
İTKİLƏR QAZANCDAN ÇOXDUR
Rusiya ilə Gürcüstan arasında yaşanmış müharibədən 1 il ötsə də, tərəflər normal siyasi dialoq qurmaq fikrindən hələ də çox uzaqdırlar
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Gürcüstanın ərazi bütövlüyünü bərpa etmək və Güney Osetiyada separatçı rejimin fəaliyyətinə son qoymaq istəyi Rusiyanın ona qarşı hərbi əməliyyatlar keçirməsinə səbəb oldu. Moskva bu addımını "Güney Osetiyada yaşayan vətəndaşları"nın və qiyamçı muxtariyyət ərazisində xidmət çəkən sülhməramlılarının müdafiəsi kimi təqdim etdi. Əməliyyatlar zamanı Rusiya ordusu, demək olar ki, Tbilisiyədək irəlilədi və yalnız ABŞ-ın, Avropa İttifaqı, xüsusilə barışığın əldə edilməsində son dərəcə vacib rol oynayan Fransa prezidenti Nikolya Sarkozinin müdaxiləsi hərbi əməliyyatların qarşısını ala bildi. Müharibənin əsas siyasi nəticəsi isə Rusiyanın Güney Osetiya ilə Abxaziyanın müstəqilliyini tanıması və Moskva ilə Tbilisi arasında diplomatik münasibətlərin pozulması oldu.
Zaman isə göstərdi ki, hər iki tərəfin müharibə zamanı itirdikləri, qazandıqlarından qat-qat çox oldu.
Gürcüstan ordusuna qarşı hərbi əməliyyatlarda əldə edilən uğura, Tbilisinin Güney Osetiya ətrafından uzaqlaşdırılmasına və başlıcası keçmiş gürcü muxtariyyətlərındə geostrateji baxımdan möhkəmlənməsinə baxmayaraq, Rusiya Gürcüstana təsir imkanlarını daha da gücləndirəcəyinə olan ümidlərini tamamilə əldən vermiş oldu. Tarixdə pravoslav xalqları arasında yaşanmış ilk müharibə ona gətirib çıxardı ki, bir vaxtlar "Rusiya Avrasiyası"nın ən cəlbedici ərazilərindən hesab olunan Gürcüstan birdəfəlik Avroatlantik dünyaya tərəf istiqamət götürdü.
Avroatlantik dünya isə sanki elə bunu gözləyirmiş. Müharibədən sonrakı bir il ərzində o, Tbilisini özünə tərəf daha çox çəkmək üçün bir sıra tədbirlər gördü. Bu baxımdan Amerika ilə Gürcüstan arasında strateji əməkdaşlığa dair Xartiyanın qəbulu və Qərbin bu ölkəyə tam siyasi və maliyyə dəstəyini xatırlamaq kifayətdir. Bunlar ABŞ və Avropa İttifaqının prosesləri diqqətdə saxladığını və Gürcüstana qarşı avqust hadisələrinə oxşar təhlükənin təkrar yaranacağı təqdirdə, buna dərhal reaksiya verməyə hazır olduğunu göstərir. Qərb öz fəaliyyəti ilə nümayiş etdirir ki, o, Suxumi və Sxinvalinin beynəlxalq aləm tərəfindən tanınmasına birmənalı şəkildə müqaviməti davam etdirəcək. O, Rusiyanı öz qoşunlarını avqust münaqişəsindən əvvəl olduğu mövqeyə çəkməyə, yəni Gürcüstanın qiyamçı muxtariyyətlrındən çıxarmağa da çağırır.
Rusiya isə heç MDB-dəki müttəfiqlərini (o cümlədən, Belarusu da) belə Abxaziya və Güney Osetiyanın müstəqilliyini tanımağa razı sala bilmədi. Minsk Moskva ilə bir müddət əvvəl yaşanmış "süd müharibəsi"ndən sonra birmənalı şəkildə Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etdi.
Qiyamçı muxtariyyatlar ərazisində Rusiyanın hərbi qüvvələrinin hərbi bazalar formasında möhkəmlənməsinə gəlincə, Moskva buna yalnız Gürcüstanın mümkün revanş həmlələrinin qarşısının alınması tədbiri kimi yox, həm də Güney Qafqazda mövqelərinin zəifləməsinin, əvəzində isə Qərbin daha böyük üstünlük əldə etməsinin kompensasiyası kimi baxır. Rusiyanın ATƏT və BMT missiyalarının gürcü-abxaz münaqişə zonasında mandatının uzadılmasına veto qoymasına da bu kontekstdə yanaşılmalıdır.
Rusiyanın uğursuzluğunun daha bir aspekti Moskvanın istənilən formada əlaqədən imtina etdiyi Gürcüstan prezidenti Mixail Saakaşvilinin hakimiyyətini qoruyub saxlaya bilməsidir. Faktiki olaraq, Gürcüstanın Abxaziya və Güney Osetiyanı itirməsi gürcü liderinin nüfuzunda Moskvanın gözlədiyi geriləməyə səbəb olmadı. Kremlin məmnun ola biləcəyi yeganə məqam Qərbin artıq Gürcüstana (eləcə də Ukraynaya) ən yaxın zamanlarda NATO-ya üzv olacaq ölkə kimi daha baxmamasıdır. Lakin avqust müharibəsinin bu nəticəsi Rusiyanın strateji nailiyyəti yox, sadəcə taktiki qələbəsi sayıla bilər. Çünki Gürcüstan yenə də Şimali Atlantika Alyansının yaxın müttəfiqi sayılır və prinsipcə Tbilisinin qarşısında bu quruma üzvlüklə bağlı yaşıl işıq artıq yandırılıb.
Əlbəttə ki, Gürcüstanın müharibədən sonrakı durumu daha dramatikdir. Keçmiş muxtariyyatların birdəfəlik itirilməsi təhlükəsi fonunda Tbilisinin Qərbə inteqrasiyası prosesinin intensivləşməsi o qədər də ciddi təskinlik sayıla bilməz. ABŞ və Avopa İttifaqının Abxaziya və Güney Osetiyanın beynəlxalq aləm tərəfindən tanınmasına müqavimət göstərəcəkləri ilə bağlı vədləri hələ sonuncuların asanlıqla Gürcüstanın tərkibinə qayıdacağı demək deyil.
Beləliklə, ötən ilin avqustunda baş verənlərdən nə Moskva, nə də Tbilisi hansısa məmnunluq (qələbədən isə danışmağa belə dəyməz) duyur. Bəlkə, məhz buna görə Rusiya ilə Gürcüstanın yeni hərbi əməliyyatlarda maraqlı olmamasına rəğmən, tərəflər bir-birini ittiham etməkdə davam edirlər. Moskva Gürcüstanı Güney Osetiyaya nəzarəti bərpa etmək məqsədi ilə yeni hərbi əməliyyatlar planlaşdırmaqda şübhəli bilir. Tbilisi isə öz növbəsində Rusiyanın Saakaşvilini hakimiyyətdən devirməyə çalışacağı, Gürcüstanın Qərblə daha da yaxınlaşmasının qarşısını almaq məqsədi ilə bu ölkəyə hücum edə biləcəyindən ehtiyatlanır. Rusiya və Gürcüstanda bu fobiyalar tərəflərin hərbi hazırlığını artırması fonunda inkişaf edir.
Tərəflər arasında gərginliyin yeni dalğası bu ilin aprelindən müşahidə edilməkdədir. Rusiya Gürcüstan ərazisində kəşfiyyat uçuşları keçirməklə yanaşı, Abxaziya və Güney Osetiyaya əlavə hərbi hissələr də yerləşdirir, Qara dəniz donanmasının gəmilərini Gürcüstan sahillərinə yaxınlaşdırır və bu hadisələrin kulminasiyası Güney Qafqazda genişmiqyaslı hərbi təlimlərə gətirib çıxaprdı. Təlimlər bu dəfə də federal qüvvələrlə yerli vahhabi qruplaşmaları arasında qarşıdurma ilə müşayiət olundu.
Daha sonra Rusiyaya məxsus nəhəng hərbi qüvvələr "Qafqaz-2009" təlimlərində iştirak məqsədi ilə Gürcüstan sərhədlərinə yaxın ərazilərdə yerləşdirildi. Bu zaman Tbilisi və onun Qərbdən olan müttəfiqləri ötən ilin avqustundakı müharibənin də məhz bu cür təlimlərlə başladığını xatırladır. Bu isə Rusiya-Gürcüstan münaqişəsinin ildönümü ərəfəsində emosiyaları daha da coşdurub. Özü də Moskvada baş tutmuş Dmitri Medvedev-Barak Obama danışıqları bu gərginliyi azalda bilmədi və mehriban atmosferdə keçən danışıqlarda dövlət başçıları məsələyə səthi yanaşmaqla kifayətləndilər.
Lakin istənilən halda, Birləşmiş Ştatların yalnız prezident Barak Obama yox, həm də vitse-prezident Cozef Bayden və dövlət katibi Hillari Klinton tərəfindən ortaya qoyulan mövqeyi göstərir ki, Vaşinqton birmənalı olaraq, Moskvanın Tbilisiyə istənilən formada təzyiq göstərməsinə qarşıdır.
Rusiya isə buna cavab olaraq, sözügedən məsələdə okeanın digər tərəfindəki fövqəldövlətin göstərişlərinə ehtiyac duymadığını nümayiş etdirir. Obama ilə görüşdən bir neçə gün sonra Güney Osetiyaya səfər edən Medvedev bildirib ki, burada onun ölkəsinə məxsus hərbi qüvvələrin dislokasiyası "zaman-zaman beynində axmaq planlar hazırlayan insanlara dəqiq siqnaldır".
Rusiya KİV-də isə Saakaşvili rejiminin Sxinvaliyə qarşı "yeni təxribatlar" hazırladığına dair məlumatlar gen-bol yer almağa başlayıb. Mətbuat hesab edir ki, Tbilisi münaqişənin hərbi yolla həllinə bir daha cəhd göstərə bilər.
Avqust müharibəsinin ildönümünə lap az müddət qalmış Sxinvali rəhbərliyi də "dövlət"in bəzi bölgələrinin Gürcüstan tərəfindən minaatanlardan atəşə tutulduğunu bəyan edib. Rəsmi Tbilisi isə Rusiyanı Güney Osetiyanın rusiyalı sərhədçilər tərəfindən mühafizə olunan sərhədlərini Gürcüstan ərazilərinə tərəf genişləndirməyə cəhddə günahlandırıb.
Bütün bunların fonunda avqust hadisələrinin təkrarlanmayacağına zəmanət, yəqin ki, yalnız Rusiya ilə Gürcüstan arasında dialoqun başlanması olardı. Hazırki şəraitdə isə bunun çox çətin olduğu aydındır - hazırda münaqişə tərəfləri sərt, kompromissiz mövqedən çıxış edir, öz geosiyasi iddialarına əsaslanırlar. Rusiya üçün bu, Güney Qafqaza, daha geniş anlamda isə bütünlükdə postsovet məkanına ənənəvi təsir imkanlarının qorunub saxlanması, Gürcüstan üçün isə Qərb istiqamətində irəliləyişin, bir növ, ruporu rolunda təsdiqlənməsidir. Özü də bu zaman Tbilisini nə regional reallıqlar, nə də ölkənin Avroatlantika sisteminə qoşulmağa hazır olub-olmaması maraqlandırmır. Buraya Qafqazı bölgə üçün ölümcül ola biləcək sərhədlərin dəyişməsinə sürükləməyə çalışan qiyamçı rejimlərin iddialarını da əlavə etsək, durum aydınlaşar. Abxaziya Gürcüstanın tərkibində olmağı birmənalı şəkildə rədd edir və Kosovo kimi, müstəqillik istəyir (fərq yalnız Priştinanın arxasında Qərbin, Suxuminin arxasında isə Moskvanın dayanmasındadır).
Güney Osetiyaya gəlincə, o, ümumiyyətlə Rusiyanın tərkibinə daxil olmaq istəyindədir.
Bu cür məyusedici durum, təəssüf ki, nə Gürcüstanın qiyamçı muxtariyyatları ətrafında situasiyanın normallaşacağına, nə də Moskva ilə Tbilisi arasında dialoqun qurulacağına ümid yeri qoyur.
İstənilən halda, hər iki ölkə ilə dostluq və strateji tərəfdaşlıq münasibətlərində olan, Güney Qafqazın, şübhəsiz, lideri rolunda çıxış edən Azərbaycan da Rusiya ilə Gürcüstanı dialoq qurmağa çağırır.
MƏSLƏHƏT GÖR: