15 Mart 2025

Şənbə, 00:31

AÇIQ SUALLAR VƏ BAĞLI SƏRHƏDLƏR

Ermənistanın Türkiyə və Azərbaycana qarşı iddialarını davam etdirməsinə baxmayaraq, Ankara Bakını yerevanla yaxınlaşma istiqamətindəki addımlarının doğruluğuna inandırmağa çalışır

Müəllif:

01.06.2009

Türkiyə ilə  Ermənistan arasında gedən danışıqlar Azərbaycan KİV-də son zamanlar ən çox müzakirə edilən mövzulardan birinə çevrilib. Məsələ ilə Dağlıq Qarabağ münaqişəsinin həlli arasında birbaşa əlaqəni nəzərə alsaq, bu, tamamilə başa düşüləndir. Bu məqamın Bakı-Ankara münasibətlərində əsas yer tutması da qanunauyğundur. 

Türkiyə ilə münasibətlərin normallaşdırılması məsələsinə Ermənistanda da böyük diqqət var: Yerevanda ikitərəfli münasibətlərin olmaması və "Ermənistanın blokada"sına görə bütün məsuliyyət Ankaranın üzərinə qoyulur.

Amma real faktları diqqətlə öyrəndikdə, görünür ki, bizə qonşu olan bu 2 dövlətin münasibətlərində isinmə birdən-birə baş verməyib. Bu faktlar həm də bir daha təsdiqləyir ki, Yerevanda və bir sıra Qərb KİV-də Türkiyə tərəfindən "Ermənistanın blokadası" haqda səsləndirilən fikirlərin heç bir əsası yoxdur.

Türkiyə Ermənistanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir (1991-ci il dekabrın 16-sı) və o vaxtdan Ankara bu qonşu ölkəyə qarşı mehriban siyasət yürüdüb. Ermənistan isə əksinə, hələ də rəsmi səviyyədə Türkiyəyə ərazi iddiaları ilə çıxış edir. Ermənistanın 1990-cı il avqustun 23-də qəbul edilmiş Müstəqillik Bəyannaməsinin 11-ci maddəsində bildirilir ki, "Ermənistan Respublikası 1915-ci ildə Osmanlı İmperiyası və Qərbi Ermənistanda törədilmiş erməni soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətindəki işləri dəstəkləyir". 

Beləliklə, bəyannamə qəti şəkildə göstərir ki, Ermənistan Türkiyənin bir sıra şərq regionlarına iddiasını qüvvədə saxlayır, həmin bölgələri "Qərbi Ermənistan" adlandıraraq, hələ də onların müasir Türkiyənin tərkib hissəsi olduğunu qəbul etmir.

Ankaranın sözügedən qonşusuna qarşı konstruktiv mövqe tutması dövlətlərarası münasibətlərin digər sahələrində də özünü göstərir. İki qonşu ölkə arasında qarşılıqlı inamın möhkəmlənməsinə nail olmaq məqsədilə, Türkiyə hava əlaqəsi sahəsində də addım ataraq, yerli Fly Air və Ermənistanın Armavia Airlines şirkətlərinə Yerevanla İstanbul arasında müntəzəm birbaşa reyslər təşkil edilməsinə icazə verib. Bununla yanaşı, Yerevan - Trabzon, Yerevan - Antalya çarter reysləri də həyata keçirilir. Türkiyə Ermənistandan və Ermənistana beynəlxalq aviareyslərin həyata keçirilməsi üçün heç bir məhdudiyyət qoymadan 2 dəhliz - UM-111 və UB-374 - də açıb, nəticədə hər ay Türkiyə ərazisindən 100-dən artıq belə uçuşların keçirilməsinə gözəl şərait  yaradılıb. 

Türkiyə hökuməti rəsmi şəkildə öz vətəndaşlarına və şirkətlərinə Ermənistanla ticarət əməliyyatlarının keçirilməsini, Ermənistan vətəndaşlarının isə işə götürülməsini də qadağan etməyib və etmir. Hazırda Türkiyədə 50 mindən artıq Ermənistan vətəndaşı yaşayır və çalışır. Nəticədə Türkiyə-Ermənistan Əməkdaşlıq Şurasının məlumatına görə, 2007-ci ildə iki ölkə arasında ticarətin həcmi 200 milyon dolları ötüb və bu, Türkiyəni Ermənistanın əsas ticarət tərəfdaşlarından birinə çevirib. Ermənistan iqtisadiyyatının həcminə görə, bu, kifayət qədər böyük rəqəmdir. 2008-ci ildə isə o, daha böyük olub. 

Əlbəttə ki, bu rəqəmlər Azərbaycanla Türkiyə arasındakı anoloji rəqəmlərlə müqayisədə (təxminən 1,5 milyard dollar) çox kiçikdir. Lakin hər halda, onlar göstərir ki, burada blokadadan danışmaq tamamilə yersizdir.

Ankara Ermənistan və Türkiyə ərazisindən tranzit ticarətinə də etiraz etmir. Bu baxımdan qeyd etmək lazımdır ki, hər il Türkiyəyə məxsus 4 mindən artıq yük maşını yerli məhsul və yükləri Gürcüstan ərazisi ilə Ermənistana daşıyır.

Türkiyə regional əməkdaşlıq məsələsində də Ermənistan üçün "qapıları açıb": Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) təsisçisi olmaq üçün Ermənistana dəvəti məhz Ankara göndərib və hazırda Ermənistanın İstanbulda bu qurumdakı daimi nümayəndəsi var.

Ermənistanda enerji böhranı və təbii fəlakətlərlə əlaqədar yaranmış çətin durumlarda Ankara Yerevana öz yardım və dəstəyini təklif etsə də, qarşı tərəf həmişə bu təklifləri rədd edib.

Humanitar əlaqələrə gəlincə, Ermənistan vətəndaşları Türkiyə ərazisindəki aeroportlarda yerləşən buraxılış məntəqələrindən 30 günə verilən vizalarla istədikləri zaman qonşu dövlətin ərazisinə maneəsiz şəkildə baş çəkə bilərlər (yeri gəlmişkən, bu qayda Azərbaycan vətəndaşlarına da aiddir). Lakin Ermənistan Türkiyə vətəndaşlarının bu ölkəyə səfərlərinin təşkili üçün heç bir addım atmır.

Beləliklə, Türkiyənin Ermənistanı blokadada saxlaması və ya Ankaranın bu ölkəyə embarqo tətbiq etməsi haqda danışmaq üçün heç bir əsas yoxdur. Söhbət yalnız iki ölkə arasında quru sərhədlərinin qapalı olmasından gedir. Bu haqda danışan zaman isə sərhədlərin bağlanması qərarının 1993-cü ildə Ankara tərəfindən 2 vacib səbəbə görə verildiyini söyləmək lazımdır.

Birincisi, bu, Ermənistanın Azərbaycana təcavüzünə cavab idi. Sərhədlərin bağlanması Türkiyənin Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə, Yerevanın BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsinə əməl etməməsinə göz yummayacağının göstəricisi idi. Başqa sözlə, bu, Azərbaycan xalqına dəstək və həmrəylik aktı olub - həmin ağır illərdə Azərbaycan xalqı real genosidlə üzləşərək, tam informasiya blokadasına salınmışdı. Həmin vaxt Azərbaycana real mənəvi, siyasi, diplomatik və iqtisadi yardım göstərən ölkə Türkiyə idi.

İkincisi, bu addım Ermənistanda hakimiyyətə gələn bütün qüvvələrin Türkiyəyə qarşı istisnasız olaraq, düşmən siyasəti yürütməsinə də cavab idi. Bu kontekstdə Türkiyənin düşmənçilik və ərazi iddiaları kimi qəbul etdiyi məqamları qeyd etmək istərdim. 

Əvvəla, artıq qeyd olunduğu kimi, Ermənistanın Müstəqillik Bəyannaməsinin 11-ci maddəsində Türkiyənin Şərqi Anadolu regionu "Qərbi Ermənistan" kimi göstərilir. Ermənistan Konstitusiyasında isə Türkiyə ərazisində yerləşən Ağrı dağı Ermənistan Respublikasının milli herbinin elementi kimi əks olunur. 

Bu faktlara əsasən demək olar ki, Yerevan Türkiyənin bəzi Şərq rayonlarına ərazi iddialarını saxlayır. 

Bundan başqa, Ermənistanın 2007-ci ilin yanvarında təsdiqlənmiş Milli Təhlükəsizlik Konsepsiyasında Türkiyə "Ermənistanın Milli təhlükəsizliyinə təhdid" kimi göstərilir.

Yuxarıda qeyd olunanlarla əlaqədar, Türkiyə tərəfi uzun müddət hesab edib ki, Ermənistan həm Ankaraya, həm də Bakıya qarşı siyasətini kökündən dəyişməli, müstəqillik, suverenlik və beynəlxalq hüququn digər prinsiplərinə hörmət siyasəti yürütməlidir. Türkiyə hesab edib ki, yalnız bu halda Ermənistanla münasibətlərin normallaşdırılması və sərhədlərin açılması mümkündür. 

Lakin son zamanlar türklər bu dəyişikliklərin baş verməsini gözləmədən Ermənistanla münasibətlərin qaydaya salınması prosesinə start veriblər. 

Bəs ötən illər ərzində gözləntilər özünü doğrultmadığı halda Ankaranın kursunda bu dərəcədə radikal dəyişikliyin baş verməsinin səbəbi nədir?

Belə demək olar ki, Ermənistanın siyasətindən başqa, hər şey dəyişib. Başqa sözlə, dəyişməyən yalnız sərhədlərin bağlı olmasının səbəbləridir. 

Bu baxımdan, həqiqətən də, Ankaranın qonşusu ilə münasibətləri normallaşdırmağa bu dərəcədə meyillənməsi bir qədər anlaşılmaz görsənir. Axı Yerevan nə Türkiyəyə, nə də Azərbaycana qarşı daha dözümlü, hörmətə əsaslanan heç bircə  addım belə atmayıb.

Aydındır ki, Türkiyənin Ermənistana qarşı siyasi kursunun dəyişməsi Ankaranın xarici siyasəti qarşısında duran bir neçə məsələnin həlli məqsədini güdür. Bu həm ABŞ Konqresində "erməni soyqırımı" ilə bağlı qətnamənin qəbulu zamanı ermənilərin fəallığının qarşısının alınması, həm Avropa İttifaqına üzvlüklə bağlı danışıqların aparılması üçün daha əlverişli şəraitin yaradılması, həm də erməni bazarını əlverişli sayan və oraya doğru genişlənməyə can atan türk biznesinin maraqlarıdır. 

Buraya həm də Türkiyə cəmiyyətinin islamlaşdırılması və ölkənin regionun liderinə çevrilməsinə baş qarışdığından, müsəlman və qonşu Azərbaycanın problemlərinə göz yuman hakim Ədalət və İnkişaf Partiyasının (AKP) öz iddialarını da əlavə etmək olar.

Kənar qüvvələr - ABŞ və Avropa İttifaqının Ankaraya təsirlərini də nəzərdən qaçırmaq olmaz. Hamıya aydındır ki, onlar Ermənistanın Rusiyadan qoparılması kimi starteji məqsədə çatmaq üçün əllərindən gələni edirlər. Bununla əlaqədar olaraq, tam əsaslı sual yaranır: Ankara "Ermənistan kombinasiyası"nı quran zaman hər şeyi hesablayıbmı? O, Azərbaycan və Rusiyaya qarşı siyasətinin mümkün nəticələrini nəzərə alıbmı? 

Son zamanlar ardıcıl olaraq Azərbaycana səfər edən Türkiyə rəsmilərinin bir-birinə zidd bəyanatlarına əsasən belə qənaətə gəlmək olar ki, onlar Ermənistanla barışığın o qədər də asan və ucuz başa gəlməyəcəyini hələ indi anlayıblar. Yeri gəlmişkən, Moskva da mümkün nəticələr haqda ciddi düşünməlidir. Ötən əsrin 80-ci illərinin sonlarında ABŞ və Qərbin Rusiyanın regiondakı təsir imkanlarının azalmasına nail olmasında məhz Dağlıq Qarabağdakı erməni faktorunun rolu böyük olmuşdu. Tarix bu dəfə də təkrarlana bilər.

Bu məqamda Azərbaycanın mövqeyi vacib əhəmiyyət daşıyır. Xoşbəxtlikdən o, emosiyalardan uzaqdır və sağlam praqmatizmə əsaslanır. Bakının mövqeyinin əsasında qonşularla münasibətlərin qurulmasında Türkiyənin suveren hüququnun olması faktoru dayanır. Heç kəs bu hüquqa toxunmur və toxunmaq haqqına da malik deyil. Lakin bu huququ dəstəkləməklə yanaşı, biz hesab edirik ki, Türkiyə dost - qonşu dövlət və Azərbaycanın strateji tərəfdaşı olaraq, bəzi məqamları nəzərə almalıdır: Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində irəliləyişin olmadığı, Yerevanın həm daxildə, həm xaricdə səsləndirdiyi rəsmi bəyanatlarında Bakının Dağlıq Qarabağ üzərində suverenliyinin qəbuledilməzliyi barədə fikirlərin yer aldığı vaxtda sərhədlərin açılması həm bu prosesin gedişinə, həm də Güney Qafqazda təhlükəsizlik və sabitliyə mənfi təsir göstərə bilər.

Odur ki, bu şəraitdə Yerevana pozitiv "mesajlar"ın göndərilməsi onları Azərbaycana qarşı işğalçı siyasətin davam etdirilməsinə şirnikləndirə bilər. Bu isə həm Bakı üçün qəbuledilməzdir, həm də regionun digər dövlətləri çətin ki, belə vəziyyətdən qazansınlar. 

Hər halda, Türkiyənin xarici işlər naziri Davudoğlunun özü Bakıda həll edilməmiş münaqişələri istənilən anda partlaya biləcək bombaya bənzədib. Görünür, mayın 26-da Bakıya rəsmi səfər etmiş və burada Azərbaycan rəhbərliyi ilə uzun-uzadı danışıqlar aparan Türkiyənin xarici siyasət idarəsinin yeni rəhbərinə məhz bu siqnal verilib. Bakı dost Türkiyədən sülh prosesinin dəstəklənməsinə real töhfə verilməsini, Güney Qafqaz regionunda real təhlükəsizlik və sabitliyin təmin edilməsini gözləyir.


MƏSLƏHƏT GÖR:

487