14 Mart 2025

Cümə, 23:36

TƏLATÜMƏ TAMAM, NARAZILIĞA DAVAM

İran hakimiyyəti seçkisonrası qarşıdurmaya tab gətirdi. Bəs sonrası necə olacaq?

Müəllif:

01.07.2009

İran hakimiyyəti Mahmud Əhmədinejatın ikinci müddətə prezident seçilməsini "saxtakarlıq" sayan və buna etiraz olaraq nümayişlərə çıxan kütlənin aksiyalarının qarşısını aldı. Lakin seçkisonrası "döyüş"ün tam bitdiyini söyləmək olmaz. İran tarixinin, ən azı, yaxın bir neçə ili baş tutmamış "yaşıl inqilab" şüarı altında keçəcək. İranda son zamanlar baş verənlərsə,  bu il idarəçiliyinin 4-cü onilliyinə qədəm qoymüş ayətulla hakimiyyətinin ən ağrılı tərəflərini üzə çıxartdı.

 

Depressiyadan  repressiyaya

 12 iyun seçkisindən bir gün sonra, hazırkı prezident Əhmədinejatın qələbəsinin elan edilməsinin, demək olar ki, ardıyca islahatçı namizəd Mirhüseyn Musəvinin tərəfdarları etiraz aksiyalarına start verdilər. Lakin İslam Respublikasının rəhbəri ayətulla Əli Xamnei ölkə vətəndaşlarını Əhmədinejatın ətrafında birləşməyə çağırdı və bəyan etdi ki, dövlətin bütün gücü  seçkinin nəticəsini tanımayan şəxslərə qarşı yönəldiləcək. 

Bir qədər sonra dövlət həqiqətən də "cəza maşınını" işə saldı. Polis və hökumətin keşiyində dayanan "Bəsic" silahlı briqadası ilə toqquşmalarda, qeyri-rəsmi məlumatlara görə, onlarca insan həlak oldu. M. Musəvinin yüzlərlə tərəfdarı həbs edildi. Hətta İranın futbol üzrə milli komandasının, müxalifətə dəstək nümayiş etdirən 4 üzvü də ömürlük diskvalifikasiyaya məruz qaldı.

Amma İslam İnqilabı Keşikçiləri Şurası seçki ilə bağlı şikayətləri nəzərdən keçirərək, səslərin sayılması zamanı 50 yaşayış məntəqəsində qanun pozuntularına yol verildiyini etiraf edib. Qurum bildirib ki, xüsusilə mərkəzdən uzaq şəhər və kəndlərdə səslərin hesablanması zamanı saxtakarlığa yol verilib, bu isə, 3 milyon səsdə yanlışlıq deməkdir. Amma eyni zamanda, Şura hesab edir ki, bu səslər seçkinin nəticəsinə ciddi təsir göstərmədiyindən, Əhmədinejatın qələbəsinə kölgə sala bilməz.

Bunun ardınca İran parlamenti, hətta  Əhmədinejatın inauqurasiya mərasiminin tarixini də dəqiqləşdirib - iyulun 26-sı ilə avqustun 19-u arası. 

Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Şurası isə Musəvidən etiraz aksiyalarına çağırışlara son qoyulmasını tələb edib. İnqilab qvardiyası, İslam İnqilabı Keşikçiləri Korpusu və "Bəsic" qrupu küçə nümayişlərinə növbəti cəhdlərin qarşısının qəti şəkildə alınacağını bəyan edib. 

Düzdür, bütün bu hədələrə baxmayaraq,  Musəvi hələ də tərəfdarlarını seçkinin nəticələrini  ləğv etmək üçün etirazları  davam etdirməyə səsləyir. Amma etiraz  hərəkatı getdikcə zəifləyir.

İran cəmiyyətindəki parçalanma ölkənin hakim elitasından da yan keçməyib. Və hətta Musəvinin tərəfində olan sabiq prezident Əli Əkbər Haşimi-Rəfsəncaninin rəhbərilik etdiyi İslam Ruhaniliyi Ekspertləri Assosiasiyasının, ayətulla Xamneyini istefaya göndərməyə cəhd göstərəcəyi də istisna olunmur - qurumun buna səlahiyyəti çatır.

Bu ehtimalın olduğunu anlayan hakimiyyət, Rəfsəncani ailəsinin böyük qızı da daxil olmaqla, 5 üzvünü həbs edib. Sonradan onların hamısı azad edilsə də, bununla klerikallar rejiminin rəhbərliyi müxalifətə dəstəyi davam etdirəcəyi təqdirdə, eks-prezidenti nələrin gözlədiyini sanki xatırlatmış oldu. 

Lakin deyəsən, heç nədən çəkinməyən Rəfsəncani islam ruhaniləri ierarxiyasının dəstəyini qazanmağa çalışır. Onlar bəlkə də Xamneinin postundan uzaqlaşdırılmasının vacibliyini qəbul edəcəklər. Amma ona görə yox ki, müxalifətin tələb etdiyi islahatlara tərəfdardırlar. Sadəcə, ruhanilər belə qənaətə gələ bilərlər ki, əhalinin bu qədər böyük hissəsinin narazı olduğu simaların hakimiyyətdə qalması, hakim rejim üçün təhlükə törədə bilər.

Xamnei və onun dəstəklədiyi prezident Əhmədinejat isə baş verənlərdə daxili amillərin rolu  haqda danışmağı sevmirlər. Onlar ölkədə kütləvi aksiyalar və qarşıdurmaların yaşanmasında Qərbi, ilk növbədə ABŞ və Böyük Britaniyanı günahlandırmağa üstünlük verirlər.

 

Geosiyasi  maraqlar

Qərb isə bunu təəccüblə qarşılayır. Avropa İttifaqına sədrlik edən Çexiyanın xarici işlər naziri Yan Kohaut bildirib ki, avropalı siyasətçilər, indiyə kimi yalnız İran hakimiyyətinin müxalifətlə davranışından narahatlığını ifadə etməklə  kifayətləniblər. 

İran müxalifətinin dəstəklənməsi ilə əlaqədar ittihamları Xamneinin "dünyanın ən yalançı dövləti" adlandırdığı Böyük Britaniyanın xarici işlər naziri Devid Milibend də inkar edib.

Qərbin İranda baş verənlərə reaksiyası həqiqətən də ola biləcəyindən daha ehtiyatlıdır. Onun tonunu isə, müəyyən mənada, ABŞ prezidenti Barak Obama müəyyənləşdirib: o, digər ölkənin daxili işlərinə qarışılmasının düzgün olmadığını bəyan edib. 

Görünür, Amerika administrasiyası Tehran rejiminin əlinə xarici təhlükə “kozırı” vermək istəmir - bu halda İran ictimaiyyəti yenidən bu “kozır” ətrafında birləşə bilər.

İslam respublikasında baş verənlərə İsrailin reaksiyası isə kifayət qədər maraqlı olub. Təl-Əviv bir tərəfdən dünya ictimaiyyətini "molla rejimi"nin əsl simasına diqqət yetirməyə çağırıb, digər yandan isə bəyan edib ki, bu ölkəyə terrorizmi dəstəkləməkdən imtina edən və İsraili "yer üzündən silmək" istəyində olmayan şəxslərin gələcəyi təqdirdə, İsrail Tehranla əməkdaşlığa hazırdır. Yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu deyib: "İran və İsrail xalqları arasında problem yoxdur. Tehranda rejimin dəyişəcəyi təqdirdə aramızda keçmişdəki  mövcud olan münasibətlər yenidən qurula bilər". Bununla yanaşı, Netanyahu Mirhüseyn Musəvinin tərəfdarlarının əməllərini "inanılmaz cəsurluq və cəsarət aktı" adlandırıb.

Rusiya isə Əhmədinejata müəyyən simpatiya ortaya qoyub. Əksər Rusiya KİV-i hesab edir ki, Qərb İran müxalifətinin etirazının miqyasını şişirdir. Rusiya mətbuatının fikrincə, İslam Respublikasında müxalifət ABŞ və Avropanın göstərişi ilə hərəkət edir. Sonuncular, hətta İranda "rəngli" inqilab təşkil etmək niyyətində olmaqda da günahlandırılırlar. 

Rusiya yanaşmasının müəyyən qədər realist izahı ondadır ki, Musəvi hakimiyyətə gələcəyi təqdirdə, İranın hansı siyasəti  yeridəcəyini proqnozlaşdırmaq çox çətindir. Moskva politoloqları hesab edir ki, liberal qüvvələrin hakimiyyətə gələcəyi təqdirdə Tehran Qərblə razılaşmaya gedə bilər, bu isə yalnız geosiyasi baxımdan yox, enerji  baxımından da Rusiyanın maraqlarına ziddir.

İranda baş verənlərə aparıcı dövlətlərin liderləri və ictimaiyyəti ilə yanaşı, kiçik dövlətlər də reaksiya verir. Məsələn, Ermənistan qonşu dövlətdə yaşananları böyük diqqət və həyəcanla izləyir. Yerevan İranda hakimiyyət dəyişikliyinin ona böyük zərər gətirə biləcəyindən narahatlıq keçirir. Hələ seçki ərəfəsində Ermənistanın İran üzrə aparıcı mütəxəssislərindən biri, Yerevan Dövlət Universitetinin iranşünaslıq kafedrasının müdiri Qarnik Asatryan məsələyə belə münasibət bildirmişdi: "İran prezidenti postuna kimin seçilməsindən asılı olmayaraq, bu ölkənin Ermənistanla bağlı siyasəti dəyişməyəcək. Yalnız bir namizəd istisnadır - Mirhüseyn Musəvi". 

Erməni ekspert Musəviyə inamsızlığını namizədin seçkiqabağı kampaniya zamanı səsləndirdiyi bəyanatlarından biri ilə izah edib: "Əgər İran hakimiyyəti güclü olsaydı, biz ləyaqətli siyasət yeirdərdik, ermənilər isə Qarabağı işğal etməzdi".

Ermənistanda İran prezidentliyinə bu və ya digər namizədə simpatiyanın ifadəsi zamanı onu da xatırladırdılar ki, Əhmədinejat hələ Ərdəbilin qubernatoru olan zaman "Azərbaycan millətçiliyinə kifayət qədər mənfi münasibəti olub". Politoloq Sergey Şakaryans isə Əhmədinejatın "azərbaycanlılar tərəfindən İran dövlətçiliyinə qarşı  təhlükələrin qarşısını qəddarcasına alması" zamanı təxminən 1500 azərbaycanlının asılaraq edam olunmasında şəxsən iştirak etməsini də böyük həzlə yada salır.

Ermənilərin İranın hazırki prezidentini dəstəkləmələri onların bu ölkədə müxalifət liderinin hakimiyyətə gələcəyi təqdirdə, Tehranın Azərbaycan torpaqlarının işğalına sərt münasibət göstərəcəyi ilə bağlıdır. Halbuki  dünya KİV-də belə bir fikir yer alır ki, Musəvi prezident olacağı təqdirdə belə, Tehran Qafqazla bağlı ənənəvi siyasətindən imtina etməyəcəkdi. Amma bu fikirlər də erməniləri sakitləşdirmir. Onlar əmindirlər ki, "başıbəlalı xalq" üçün cənub həyat yolunun qorunmasına məhz Əhmədinejat qarantdır. 

Bunun daha bir təsdiqi isə İran rəhbərliyinin tezliklə Təbriz-Yerasx neft kəmərini inşa etmək niyyətidir.

 

Aldadılmış  ümidlər

İrandakı son duruma qayıdaraq, qeyd edək ki, onun əsas mahiyyəti nə hakimiyyətin ən yüksək dairələrindəki parçalanma, nə də Qərbin əli olması ilə bağlıdir. Əhalinin böyük hissəsi klerikal rejimin sərt idarəçiliyindən açıqca narazıdır. Özü də əksər hallarda, müxalifət liderləri də narazı kütləni idarə edə bilmirlər, çünki dəyişiklik tələb edən və əsasını gənclərin təşkil etdiyi kütlə, çox zaman aksiyaların dayandırılmasına və ya onların daha sakit şəkildə keçirilməsinə olan çağırışları qulaqardına vurur. Yeri gəlmişkən, Musəvi də tərəfdarlarına bu cür  müraciət  edib. Lakin vəziyyət artıq elə həddə çatıb ki, bu qəbul çağrışlar narazı kütlə tərəfindən satqınlıq kimi qəbul edilə bilər.

İrandaxili qarşıdurmanın yaranmasında ilk səbəblərindən biri də klerikal rejimin bu günün tələblərinə adekvat cavab verə bilməməsidir. İndi isə daha təəccüblü olanı İran hakimiyyətinin islam inqilabının ideallarına tam səmimi şəkildə inanan şəxslərin də dəstəyindən məhrum olmasıdır. Etirazçı kütlənin xeyli hissəsi küçələrə islam dövlətinə qarşı çıxmaq üçün yox, özlərini aldadılmış hesab etdikləri üçün axışıb.

İndi artıq İrandakı hakim elita öz daxili siyasətini daha da sərtləşdirəcək. Və yəqin ki, bu zaman həmişəki kimi "milli qürur" mövzusunu qabardacaq.

Bu yerdə xatırlatmaq yerinə düşər ki, təxminən 1 il əvvəl ayətulla Xamnei bəyan etmişdi ki, Əhmədinejat ölkənin xarici siyasətini "hücum üzərində qurur" və bu baxımdan, əvvəlki iqtidarlardan "müsbət mənada fərqlənir". Xamnei hesab edir ki, məhz Qərblə münasibətlərdə gərginliyi aradan qaldırmağa çalışmış sabiq prezident Məhəmməd Hatəminin idarəçiliyi sayəsində, Qərb islam respublikasını "şər oxu" cərgəsinə salmışdı. 2005-ci ildə hakimiyyətə gəlmiş Əhmədinejatın sərt siyasi kursu isə, Vaşinqtonu Tehranı danışıqlara dəvət etmək məcburiyyətində qoyub. 

Bu baxımdan, İranın nüvə proqramı ilə bağlı danışıqlarda öz mövqeyini daha da sərtləşdirəcəyini gözləmək olar. Amerikanın yeni liderinin, az qala, barışıq mövqeyi tutması isə bu baxımdan "molla rejimi"ni daha da ruhlandırır. Hakim rejim bu faktordan istifadə edərək, xalqı inandırmağa çalışacaq ki, Xamnei və Əhmədinejat ölkənin milli maraqlarına uyğun siyasət yeridir.

Lakin rəsmi Tehran üçün əsas problemlərdən biri də "İranın düşmənləri"nin bundan sonra da "barışıq" oyununu davam etdirməyə nə dərəcədə hazır olmasıdır. Üstəlik, ölkə rəhbərliyi küçələri nümayişçilərdən təmizləsə də, əhalini bürümüş etiraz enerjisini repressiv metodlarla aradan qaldıra bilməyəcək. Və növbəti imkan yarananda, həmin enerji yenidən üzə çıxacaq.

Odur ki, proqnozlaşdırılması çətin olan bu qədim tarixə malik ölkənin gələcəyi, sözügedən  problemin necə həll olunacağından çox asılıdır.



MƏSLƏHƏT GÖR:

446