZGƏSİNƏ QUYU QAZAN…

Azərbaycan yataqlarına iddialarını yenidən səsləndirən və rəsmi Bakını məhkəmə ilə hədələyən Türkmənistan özünü əlverişsiz duruma saldı

Müəllif:

15.08.2009

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedovun öz sələfi ilə müqayisədə yürütdüyü liberal xarici siyasət kursu, deyəsən, artıq çat verməyə başlayıb. Türkmənbaşını prezident kürsüsündə əvəz edən Q. Berdımuhammedovun ilk addımları, doğrudan da, hamının xoşuna gəlirdi. O, qonşularla, supergüclərlə münasibətləri bərpa elədi, demokratik dəyərlərə müəyyən meyil nümayiş etdirdi. Lakin Türkmənistan prezidenti nədənsə birdən-birə öz siyasətində dəyişiklik etməyə başladı və durma-tutma ayağa qalxaraq,  Xəzərin delimitasiya məsələləri ilə özünün məşğul olmaq qərarını bəyan etdi, təbii ki, birtərəfli olaraq Türkmənistanın xeyirinə. Türkmənistan prezidentinin planına əsasən, Xəzərdəki "Kəpəz" yatağından və ya türkmənlərin "Sərdar" adlandırdıqları yataqdan əlavə 1994-cü ildə Azərbaycanla bir sıra şirkətlər konsorsiumu arasında bağlanmış "Əsrin müqaviləsi" çərçivəsində istismar edilən "Azəri" və "Çıraq" yataqları da Türkmənistana keçməlidir. Q.Berdımuhammedov, hətta Azərbaycanı Beynəlxalq Arbitraj Məhkəməsinə verəcəyini də bildirdi və bu, bütün dünya KİV-lərinin diqqətindən yayınmadı. Amma bu ilin mart ayında ölkəmizə gələn Berdımuhammedov səfərinin gedişində Azərbaycana yalnız dost münasibəti nümayiş etdirmşdi.

 

Gözlənilməz bəyanat 

Xəzərin bir neçə qonşu yatağı barədə Azərbaycanla Türkmənistan arasında müzakirələr yaxın zamanın söhbəti deyil. Bu məsələdə hər şey Xəzərin milli sektorlara bölünməsindən qaynaqlanır. Əhvalat SSRİ-nin dağılması ilə başlayıb və bu gün də davam edir. Bu mövzuda yüksək səviyyədə, işçi qruplar səviyyəsində yetərincə çox sayda görüşlər keçirilib, çox sayda məqalələr yazılıb, analitik yozumlar edilib, ararşdırma materialları var, amma heç nə dəyişməyib. 

Yalnız iyun ayında Azərbaycanın və Türkmənistanın işçi qrupları arasında bu mövzu ilə bağlı görüş keçirilib və heç bir münaqişəli ifadəyə rast gəlinməyib. Və birdən  iyul ayında Q.Berdımuhammedov öz xarici işlər nazirinə buyurur ki, "münaqişə"li dəniz yataqlarına Azərbaycanın iddialarının hüquqiliyini öyrənmək üçün beynəlxalq ekspertləri cəlb etsin və  bundan sonra əldə edilmiş sənədləri baxılmaq üçün Beynəlxalq Arbitraj Məhkəməsinə yollasın. "Yaranmış durum Xəzərin türkmən şelfinin təbii qaynaqlarının tam miqyaslı istifadəsini gecikdirir, bölgənin iqtisadi inkişafı, dənizin və sahilin ekoloji rifahının təmini üzrə irimiqyaslı proqramların gerçəkləşdirilməsini əngəlləyir",- deyə prezident Qurbanqulu Berdımuhammedov vurğulayıb.

Prezidentin sözlərinə görə, hər iki tərəf üçün əlverişli qərarların axtarışı və tapılması daha çox mübahisəli "Ömər" və "Osman" yataqlarının (Azərbaycanın "Azəri" və "Çıraq" yataqlarının - red.) işlənməsinə birtərəfli qaydada başlamış    Azərbaycanın xüsusi mövqeyi üzündən və onun "Sərdar" ("Kəpəz") yatağının kimə məxsus olması barədə iddiaları ilə bağlı ləngiyir. 

Azərbaycan-Türkmənistan münaqişəsində adı çəkilən "Kəpəz" ("Sərdar") yatağı ilə bağlı onu demək gərəkdir ki, bizim ölkə elə ilk başdan, doğrudan da, təmkinli mövqe tutmuşdu. Yataq, doğrudan da, Xəzərin iki sektorunun sərhədində yerləşir. Amma qeyd edək ki, bu yataq sovet vaxtı Azərbaycan geoloqları tərəfindən açılıb. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin məlumatına görə, "Kəpəz"in çıxarıla bilən ehtiyatları 50 milyon ton neftə bərabərdir. Hətta sovet vaxtında da onu rusca "Promejutoçnoe", yəni "Aralıq" adlandırırdılar, çünki Azərbaycanla Türkmənistan arasındakı orta xətdə yerləşirdi. Buna baxmayaraq, Azərbaycan dəfələrlə Türkmənistana bu yatağı birgə işləməyi təklif edib. Bakı əmindir ki, "Kəpəz" yatağında Türkmənistana Azərbaycanla işləmək daha əlverişlidir. 

İlk öncə bu, güclü tikinti infrastrukturunun və  çıxarılacaq karbohidrogenlərin daşınması üzrə imkanların olması ilə bağlıdır. Azərbaycanda dənizdən neft və qazın çıxarılışını əhatə edən bir neçə çox iri  neft-qaz layihələri gerçəkləşdirilib. Belə obyektlərin quraşdırılması üçün ölkədə bir neçə xüsusi müəssisə var, onlar lazımi avadanlığa, ixtisaslı işçi heyətinə və iş təcrübəsinə malikdirlər. Türkmənistanda belə infrastruktur yoxdur. Bununla yanaşı güclü nəqletmə infrastrukturu mövcuddur, bu, nefti Aralıq dənizinə çıxaran Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməridir. Həmçinin Bakı-Supsa və Bakı-Novorossiysk boru kəmərləri, nefti dəmir yolu ilə Qara dənizin Gürcüstandakı Batumi və Kulevi limanlarına çıxarmaq imkanları var. Bundan başqa, Azərbaycanın əlində Güney Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) var ki, o da təbii qazı Avropa bazarlarına çıxarmağı nəzərdə tutan "Nabucco" kəmərinin tərkib hissəsi kimi nəzərdə tutulur. 

"Azəri" və "Çıraq"a gəldikdə isə hələ bundan qabaqkı "Türkmənbaşı" gözəl anlayırdı ki, 1994-cü ildən sonra onları ələ keçirmək cəhdi mənasızdar. Özü də yataqlarda hasilat çoxdan başlayıb və Azərbaycanla Türkmənistan arasında məhkəmə bitən anda ola bilsin ki, bu strukturlardakı neft də bitsin. Bununla bağlı Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, Azərbaycan hələ keçən yüzilliyin 90-cı illərində - "Əsrin müqaviləsi"nin imzalanmasına qədər yataqların işlənməsi üzrə coğrafi, fiziki və huquqi cəhətlər də daxil olmaqla, lazımi araşdırmalar aparıb. "Biz öz hüquq və mövqeyimizi əsaslandırmaq üçün bütün lazımi araşdırmaları apardıq", - deyə X.Xələfov bildirib. Onun sözlərinə görə, Azərbaycan Xəzər dənizindəki bütün neft yataqları məsələsində öz hüquqlarını bütün vasitələrlə, o cümlədən diplomatik yollarla qorumaq niyyətindədir. "Məhkəmə prosedurlarına gəldikdə isə, əgər lazım gələrsə, biz ona da baxmağa hazırıq", - deyə X.Xələfov bildirib.

İqtisadçı ekspertlər də bu fikirdədirlər. Belə ki, İctimai Maliyyə Monitorinqi Mərkəzinin (PFMC) başçısı İnqilab Əhmədov hesab edir ki, hətta Türkmənistan Azərbaycanı məhkəməyə versə belə, Azərbaycanın hüquqlarına toxunan heç bir qərar çıxarılmayacaq. "Bu məntiqsizlikdir və türkmən rəhbərliyindən son bir il - il yarım ərzində gördüyümüz münasibətə uyğun gəlmir. Beynəlxalq hüquq baxımından da əsassızdır. Çünki buna paralel olaraq Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı işlər görülür", - deyə  Əhmədov vurğulayır. 

"Mən düşünürdüm ki, Qurbanqulu Berdımuhammedov öz sələfinin səhvlərini təkrarlamaz. Ancaq çox təəssüf ki, o da həmin yolla gedir. Bu yolun isə sonu yoxdur". Bunu isə professor, Xəzər problemləri üzrə ekspert Rüstəm Məmmədov bildirir. Bu addımın heç nə vermədiyini bildirən ekspert qeyd edib ki, bu yolla Türkmənistan Xəzər barədə danışıqlara son qoyub: "Onlar bizi Beynəlxalq Arbitraj Məhkəməsi ilə hədələyirlər. Əgər bacarırlar, qoy məhkəməyə versinlər. Mən bunda heç bir təhlükə görmürəm. Bu məsələ birmənalı şəkildə Azərbaycanın xeyrinədir və Azərbaycana fayda gətirəcək".

 

İndi olumdur, yoxsa ölüm?

Göründüyü kimi, məsələ havadan asılı qalıb və 5 dövlətdən heç biri üçün əlverişli deyil. Gündəmdə böyük neft-qaz yataqları var və mövcud  fikir ayrılıqları üzündən onların işlənməsi ləngiyir. Yada salaq ki, "Araz-Alov-Şərq" yatağına da Azərbaycanla yanaşı İran iddia edir. Bizim ölkə hətta bu yataqların işlənməsi ilə bağlı "BP", "ExxonMobil" və "Statoil" ilə saziş bağalyıb. Lakin İran hərbi aviasiyasının Xəzərin Azərbaycan sektoru üzərində "unudulmaz" uçuşlarından sonra layihə donduruldu. Hazırda "Azəri" və "Çıraq" ("Ömər" və "Osman") üzərində məhkəmə istintaqına başlamağa çalışan türkmən tərəfi bunumu istəyir?  İki ölkə arasında münasibətlər yaxşılaşmağa bişlayan bir anda, hər iki ölkənin Avropa Birliyi tərəfindən "Nabukko" qaz kəməri üzrə strateji vacib tərəfdaşlar sayıldığı bir məqamda işləri əngəlləməyə cəhd göstərmək nəyə lazımdır. Axı bu heç nə verməyəcək? Ekspert İ.Əhmədov ehtimal edir ki, yeganə mənfi amil Türkmənistanla yeni başlamış, o cümlədən "Nabukko" üzrə danışıqların müvəqqəti  dondurulması baş verə bilər. Görünür, tez-tez üç qüvvənin təsiri altında qalan türkmən liderinin bu anlaşılmaz adımının əsas məqsədi budur. O, bu qüvvələrin heç birinə dostluq nümayiş etdirmədən, Azərbaycanı zərbə altında qoyaraq, vəziyyətdən çıxmaq istəyir. 

Bununla belə, bir çox ekspertlər düşünürlər ki, bu məsələdə türkmən tərəfi kobud səhv edib və beynəlxalq toplum iki Xəzər dövləti arasında hansısa bir məhkəmə keçirilməsinə imkan verməz. 

"Azərbaycanla Türkmənistan arasında Xəzərin sərhədyanı yataqları ilə bağlı fikir ayrılıqları Beynəlxalq Arbitraj Məhkəməsinin yolu ilə deyil, beynəlxalq vasitəçiliklə həll edilməlidir. Bu məsələdə ən yaxşı vasitəçi Türkiyə ola bilər. Çünki həm Azərbaycanla, həm də Türkmənistanla sıx tarixi, etnik, mədəni və siyasi bağlara malikdir",- deyə Amerikanın "Medly Global Advisors" mərkəzinin Şərqi Avropa və Xəzər regionu üzrə analitiki Kaan Nazlı bildirib. 

Analitikin sözlərinə görə, əgər Azərbaycanla Türkmənistan arasında fikir ayrılıqları dərinləşərsə, Transxəzər layihələrinin gerçəkləşdirilməsi dayandırılacaq. "Bu isə Türkiyənin və Avropa Birliyinin maraqlarına qarşı çıxır", - deyə Nazlı bildirib. Buna görə də bu məsələ yalnız qarşılıqlı dialoq hesabına Türkiyənin vasitəçiliyi ilə həll edilməlidir. Lazım olarsa, Avropa Birliyi də məsələyə qarışa bilər. "Regional energetika təhlükəsizliyi və diversifikasiya baxımından Azərbaycan və Türkmənistan çox vacibdirlər", - deyə Nazlı vurğulayıb. 

İstənilən halda Türkmənistan özünü çox pis vəziyyətə salıb. Əgər bu ölkənin prezidenti arbitrajdan imtina edərsə, özünün qeyri-ciddi siyasətçi və dövlət başçısı olduğunu göstərər. Məhkəməyə üz tutanda isə Avropanın və ABŞ-ın narazılığı ilə üzləşər, Azərbaycanla münasibətləri kəsilər. Görəsən, bu cür oyunbazlığa dəyərdimi? 



MƏSLƏHƏT GÖR:

497