15 Mart 2025

Şənbə, 00:43

"Yol xəritəsi", "böyük qətliam" və Qarabağın keçilməz yolları

Müəllif:

01.05.2009

"Erməni soyqırımı"nın növbəti ildönümü ərəfəsində Ankara ilə Yerevan ikitərəfli münasibətlərin normallaşdırılmasını nəzərdə tutan "yol xəritəsi"nin razılaşdırıldığını bəyan etdilər. Türkiyə KİV-nin məlumatına görə, "yol xəritəsi" 5 maddədən ibarətdir. Orada Ermənistanın 1921-ci ildə SSRİ ilə Türkiyə arasında imzalanmış Qars müqaviləsini tanıması, "soyqırımla bağlı iddiaların araşdırılması" üçün tarixçilərdən ibarət birgə komissiyanın yaradılması (komissiyanın işinə üçüncü ölkə də qoşula bilər), iki ölkə arasında sərhədlərin açılması, ticarətin başlanmasına dair razılaşmanın imzalanması, həmçinin hər iki ölkənin Gürcüstandakı səfirlərinin Ankara və Yerevanda akkreditasiya edilməsi və məhz bundan sonra tərəflər arasında bilavasitə diplomatik əlaqələrin qurulması nəzərdə tutulur.

Türkiyə rəhbərliyi isə Ermənistanla münasibətlərin normallaşdırılması ilə Dağlıq Qarabağ münaqişəsinin həllinin qarşılıqlı əlaqəli olduğunu bildirir. Baş nazir Rəcəb Tayyib Ərdoğan "yol xəritəsi" haqda danışarkən qeyd etdi ki, "Ankaranın mövqeyi dəyişməz qalır: ermənilər işğal edilmiş əraziləri boşaldır, biz də sərhədləri açırıq. Bu problemin həllində mən başqa yol görmürəm. Türkiyə ilə Azərbaycan Ermənistana maksimum güzəştə gedib və indi növbə onlarındır".

Rəsmi Bakı isə öz növbəsində ümid edir ki, "Türkiyə ilə Ermənistan arasında razılaşdırılmış "yol xəritəsi" Türkiyənin siyasi rəhbərliyinin Yerevanla münasibətlərin Azərbaycan torpaqlarının işğaldan azad edilməsi şərtilə normallaşdırılacağına dair səsləndirdikləri bəyanatalara əsaslanacaq".

Nəzərə almaq lazımdır ki, "yol xəritəsi" sadəcə niyyət bəyannaməsidir və heç bir hüquqi qüvvəyə malik deyil. R. T. Ərdoğanın dediyi kimi, sənədin "gələcək çərçivə sazişinin paraflanmış layihəsi" mətni hələ konkretləşdirilmə mərhələsindədir. Lakin istənilən halda, bu addım da "erməni soyqırımı" günü - aprelin 24-ü ərəfəsində Türkiyənin Ermənistanla mehriban qonşuluq əlaqələri qurmağa hazır olduğunu üzə çıxarıb və "soyqırım"ın beynəlxalq aləm tərəfindən tanınmasına nail olmaq istiqamətində çalışanların əlindən ciddi bir kozırı alıb.

Ermənistanda, həmçinin elə Türkiyənin özündə də bir çox siyasətçilər baş verənləri türk diplomatiyasının uğuru kimi qiymətləndirir. Lakin hər şey göründüyü kimi sadə deyil. Doğrudur, Ermənistanla yaxınlaşmanı nəzərdə tutan "yol xəritəsi"ni paraflamaqla Türkiyə hökuməti ABŞ prezidentinin erməni icmasına ənənəvi müraciətində "soyqırım" ifadəsini işlətməməsinə nail oldu. Lakin Obama erməni diasporunu da razı salmalı idi və bunu etdi. ABŞ prezidenti ilk dəfə olaraq erməni dilində danışaraq 1915-ci il hadisələrini "Mets eqern" adlandırdı ki, bu da erməni dilində "Böyük qətliam" deməkdir. Beləliklə, beynəlxalq hüquq nöqteyi-nəzərindən Barak Obama "soyqırım"ı tanımasa da, tarixi baxımdan faktiki olaraq ermənilərin ənənəvi mövqeyini təsdiqləyib. 

Elə isə, məntiqi bir sual yaranır: Ankara nəyin müqabilində güzəştə gedərək, Ermənistanla yaxınlaşmağa razılaşdı? Görünür, bu sual rəsmi Ankaranın özünü də düşündürür. Əks halda Türkiyənin Xarici İşlər Nazirliyi Amerika prezidentinin "Mets eqern" ifadəsini işlətməsinə bu qədər kəskin reaksiya verərək rəsmi bəyanatla çıxış etməzdi.  

Lakin artıq gecdir və indi başqa suala cavab vermək lazımdır: Ankara ABŞ prezidentinin növbəti dəfə də "soyqırım" ifadəsini işlətməməsi üçün gələn il nəyi qurban verəcək? Bəlkə, Türkiyə hökuməti Obamanın ikinci prezidentlik müddətində erməni dilini tam öyrənməsinədək milli maraqlarını qurban verməkdə davam edəcək?

"Yol xəritəsi" Ermənistanın ictimai-siyasi dairələrinin müəyyən hissəsində də ciddi narazılıq yaradıb və göstərib ki, onlar yalnız Dağlıq Qarabağ münaqişəsinin həllində güzəştlərə deyil, Türkiyə ilə mehriban qonşuluq siyasətinin qurulmasına qarşı da çıxırlar. Məsələn, hakim koalisiyanı tərk edən "Daşnaqsütun" partiyası hesab edir ki, aprelin 24-ü ərəfəsində "yol xəritəsi"nin meydana çıxması və onun "Türkiyə rəhbərliyinin Dağlıq Qarabağ probleminə dair irəli sürdüyü şərtlər çərçivəsində tərtib olunması/. Ermənistan və erməni xalqının maraqlarına zərbədir". 

Bəzi erməni xadimləri bildirir ki, prezident Serj Sarkisyan "böyük məsuliyətsizlik edib", "öz siyasi karyerası üçün qəbir qazıb" və "milli xəyanətə yol verib".

Amma bütün bu reaksiyalar bir daha göstərir ki, Ermənistanın aqressiv siyasəti gec-tez iflasa uğrayacaq. Aparıcı fövqəldövlətlər, ATƏT-in Minsk Qrupuna həmsədrlik edən "üçlük" - ABŞ, Rusiya və Fransanın geosiyasi maraqları onları Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini sürətləndirməyə məcbur edir. "Nə müharibə, nə sülh" şəraiti isə Güney Qafqazda sabitliyin bərqərar olması və regional inteqrasiyanın güclənməsini vacib sayan həmsədrlərin maraqlarına ziddir. Çünki bu şərait Qarabağda hərbi əməliyyatların bərpa olunması perspektivini də saxlayır. Axı yaxşı məlumdur ki, vəziyyət belə davam edərsə, Azərbaycan mütləq işğal altındakı torpaqlarını azad etməyə başlayacaq. Hadisələrin bu cür davamı isə vasitəçi dövlətlərin planlarına heç cür uyğun gəlmir. 

Bir sözlə, onların Ermənistanı işğal olunmuş ərazilərin boşaldılmasına çağırmaq və münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri də daxil olmaqla, beynəlxalq hüquq normaları əsasında həllinə nail olmaqdan başqa yolları qalmır.

Qlobal siyasətin nəhəng güc mərkəzləri Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış əraziləri ilə bağlı qanuni hüquqlarını bundan sonra da qulaqardına vura bilməzlər. Həm də ona görə ki, bu dövlətlər Güney Qafqazın ən nüfuzlu ölkəsi olan Azərbaycana, Ermənistandan fərqli olaraq, özlərinin ciddi tərəfdaşı kimi baxırlar. Bakı isə öz növbəsində vasitəçi "üçlük"dən Yerevana qarşı əlindəki təzyiq imkanlarından istifadə etməsini, bununla da Ermənistanın işğalçılığına son qoyulmasına nail olunmasını gözləyir. 

Odur ki, Dağlıq Qarabağ münaqişəsinin həllində yox, həm də münaqişədən sonrakı siyasi-iqtisadi təminatda maraqlı olduğunu bəyan edən fövqəldövlətlərin öz addımlarında nə dərəcədə ardıcıl olduqları tezliklə aydınlaşacaq. Hələliksə maraqlı qüvvələrin, demək olar ki, birağızdan Azərbaycan torpaqlarının tezliklə işğaldan boşaldılmalı olduğunu söyləməsi bu perspektivin real olduğunu göstərir.


MƏSLƏHƏT GÖR:

449