14 Mart 2025

Cümə, 20:48

"BÖYÜK SİYASƏT" "BÖYÜK DİPLOMATİYA"ya QARŞI

Qarabağla bağlı real razılaşmanın əldə edilməsinə hər tərəfdən mane olurlar

Müəllif:

15.05.2009

Avropa İttifaqının "Şə-rq tərəfdaşlığı" proqramı üzrə Praqada keçirilən sammitini analitiklər "Praqa baharı" adlandırırdılar - ondan Ermənistan-Azərbaycan münaqişəsinin həllində irəliləyiş gözlənilirdi. Danışıqlarda uğurun əldə ediləcəyi təqdirdə, bu ilin mayı Güney  Qafqazdakı geosiyasi proseslərdə müsbət dəyişikliklərin başlanğıcı kimi tarixə düşə bilərdi: axı birdən-birə iki münaqişə aradan qaldırıla bilərdi - Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə.

Praqada nəzərdə tutulmuş bütün görüşlər - Əliyev-Sarkisyan, Əliyev-Gül və nəhayət, Gül-Sarkisyan - baş tutdu. Lakin onların nəticələrini müxtəlif mənbələr müxtəlif cür qiymətləndirir və bu da təəccüblü deyil.

Azərbaycan-Ermənistan prezidentlərinin görüşünü şərh edən ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza bildirib ki, dövlət başçıları münaqişənin həllinin əsas baza prinsiplərilə əlaqədar razılığa gəliblər. Fikir çoxmənalı olsa da, onun əsl məğzi haqda yalnız o məlumdur ki, İlham Əliyevlə Serj Sarkisyan tezliklə Sankt-Peterburqda dialoqu davam etdirəcəklər.

Fransanın xarici işlər naziri Bernar Kuşnerin sözügedən görüş haqda fikirləri belə olub: "Danışıqlar asan keçməyib". 

Azərbaycan KİV-də isə maraqlı iformasiya " sızması" olub: Ermənistan mövqeyini sərtləşdirərək, 2 il əvvəl irəli sürdüyü və hətta ATƏT-in vasitəçiləri tərəfindən rədd olunmuş tələbləri yenidən gündəmə gətirib. 

İstənilən halda, gözlənilən irəliləyiş baş verməyib və buna səbəb, yenə də Ermənistanın güzəştə getməməsi idi.

Azərbaycan prezidentinin tür-kiyəli həmkarı, həmçinin Türkiyə ilə Ermənistanın dövlət başçıları arasında baş tutmuş görüşlər haqda da ictimaiyyətə məlumat çox "qənaət"lə verilib. Abdullah Gül  İ.Əliyev-S.Sarkisyan görüşü haqda kifayət qədər ehtiyatla danışıraq, onu "uğurlu" adlandırıb. Ermənistanın dövlət başçısı öz növbəsində Güllə apardığı danışıqlarda "əvvəlki razılaşmalara hörmət edilməsi və ilkin şərtlər olmadan irəli gedilməsi"nə dair razılığa gəlindiyini açıqlayıb. Bununla yanaşı, Türkiyədə bildirirlər ki, Yerevan-Ankara dialoqu Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə paralel aparılacaq. Xatırladaq ki, Azərbaycan KİV-ə inansaq, Ermənistan Qarabağ problemilə bağlı danışıqlarda mövqeyini son dərəcə sərtləşdirib. Əksər analitiklər bunu Ermənistan-Türkiyə danışıqları ilə əlaqələndirir. Lakin burada Rusiya faktorunun həlledici rolunu da istisna etmək olmaz. Həqiqətən də, əvvəlcə 2008-ci ilin payızında Mayndorfda "1+1+1" formatında, sonra Rusiya ilə Azərbaycan arasında, daha sonra Rusiya-Ermənistan arasında aparılan danışıqlar seriyasının fonunda Moskva özünün sülhməramlı statusunun eksklüzivliyini aşkar şəkildə nümayiş etdirməyə çalışıb.

Hər halda, hazırlığına hələ Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyanın Vaşinqtonda ABŞ-ın dövlət katibi Hillari Klintonla apardıqları danışıqlarla başlanılmış Praqa görüşü "sülhməramlılıqda monopoliya"nı tamamilə pozub. Üstəlik, Ermənistan-Türkiyə dialoqu da Moskvanı narahat etməyə bilməz. KİV-də Türkiyənin regionda Rusiyanın güc tətbiq etməsindən sonra Ermənistanla dostlaşmağa qərar verməsinə dair fikirlər mütəmadi olaraq yer alsa da, əslində, hər şey bu qədər də sadə deyil. Hələ Türkiyə ilə Ermənistan arasında imzalanmış və xeyli səs-küyə səbəb olmuş "yol xəritəsi"nin mürəkkəbi qurumamış Rusiyanın "Vremya novostey" qəzeti xəbərdarlıqla çıxış etmişdi: "Əgər Ermənistan-Türkiyə sərhədləri açılarsa, Rusiyanın Güney Qafqazdakı əsas müttəfiqi (Ermənistan) mütləq Türkiyəyə tərəf dönəcək. İqtisadiyyat köhnə yaraların sağalmasına kömək edəcək. İki yad divardan (Gürcüstan və Azərbaycan) adlamaqla küçəyə çıxmaq isə özünə məxsus açıq qapıdan çıxmaqla müqayisədə xeyli çətindir". 

Daha sonra qəzet yazır: "Sərhədlərin açılması imkanları Türkiyənin Qarabağla bağlı danışıqlarda verə biləcəyi böyük bonusdur. O, bununla da Rusiyanı Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəki vahid "patron"luğundan məhrum edə bilər. Moskvanın belə bonusu yoxdur. Amma Rusiya avqust müharibəsinə (Gürcüstanla) getməsəydi, onun da belə bonusu olacaqdı. O müharibədən sonra isə, bütün protokol tipli "qarşılıqlı hörmət" haqda bəyanatlara baxmayaraq, həm Bakı, həm Yerevan, həm də Ankara Rusiyadan açıq şəkildə ehtiyat edir".

Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakovun Praqada Rusiyanın Dağlıq Qarabağın müstəqilliyini tanımağı düşünməməsi haqda açıqlamasından sonra Azərbaycanda ehtiyatlılıq qismən azalıb. Moskvanın sınaqdan çıxmış əlaltısı olan Ermənistana təsir etmək üçün isə ciddi vasitələri var. Daxili siyasi rıçaqlar da buraya aiddir. "Yol xəritəsi"nin imzalanmasının ardından Ermənistanda hakim koalisiyanın dağılması və "daşnaksütun"un onu tərk etməsini xatırlamaq kifayətdir. Ekspertlərin fikrincə, bu hələ yalnız başlanğıcdır. Yerevan Türkiyə ilə dialoqun ilkin şərtlər olmadan aparıldığını iddia etsə də, bu, hətta nəzəri baxımdan belə mümkün deyil. Çünki lap Dağlıq Qarabağ münaqişəsini nəzərə almasaq belə, hələ Ermənistanın Qars müqaviləsini, yəni, Türkiyənin hazırkı sərhədlərini tanıması məsələsi ortadadır.

Hələlik bu məsələ ilə bağlı etirazını yalnız politoloq və analitiklər, ən yaxşı halda müxalifətdən olan deputatlar ortaya qoyurlar. Lakin ekspertlər hazırkı danışıqlarda əldə edilən irəliləyişlərə etiraz edən silahlı müxalifəti - Qarabağ separatçılarını unutmamağı tövsiyə edirlər. 

Hər halda, Bakı və Yerevanda iki ölkə prezidentlərinin Praqa görüşündən nəticə gözlənildiyi vaxtda, Ermənistan silahlı qüvvələri Ağdam rayonunun işğal altındakı ərazisində genişmiqyaslı hərbi təlimlərə start veriblər və belə "sinxronlaşma", çətin ki, təsadüfi olsun. Üstəlik, cəbhənin o tərəfində etiraf edirlər ki, hazırkı danışıqlar Qarabağ separatçılarını heç də məmnun etmir.

Rəsmi nəşr olan "Qolos Armeniyi" qəzeti Praqa görüşünə hazırlığın getdiyi vaxtda, bu görüşü şərh edərək yazırdı: "Bir sıra bədbin ekspertlər bildirirlər ki, hələlik hadisələr "türk ssenarisi" olan "sinxron həll" variantı üzrə inkişaf edir. Məhz bu səbəbdən Praqa sammiti öncəsi ABŞ-ın dövlət katibi Hillari Klinton Ermənistan və Azərbaycanın XİN başçılarını "sinxron" şəkildə Vaşinqtona dəvət edib. Guya Klinton həm Ermənistan-Türkiyə, həm də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesini sürətləndirmək niyyətindədir və guya məhz bu səbəblə Yerevana Dağlıq Qarabağ ətrafındakı bufer zona olan 5 rayondan qoşunlarını çıxarması üçün təzyiq göstərilir. Guya bu, yalnız Dağlıq Qarabağ münaqişəsini yox, həm də Ermənistan-Türkiyə münasibətlərini tənzimləməyə kömək edəcək". 

Qəzet hesab edir ki, "hələlik bu ssenarinin nə qədər real olmasını müəyyənləşdirmək çətindir". 

"İstənilən halda, DQR liderlərinin son bəyanatları göstərir ki, bu ssenari Stepanakerti qətiyyən qane etmir", - deyə yazıda bildirilir.

"Qolos Armeniyi"nin elə həmin sayında işğalçı müharibə zamanı erməni səhra komandirlərindən olmuş general-mayor Arkadiya Ter-Tadevosyanın "Armİnfo"ya verdiyi maraqlı müsahibəsi də yer alıb. O deyir: "Mən bu günlərdə Qarabağdan qayıtmışam və yenidən bir neçə günlüyə oraya getməyə hazırlaşıram. Demək istəyirəm ki, orada kəskin dəyişikliklər gedir. DQR dövlətçilik quruluşunda o yerə qədər gedib çıxıb ki, onun özü özünü müstəqil şəkildə kənar təhlükələrdən qoruya bilər". 

A. Ter-Tadevosyanın digər bəyanatı isə daha çox diqqətəlayiqdir: "Qarabağlılar uzun əsrlərboyu olduğu kimi, öz torpağında yaşayır və onu qorumağın yolunu yaxşı bilirlər. Qarabağlının yeganə mənfi xüsusiyyəti onun dinc zəhmətə meyilli olmamasıdır. Mənə elə gəlir ki, qarabağlılar nəyə qadir olduqlarını göstərmək üçün, sadəcə, müharibəyə çağırış gözləyirlər".

Əlbəttə ki, generala etiraz etmək olar: əgər Marağa kəndində İrandan bura köçmüş ermənilərin kəndə gəlişinin 150 illiyi şərəfinə ucaldılmış abidə partladılırsa, bu, hələ o demək deyil ki, Azərbaycanın Qarabağ xanlığına aid torpaqlar "qədim erməni torpaqlarıdır". Üstəlik, həm o vaxt, həm də sonradan ermənilərin Qarabağa köçünün torpaq və köklü azərbaycanlı əhaliyə məxsus digər mülkiyyətin işğalı ilə həyata keçirildiyi də məlumdur. 

Lakin məsələ başqa şeydədir: Ter-Tadevosyanın qarabağlılar haqda guya "dinc zəhmətə" o qədər də can atmamaları haqda gileyi Dağlıq Qarabağın bu gün nəhəng hərbi düşərgəyə çevrildiyini aşkar şəkildə təsdiqləyir. Belə düşərgədə isə, təbii ki, "dinc zəhmət"ə yer yoxdur.

Göründüyü kimi, hazırda Yerevanın marinetkası  olan "DQR"dən yeni təxribat aləti hazırlanır, " əgər Bakı ilə Yerevan arasında hər hansı sülh sazişi bağlanarsa və bu bizim xoşumuza gəlməzsə, o saat silaha sarılacağıq!"Deməli, separatçı qurum istənilən an danışıqlar prosesini hərbi təxribatlarla poza bilər.  



MƏSLƏHƏT GÖR:

473