15 Mart 2025

Şənbə, 00:30

TEHRANDA “SAKİTLİKDİR”

İrandakı prezident seçkiləri kütləvi iğtişaşlarla nəticələndi

Müəllif:

15.06.2009

Mahmud Əhmədinejad ikinci dəfə İrandakı prezident seçkilərində qalib gəldi. Rəsmi məlumatlara görə, iyunun 12-də keçirilmiş seçkilərdə İran İslam Respublikasının 70 milyonluq əhalisinin, təxminən, 40 milyonu məhz Əhmədinejadı  dəstəkləyib.

 

Seçki kampaniyasındakı yeniliklər də islahatçılara kömək etmədi

Bu seçkiləri İran üçün tarixi hфadisə adlandırmaq olar. Düzdür, seçkilərin yekunundan danışsaq, nəticələrdə inqilabi və ya qeyri-adi heç nə yoxdur, iqtidar hakimiyyətini qorumağı bacardı. Amma seçki texnologiyalarından istifadə baxımından, budəfəki seçkilər, doğrudan da, yenilik oldu. Bu kampaniyanın gedişində İranda ilk dəfə olaraq İnternetdən istifadə edildi, kütləvi aksiyalar miqyasına görə əvvəlki mitinq və nümayişləri kölgədə qoydu və ən əsası, iranlı seçici ilk dəfə olaraq prezidentliyə namizədlərin, o cümlədən dövlət başçısı Mahmud Əhmədinejadın da öz opponentləri ilə canlı efirdə televiziya debatlarının şahidi oldular. 

Seçkilərdə M.Əhmədinejadın rəqibləri istefada olan üç xadim - keçmiş baş nazir Mir-Hüseyn Musəvi, parlamentin sabiq spikeri Mehdi Kərrubi və İslam İnqilabının Mühafizəçiləri Korpusunun keçmiş rəhbəri Möhsün Rizai idi. Maraqlıdır ki, onların hər üçü milli azlıqların nümayəndəsidir. Seçkilərdə Əhmədinejadın əsas rəqibi olmuş Musəvi milliyyətcə azərbaycanlıdır, Kərrubi və Rizai isə  lur  millətinin nümayəndələridir. Amma bu fakt İran İslam Respublikasında mövcud olan siyasi ənənəni pozmadı: namizədlər milli siyasətlə bağlı mövqelərində "sərhədi keçmədilər" və yalnız etnik azlıqların mədəni hüquqlarının qorunması məsələsinə toxundular.

Bununla belə, seçki kampaniyasının gedişində milli məsələ az rol oynamadı. İranın azərbaycanlılar yaşayan şəhərlərində nümayişçilərin gülləboran edilməsinin üçüncü ildönümü ilə əlaqədar, Təbrizin mərkəzi meydanlarından birində çoxminlik etiraz aksiyası keçirildi. Aksiya iştirakçıları milli hüquqların qorunması, ilk növbədə, Azərbaycan dilinin tədrisinə icazə verilməsinə dair şüarlar qaldırdılar.

Amma İran polisi bu dəfə də nümayişçilərə atəş açdı və nəticədə onlarla insan öldürüldü və yaralandı.

Seçki kampaniyası bir daha göstərdi ki, Azərbaycan əhalisi İran cəmiyyətinin ən tərəqqipərvər, demokratikbaxışlı hissəsidir. Və görünür, təsadüfi deyil ki, islahatçıların əsas namizədi, Əhmədinejadın siyasətini kəskin tənqid edən Mir-Hüseyn Musəvi oldu.

Əhmədinejad İrandakı iqtisadi vəziyyətdən danışarkən, daim öz prezidentliyi dövründə ölkədə Ümumdaxili Məhsulun həcminin, əvvəlki illərlə müqayisədə, xeyli artdığını,  inflyasiyanın 15 faizdən aşağı düşdüyünü, ölkədə iş yerlərinin sayının çoxaldığını, təqaüdlərin isə, az qala, 256 faiz artdığını diqqətə çatdırırdı. Amma prezidentlə debatlar zamanı Musəvi onu yalan danışmaqda suçlayaraq, tamamilə fərqli rəqəmlər səsləndirdi: ölkədə inflyasiyanın həcmi 25 faizə çatıb, işçizlik isə 12,5 faizdən çoxdur.

Bundan başqa, Musəvi açıq şəkildə Əhmədinejadı diktator adlandırdı və onun xarici siyasətinin neqativ tərəflərini qabartdı. Halbuki, prezidentin özü xarici siyasətdə ciddi uğurlar qazandığını iddia edirdi. İslahatçı namizədin fikrincə isə, prezidentin yeritdiyi xarici siyasət "avantürizm, müvazinətsizlik, özünəvurğunluq və ekstremizm" toplusudur. Musəvi xüsusi olaraq vurğulayırdı ki, Əhmədinejadın dönə-dönə Xolokostu inkar etməsi İranın beynəlxalq aləmdəki dəstəyini olduqca azaldıb. O, İranın Yaxın Şərqdə, xüsusilə Livandakı siyasətini dəyişməyə, nüvə proqramı siyasətinə yenidən baxmağa çağırır və hətta ABŞ-la rəsmi münasibətlərin qurulacağını da istisna etmirdi. Düzdür, söhbət ondan getmirdi ki, ABŞ-la İran dost ölkələrə çevriləcəklər, sadəcə, Musəvi Tehrana qarşı sanksiyaların aradan qaldırılması və ikitərəfli iqtisadi əməkdaşlığın qurulması müqabilində diplomatik münasibətlərin bərpasını mümkün sayırdı.

Yeniliklərə çağırış və islahatçı şüarları hesabına Musəvi qısa vaxt ərzində gənclər və qadınlar arasında populyarlığını artırdı. 

İranın siyasi təcrübəsində daha bir yenilik isə Musəvinin xanımı Zəhra Rahnavardın bütün seçkiqabağı mitinqlərdə həyat yoldaşının yanında olması idi.

Amma islahatçı hərəkatın qələbəsi üçün bütün bunlar kifayət etmədi. Müsəvinin seçki qərargahının səsvermə zamanı çoxsaylı qanun pozuntularına yol verildiyinə dair etirazlarına baxmayaraq, Əhmədinejad seçkilərdən qalib çıxdı. Rəsmi açıqlamalara görə, seçki bülletenlərinin 80 faizdən çoxunun hesablanmasından sonra, hazırkı dövlət başçısı səslərin 65 faizini qazanıb, Musəvini isə seçicilərin 32 faizi dəstəkləyib.

Qeyd etmək lazımdır ki, seçkilərin bu cür nəticələnməsi, ilk növbədə, ölkə rühanilərinin, o cümlədən ayatolla Əli Xamneyinin M.Əhmədinejada verdiyi dəstəklə bağlıdır. Digər tərəfdən, etiraf olunmalıdır ki, seçkilərdə islahatçı namizəd qalib gəlsə idi belə, onun seçicilərə vəd etdiyi yeniliklər, çətin ki, həyata keçiriləcəkdi. Çünki İrandakı siyasi sistem tamamilə hakim "mollakratiya"nın nəzarəti altındadır, bu sistemə isə nüfuzlu konservativ qüvvələr rəhbərlik edirlər. Odur ki, Musəvinin qələbəsindən çox şey gözləmək də lazım deyildi, hərçənd, onun "İran Qorbaçovu"na çevrilməsi, yəni, siyasi sistemin yuxarıdan "yenidən qurulmasına" start verməsi, bəlkə də, mümkün idi. 

Digər tərəfdən, dünya birliyi, xüsusilə də Qərb üçün seçkilərin nəticələrindən daha önəmlisi, İslam Respublikasında əhalinin əhval ruhiyyəsi və mövqeyini öyrənmək idi. Və demək lazımdır ki, bu haqda aydın təsəvvür formalaşdı. Əhmədinejada qarşı olan bütün faktorlara rəğmən, İran elektoratının böyük əksəriyyəti (onlar, ilk növbədə, "titul millət" olan farsları təmsil edirlər) İranın Şərqin qüdrətli dövlətinə çevrilməsinə yönəlmiş siyasətinin davam etdirilməsini istəyir: Əhmədinejad isə onlara məhz bunu vəd edir.

 

Qeyri-adekvat ambisiyalar

Əhmədinejadın qələbəsi - iranlılarda imperiya təfəkkürünün olduğunu göstərən faktordur. Faktiki olaraq, ABŞ və Qərbə qarşı "səlib yürüşü" elan etmiş Əşhmədinejad əhalinin böyük əksəriyyətinin gözündə fövqəldövlətçilik ideyasının layiqli ifadəçisidir. Özü də hazırkı prezidenti dəstəkləyən əhali, onun yeritdiyi strategiyanın nəticəsi olaraq, ölkənin dünyadan təcrid olunması, iqtisadi və sosial, eləcə də digər problemlərə, faktiki olaraq, göz yumur. 

Digər tərəfdən, çoxları belə düşünür ki, hakimiyyətdə Əhmədinejad kimi "xarici düşmənlərə qarşı mətin və mübariz döyüşçü"nün qalması ABŞ-ın hər hansı hücumundan sığortalanmaq deməkdir. Bu baxımdan, Əhmədinejadın bütün dünya birliyini təşvişə salmış nüvə proqramını sonadək davam etdirmək niyyəti də onun mövqelərini möhkəmlədir.

Əhmədinejadın yenidən prezident seçilməsi o deməkdir ki, yaxın vaxtlarda İranın nüvə proqramı ətrafındakı beynəlxalq böhran nəinki aradan qalxmayacaq, hətta daha təhlükəli həddə çatacaq. Çünki Əhmədinejadın qələbəsi Tehranın ABŞ prezidenti Barak Obamanın uranın zənginləşdirilməsi probleminə dair birbaşa dialoq təklifinə müsbət cavab verəcəyi ehtimalını azaldır. Bu isə o deməkdir ki, Ağ ev özünün İran məsələsinə dair qəti mövqeyini ortaya qoymalı olacaq. Obamanın özü də son vaxtlar dəfələrlə bildirmişdi ki, onun administrasiyası bu problemə dair mövqeyini İrandakı seçkilərdən sonra açıqlayacaq. 

Təbii ki, Vaşinqtonda islahatçı namizədin qələbəsinə ümid edirdilər. İndi isə, çox güman ki, İrana qarşı beynəlxalq sanksiyaların daha da artırılması gözlənilir. Üstəlik, İran probleminin hərbi ssenari ilə həlli məsələsi də gündəmdə qalacaq - qeyd edək ki, yalnız ABŞ-dakı "qırğı"lar deyil, Birləşmiş Ştatların Yaxın Şərqdəki əsas müttəfiqi olan İsrailin siyasi elitasının böyük əksəriyyəti də bu ssenarini dəstəkləyir.

Və çoxlarının fikrincə, İrana qarşı mövqeyini birmənalı şəkildə açıqlamayan və bunun üçün seçkilərin nəticələrini gözləməyi məsləhət bilən Barak Obamanın bu davranışı, ilk növbədə, İsraili sakitləşdirmək istəyindən irəli gəlirdi. İndi isə seçkilər başa çatıb və Əhmədinajad yenidən prezident kürsüsündədir - yəni, İran rejiminin mövqeyini öyrənmək üçün zamana ehtiyac yoxdur, çünki bu iqtidar öz mövqeyini son 4 ildə birmənalı şəkildə ortaya qoyub.

Digər tərəfdən, İran cəmiyyətinə ölkənin regional fövqəldövlət statusuna dair ümidinin nə ilə sonuclanacağı da hələlik bəlli deyil. Çünki HƏMAS və "Hizbolla" kimi radikal hərəkatlarla ittifaqa üstünlük verən İranın Yaxın Şərqdəki ambisiyaları əksər ərəb dövlətlərinin, həmçinin Türkiyənin maraqları ilə üst-üstə düşmür. İranın Güney Qafqazda dominantlıq ideyaları isə daha az perspektivli görünür - bu regionda Tehran özünü istədiyi  oyun qaydalarını müəyyənləşdirmək iqtidarında olan geosiyasi oyunçu kimi təqdim etməyə çalışır. Amma etiraf olunmalıdır ki, bunun üçün Tehranın təsir vasitələri o qədər də çox deyil. Elə Xəzərin hüquqi statusuna dair danışıqların gedişi (bu məsələdə İran digər sahilyanı dövlətlərə qarşı dayanıb) və İİR-nin Qafqaz geosiyasətindəki real mövqeləri də bu vasitələrin azlığından xəbər verir. İranın özünün Güney Qafqazdakı ambisiyalarını həyata keçirmək üçün az-çox arxalana biləcəyi yeganə dövlət - işğalçı Ermənistandır. Adı çəkilən ölkənin Azərbaycan ərazilərinin beşdə birini işğal altında saxlamasına baxmayaraq, bu, özünü bütün dünyada müsəlmanların maraqlarının müdafiəçisi kimi təqdim edən Tehranın Yerevanla "qardaşlaşmağına" mane olmur. 

Bütün bunlara baxmayaraq, Azərbaycan-İran münasibətləri indən sonra da mehriban qonşuluq və qarşılıqlı maraqlara cavab verən əməkdaşlıq istiqamətində davam edəcək. Buna əsas zəmanət isə  rəsmi Bakının yeritdiyi balanslaşdırılmış və müstəqil xarici siyasət, güc mərkəzlərinin hamısı ilə bərabərhüquqlu münasibətlərin qurulmasıdır. 

Və İranın ayrı-ayrı xadimlərinin vaxtaşırı Azərbaycanın ünvanına lazımsız təhdidlər səsləndirməsinə rəğmən, bu həqiqəti hazırda rəsmi Tehran da anlayır.



MƏSLƏHƏT GÖR:

446