
"TƏCİLİ CAVAB-2009"
Moskvanın etirazına baxmayaraq, NATO-nun Gürcüstan təlimləri baş tutdu
Müəllif: Rasim MUSABƏYOV, politoloq Bakı
NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində Gürcüstanda Coope-rative longbow 09/cooperative lancer 09 çoxmillətli təliminə start verilib. Orada NATO-ya üzv ölkələrlə yanaşı, alyansın tərəfdaşı olan dövlətləri də təmsil edən ümumilikdə 1000-dən artıq hərbçinin iştirakı nəzərdə tutulub. Onların arasında Albaniya, Azərbaycan, Bosniya və Herseqovina, Kanada, Xorvatiya, Çexiya, Gürcüstan, Macarıstan, Yunanıstan, İspaniya, Makedoniya, Türkiyə, BƏƏ, Böyük Britaniya və ABŞ var.
Təlimin hazırlıq mərhələsi Tbilisidə baş tutsa da sonradan o, Vazianiyə keçib (mayın 11-dən 19-dək). Qərargah təlimləri zamanı qərargah təcrübələrinin öyrənilməsi və məşqi gerçəkləşdirilib, NATO prosedurları, həmçinin tərəfdaş ölkələrin böhranlı situasiyalarda çoxmillətli briqadalar halında birgə fəaliyyəti məşq edilib. Təlimlərin ssenarisi NATO-nun BMT mandatı altında böhranlı vəziyyətə reaksiyası və əməliyyatlarını nəzərdə tutur.
Mayın 21-dən iyunun 3-dək elə Vaziani bazasının ərazisində Cooperative lancer 09 səhra təlimləri keçiriləcək. O, çoxmillətli qüvvələrin batalyonlar səviyyəsində sülhməramlı əməliyyatlara hazırlığını nəzərdə tutur.
Şimali Atlantika Alyansının nümayəndəsi Robert Pşel təlimlərin hərbi-qərargah xarakteri daşıdığını söyləyib və bildirib ki, "silahdan və tanklardan istifadə edilməyəcək, ssenari isə BMT mandatı ilə keçirilən əməliyyatlarla əlaqədardır".
Lakin bu bəyanata baxmayaraq, Rusiyanın Gürcüstanda keçirilən təlimlərə reaksiyası son dərəcə neqativdir. Təlimlərin başlanması ərəfəsində Rusiya prezidenti Dmitri Medvedev də şəxsən xəbərdarlıq bəyanatı səsləndirib: "Bu və ya digər blok bir müddət əvvəl yüksək gərginliyin olduğu və hazırda da situasiyanın tam sakitləşmədiyi yerdə təlimlər keçirirsə, burada daha mürəkkəb vəziyyətin yaranma təhlükəsi var. Əgər Rusiyanın Şimali Atlantika Alynası ilə münasibətlərindən danışsaq, belə addımlar məyusedicidir və o, Moskva ilə NATO arasında mükəmməl əlaqələrin qurulmasına xidmət etmir. Biz orada baş verənləri son dərəcə diqqətlə izləyəcək və lazım olacağı təqdirdə bu və ya digər qərarlar qəbul edəcəyik".
Rusiyanın baş naziri Vladimir Putin öz növbəsində Yaponiya KİV-ə müsahibəsində açıq şəkildə bildirdi ki, təlimlərin prezident Saakaşviliyə dəstək təsiri bağışlaması onu əsəbiləşdirir: "Nümayişçilərin dağıdılması, müxalifət liderlərinin yaralanması, onların rezin güllələrlə atəşə tutulması, küçələrdə qan, siyasi məhbusların artması, silahlı qüvvələrdə qiyam - bütün bunların fonunda hərbi təlimlər keçirməyə qərar verilir. Əlbəttə ki, bu, hakim rejimin dəstəklənməsindən başqa bir şey deyil".
Amma Rusiyanın etirazları heç bir nəticə verməyib və NATO Gürcüstan ərazisində keçirməyi çoxdan planlaşdırdığı təlimlərdən imtina etməyib. Bununla yanaşı, bəzi dövlətlər (Moldova, Qazaxıstan, Ermənistan və Serbiya) Rusiyanın təzyiqi, bəziləri isə (Estoniya və Litva) maliyyə çətinlikləri və təlimin keçirildiyi yerin uzaq olduğunu əsas gətirərək, tədbirə qatılmaqdan imtina ediblər.
MDB üzvlərindən yalnız Azərbaycan Gürcüstana 8 nəfərdən ibarət kiçik zabit qrupu göndərib. Burada vacib olan məqam odur ki, Azərbaycan bu addımı ilə yalnız iqtisadi sahədə yox, həm də təhlükəsizliklə bağlı müstəqil kurs və çoxistiqamətli siyasət yürütdüyünü nümayiş etdirib. Son anadək təlimlərə mütləq qatılacağını bəyan edən Ermənistan isə son anda "patron"u Moskvanın tələbindən imtina edə bilməyərək, Tbilisiyə hərbçi göndərməyib. Bu, Yerevanın minimal müstəqilliyə belə malik olmadığını aşkar şəkildə göstərir.
Güman etmək olar ki, həm Brüssel, həm də Şimali Atlantika Alyansının üzvü olan dövlətlər Bakı ilə Yerevanın NATO ilə tərəfdaşlıq öhdəliklərinə bu cür fərqli yanaşmasını diqqətdən qaçırmayıblar. Azərbaycanın NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulmasının 15 illiyi ilə bağlı təbrik müraciətində alyansın baş katibi Yaap de Hoop Sxeffer bildirib ki, Azərbaycanla NATO ikitərəfli münasibətlərin möhkəm özülünü formalaşdırıblar və bu, gələcəkdə əməkdaşlığın gücləndirilməsi üçün əsas rolunu oynaya bilər. O, Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması üçün islahatların davam etdirilməsinin vacibliyini söyləyib və Bakının beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirib. Prezident İlham Əliyevin bir müddət əvvəl Brüsselə səfəri və orada NATO rəhbərliyi ilə keçirdiyi görüşdə Yaap de Hoop Sxefferin alyansın Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləməsi haqda bəyanatı da, çətin ki, Yerevanda nikbinlik yaratsın. Yeri gəlmişkən, Ermənistanın müdafiə naziri Seyran Ohanyan ölkəsinin Gürcüstandakı NATO təlimlərində iştirakdan imtinasını həm də bununla əlaqələndirib.
Daha bir diqqətçəkən məqam ABŞ administrasiyasının 2010-cu il üçün nəzərdə tutulmuş dövlət büdcəsi layihəsində Ermənistana yardımı 30 milyon dollara endirməsidir. Xatıladaq ki, 1 il əvvəlki büdcədə bu rəqəm 48 milyon dollar idi. Eyni zamanda, büdcədə Dağlıq Qarabağa maliyyə yardımı ümumiyyətlə nəzərdə tutulmayıb, halbuki, ötən il ABŞ bu məqsədlə 8 milyon dollar ayırmışdı. Bununla yanaşı, ABŞ administrasiyası 2010-cu ildə Ermənistana 3, Azərbaycana isə 4 milyon dollar həcmində hərbi yardım göstərilməsini təklif edir. Hərbi təlimlər proqramı (IMET) çərçivəsində Azərbaycana 900, Ermənistana isə 450 min dolların ayrılması nəzərdən keçirilir.
Əlbəttə ki, bu, sadəcə qanun layihəsidir və büdcənin Konqresdə müzakirəsi zamanı erməni lobbisinin vəziyyəti öz xeyirlərinə dəyişmək üçün səfərbər olacağına şübhə yoxdur. Lakin görünən odur ki, Vaşinqton destruktiv siyasət yürüdən və regionda qarşıdurmanın səbəbkarı olan Ermənistana səxavətlə maliyyə yardımı göstərilməsinin absurdluğunu tədricən anlayır.
Moskvaya gəlincə, o, Gürcüstanda keçirilən təlimlərə sadəcə etiraz bəyanatı səsləndirməklə kifayətlənməyib və əvvəlcədən planlaşdırılmış NATO-Rusiya Şurası iclasına qatılmaqdan nümayişkaranə şəkildə imtina edib. Rusiya hakimiyyəti ölkənin sərhəd xidmətinin Abxaziya və Güney Osetiya sərhədlərinə nəzarəti ələ alacağını da bəyan edib. Prezident Medvedev isə təcili olaraq Moskvaya dəvət edilmiş marionet "prezidentlər" Baqapş və Kokoytı ilə birlikdə bu məsələni imzası ilə rəsmiləşdirib.
Bu da son deyil. Rusiyanın NATO-dakı daimi nümayəndəsi Dmitri Roqozin NATO təlimləri zamanı Gürcüstanda alyans hərbçilərinə qarşı təxribatın istisna olunmadığını bəyan edib: "Sonra barmaqlarını bizə tərəf uzadaraq, bunu guya bizim təşkil etdiyimizi söyləyəcəklər. NATO-çulara müraciət edirik - bizi dinləyin, əgər xəbərdarlığımıza baxmayaraq bu təlimlərə gedirsinizsə, hərbçilərinizin təhlükəsizliyinə görə yalnız özünüz məsuliyyət daşıyacaqsınız. Onların başına bir iş gəlsə, nəzərə alın ki, biz sizi xəbərdar etmişdik".
NATO təlimlərinin başlanmasına lap az qalmış Gürcüstanda hərbi qiyama cəhd baş verən zaman Tbilisidə dərhal Roqozinin bu xəbərdarlığını xatırladılar. Rəsmi açıqlamaya görə, hərbi təlimlərin keçiriləcəyi yerdən 5 mil məsafədə yerləşən Muxrovanidəki əlahiddə tank batalyonu ali ordu komandanlığının tabeliyindən çıxdığını bəyan etdi. Batalyonun 500 hərbçisi bazaya girişi bağlayaraq Müdafiə Nazirliyinin məmurlarına içəri girməyə imkan vermədi. Batalyonun komandiri isə onlara rusların hücuma keçdiyini bildirərək, hərbi mövqe tutmaq haqda göstəriş verdi.
Bundan dərhal sonra qiyamçı hərbi hissənin zərərsizləşdirilməsi üçün operativ tədbirlər görüldü. Əsgərlər isə televiziya xəbərlərindən komandirləri tərəfindən aldandıqlarını dərk etdikdən sonra, könüllü olaraq hökumət qüvvələrinə təslim oldular. Batalyonun qiyamçı komandanlığı qaçıb və onların barələrində axtarış elan edilib.
Baş verənlərlə bağlı istintaq gedir.Görünən odur ki, Moskvaya Qərbdən, xüsusilə də ABŞ-ın yeni administrasiyasından digər vacib qlobal problemlə bağlı konstruktiv əməkdaşlığın əvəzində, postsovet məkanına eksklüziv hüquq almaq mümkün olmayacaq. Bir müddət əvvəl ABŞ dövlət katibi köməkçisinin müavini Metyu Brayzanın "Exo Moskvı" radiosuna müsahibəsində söylədiyi kimi: "ABŞ heç zaman Abxaziya və Güney Osetiyanın müstəqilliyini tanımayacaq. Hazırda biz Gürcüstana ordunun peşəkarlığının artırılmasında və hərbi doktrina qismində strateji düşüncə tərzinin bərpasında yaxından kömək edirik".
Bizə də yaxşı tanış olan amerikalı diplomat fikrini belə davam etdirib: "Rusiya avqustun 12-si və sentyabrın 8-də əldə edilmiş razılaşmalar əsasında üzərinə düşən öhdəliklərə, həmçinin BMT-nin 1866 saylı qətnaməsinə əməl etmir. Rusiyanın üzərində qoşunlarını müharibəyəqədərki mövqelərə çəkmək haqda öhdəlik var. O isə bunun əvəzində bölgədəki qoşununun sayını artırır. Əvvəl orada rus hərbçilərinin sayı 4,5 min idisə, indi bu rəqəm 10 mini üstələyir. Rusiya başqa istiqamətdə gedir".
Amma Qərbin özü də elə bu istiqamətində hərəkət edir - NATO-nun regionda keçirdiyi təlimlər tam gücü ilə davam edir. Gürcüstanda isə nə müxalifətin etirazı, nə də narazı hərbçilərin qiyamı sabitliyi pozmayıb. Və bu, çox yaxşıdır. Çünki Güney Qafqazda sabitliyin möhkəmlənməsindən sonda hamı qazanacaq.
MƏSLƏHƏT GÖR: