15 Mart 2025

Şənbə, 00:43

"YENİDƏNYÜKLƏNMƏSAYAĞI"

Kremllə Ağ ev arasında fikir ayrılığı qalır, amma yeni "soyuq müharibə" olmayacaq

Müəllif:

15.07.2009

İyulun 6-7-də Barak Obamanın ABŞ prezidenti kimi Rusiyaya ilk səfəri baş tutdu. Bu səfərə olduqca böyük önəm verilirdi. Çünki Obamanın səfəri Amerika-Rusiya münasibətlərində yaranmış anlaşılmazlıq və qarşılıqlı inamsızlıq, qlobal və regional siyasətlə bağlı bir sıra məsələlərdə kəskin fikir ayrılıqları, ilk növbədə, təhlükəsizlik kimi həssas bir məsələdə fərqli yanaşmalar fonunda baş tuturdu. Ötən ilin avqustunda Gürcüstanla yaşanmış müharibədən sonra analitiklər sanki yeni "soyuq müharibə" təhlükəsinin yarandığını bildirirdilər. Kreml və Ağ evə yeni və gənc rəhbərlərin gəlməsindən sonra isə onların qarşısında duran əsas vəzifələrdən biri ikitərəfli münasibətlərdə yığılıb-qalmış problemlərin aradan qaldırılması idi.

Bu prosesin başlanğıcını ABŞ-ın dövlət katibi Hillari Klinton Vaşinqtonda rusiyalı həmkarı Sergey Lavrovla görüşdə ona üzərində "reset", yəni "yenidənyüklənmə" yazılmış rəmzi düyməni hədiyyə etməklə qoydu. Barak Obama isə hələ seçkiqabağı dövrdə ABŞ-Rusiya münasibətlərində həmin düyməyə basmağın vacibliyini bildirmişdi.

Daha sonra ABŞ və Rusiya liderləri Londondakı "iyirmilik" sammitində tanışlıq görüşü keçirdilər və həmin görüşdə Obamanın iyulda Moskvaya nəzərdə tutulmuş səfəri zamanı diqqət mərkəzində olacaq məsələlər müəyyənləşdirildi.

ABŞ-Rusiya münasibətlərinin əsas xüsusiyyəti  bu münasibətlərin, demək olar ki, tam şəkildə təhlükəsizlik və geosiyasi problemlərlə əlaqəli olmasındadır. Rusiya ilə Avropa İttifaqı və ya ABŞ-la Çinin münasibətlərindən fərqli olaraq, Vaşinqtonla Moskvanı o qədər də böyük iqtisadi-ticari, mədəni və elmi əlaqələr birləşdirmir. KİV -də bir məqam ayrıca  nəzəri cəlb edir, o da amerikalıların Rusiyaya diqqətinin  azalmasıdır. İranla Şimali Koreyanın nüvə iddiaları, həmçinin Moskvanın Əfqanıstana yük tranzitinə dəstək mövzuları olmasaydı, keçmiş fövqəldövlətlə Vaşinqtonun müzakirə edəcəyi heç bir məqam qalmayacaqdı. Öz növbəsində Rusiyada da son zamanlar antiamerika əhval-ruhiyyəsi xeyli  güclənib. Rusiyalı analitik  Dmitri Trenin hesab edir ki, Moskvanın ABŞ-dan bilavasitə tələbləri üç tezisdə əksini tapır: bizim bostanımıza girməyin (postsovet məkanı nəzərdə tutulur), qlobal HHM sistemi qurmayın (xüsusilə bizim yanımızda) və bizə fövqəldövlət kimi  hörmət edin.

Belə qənaətə gəlmək olar ki, Barak Obamanın səfəri tərəflər arasında yığılıb qalmış problemlərin heç də hamısını həll etmədi. Amerika lideri Dmitri Medvedevlə görüşdü, Rusiyanın geniş təsir imkanlarına malik baş naziri Vladimir Putinlə danışıqlar apardı, Rusiya müxalifəti və ictimaiyyət nümayəndələrini qəbul etdi. Tərəflər bir-birinin ünvanına nəzakətlə təriflər söylədilər. Bir sözlə, səfər pozitiv və konstruktiv atmosferdə keçdi. 

Əldə edilmiş nəticələr sırasında Rusiya və ABŞ prezidentlərinin imzaladıqları birgə bəyanatı göstərmək olar. Sənəddə deyilir: "Bizim ölkələrimiz qarşılıqlı hörmət və maraqların nəzərə alınması əsasında strateji münasibətlərin möhkəmlənməsi üçün optimal yolların axtarışını fəallaşdırır. Biz öz ekspertlərimizə XXI əsrin ballistik raket təhlükələrinin analizi ilə bağlı birgə iş aparmağı, siyasi-diplomatik üsulların prioritet olduğu müvafiq tövsiyələrin hazırlanmasını tapşırmışıq".

Prezidentlər strateji hücum silahlarının (SHS) ixtisarına dair də rəqəmləri razılaşdırıblar. Beləliklə, bundan sonra nüvə silahları təxminən iki dəfə azaldıla bilər (SHS-1 əsasında 6000, son danışıqlar çərçivəsində isə 1675 ədəd nüvə başlığı nəzərdə tutulub). Nüvə daşıyıcıları da faiz nisbətində xeyli azaldılır: prezidentlərin sammitində bu rəqəm 1100 müəyyənləşdirilib - SHS-1-də bu rəqəm 1600 idi. Məlum olduğu kimi, Barak Obama bu sahədə daha ciddi ixtisarlar istəyirdi, amma Moskvanın etirazı ilə qarşılaşdı.

Rusiya tərəfindən danışıqlar aparan şəxslər strateji silahların ixtisarını ABŞ-ın Şərqi Avropada HHM sistemi yerləşdirmək planı ilə əlaqələndirməyə cəhd göstərirdilər. Amerika tərəfi isə öz növbəsində Moskvanın bu narahatlığını yalnız İranın nüvə iddialarına qarşı  birgə yanaşma müqabilində nəzərə almağa hazır olduğunu bəyan edir.

Rusiya İqtisad Məktəbində (RİM) çıxış edən Obama deyib: "Mən bilirəm ki, Rusiya Avropada raketdən müdafiə sisteminin planlaşdırdığımız konfiqurasiyası ilə razı deyil. Mənim administrasiyam Amerika, Avropa və bütünlükdə dünyanın təhlükəsizliyinin təmini baxımından, bu məsələyə yenidən baxır. Qəti şəkildə bildirirəm ki, bu sistem İran tərəfindən potensial hücumun qarşısının alınmasına yönəlib və onun Rusiyaya heç bir aidiyyəti yoxdur. Bundan başqa, mən Rusiya ilə birlikdə raketəleyhinə müdafiənin arxitekturasını qurmamızı istərdim. Bu, bizim hamımızın təhlükəsizliyini artırardı. İran tərəfindən nüvə silahı və ballistik raket təhlükəsi aradan qaldırılarsa, Avropada HHM sisteminin yerləşdirilməsi zərurəti də olmayacaq. Bu, bizim ümumi maraqlarımıza uyğundur".

Hələ ki tərəflərin maraqlarının "ümumi məxrəc"ə gətirilməsi mümkün olmayıb. Lakin KİV-də belə informasiyalar yayılıb ki, Moskva ilə Vaşinqton İranın nüvə proqramı ilə bağlı əllərində olan kəşfiyyat materiallarını bir araya gətirmək, real təhlükəni birgə qiymətləndirmək və analiz etmək, daha sonra isə Qəbələ və Armavir RLS, həmçinin Türkiyə və ya İraqdakı raket əleyhinə sistemləri əhatə edən plan hazırlamaq barədə  razılığa gəliblər. Moskva ABŞ-a Rusiya ərazisindən Əfqanıstana hərbi texnika və şəxsi heyət daşımağa da razılıq verib. Şərt kimi isə, lazım gəldikdə, tranzit yüklərə baxışın keçirilməsinə icazə verilməsi nəzərdə tutulur. 

Bununla yanaşı, Əfqanıstana tranzit məsələsində Azərbaycanın əhəmiyyəti çətin ki, azalsın. Çünki beynəlxalq koalisiya, ən başlıcası isə ABŞ bu ölkədə əməliyyatların miqyasını xeyli artırmağı düşünür.

Rusiyalı analitiklər bildirirlər ki, Corc Buş administrasiyası ilə müqayisədə Obamanın rəhbərlik etdiyi administrasiyanın postsovet məkanında fəallığı azalıb və bu, Moskvanı sevindirməyə bilməz. Bu, siyasi kursa yenidən baxılması yox, mövcud imkanların real qiymətləndirilməsidir. Amma Kremlin ətraf ərazilərdə xüsusi hüquqlar əldə etmək arzusu ilə Amerikanın heç bir administrasiyası razılaşmayacaq. Moskva səfəri zamanı Barak Obama bir daha bəyan edib ki, ABŞ Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Ağ ev sahibinin bəyanatına reaksiya verən Gürcüstan prezidenti Mixail Saakaşvili isə bildirib ki, Obama bu açıqlaması ilə Gürcüstanı Rusiya ordusunun yeni təcavüzündən xilas etmiş oldu.

Qərb mətbuatı Obamanın Rusiyada prezident Medvedev və baş nazir Putinin timsalında ikili hakimiyyətlə dialoq və münasibətləri necə quracağına xüsusi diqqət ayırıb. Burada Amerikanın Medvedevlə iş birliyinə daha meyilli olduğu qeyd olunur. Obama isə Putinlə də saatyarımlıq görüş keçirib. Fox News telekanalına müsahibəsində o, Putinin "sərt, ağıllı, fərasətli, qeyri-sentimental və çox praqmatik insan" olduğunu söyləyib.  Bununla yanaşı o, etiraf edib ki, "bizim fərqli fikirlərimiz olduğu sahələrdə, məsələn, Gürcüstanla bağlı məsələdə tezliklə ortaq məxrəcə gələ bilməyəcəyik".

Putin isə görüşü müəyyən rəmzlərlə təşkil etməklə, öz ənənəsinə sadiq qalıb. Amerikalı qonağa samovarın üzərində "rus çəkməsi" nümayiş etdirilib, dəbdəbəli səhər yeməyi təklif olunub. Məlum olduğu kimi, Corc Buş administrasiyasının "demokratikləşdirmə" planları və onun "rəngli inqilab"lara dəstəyi Moskvanın və bir sıra digər ölkələrin Vaşinqtona münasibətinə mənfi təsir etmişdi. Demokratik dəyərlərə və insan haqlarına  prinsipial dəstəkdən imtina etməyən Barak Obama isə bu siyasətə əhəmiyyətli dəyişikliklər edib. O bildirib ki, Amerika digər ölkələrə hər hansı idarəetmə sistemi yeritməyəcək və yeridə bilməz. Ağ ev sahibi bəyan edib ki, digər dövlətləri idarə edəcək partiya və ya şəxsləri Vaşinqton seçmir.

Obamanın çıxışında daha bir tezis son dərəcə vacibdir: "Dövlət suverenliyi beynəlxalq düzənin təməl daşı olmalıdır. Necə ki bütün ölkələr öz rəhbərlərini seçmək, sərhədlərini qorumaq, həmçinin öz xarici siyasətini qurmaq hüququna malik olmalıdırlar. Bu həm Rusiya, həm də Birləşmiş Ştatlar üçün ədalətli yanaşmadır. Bu hüquqlara əsaslanmayan istənilən sistem anarxiyaya aparır. Bu prinsiplərin, Gürcüstan və Ukrayna da daxil olmaqla, bütün ölkələrdə yayılmasının vacibliyi bununla əlaqədardır. Amerika heç zaman hansısa digər ölkəyə zorla təhlükəsizlik tədbirləri sırımayacaq. İstənilən ölkə NATO-ya üzv ola bilər. Bunun üçün əhalisinin böyük hissəsinin istəyi, orada lazımi islahatların aparılması və həmin dövlətin alyansın missiyasına töhfə vermək iqtidarında olması lazımdır". 

Bu fikirlər o anlama gətirir ki, NATO-nun Şərqə doğru genişlənməsi prosesi dayandırılsa belə, Vaşinqton Moskvanın postsovet məkanında eksklüziv rolunu qəbul etmək niyyətində deyil.

Barak Obamanın Moskva səfəri zamanı Dağlıq Qarabağ mövzusuna birbaşa toxunulmayıb və heç bir yekun sənəddə bu haqda fikir yer almayıb. Prezidentlərin mətbuat konfransında da bu problem haqda fikir səsləndirilməyib. Lakin müzakirə edilmiş əsas məsələlər sırasında Qarabağ mövzusunun da olduğuna şübhə yoxdur. Sonrakı hadisələr göstərir ki, tərəflərin məsələyə dair  razılaşdırılmış mövqeyini İtaliyada keçirilən G8 sammitində açıqlamaq qərara alınıbmış. Məhz bu tədbir çərçivəsində həmin mövqe ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ölkələrin prezidentləri - Obama, Medvedev və Sarkozinin birgə bəyanatı kimi açıqlanıb.

Barak Obamanın Moskva səfərini ümumilikdə müsbət qiymətləndirmək olar. ABŞ-la Rusiya arasında fikir ayrılıqları tam aradan qaldırılmasa da, hər halda, yeni "soyuq müharibə" olmayacaq. Çünki qarşıdurmadan və rəqabətdən çəkilmə mürəkkəb regional problemlərin inam və əməkdaşlıq əsasında həlli şanslarını çoxaldır. Bundan isə yalnız Rusiya və ABŞ yox, regionun bütün xalqları və ölkələri qazana bilər.


MƏSLƏHƏT GÖR:

316