
DƏDƏ QORQUDUN OLDUĞU YERDƏ
Azərbaycanın bu füsunkar guşəsi Bakıya çox yaxındır
Müəllif: Aynur TALIBOVA Xızı - Sıyəzən
Xızıya gedən yolda, Bakı - Rostov şosesindən 10 km aralıda çox maraqlı bir təbiət hadisəsi müşahidə etmək olar: müxtəlif geoloji süxurlar təpəliklərin səthində özünəməxsus rəngi ilə seçilən landşaft yaradır. Deyilənlərə görə, buna oxşar geoloji hadisəyə Yer kürəsində buradakından başqa yalnız bir yerdə rast gəlmək mümkündür: ABŞ-dakı Ölüm Vadisində.
Giləzi qəsəbəsindən Xızıya gedən yol qızılı rəngə çalan Sarafata silsiləsi boyuncadır. Silsilənin ən hündür zirvəsi yüksəkliyi 958 metr olan Saraku dağıdır. Burada elə dağlar var ki, bir tərəfi qışlaq, o bir tərəfi isə yaylaqdır. Rəngbərəng, al-əlvan, xınalı dağların, sayı - hesabı olmayan Xızı bulaqlarının gözəlliyi insanı valeh edir.
Xızı milli ədəbiyyatın güclü simaları, ikisi də siyasi repressiya qurbanı olmuş Cəfər Cabbarlı və Mikayıl Müşfiqin vətənidir.
Əhalisi
Buranın əhalisinə tat və dağlı deyirlər. Danışıqları bakılıların danışıqlarına bənzəyir. Xızı ərazilərinə tatlar IV-VI əsrlərdə İrandan köçürülüb və köçmə prosesi müxtəlif vaxtlarda davam edib. Əsasən ölkənin şimal - şərq hissəsində məskunlaşan tatların ümumi sayı 20 minə yaxındır və bir qismi Xızıda yaşayır.
Xızı toponimi və xəzərlər
Ərəb tarixçisi İbn Fadlanın (VIII əsr) yazdığına görə, xəzərlərin müsəlman toplumuna Xız boyundan olan bir nəfər başçılıq edirdi. Buna əsasən Xızı sözü Xəzər etnonimindən törəyib. Tarixçi S.S. Boquş yazır: «Xəzərlərin hökmranlığı bir neçə əsr Kaspi və Qara dənizdən Baltik dənizinə qədər duyulmuşdu». Xızı tayfa adıdır. Xızılılar türkdillidir. Türkdilli Xızı soyunun e.ə. II minillikdə Şimali Azərbaycanda yaşayıblar. Xızılılar Xızır İlyas Peyğəmbərə, Allaha inanıblar.
Bizim eranın I əsrində yaşamış yunan coğrafiyaçısı Strabon Hindistana gedən ticarət yollarının Azərbaycandan, o cümlədən Xızı - Bərmək mahalından keçdiyini göstərir.
Xızı - Bərmək mahalı
Adını burada yaşayan Bərmək tayfasından alıb. Mahal İpək Yolu ticarətində iştirak edib. Hətta Dədə Qorqudun Xızı - Bərmək mahalından olduğunu iddia edirlər. Xızı - Bərmək mahalında olmuş alman səyyahı Adam Oleari Dədə Qorqud haqda yerli camaatdan eşidib və yazıb ki, dərbəndlilər onun qəbrinin şəhər qəbirstanlığında olduğunu söyləyirlər. Qəbri ziyarət edən Adam Oleari yazır: “İmam Qorqudun qəbri dağda idi. Qorqud haqda söyləyirlər ki, o, Məhəmmədin dostu olub, onun ayaqları yanında oturub, ondan dərs alıb və onun ölümündən sonra 300 il yaşayıb. Qəbri qayalıq bir dağda mağara içindədir“.
Xızı - Bərmək mahalı dağlılarının günəşə sitayiş əlamətləri VII əsrə qədər qalıb. Onlar əkinçiliyi müqəddəs peşə hesab edirdilər. Bərmək dağının ətəyində təbii qazların yanmasından Atəşgah var idi. Xızı - Bərmək dağlıları VII əsrin başlarından İslam dinini qəbul edib.
Deyilənlərə görə, Roma imperiyasının 12-ci “ildırımsürətli” legionu da burada olub.
Turizm
Xızı şimal turist - səyahət marşrutunun birinci dayanacağıdır. Rayon o qədər kiçikdir ki, mərkəzi küçənin belə uzunluğu bir neçə yüz metrdir. Ilk baxışda olduqca darıxdırıcı yer təsiri bağışlayır. Lakin mərkəzdə ləngiməyib ətrafa səyahətə çıxınca bu düşüncələr yerini daha fərqli təssüratlara buraxır. Buranın turizm potensialını təşkil edən bəzi yerlərinə səfər etməyə dəyər.
Xələc kəndi
Rayon mərkəzindən 4 km aralıda yerləşən bu kəndə Xalac da deyirlər. Burada XV əsrə aid edilən məşhur ziyarətgah var. Qədim qəbirstnalıq ərazisindəki bu ziyarətgaha “Ağ pir” deyirlər. Köhnə qəbir daşlarının üstündə Səfəvilər İmperiyasının emblemi sayılan günəş simvolu həkk edilib. Yaxınlıqda XIX əsrə aid “Ağ dəyirman” Xızının yerli əhəmiyyətli tarixi abidələri siyahısındadır.
Xələclər tayfa adıdır. Səlcuq - oğuz türk birliyinə daxil idilər. 12 - 18 -ci əsrlərdə Yaxın Şərqin işğalında iştirak edən türk tayfalarıdır. Xələclərin bir hissəsi indi də İran və Türkmənistan ərazisində yaşayır. 19 -cu əsrdə burada yaşayan xələclər maldarlıqla məşğul idilər. Eyni adlı kənd Azərbaycanın başqa bölgələrində də mövcuddur.
Əlişirin kəndi
15-ci əsr abidəsi Şeyx Heydər türbəsi Şıxlar kəndi yaxınlığında köhnə kənd qəbristanlığının içərisində yerləşir. Müasirlərinin məluamtına görə, Səfəvilər İmperiyasının hökmdarı Şah İsmayılın atası olan Şeyx Heydər son dərəcə cəsur adam idi. Şeyx Heydərin Dağıstana və Şirvana iki uğurlu yürüşü qonşu dövlətləri, həmçinin Sultan Yaqubu da qorxuya salır. O, Səfəvilərin güclənməsindən çəkindiyinə görə 1488-ci ildə Heydərin Şirvana son yürüşü zamanı Şirvanşah Fərrux Yasara kömək edir. Birləşmiş qoşunla toqquşmasının labüd olduğunu görən şeyx cənuba dönür və 1488-ci il iyunun 9-da burada Şahdağın ətəyində Şirvanşahın birləşmiş qüvvələri ilə Qızılbaşlar (Səfəvilər) arasında qanlı döyüş baş verir. Hər iki tərəfin xeyli itkisi olur və Şeyx Heydər öldürülür. Azərbaycanda dəfn edilən şeyxin məzar yeri ilə bağlı müxtəlif versiyalar səslənir. Onlardan birinə görə məzar Xızının Əlişirin (Şıxlar) kəndindəki qədim qəbirstanlıqdadır. Şeyx Heydərin qəbri Pir kimi ziyarət edilir.
Bəyəhməd Yurdu kəndi
Mərkəzdən 10 km uzaqlıqdakı bu kənd Xızının gözəl mənzərəli, yüksək dağ kəndlərindəndir. Yerlilər kəndin adını ərazinin inqilabdan əvvəl Əhməd bəyin şəxsi mülkü olması ilə izah edirlər. Əslində Bəyəhməd yurdu yer adı, tayfa ilə bağlı kənddir. Əhmədli səlcuq tayfasının nümayəndələri Abşerona XI əsrdə gəlib, Xızı - Bərmək mahalına yerləşiblər. Bəyəhməd yurdu tərk edilmiş kəndlər siyahısındadır. Buranın hekayəsi bir az fərqlidir. Böyük Vətən mühribəsi (1941 - 1945) illərinə qədər kənddə qaynar həyat olub. Mühribə başlayınca buradan 36 nəfər müharibəyə gedib. Amma müharibənin getdiyi 4 ildə 400-ə yaxın insan aclıqdan ölüb. Savaş zamanı aclığa tab gətirə bilməyən əhali paytaxta köç etməyə başlayıb. Bakının məşhur Papanin küçəsinin əhalisinin böyük əksəriyyətini ikinci dünya müharibəsi illərində Bəyəhməd Yurdunu tərk etmiş kənd sakinləri təşkil edir. Ümumiyyətlə isə, XIX əsrin II yarısından etibarən Abşerona köçüb gələn Xızı - Bərmək dağlıları Bakı kəndlərində qohum ailələri birləşdirərək məhəllələr təşkil edib. Adət - ənənələrini saxlayan Dağlı məhəlləsi sakinləri əsasən şəhərin yuxarı hissəsində məskunlaşıblar.
Qızılqazma
Xızının ən böyük turizm potensialı hesab edilən bu zona mərkəzdən 8 km aralıda yerləşir. Dəniz səviyyəsindən 1500 - 1600 metr yüksəklikdə quru, təmiz havanın olduğu əraziyə aparan geniş beton yol sıx meşədən keçir. Aşağı ilə yuxarıdakı temperatur fərqinin 8 - 10 dərəcəyə çatdığı bu bölgə çox tanınmır. Qızılqazmada kiçik dağ gölü var. Onun ətrafında bir neçə möhtəşəm villa ucaldılıb. Xızıya gəlmişkən mütləq bu super məkanı görməyə dəyər.
Altıağac
Ölkənin ən tanınmış turizm yerlərindən olan Altıağac Xızıdan 12 - 14 km aralıdadır. Altıağac bir neçə rayonun qovşağında, Quba - Siyəzən - Şamaxı arasında yerləşir. Orta əsrlərdə, Şirvanşahlar dövləti dövründə Şamaxıdan Qubaya gedən yol buradan salınmışdı. IX - XII əsrlərdən başlayaraq Xızı - Bərmək mahalından keçən İpək yolu vasitəsilə Avropa və Asiyanın bir çox şəhərləri ilə ticarət əlaqəsi olub.
Altıağac yolçuların və dəvə karvanlarının ayaq saxlayıb - düşərgə salıb dincəldikləri yer idi. Vaxtilə Şamaxını Dərbəndlə birləşdirən qədim karvan yolu buradan keçib. "Altıağac" adının mənası "altı və ağac" sözləri ilə bağldır. Altıağacdan Şamaxı şəhərinə qədər məsafə 42 km, yəni "6 ağac" olduğu üçün bu yer belə adlandırılıb. «Ağac” vaxtilə çox işlədilən ölçü vahidi olub. Təqribən 7 km-ə bərabər imiş. Yolların uzunluğunu bilmək üçün hər 7 km-dən bir nişan ağaclarının əkildiyini görmək olardı.
Vaxtilə qəsəbədə malakanlar yaşayıb. Köhnə memarlıqda tikilmiş rus evləri - taxta evlər kirayə verilir. Köhnə kilsə fəaliyyət göstərmir. Nəhəng kilsə zəngi kəndin ortasında nümayiş obyekti kimi diqqət çəkir. Pravoslavlıq Azərbaycanda 19-cu əsrin əvvəllərindən rus çarizminin bölgədə yeritdiyi “köçürmə siyasəti” çərçivəsində nüfuz etməyə başlayıb. Rus pravoslav kilsəsində baş verən parçalanmanın ağır nəticələrindən sığortalanmaq üçün sektant xristianların Qafqaza sürgünü başlanır. Azərbaycanda ilk rus köçkünləri 1834-cü ildə Şamaxı qəzasında, Altıağac kəndini salırlar. İki əsr əvvəl dini təriqətlərinə görə Çar Rusiyasından sürgün edilmiş və malakan adlandırılan ruslar Azərbaycanın bir neçə bölgəsində, o cümlədən Xızı rayonunda da məskunlaşıb.
Kəndin sakinləri əsasən heyvandarlıqla məşğul olurlar. Altıağac alma bağlarıyla da məşhurdur. Buradan yuxarı dağ - meşə zonasına kanat yol çəkilib. Piknik üçün ideal şərait var. Altıağac turizm üçün çox əlverişli məkandır. Xüsusilə yay aylarında astma xəstəliyindən əziyyət çəkən çox sayda insan buraya, sadəcə, təmiz hava udmaq üçün gəlir. Burada rahatlıq, gəzinti və turizmin bir növü olan hakinq üçün çox böyük potensial var. Bölgədə gecələmək üçün kirayə verilən 300-ə yaxın evdən istifadə etmək olar. Piyada turizm həvəskarları buradan Şamaxıya və Mərəzəyə turist səfərləri edirlər. Qəsəbənin girişində Altıağac Milli Parkının ofisi yerləşir.
Altıağac Milli Parkı
Bakıdan 120 km məsafədə yerləşən Altıağac Milli Parkı 2004-cü ildə eyniadlı qoruğun bazasında, Xızı və Siyəzən rayonlarının sahəsində yaradılıb. Böyük Qafqazın təbii landşaftının, flora və faunanı qorumaq məasədilə yaradılmış qoruğun ərazisinin 90%-i təbii meşə ilə örtülüdür. Qırmızı kitaba salınmış bitki və heyvanlar: 9 növ məməli heyvan, 12 növ quş yaşayır.
Soyuqbulaq
Şahdağ Milli Parkı ilə qonşuluqda yerləşən bu ərazidə ekoturzim üçün ideal potensial var. Altıağac Milli Parkının ən yüksək zirvəsində Soyuqbulaq adlanan bir yer var. Suyu buz kimi soyuq olan bulaqların çıxdığı Soyuqbulaq dağ başındakı meşəlik ərazidədir. Buranı yalnız yerlilər və milli parkda çalışanlar yaxşı tanıyır və hər fürsətdə piknik üçün Soyuqbulağa gəlirlər. Milli Parkda çalışanların söylədiyinə görə, buralarda sakit otursanız, park ərazisində yaşayan heyvanları görmək şansı var. Çadır qurub gecələmək də mümkündür. Təbiətdən zövq alacağınız, dincəlmək üçün müdhiş bir yerdir. Içəri daxil olmaq üçün Milli Park administrasiyasından icazə almaq lazımdır.
Siyəzən
Quba - Xaçmaz turizm zonasında yerləşən rayon şimal marşrutunun başlanğıc nöqtəlğrindən hesab edilir. Turist obyektləri cəhətdən zəngin olmasa da ölkə əhəmiyyətli iki tarixi abidəyə ev sahibliyi edir. Bunlardan biri Beşbarmaq səddidir ki, Siyəzənin rəmzi və ən önəmli tarixi abidəsi hesab olunur. Digəri isə vaxtilə Azərbaycanda Böyük Çin Səddinə oxşar əzəmətli bir sədd olan Gilgilçay səddidir.
Beşbarmaq
Bakı -Rostov şosse yolunun 90 kmliyindədir. Böyük Qafqaz sıra dağlarının cənub - şərq ətəklərində Zarat kəndindən 3 km şimal - qərbdə yerləşir. Bura həm dağ, həm qədim qala və həm də ölkənin ən məşhur ziyarətgahlarındandır. Ilin bütün fəsillərində bu məkan ziyarət axınına uğrayır. İnsan əlini xatırladan qayanın qeyri - adi forması uzaqdan cəlb edir. Bir - birinə bitişik beş qaya parçasından ibarət olan bu dağın “Beşbarmaq” adlanması quruluşu ilə bağlıdır. Şirvanşahlar dövründə Şamaxıdan Qubaya gedən karvan yolunun keçdiyi bu məntəqə yolçuların istirahət yeri rolunu oynayıb. Qayaların ən yüksək zirvəsindən Xəzər dənizinə möhtəşəm mənzərə açılır.
Beşbarmaq toponimi
Qədim türk dillərindəki “parmak” yəni təpə kəlməsindən gəlir. Azərbaycan ərazisində qədim mənbələrdə qeyd olunmuş ilk termindir ki, IX əsr ərəb səyyahı Əl - Məsudinin əsərində adı çəkilir. Mənası “təpədə salınmış binə” deməkdir.
Elmi ədəbiyyatda Beşbarmaq dağı üzərində yerləşən qala haqqında hələ araşdırma aparılmayıb. Bununla yanaşı, burada bir vaxtlar mövcud olmuş karvansaray binasının və qaya üzərindəki digər tikililərin, möhtəşəm və gözəl istehkamın Makedoniyalı İsgəndər tərəfindən inşa etdirilməsi haqqında rəvayət var. İddiaya görə bunları Əmir Teymur dağıdıb. Başlıcası isə, ilkin orta əsrlərdə “hun qapıları”adlanan dövlət sərhədi məhz Beşbarmaq dağından keçib.
Alman coğrafiyaşünası Adam Oleari 1636 - 1638 -ci illərdə Azərbaycanda olub və Beşbarmaq ziyarətgahında gördüklərini belə təsvir edib:
“Tabutun yanında bir qarı oturub gözətçilik edirdi. Nəzir vermək üçün ziyarət olan gün yerə palaz döşənir. Şəhərdən və uzaq yerlərdən çoxlu qadın və qızlar gəlmişdilər. Onlar ayaqqabılarını çıxarıb mağaraya girərək tabutu öpüb yerdən otururdular ki, istəklərinin yerinə yetməsi üçün dua etsinlər. Dua etdikdən sonra qarıya pay verirdilər. Qarı gecələr də tabutun yanında oturaraq çıraq yandırırdı. Ona pendir, çaxır, süd, çörək, yağ verirdilər. O gecə səhərə qədər müqəddəslərin gömüldüyü yerdən müxtəlif səslər və qışqırıqlar eşidildi. Bütün bunlar bütpərəst bir ayin təəssüratı bağışlayırdı.”
Beşbarmaq piri
Azərbaycandakı ən böyük və məşhur ziyarətgahlardandır. Dağın ən yüksək zirvəsinə çatdığımız zaman ziyarət tamamlanmış sayılır. Əsrlərboyu qayalar arasında yerləşən bu pirə “Xıdırzində” (“Ölməz Xıdır”) deyirlər. Buranın Musa və Xızır peyğəmbərlərin qayası olduğuna inanırlar.
Zində - dirilik suyu deməkdir. Bu da qədim Şərq folklorunda adı tez-tez çəkilən abi-zəmzəm, yəni dirilik suyu mənasına gəlir. Xızır-Zində ilə əlaqədar bir çox əfsanələr yaranıb. Xalq arasında belə rəvayət var ki, bir vaxtlar burada Xızır peyğəmbər yaşayıb. Rəvayətə görə, Xızır zülmətə gedərək dirilik çeşməsindən su içib əbədi həyat qazanmış peyğəmbərdir. Musa Peyğəmbərlə Xızır Peyğəmbərin görüşdüyü yer Şirvan ərazisindəki qayalığın üzərində olub. IX əsr ərəb müəlliflərindən Ibn Xordadbehin yazdığına görə, Xızır Peyğəmbər bu qayada Musa peyğəmbər ilə görüşüb.
Xıdırzində
Islamın hakim dinə çevrilməsinə baxmayaraq, əhalinin dini baxışlarında, dünya görüşündə qədim dini inam qalıqları bu günədək yaşayır. Qədim dinlərlə bağlı müqəddəs yer, ziyarətgah, dini ayinlər İslam dininə uyğunlaşdırılır. Qədim ibadətgahlardan biri olan Xıdırzində pirinə sitayiş xüsusi yer tutur. Xıdırzində hələ antik dövrdə Qafqaz Albaniyası əhalisinin mühüm sitayiş obyektidir. "Qurani-Kərim"in 18-ci, Əl - Kəff (Mağara) surəsində Xızır obrazı Allahın mərhəmət etdiyi və qeybə dair bəzi biliklər öyrətdiyi bəndələrdən biri kimi təqdim olunur.
Əfsanəyə görə Xızır Peyğəmbər Makedoniyalı İsgəndərin müasiri olub, dirilik suyunun sorağında Qafqaza gəlib çıxıb, onu Beşbarmaqda tapıb, içdikdən sonra əbədiyyət əldə edib. Mifologiyada Xızır obrazı daha çox məhsuldarlıqla hərarətli, oyanan təbiətlə bağlıdır. Buna görə Xızır od, istilik gətirən kimi təbiət canlanır, yaz olur.
Heç kəs bu müqəddəs məkanın tarixi haqda tam məlumata malik deyil. Təkcə o məlumdur ki, əsrlərdən bəri insanlar dara və çətinliyə düşəndə müqəddəs Xızırzindədən nicat diləyir, ona inam bəsləyir. 124 min peyğəmbərdən biri olan Xızır, indi də insanların arasında, buralarda yaşayır və çətinə düşənlərə kömək edir. Hər il may ayının 6-da Xızır peyğəmbərin movlud günü ölkənin bütün bölgələrindən yüzlərlə zəvvar buraya ziyarətə gəlir. Dərdlərinə Allahdan şəfa diləyir və istəklərinə çatırlar.
Nuhun tufanından sonra həmin dağda Beş qardaş məskunlaşıb. Böyük qardaş Xızır Zində, kiçik qardaşlar Xızr Nəbi ilə Xızr İlyası dəryaya şirin su dalınca göndərir, üç gündən artıq vaxt ərzində qayıtmayan qardaşlarına qəzəblənən Xızır Zində "sizi görüm, daşa dönəsiniz" deyə qarğış edir. Rəvayətə görə, Beşbarmaq qayası ilə üzbəüz dənizdə bir-birinin ardınca quruya can atan qaya parçaları həmin iki qardaşdır.
Başqa bir əfsanəyə görə isə bura, Xızır İlyas peyğəmbərin adı ilə bağllıdır. Bakir peyğəmbər Xızır İlyas dağın arxasında tapdığı bulağın suyunu içən kimi əbədi həyata qovuşub. Qayanın üzərindəki izlər burada vaxtilə müqəddəs bulağın qoruyucusu məsum Xızır İlyasın ayağının izləridir.
VII əsr coğrafiyaşünasları Beşbarmaq müdafiə səddini Xors - Van adlandırır. Bəzi tədqiqatçılar buranı Şirvan vilayətini Xursan ölkəsi ilə ayıran Xursan qayası kimi göstərirlər.
Beşbarmaq qalası
IV - VII əsrlərdə Qafqaz Albaniyası ərazisində sistem şəklində tikilən müdafiə istehkamlarından birincisi Beşbarmaq müdafiə səddidir. Beşbarmaq dağından Xəzər dənizinə qədər uzanırdı. Alban tarixçisi Moisey Kalankatlı Sasani padşahı Yezdəgirdin dövründə 438 - 457-ci illərdə tikildiyini göstərib. V əsrin sonunda Sasanilər əleyhinə başlayan üsyan zamanı yerli əhali Beşbarmaq qaya divarlarının arasında müdafiə olunub. Orta əsrlərin sonlarınadək əhali çox vaxt burada baqsınlardan müdafiə olunmaq üçün gizlənib. Qala və karvansarayların qalıqlarını ərazidə indi də görmək olur.
XIII əsr fransız səyyahı V.Rubruk Azərbaycanda olarkən burada müdafiə sədlərinin olduğunu göstərir. Gilgilçay səddi və digərləri haqda məlumat verir. XVII əsrin holland dənizçisi, səyyah Yan Streys şimal - şərqi Azərbaycandan keçərkən gördüyü Beşbarmaq abidəsi haqda yazırdı ki, biz dənizin yanından keçəndə bir dağ gördük. Dağ Parmax və ya Barmax adlanır. Zirvəsi düz istiqamətdə uzanan barmağı xatırladır. Vaxtilə burada möhtəşəm qala olub ki, bu ərazinin müdafiəsinə xidmət edib. Indi də həmin divarların özülü dairəvi meydan və onun yaxınlığında daş bulaq qalıb.
Beşbarmaq abidəsinin tikilmə tarixi bilavasitə Sasanilərin öz ərazilərinin Cənubi Qafqaz torpaqları hesabına genişləndirmələri ilə bağlıdır. Sasanilərin ilk cənub müdafiə divarıdır. 452-ci ildə Alban xanları Sasanilər əleyhinə üsyan qaldırırlar. Bu üsyandan sonra Sasnilər xanların hücumunun qarşısını almaq məqsədilə buradan 27 km şimalda yeni bir müdafiə divarı - Gilgilçay müdafiə istehkamını tikdirdilər.
Gilgilçay səddi
Rayonun qədim tarixi, mədəniyyət abidələrindən biridir. Çox hissəsi dağılan səddin 1931-32 və 1963-1964-cü illərdə təqribən 60 kmlik hissəsi tədqiq olunub. Əsasən torpağın altında qalıb. Ərəbdilli qaynaqlarda "Sur ət-Tin" ("Gil divar") adlandırılan bu səddin əsasının Sasani hökmdarı Qubad (488-531) zamanında qoyulduğu bildirilir. Gilgilçayın Xəzərə töküldüyü yerdən başlayan səddin divarları Babadağa doğru 60 km-ə qədər uzanır.
Gilgilçay kompleksi ilk orta əsrlərin ən möhtəşəm dörd müdafiə xəttindən biridir. Qafqaz Albaniyası ərazisində şimaldan köçəri tayfaların hücumlarına qarşı III-V əsrlərdə ucaldılıb. Bu istehkam haqqında ilk məlumat verən ərəb tarixçisi Əl-Bəlazuri (IX əsr) "Ölkələrin fəthi" kitabında yazır ki, Firuzun oğlu Sasani şahı Qubad onlara (xəzərlərə) qarşı iyirmi min döyüşçü göndərdi, sonra Qubad özü də qoşuldu və Şirvanla Aran vilayətlərinin qapısı arasında çiy kərpicdən sədd tikdirdi.
A.Bakıxanov "Gülüstani-İrəm" əsərində qeyd edir ki, bu sədd dənizdən başlayıb Çıraqqalaya bitişir. Oradan da üzərində böyük bir xarabası olan Anta dağından keçərək Qonaqkəndin üstündən Babadağa doğru gedir. Gilgilçay səddinə daxil olan Çıraqqala Azərbaycanın dağ qalaları içərisində ən oynaq silueti olan abidədir.
MƏSLƏHƏT GÖR: