14 Mart 2025

Cümə, 22:36

UNITY IN DIVERSITY - "MÜXTƏLİFLİKDƏ VƏHDƏT"

"Böyük səkkizlik"in Akvilada keçirilən sammiti bu formatda son görüş ola bilər

Müəllif:

15.07.2009

G8 ölkələrinin (İtaliya, ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, Yaponiya, Almaniya, Kanada)  İtaliyanın Akvila şəhərində  keçirilən sammiti tarixə yalnız ən asketiçnıy yox, həm də qurumun gələcəyi baxımından ən bədbin toplantı kimi düşəcək.

 

G20, yoxsa G14?

Əvvəlki illərdə "səkkizlik"lə bağlı belə bədbin fikirlər səslənirdi ki, bu klub getdikcə dünya hökuməti kimi nisbətən az qəbul edilir, daha çox digər dövlətlərlə kooperasiyaya, onlara məsləhət verməyə qaçır, G8 liderlərinin Braziliya, Çin, Hindistan, Meksika və CAR (G8-in analoqu kimi G5 adlandırılan ən inkişaf etmiş iqtisadiyyata malik dövlətlər) rəhbərləri ilə mütəmadi görüşlər keçirməsi məsələsi isə yalnız kağız üzərində qalır. Bu il isə ən çox səslənən fikir "səkkizlik"in genişləndirilməsidir.

Bəzi siyasətçilər, xüsusilə Almaniya kansleri Angela Merkel əmindir ki, “G20”-nin meydana çıxmasından sonra real effekt verəcək qərarların qəbulu imkanı məhz bu yeni birliyə keçəcək. Baş verənlər həm də qlobal maliyyə böhranının baş qaldırmasından sonra, sənaye baxımından inkişaf etmiş "böyük səkkizliy"in dünyadakı mövqeyini itirməyə başlaması ilə əlaqədardır.

Fransanın "Le Monde" qəzetinə müsahibəsində Braziliya prezidenti Luis İnasio Lula da Silva bildirib ki, "dünya iqtisadiyyatı üçün "səkkizlik"dənsə, daha geniş iştirakçıları olan beynəlxalq forumlar lazımdır".  Bu baxımdan, o, "Böyük iyirmilik" tərəfindən Londonda qəbul edilən qərarları çox yüksək qiymətləndirib. "G20" "G8" ilə müqayisədə daha əhəmiyyətli forumdur. Müvafiq olaraq, o, hazırkı böhranın reallıqlarına daha yaxındır", - deyə da Silva bildirib.

Qeyd etmək lazımdır ki, Akviledə keçirilən tədbirin bəzi məqamlarında sammit iştirakçılarının sayı, faktiki olaraq, 30-dək yüksəlib (buraya G5, Afrika ölkələri, BMT, BVF, DB və s. kimi beynəlxalq qurumların nümayəndələri də qatılıblar). 

Sonradan isə G14 formatından (G8 + G5 + Misir ərəb, Afrika və müsəlman dövləti kimi )  danışılmağa başlanılıb. 

"Dünyanın rəhbərliyi inkişaf etməlidir. Biz dünyanın taleyini həll edən qərarların qəbuluna məsələn, Hindistan kimi bir milyard əhalisi olan ölkəni necə cəlb etməyə bilərik? Biz iki qrupu - G8 və G5-i, üstəlik, Misiri birləşdirmək istəyirik. Və bunu mümkün qədər tez etməliyik", - deyə Fransa prezidenti Nikolya Sarkozi bildirib.

İtaliyanın baş naziri Silvio Berluskoni də eyni cür düşünür: "Hesab edirəm ki, gələcəkdə G14 dünyanın əsas aparıcı qüvvələrindən birinə çevrilə, bütün dövlətlərin hökumətləri qarşısında dayanan problemləri effektiv şəkildə həll edə bilər".

ABŞ prezidenti Barak Obama da G8-in genişlənməsinə qarşı deyil. Bu, artıq "seçilmişlər klubu" deyil və əgər qlobal iqtisadi böhran "səkkizlik" liderlərini aşkarlığa sövq edibsə, yəqin ki, bunun da öz müsbət tərəfləri  var.

Bununla yanaşı, əlbəttə ki, əks mövqelər də mövcuddur - "səkkizliy"in indiki formatının qorunub saxlanmasına tərəfdar olanlar bu mövqelərini onunla izah edirlər ki, iştirakçıların çoxluğu və aşkarlıq hələ səmərəliliyə zəmanət vermir. Misal kimi, ən azı, BMT-ni göstərmək olar.

 

Jurnalistləri incitməyin!

Əlbəttə ki, G8-in effektliyinə ümidlər məsələsində onun liderlərinə olan inamın da müəyyən rolu olub. Bu məsələdə, yəqin ki, yalnız Barak Obama nə iləsə öyünə bilər: təsadüfi deyil ki, çoxları Akvile sammitinin aparıcı simasının məhz Obama olduğunu düşünür. 

Forumun sonunda liderlər qonaqpərvərlik və yüksək səviyyəli təşkilatçılığa görə İtaliyanın baş naziri Silvio Berluskoniyə minnətdarlıq ediblər. Buna baxmayaraq, sammitin təşkilatçılığının elə də yüksək səviyyədə olmadığına dair fikirlər də səslənir.

Zəlzələdən əziyyət çəkmiş şəhərdə sammitin keçirilməsi ideyası diqqəti buranın problemlərinə yönəltmək baxımından, əlbəttə ki, müdriklik və yenilik sayıla bilər. Amma bunun mənfi tərəfləri də oldu. Berluskoninin əsas səhvi isə tədbiri işıqlandıran jurnalistlərin rahatlığının pozulması idi:  sammitdən reportaj hazırlayan KİV təmsilçiləri özlərinin yazdıqları kimi, şəhər kənarında, "spartalıların şəraitinə yaxın vəziyyətdə" saxlanılıblar. Onların qaldıqları otaqlarda nə televizor, nə soyuducu, nə də kondisioner olub. Nəticədə bir sıra Qərb KİV-i italiyanların "səkkizlik"dəki yerini şübhə altına alaraq, onun əvəzinə quruma İspaniyanın qəbul edilməsi təklifi ilə çıxış ediblər.

Bu işdə Silvio Berluskoni ətrafında yaşanan qalmaqal da öz rolunu oynayıb. Əksər dairələrin fikrincə, baş nazir özünü ciddi siyasətçidən çox, şoumen kimi aparır. İtaliya hökuməti başçısının reytinqi yerli mətbuatda onun 18 yaşlı Noemi Letisianın ad gününə həsr edilmiş axşamda iştirak etməsi, həmçinin Berluskoninin Roma və Sardiniyadakı villalarında yarıçılpaq qadınların şəklinin dərcindən sonra xeyli dərəcədə aşağı düşüb. Bir qədər sonra isə mətbuata o da məlum oldu ki, villalara gələn qızlar, buradakıları əyləndirmək müqabilində pul da alıblar. Nəticədə 72 yaşlı baş nazirin həyat yoldaşı Veronika Lario ərindən boşanmaq qərarı verib. 

Əlbəttə, ola bilər ki, baş verənlər Berluskoninin biznes və ya siyasi rəqiblərinin işidir. Amma istənilən halda, bu hadisənin baş nazirin ciddi siyasətçi imicinə güclü təsir göstərdiyinə şübhə yoxdur. Üstəlik, bu qalmaqal sammitin özünə yanaşmanı da qeyri-ciddi edib.

Akviledə Maliyyə Qvardiyası məktəbinə məxsus ərazidəki kazarmalarda qalan dövlət və hökumət başçıları da geniş rahatlıqdan məhrum olsalar belə, hər halda, onların otaqlarında kondisioner olub. Maraqlıdır ki, Akvile ətrafında hələ də yeraltı titrəmələrlə əlaqədar qonaqların hər birinin qaldığı otağa seysmik fəallığı qeydə alan qurğular yerləşdirilibmiş.

Razılaşın ki, bütün bu sadalananlar  hazırda dünya iqtisadiyyatında yaşananlarla bənzərlik təşkil edir...

 

Sentyabra qədər  gözləyək...

G8 liderləri yenə də böhranın hazırkı mərhələsi və onun sona yaxınlaşıb-yaxınlaşmaması ilə bağlı müəyyən qərara gələ bilməyiblər. Düzdür, sammit iştirakçıları onun, bəlkə də, yaxın vaxtlarda sona çatacağına dair pozitiv siqnallar verməyə çalışıblar. Lakin "müəyyən sabitləşmə əlamətləri"nə baxmayaraq, iqtisadi perspektiv yenə də qeyri-müəyyən adlandırılıb və böyük risklərin qaldığı bildirilib. Bu səbəbdən də toplantıda belə qənaətə gəlinib ki, stimullaşdırıcı proqramlardan imtina olunması hələ çox tezdir.

"Böyük səkkizlik" liderləri maliyyə institutlarının şəffaflığının təmin edilməsini vacib adlandırıb, həmçinin himayəçiliyə qarşı mübarizənin əhəmiyyətini vurğulayıblar. Onlar öz bazarlarını açıq saxlayacaqlarına, investisiyalar və ticarətə azadlıq verəcəklərini də vəd ediblər. Bundan başqa, rəqabətli valyuta devalvasiyasından uzaq olmaq da qərara alınıb.

Bütün bunlarla yanaşı, İtaliyadakı sammitdə dünya iqtisadiyyatı ilə bağlı hər hansı ciddi qərarlar qəbul edilməyib: bu qərarların qəbulu sentyabrda Pittsburqda keçiriləcək G20 sammitinədək təxirə salınıb. 

İtaliya toplantısında toxunulan daha bir mövzu valyuta ehtiyatları ilə bağlı olub. Sammitin yekunlarına dair keçirilən mətbuat konfransında, ideyanın əsas müəlliflərindən olan Rusiya prezidenti Dmitri Medvedyev bu məsələyə xüsusi diqqət ayırıb: "Biz daim ehtiyat valyutaların sayına, o cümlədən, rublun da buraya daxil edilməsinə dair müzakirələri diqqətdə saxlayırıq".

Rusiya prezidenti jurnalistlərə ona hədiyyə edilmiş vahid valyutanın "test nümunəsini" (united future world currency) - Unity in Diversity ("Müxtəliflikdə vəhdət") şüarlı sikkəni də jurnalistlərə nümayiş etdirib. Medvedyevin sözlərinə görə, bu, belə məsələlərin birlikdə çözülməsinin özünəməxsus rəmzidir: "Çox güman ki, gələcəkdə buna oxşar nəsə yaranacaq".

Beləliklə, bütün yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, dünya liderləri hələ bu və ya digər iqtisadi problemi hansı formatda çözməli olmalarına dair qərara gələ bilməyiblər. Bunu "səkkizliy"in bir hissəsi olan, onun BRHÇ-lə (Braziliya, Rusiya, Hindistan, Çin) əməkdaşlığından söhbət gedən zaman özünü tamamilə başqa cür aparan Rusiyanın nümunəsində görmək mümkündür.

Bununla yanaşı, G8 ölkələri neftin ədalətli qiyməti - barreli 70-80 dollar - haqda razılığa gəliblər. İnformasiya agentliklərinin məlumatına görə, Akviledəki sammitin start götürdüyü gün - iyulun 8-də neftin 1 barrelinin qiyməti 61 dollar təşkil edib.

Yeri gəlmişkən, ötən yay neftin 1 barrelinin qiyməti 140 dollardan baha olduğu zaman "səkkizlik" liderləri enerji daşıyıcılarının qiymətinin sürətlə artmasından son dərəcə narahat olduqlarını bildirmişdilər. O zaman Rusiyanın "Qazprom" şirkətinin rəhbəri proqnozla çıxış edərək, 2008-ci ilin sonlarına Avropada qazın qiymətinin min kubmetrə görə 500 dollara çatacağını, neftin barrelinin 250 dollar olacağı  təqdirdə isə "mavi yanacağ"ın min kubmetrinin 1000 dollara çata biləcəyini söyləmişdi. Lakin hər şey fərqli oldu və qışda neftin 1 barrelinin qiyməti 40 dollara düşdü.

 

İldən-ilə

Ümumiyyətlə, iqtisadi böhran mövzusunu nəzərə almasaq, sammitin gündəliyi ənənəvi xarakter daşıyırdı: Afrikaya yardım, terrorizm və qlobal istiləşmə ilə mübarizə, nüvə silahlarının yayılmasının qarşısının alınması, İranın nüvə proqramı ətrafındakı böhran, Şimali Koreyanın nüvə və ballistik raket sınaqları.

Bütün bunları müşahidə edəndə adamda qəribə bir ovqat yaranır: axı, G8-in gündəminə nəzər salanda belə təsəvvür formalaşır ki, dünyada ildən-ilə heç nə dəyişmir. Əgər belədirsə, onda bu bahalı forumlara nə ehtiyac var? Bu dəbdəbəli sammitlər yalnız növbəti dəfə bir dəstə bəyannamə qəbulu və niyyətlərin ortaya qoyulması üçünmü lazımdır? Doğrudanmı, "səkkizlik" ölkələrinin Şimali Koreyanın BMT Təhlükəsizlik Şurasının sanksiyalarına (beynəlxalq siyasətin daha bir "effektiv" aləti) məhəl qoymamasını pisləyən bəyanatı Pxenyana təsir göstərəcək? Eyni sözləri "düşünmək üçün" növbəti  - bu dəfə G20 sammitinədək  - vaxt alan İran haqda da söyləmək olar. "O vaxtadək irəliləyiş əldə edilməsə, biz tədbir görməli olacağıq", - deyə həmkarlarının adından açıqlama verən Fransa prezidenti Nikolə Sarkozi bildirib. 

Amma belə bəyanatlar indiyədək Qərb liderlərinin dilindən dəfələrlə səsləndirilib, iranlılar isə buna cavab olaraq, "dişlərini qıcayır" və sakitcə öz işi ilə məşğul olmaqda davam edirlər. Düzünə qalsa, dünya birliyinin İranla bağlı bu "narahatlıq bəyanatları" artıq hamını yorub.

"Səkkizlik" ölkələrinin İranda keçirilmiş son prezident seçkisindən sonra yaşananlarla bağlı mövqeyi də Tehrana hələ Akvile sammitindən əvvəl bəlli idi və odur ki, İran buna qarşı mövqeyini çoxdan müəyyənləşdirmişdi.

Digər tərəfdən, ABŞ-la Rusiyanın İranla bağlı fərqli mövqelərə malik olduğu şəraitdə burada necə vahid yanaşma ortaya qoymaq olar? İran Moskva ilə Vaşinqtonun Yaxın Şərqdəki situasiyadan tutmuş Xəzər regionundakı enerji layihələri, Amerikanın Şərqi Avropada Hava Hücumundan Müdafiə sistemlərinin yerləşdirilməsi planının da daxil olduğu nəhəng geosiyasi "oyun"unun bir hissəsidir. Və bu məsələnin G8-ə heç bir dəxli yoxdur.

"The Times" hesab edir ki, Mahmud Əhmədinejadla danışıqların vacibliyi haqda söhbətlərin heç bir mənası yoxdur - bu işdə sanksiyalar və sərt diplomatiya lazımdır. Lakin Amerika siyasətçilərinin son bəyanatları göstərir ki, onlar hələ Tehranla bağlı konkret addımlarını müəyyənləşdirməyiblər: ya ilkin şərt olmadan dialoq kursu təklif edilir, ya sanksiyaların sərtləşdirilməsinin vacibliyi bildirilir, ya da İsrailə İranın nüvə obyektlərinin bombalanması üçün "yaşıl işıq" yandırılmasından danışılır.

Eyni fikirləri Afrika haqda da söyləmək olar. Bu qitəyə mütəmadi olaraq maliyyə yardımları ayrılsa da, yaxşıya doğru heç bir dəyişiklik yoxdur. Aparıcı dövlətlərin liderləri yalnız danışmaqla məşğul olduğu, jurnalistlərin isə qaldıqları otaqlarda kondisionerlərin olmamasından şikayətləndiyi bir vaxtda  Qara qitədə günün - günorta çağı körpə uşaqlar aclıq və dəhşətli xəstəliklərdən tələf olurdular. Əlbəttə, bu sözlərin pafoslu səsləndiyini söyləmək, misal kimi isə Afrika əhalisinə yardım edən çoxsaylı beynəlxalq humanitar təşkilatları göstərmək olar. Lakin bütün bunlar "dənizdə bir damladır". Dünya ictimaiyyəti hətta Somali quldurları ilə mübarizədə belə təsiredici vasitələr seçə bilmir. "Kalaşnikov" avtomatları ilə silahlanaraq adi qayıqlarda üzən müasir dəniz quldurlarına qarşı dünyanın aparıcı fövqəldövlətlərinin fəxri olan esmineslər göndərilir.

Yeri gəlmişkən, İtaliyanın sabiq baş naziri, BMT-nin Afrikada sülhün dəstəklənməsi üzrə komissiyasının rəhbəri Romano Prodi bildirib ki, Qara qitənin problemlərini Afrika institutlarına daha dərindən müdaxilə etmədən çözmək mümkün deyil. O, Afrika institutları deyərkən Afrika Şurası və müxtəlif regional qurumları nəzərdə tutub. Bununla yanaşı, Prodi BMT Təhlükəsizlik Şurasının martın 18-də keçirilən toplantısındakı çıxışı zamanı bildirib ki, BMT komissiyasının qərarların qəbulunda Afrika Şurasının rolunun artırılması ilə bağlı çağırışına heç də bütün nüfuzlu dövlətlər maraq göstərməyib. "Mən hiss edirəm ki, belə müqavimət müstəmləkəçilik əxlaqını xatırladır. Bu, həm Afrikanın, həm də bütünlükdə dünyanın gələcəyi üçün təhlükəlidir", - deyə Prodi qeyd edib.

Bu yerdə qeyd etmək lazımdır ki, Akvilada Ərzaq Təhlükəsizliyi Təşəbbüsünə dəstək verilib və bu məqsədlə 20 milyon dolların ayrılması nəzərdə tutulub. Məbləğ 3 il ərzində planetin yoxsul ölkələrində kənd təsərrüfatının dəstəklənməsinə xərclənəcək.

İqlim dəyişikliyi ilə mübarizə sahəsində isə irəliləyişin olduğu qeyd edilib. Ancaq bunun heç də bütün ekspertlər tərəfindən sevinclə qarşılandığını söyləmək mümkün deyil. Kiotsk müqaviləsinin müddətinin tezliklə bitəcəyi ilə əlaqədar olaraq, "səkkizlik" ölkələri 2050-ci ilə atmosferə karbon qazının atılmasının 80% azaldılması haqda qərar qəbul ediblər. Güman olunur ki, bu, havanın yaxın 40 ildə 2 dərəcədən artıq istiləşməsinə imkan verməyəcək. Böyük Britaniyanın baş naziri Qordon Braunun sözlərinə görə, bu "tarixi qərar" "dekabrda Kopenhagendə iqlim dəyişiklikləri ilə bağlı keçiriləcək beynəlxalq konfransa uğurlu yol açır".

Bütün bu qərarların maliyyə özülü haqda hər hansı açıqlama verilmir. Atmosferə çirkli tullantıların əsas mənbəyi olan Hindistan və Çinlə bundan sonra necə davranılacağı haqda da heç bir məlumat yoxdur. Pekinlə Dehli mövqelərini belə əsaslandırırlar ki, öz sənayelərini inkişaf etdirməlidirlər. Qərb dövlətləri isə artıq bu mərhələni geridə qoyduğundan, tamamilə başqa mövqedən çıxış edirlər.

Yeri gəlmişkən, Rusiya artıq bəyan edib ki, istənilən halda onun bu məsələdə "səkkizlik"dəki tərəfdaşları ilə "daban-dabana getməsi" mümkün olmayacaq. Kanadada da ruh yüksəkliyi o qədər güclü deyil.

Sevindirici olanı yalnız ABŞ-ın yeni prezidenti Barak Obamanın ekoloji problemlərə Corc Buşdan daha böyük diqqət ayırmasıdır. İndi bu prosesin reallıqda da ölü nöqtədən yavaş-yavaş tərpənəcəyinə, dünya ölkələrinin sonsuz ticarətdən, nəhayət, əməli işə keçəcəyinə və bunu "2050-ci ilədək" olan uzaq perspektivdə yox, yaxın zamanlarda edəcəyinə ümid bəsləmək qalır. Axı, əksər ekspertlərin proqnozlarına görə, qlobal istiləşmənin nəticəsi bəşəriyyət üçün terrorizm təhlükəsindən daha ağrılı ola bilər.

Bu haqda şahzadə Çarlzın dedikləri də kifayət qədər maraqlıdır. "The Independent" qəzetinin yazdığına görə, Britaniya şahzadəsinin oğlu bildirib ki, "kapitalizm və istehlakçı cəmiyyətin günahı ucbatından dünya iqtisadi və ekoloji faciə ilə üz-üzə qalıb". Çarlz hesab edir ki, planeti ekoloji kollapsdan xilas etmək üçün, ən uzağı, 8 il vaxt qalıb. 

Qeyd edək ki, Çarlzın ekologiya məsələləri üzrə məsləhətçiləri arasında tanınmış ətraf mühit müdafiəçiləri də var.

Sammitin daha bir pozitiv məqamı kimi "səkkizliy"in Barak Obamanın 2010-cu ilin martında Vaşinqtonda nüvə təhlükəsizliyi ilə bağlı yüksək səviyyəli beynəlxalq görüşün keçirilməsi ideyasının dəstəkləməsini göstərmək olar. Həmin tədbirdə parçalanan materiallar və ixtisaslaşdırılmış ləvazimatların "qara bazarı"nın qarşısının alınması, onların daşınmasının üzə çıxarılması, həmçinin hüquq-mühafizə orqanları tərəfindən ələ keçirilməsi məsələləri müzakirə ediləcək. G8 parçalanan materialların istehsalını qadağan edən müqavilənin hazırlanması üzrə tezliklə danışıqlara başlamaq ideyasını da dəstəkləyib.

Azərbaycan üçün sözügedən sammitin ən vacib məqamı Akviledə ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələr - ABŞ, Rusiya və Fransanın Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat qəbul etməsidir. "Biz vasitəçilərimizə Ermənistan və Azərbaycan prezidentlərinə 2007-ci ilin Madrid sənədinin yenilənmiş variantını təqdim etməyi tapşırmışıq. Orada əsas prinsiplər Helsinki Aktında da nəzərdə tutulmuş səmərəli kompromisə əsaslanır. Bu prinsiplər güc tətbiq etməmək, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetməsidir. Bu əsas prinsiplərin Ermənistan və Azərbaycan tərəfindən qəbulu ümumi həllə nail olmağa, gələcəkdə Ermənistan və Azərbaycanda sülh, sabitlik və çiçəklənməni təmin etməyə imkan verəcək. Biz Ermənistan və Azərbaycan prezidentlərini israrla aralarındakı fikir ayrılıqlarını çözməyə, münaqişənin yekun həllində əks olunacaq bu əsas prinsiplər üzərində razılıq əldə etməyə çağırırıq", - üç prezidentin birgə bəyanatında belə deyilir. İtaliyada Qarabağ mövzusuna müraciət edilməsi bu münaqişəyə dünya ictimaiyyətinin diqqətinin göstəricisidir və bu, problemin yaxın zamanlarda çözüləcəyinə ümid yaradır.

Analitiklər güman edirlər ki, Akvile sammiti G8-in son sammiti ola bilər. Düzdür, yəqin ki, ilk mərhələlərdə "səkkizlik" G14 və G20-nin tərkibində də fərqlənəcək. Amma dünya problemlərinin həllinə daha geniş tərkibdə yanaşılmasının qlobal təhlükəsizliyə əlavə töhfə verəcəyinə şübhə yoxdur. 

Bir sözlə, qlobal maliyyə böhranının daha bir xeyirli cəhəti var: o göstərdi ki, dövlətlər nə qədər parçalansa və ayrı-ayrı ittifaqlarda birləşsələr də, biz hamımız bir qayıqdayıq.



MƏSLƏHƏT GÖR:

434