15 Mart 2025

Şənbə, 00:37

YEKATERİNBURQ MƏŞQİ

Şanxay əməkdaşlıq təşkilatı üzvlərinə mane olan faktorların sayı həddindən artıq çoxdur…

Müəllif:

01.07.2009

Uralın Yekaterinburq şəhərinin, Rusiya mətbuatının iddia etdiyi kimi, bir neçə günlüyə "dünya siyasətinin mərkəzi"nə çevrilməsi elə həmin  siyasətin bəzi təmsilçiləri  tərəfindən birmənalı qarşılanmadı. 

Rusiyada iki sammit keçirilib - iyunun 15-16-da Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) toplantısı, cəmi 1 gün sonra isə BRHÇ (Braziliya, Rusiya, Hindistan, Çin) sammiti.

ŞƏT-in Dövlət Başçıları Şurasının sayca doqquzuncu sammitində Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan prezidentləri, ÇXR-in sədri Xu Tsintao, həmçinin təşkilatın müşahidəçi dövlətlərinin təmsilçiləri - Hindistanın baş naziri M.Sinqh, İran prezidenti Mahmud Əhmədinejat, Pakistanın dövlət başçısı Ə.Zərdari və qonaq qismində Əfqanıstan prezidenti Həmid Kərzayi iştirak ediblər. 

Bəyan olunduğu kimi, onlar Yekaterinburqa "təhlükəsizlik və maliyyə sabitliyini təmin edən strukturlarda müşahidə olunan böhran fonunda  beynəlxalq münasibətlərin daha ədalətli və rasional arxitekturasını qurmaq üçün" toplaşmışdılar.

Sammitdə Şri-Lanka və Belarusa ŞƏT-lə dialoq üçün tərəfdaş statusunun verilməsi qərara alındı. Bununla yanaşı, xüsusi ekspert qrupu quruma yeni üzvlərin qəbulu qaydaları ilə bağlı sənəd layihəsi üzərində işi sürətlənəcək. Qurumun BMT, MDB, AvroAsiya İT və KTMT ilə praktiki əməkdaşlığının genişləndirilməsi istiqamətində işləri davam etdiriləcək.

Yekaterinburq forumunda müzakirə edilən ən vacib mövzulardan biri terrorçuluq, narkotrafik və mütəşəkkil cinayətkarlıqla mübarizə olub. Bundan başqa, ŞƏT üzvləri Strateji hücum silahlarının ixtisarına dair Müqavilə ilə əlaqədar ABŞ-la Rusiya arasında dialoqun başlanmasını alqışlayıb, dünya ictimaiyyətini Koreya yarımadasının silahlardan təmizlənməsi  üzrə danışıqlar prosesinin bərpasına səy göstərməyə (təbii ki, sanksiyalar tətbiq etmədən) və səbr nümayiş etdirməyə çağırıb, Əfqanıstandakı çətin vəziyyətdən narahatlığını bildiriblər.

İclasın yekununda qəbul edilmiş Yekaterinburq bəyannaməsində xüsusi olaraq qeyd olunur ki, "beynəlxalq sülhün qorunması, istisnasız olaraq, yalnız bütün dövlətlərin bərabər təhlükəsizliyinin təmini şəraitində mümkündür". 

Yeri gəlmişkən, bəzi Qərb mətbuatı bu bəyanatı ABŞ-ın Şərqi Avropada Hava Hücumundan Müdafiə (HHM) sistemi yerləşdirmək niyyətinə işarə kimi dəyərləndiriblər.

Bütün bunlarla yanaşı, dünya KİV-i üçün sammitin əsas məqamı başqadır - ŞƏT üzvləri dünyanın valyuta sisteminin yalnız dolların hesabına möhkəmləndirilməli olmadığını bəyan ediblər. Onlar hesab edirlər ki, bunu "ehtiyat valyutanın, məsələn, ŞƏT ölkələri arasında hesablama vahidi kimi vahid beynəlxalq  valyutanın dövriyyəyə buraxılması ilə etmək mümkündür. Bu ideya Çin lideri Xu Tszintaonu (dollar bu ölkənin valyuta ehtiyatlarında aparıcı rola malikdir), Medvedev və Nazarbayev kimi məmnun etməsə də, məsələ gündəmdə qalır. İndi onunla ekspertlər məşğul olacaqlar.

"ABŞ dolları öz funksiyasının öhdəsindən gələ bilmədi", - deyə D.Medvedev bildirib. 

N.Nazarbayev isə öz növbəsində məsələyə belə münasibət bildirib: "Regional və rezerv dünya valyutası kimi milli valyutadan istifadə   artıq çoxdan əhəmiyyətini itirib. Çünki bu sxemdə yeganə məqsəd  öz valyutasını təqdim edən ölkənin birtərəfli qaydada üstünlük əldə etməsinə yönəlib".

Qazaxıstan prezidenti əmindir ki, vahid milli hesablama pul vahidinin tətbiqi ŞƏT ölkələri arasında ticari-iqtisadi hesablaşmaların yaxşılaşdırılmasına imkan verəcək, qurumun iqtisadi potensialını artıracaq.

Bu mövzu BRHÇ sammitində də əsas yerlərdən birini tutub. Burada da qeyd olunub ki, "beynəlxalq maliyyə institutlarında islahatlar aparılmalı", "proqnozlaşdırılan və çoxşaxəli valyuta sistemi" yaradılmalıdır.

ŞƏT və BRHÇ sammitlərinə nəzər salan zaman aydın olur ki, bu birliklərə daxil olan dövlətlər hələ özləri də nə edəcəklərini, bu və ya digər təşəbbüsə nə dərəcədə ciddi yanaşılmalı olduqlarını dəqiq müəyyənləşdirməyiblər. Odur ki, keçirilmiş tədbirləri daha çox dünya ictimaiyyətinin bu və ya digər ideyaya reaksiyasını öyrənməyə hesablanmış "sınaq" saymaq olar.

"Quruma üzv dövlətlər dünya ictimaiyyəti ilə birlikdə daha ədalətli, bərabərhüquqlu, əhatəli və nizama salınmış beynəlxalq maliyyə düzənini yaratmağa cəhd etmək niyyətindədir. Bu düzən bütün iştirakçıların maraqlarının real nisbətini nəzərə almalı, bütün dövlətlərə qloballaşmanın üstünlüklərindən bərabər yararlanmaq imkanı verməlidir", - deyə ŞƏT Bəyannaməsində bildirilir.

Ticari-iqtisadi və investisiya əməkdaşlığına gəlincə, qurum sözügedən məsələyə müşahidəçi və dialoq üzrə tərəfdaş ölkələrin potensiallarını cəlb etməyi düşünür.

 Unutmaq olmaz ki, ŞƏT təhlükəsizlik sahəsində fəaliyyət göstərəcək qurum kimi yaradılıb və iqtisadi sahədə layihələr onu real olaraq möhkəmləndirə bilər. Məsələn, Pekin təşkilat üzvlərində qlobal maliyyə böhranının nəticələrinin aradan qaldırılmasına dəstək kimi 10 milyard dollar kredit ayırmağa hazır olduğunu bəyan edib.

D.Medvedev və X.Tszintao enerji sahəsində əməkdaşlığa dair dəyəri 100 milyardlarla dollar olan bir sıra razılaşmalara  imza atıblar. Burada da söhbət, əslində, hazırkı böhranla əlaqədar çətin durumda olan Rusiyanın neft və qaz şirkətlərinə Çin maliyyəsinin yatırılmasından gedir.

ŞƏT-in potensialından danışılan zaman, əsasən, bu quruma üzv dövlətlərin ümumilikdə ərazisinin, təxminən, 30 milyon 189 min kvadrat-kilometr (Avrasiya ərazisinin 3/5), əhalisinin isə 1,5 milyard nəfər (dünya əhalisinin 1/4) olmasına diqqət çəkilir. Yəni belə qurum heç bir halda çəkisiz və təsirsiz ola bilməz. Lakin əsas məsələ ondadır ki, bu dövlətlərin doğrudanmı ümumi məqsədləri var? Axı hətta çoxdan və kifayət qədər uğurla birləşmiş Avropa İttifaqında da bir çox fikir ayrılıqları qalır. Rusiya, Çin, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Tacikistan kimi fərqli (ölçü, potensial, imkanlar və siyasi quruluş baxımından) ölkələr haqda isə heç danışmağa da dəyməz.

ŞƏT haqda çox zaman belə bir fikir də yürüdülür ki, o, Moskva ilə Pekinin Qərblə rəqabət istəyinə əsaslanır və vaxt keçdikcə, təxminən, NATO-ya bənzər quruma çevrilmək məqsədi güdür. Müşahidəçilərin fikrincə, Yekaterinburq görüşü də istisna olmayıb - bu, daha çox, ABŞ-ın dominatlıq etdiyi birqütblü dünya düzənindən əziyyət çəkən dövlətlərin toplantısını xatırladırdı. 

Lakin istənilən halda, Çinlə Rusiya daha çox müttəfiq yox, rəqibdirlər və bu üzdən onların Qərbə qarşı duruş gətirmək üçün effektiv tədbirlər haqda razılığa gəlmələri çətin olacaq.

Rusiya ŞƏT vasitəsi ilə nəinki ABŞ-ın Mərkəzi Asiyadakı "oyunlar"dan kənarlaşdırılmasına çalışır (söhbət yalnız xammal resurslarından yox, həm də Əfqanıstandan gedir), həm də Çinlə maraqlar sahəsini bölüşdürür. Moskva üçün Pekin, hər şeydən əvvəl, onun resurslarının sabit və daimi idxalçısıdır. Bununla yanaşı, iki ölkənin maraqları bəzi məqamlarda tam ziddiyyət təşkil edir. Bu məsələdə Pekin özünü son dərəcə səbrli və ağıllı aparır, öz mövqelərini əldən verməyərək, balanslaşdırılmış addımlar atır.

Əfqanıstana gəlincə, Rusiyanın bu problemin həllində Vaşinqtonun irəli sürdüyü təşəbbüslərdən yayınmaq cəhdlərini qeyd etməmək mümkün deyil. Bununla yanaşı, Moskva özü bu və ya digər təkliflərin generatoruna çevrilməyə çalışır.

Sözügedən sammitdə diqqətçəkən məqamlardan biri də ölkəsindəki qarışıqlığa baxmayaraq, İran prezidenti Mahmud Əhmədinejatın Yekaterinburqa gəlməsidir. Sammitdə İran prezidentinə  (yeri gəlmişkən, Tehran qurumun tamhüquqlu üzvünə çevrilmək niyyətindədir) söz verən ŞƏT liderləri onun yenidən ABŞ və ümumilikdə Qərbi tənqid edəcəyini bilməmiş deyildilər. Üstəlik, Əhmədinejatın budəfəki çıxışı ABŞ prezidenti Barak Obamanın Tehrana dialoqla bağlı çağırış ünvanladığı vaxta təsadüf edirdi. 

Lakin o da istisna deyil ki, İran lideri, sadəcə, öz oyununu oynayır və sonda Moskvanı xeyli təəccübləndirə bilər /...

Digər Yekaterinburq sammiti - BRHÇ toplantısının əsas məqsədi kimi,  iqtisadiyyatları inkişafda olan dövlətlərin qlobal qərarların qəbulundakı rolunu artıracaq şərt mexanizmlərin hazırlanması göstərilirdi. Xatırladaq ki, Braziliya, Rusiya, Hindistan və Çində dünya əhalisinin 40%-i cəmləşib və əksər analitiklər hesab edirlər ki, 2050-ci ilə bu ölkələr iqtisadi baxımdan "Böyük səkkizlik"i arxada qoya bilərlər.

Lakin burada da hər şey ŞƏT-də olduğu kimidir - çoxlu sayda fikir ayrılıqları, həmçinin üzv dövlətlərin bir-birlərindən həddindən artıq uzaq məsafədə yerləşməsi (Braziliya, ümumiyyətlə, başqa qitədədir). 

Üstəlik, Rusiya iqtisadi göstəricilərinə görə, Çin, Hindistan və Braziliyadan geridə qalır. Inopressa.ru saytının "The Wall Street Journal"a istinadən verdiyi məlumatda Vaşinqtonun Frontier Strategy Group (FSG) konsaltinq təşkilatının tədqiqatının sensasion nəticələri yer alıb. 72 nəhəng transmilli şirkət arasında aparılan sorğu göstərib ki, investorlar öz prioritetlərini belə müəyyənləşdiriblər: Braziliya, Hindistan və Çin əvvəlkitək siyahıya rəhbərlik edir, Rusiya isə Meksika ilə yerini dəyişərək Vyetnam, Kolumbiya kimi dövlətlərin əhatəsinə - 9-cu yerə düşüb... FSG bunu Rusiyada hökm sürən "siyasi qeyri-müəyyənlik",  həmçinin onun iqtisadiyyatının xammal xarakterli olması, demoqrafiya, ölkədə orta sinfin zəifliyi ilə əlaqələndirir. Bununla yanaşı, neftin qiymətinin artması ilə əlaqədar Rusiyanın mövqelərinin də müsbətə doğru dəyişəcəyini istisna etmək olmaz. 

Bundan başqa, nə Hindistan, nə də Çin ABŞ-ı açıq şəkildə tənqid etmək istəmir. BRHÇ və ŞƏT beynəlxalq siyasi arenada hələ ilk addımlarını atır və hələlik işləməkdən çox, planlaşdırmaqla məşğuldur. Amma istənilən halda, Yekaterinburq sammitlərində prioritet kimi göstərilən istiqamətlərdə beynəlxalq səylərin birləşdirilməsi real effekt verərsə, bundan, yəqin ki, ŞƏT və BRHÇ-yə qonşu olan dövlətlər də daxil olmaqla, heç kəs uduzmayacaq.   


MƏSLƏHƏT GÖR:

452