15 Mart 2025

Şənbə, 00:26

“ONU BAŞQA YERDƏ AXTARMAYIN...“

Qubaya səfər edən bestujev - marlinski azərbaycanı "yer üzünün cənnəti" adlandırmışdı

Müəllif:

01.04.2009

Quba şəhəri Qudyalçayın sahilində, Böyük Qafqaz sıra dağlarının şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 616 metr yüksəklikdə yerləşir.  Bakı - Dərbənd şosesinin 168 kilometrliyindəki Quba, şəhər kimi 17-ci əsrin ortalarında formalaşıb. Ərazidən 100-ə qədər irili-xırdalı çay axır ki, əksəriyyətinin suyu təmiz və içməlidir: Qudyalçay, Ağ çay, Qaraçay, Vəlvələ çayı və s. göstərmək olar. Vaxtilə Quba xanlığının paytaxtı olan bu şəhər indi şimal zonasının turizm mərkəzi sayılır.

 

Quba toponimi

Qədim alban və ərəb mənbələrində, avropalı coğrafiyaşünasların əsərlərində buradan  bəhs ediblər. Ərəblər Məhəmməd Peyğəmbərin Məkkə şəhəri ətrafında tikdirdiyi ilk məscidin “Kuba” adlandığını yazıblar. XI əsr ərəb tarixçisi İbn - Haqvei Azərbaycan hökmdarı Ənuşirəvan tərəfindən Bab - Firuzqubad qalasının tikilməsi barədə xəbər verir. Bu ad altında Qubanın nəzərdə tutulduğu hesab edilir. XII əsrdə ərəb alimi Həməvinin “Coğrafiya” lüğətində adları çəkilən Azərbaycan şəhərləri arasında “Kubba”vardı. 

Quba toponimi, ola bilsin ki, VI əsrdə həmin yerdə qala tikdirmiş İran şahənşahı Qubadın adı ilə   bağlıdır. 

Məşhur ədəbiyyatşünas Firidun bəy Köçərli (1863 - 1920) Qubanın Nadir şah dövründə onun çadırının qübbəsi ilə bağlı belə adlandırıldığını qeyd edir. 

Quba adının ilkin olaraq X əsrdə “Qübbə” şəklində işləndiyi  bildirilir. Ərəb dilindəki qübbədən yarandığını inkar edən alimlər bu toponimi Quba adlı qədim türk tayfalarından birinin adı ilə bağlayır, bunun türkmənşəli tayfa adı olduğunu qeyd edirlər.

Azərbaycan coğrafiyaşünası və səyyahı Hacı Zeynalabdin Şirvani yazır: “Qübbə Şirvan şəhəridir. Deyildiyinə görə, ürək açan bir yerdir. Oradan Şamaxı şəhərinə qədər 3 günlük yoldur. Ab-havası ürəyə yatandır. Hələ qədimdə ərəb tayfalarından biri Qubaya köçüb və orada məskən salıb. Şıxəli xanın atası Fətəli xan və onun ata-babaları Qubanın hakimləri olub.”

 

Quba xanlığı 

Quba regionunda aparılmış müxtəlif arxeoloji qazıntıların nəticələri buranın tarixini IV əsrə aid edir. XVII əsrin sonlarında güclü ticarət - sənətkarlıq mərkəzinə çevrilən Qubanın şəhər kimi əsası 1735-ci ildə Hüseynəli xan tərəfindən qoyulur və tədricən eyniadlı xanlığın paytaxtına çevrilir. Xanlıq dövründən bu günə bəzi möhtəşəm binalar qalsa da, Quba xanlarının iqamətgahları və hətta o böyük nəslin qəbirləri zaman içərisində itib. Qubanın tarixi şəxsiyyətlərindən danışarkən ilk ağla gələn adam Fətəli xandır. 

 

Fətəli xan (1736-1789)

Fətəli xanın hökmdarlığı dövründə (1758 - 1789) Quba xanlığının əhəmiyyəti artdı. Şimali Azərbaycanın bütün torpaqlarını öz hakimiyyəti altında birləşdirməyə, bununla da işğalçıların qarşısını almağa çalışan Fətəli xan, digər xanlıqlardan fərqli olaraq, qonşu kiçik feodal xanlıqlarını birləşməyə çağırırdı. Bu cəhətdən düşüncələri mütərəqqi idi. 1759-1771-ci  illərdə  Fətəli  xan  Dərbənd,  Bakı,  Samaxı, Salyan,  Gəncə  xanlıqlarını birləşdirsə də, vahid Azərbaycan yaratmaq istəyi baş tutmadı. Onun ölümündən sonra Quba xanlığı əhəmiyyətini və gücünü itirdi. 1806-cı ildə Quba xanlığının Rusiyaya birləşməsi ilə əyalətə çevrilən Quba qəzası 1840-cı ildə Dərbənd, 1860-cı ildə isə Baki quberniyasına daxil edildi. 

 

Abbasqulu ağa Bakıxanov (1794 - 1847)    

İlk hərbi tərcüməçi, görkəmli Azərbaycan tarixçisi, yazıçısı və XIX əsrin əvvəllərində rus ordusunun zabiti, eləcə də hərbi diplomatı olmuş Abbasqulu ağa Qubanın Əmsar kəndində yasayıb. 1819-cu ildə Bakıxanov general Yermolovun dəvəti ilə Tiflisə gəlib və  Qafqaz Baş Hərbi İdarəsində 26 il Şərq dilləri tərcümanı vəzifəsində çalışıb. Yaxın Şərqə səyahətə çıxan Abbasqulu ağa Bakıxanov 1847-ci ildə Həcc ziyarəti zamanı vəba xəstəliyindən vəfat edib. 5 tarixi - bədii əsərindən ən məşhuru «Gülüstani - İrəm»dir. 1841-ci ildə fars dilində yazdığı və 1843-cü ildə rus dilinə çevirdiyi bu tarixi əsərində Gülüstan sülh müqaviləsinə (1813) kimi olan Azərbaycan tarixini şərh edib. Vətənpərvərlik mövqeyində yazılan bu əsərin çap edilməsinə çar hökuməti icazə verməyib.

 

Tarixi - təbii abidələr 

Qubada 140-dan çox tarix - memarlıq  abidəsi mövcuddur. Onlardan 70 dənəsi təbiət abidəsidir. Təbii fəlakətlər zamanı yaranmış bu abidələrə yerlilər “təbiət möcüzəsi” deyirlər. Ərazidəki 60-dan yuxarı arxeoloji abidənin çox böyük hissəsi IV-XVII əsrlərə aiddir. Adətən, rayon mərkəzində görüləsi elə də maraqlı yerlər olmur. Quba bu mənada istisna təşkil edir. Xanlıq paytaxtında piyada dolaşmaqla tarixi əhəmiyyətinə və gözəl memarlıq quruluşuna görə məşhur abidələrdən bəzilərini yaxından izləmək mümkündür. 

 

Tağlı körpü

Buna Qudyalcay körpüsü də deyirlər. XVII - XIX əsrlərdə Quba qəzasında mövcud olan 7 körpüdən bu günə gəlib çıxan tək körpüdür.  Qubada ən uzun körpü olan Qudyalçay körpüsü 1894-cü ildə rus çarı  III Aleksandrın layihəsi ilə rusların Qafqazda öz hərbi dayaqlarını möhkəmləndirmək məqsədilə tikilib. Bu gün  yalnız piyadaların  istifadə etdiyi Tağlı körpüdən şəhərə romantik mənzərə  açılır. 

 

Günbəzli hamam

XIX əsrə aid hamamın binası qırmızı kərpicdən inşa edilib. Dördbucaqlı quruluşa sahib olan tikiliyə Çuxur hamam da deyirlər: 6 otaq, 2 qapı və 6 pəncərədən ibarətdir. 1985-ci ilə kimi əhalinin istifadə etdiyi Şərq memarlıq incisi sayılan hamam indi yalnız tarixi abidə kimi yerləşdiyi küçəni bəzəyir. Hamamda məşhur fransız yazıçısı Aleksandr Düma çimib. 150 il sonra onun nəticəsi ulu babasının gəzdiyi yerləri yenidən ziyarət edib. 

 

Səkinə xanım məscidi 

XIX əsrə aid bu məscidin ən böyük özəlliyi bir xanımın adını daşımasıdır. Məscidi Səkinə  xanım əri Abbasqulu ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək üçün tikdirib. 1847 - 1854-cü illərdə bişmiş kərpicdən inşa olunmuş dördbucaqlı formalı, təkotaqlı, 27 metr hündürlüyü olan  məscid binası şəhər mərkəzində yerləşir.

 

Cümə məscidi

Buna Came də deyirlər. Zəngin memarlıq üslubunda tikilmiş Cümə məscidi 1802-ci ildə Qazi Ismayil əfəndinin maddi yardımı ilə inşa edilib. Bu məscid təkcə Qubada deyil, Şimal-Şərqi Azərbaycanda ən qədim dini mərkəzlərdən biridir. Məscid və onun nəzdindəki mədrəsə 1924-cü ilədək fəaliyyət göstərib. Sovet dövründə fəaliyyəti qadağan edilən məscidin 1933-cü ildə mədrəsə və minarəsi dağıdılıb. Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra, Türkiyənin Dini İşlər İdarəsinin yardımı ilə burada hündürlüyü 50 metr olan minarə yenidən inşa edilib.

 

Qubanın etnik tərkibi

Quba milli tərkibi müxtəlif olan rayondur. Burada türklər, ləzgilər, tatlar, yəhudilər və digər  etnik qrupların nümayəndələri yaşayır və öz dilini, adət-ənənəsini, mədəniyyətini qoruyub-saxlayırlar. 

 

Qırmızı qəsəbə

Yəhudi məhəlləsidir. Rayonun yerli camaatı qəsəbəni "Qırmızı kənd" adlandırır. Şəhər kənarında, Qudyalçayın sağ sahilində, Qusar yolunun üstündə yerləşir. Keçmiş adı Kulqat olan bu yerin indiki adı ilə bağlı  maraqlı tarixçəsi var. Yəhudilərin Qubada məskunlaşdığı yaşayış məntəqəsi ilk vaxtlar “Zidkovskaya Sloboda”, XIX əsrin 60-70-ci illərində “Yevreyskaya Sloboda” adlanıb. 1920-ci ildə bolşeviklərin gəlişi ilə qəsəbənin adı dəyişərək “Qırmızı qəsəbə” qalıb. 

Əhalisi yəhudilərdən ibarətdir. Özlərini cuğur adlandırırlar. Dağ yəhudiləri farscaya yaxın  dildə danışırlar. Qəsəbədə 13 sinaqoq var. 1938-1939-cu illərdə Qırmızı qəsəbədə 12-13 min yəhudi yaşayıb. SSRİ dağıldıqdan sonra İsrailə, ABŞ-a köç edən əhali, buranı tamamilə tərk etmədi. Hal-hazırda onların sayı 4-5 min arasındadır.

Qubada yaşayan dağ yəhudiləri vaxtilə burada məskunlaşmalarını  Hüseynəli xana və Fətəli xana borcludurlar. Onların Qubaya gəlməsi Nadir şahın dövrünə (1736 - 1747) təsadüf edir. Onun Qubanı istila edərkən özü ilə gətirdiyi yəhudilər əvvəlcə Qələdüz və Küpçal kəndləri arasında yerləşdirildilər. Təhlükəsizliklərinin təmin olunması üçün Hüseynəli xanın sarayına xahişə gələn yəhudi ağsaqqalları ondan razılıq aldıqdan sonra bugünkü Qırmızı qəsəbənin yuxarı hissəsində onlara yer verilir. Yəhudiləri gecə talanlarından, qəfil basqınlardan qorumaq üçün Fətəli xan onları 1765-ci ildə indiki qəsəbə ərazisinə köçürür. Buraya saray məhsulları, nəqliyyat vasitələri cəlb olunur və altı gün ərzində yəhudilər yeni ərazidə məskunlaşırlar. Duz-çörəklə Fətəli xanın qarşısına çıxdıqları yerdə bu gün onların sinaqoqu yerləşir. 

Qırmızı qəsəbəni  Las-Veqasa bənzədirlər. Göstərişi çox sevən yerli əhali əsasən ticarətlə məşğul olur. Qubanın ən zəngin məhəlləsində bir-birindən gözəl, möhtəşəm villalar göz qamaşdırır. Burada 15 - 16 yaşlı yeniyetmələr “Ferrari“, “Mersedes“ sürürlər. Dünyanın hər yerində olduğu kimi, Qubadakı yəhudilər də çox yaxşı yaşayırlar. 

 

Tatlar 

Tarixi məlumatlara görə, təxminən, 1400 il bundan qabaq Azərbaycan ərazisinə gələn tatlar, əsasən, ölkənin şimal - şərq hissəsində məskunlaşıblar. Qubanın dağlıq ərazilərində, təmtəraqdan uzaq, sadə kənd həyatı yaşayırlar. Dini mənsubiyyət baxımından 3 qrupa ayrılırlar: müsəlman, xristian və yəhudi. Bu dini ayrı-seçkilik dildə də mühüm fərqlər yaradır. Toplam 20000-ə yaxın tat yaşayır. Tat sözünün işləndiyi ən qədim mənbələr VIII əsrə aid Orxon - Yenisey abidələri və  Dədə Qorqud (1300 il) dastanıdır.

M.Kaşğari “Divani-lüğət-it-Türk” əsərinin ikinci cildində tat sözünün izahını belə verir: “Tat - bütün türklərlə farsca danışan kimsə, uyğur (qeyri-müsəlman)  kafirlərinin adıdır. Bunu öz ölkələrində eşitdim. Bu söz farslar haqqında olduğu kimi çinlilər və uyğurlar haqqında da söylənilir. Bu sözün yozulması belədir. Tat qədim türk mənbələrində çox işlədilib. Türklər tarixboyu özlərinə yad, yabançı olan xalqları və tayfaları, türk torpaqlarına gələn başqa dilli əhalini “tat” adlandırıblar.”

 

Zərqava kəndi 

Tatların yaşadığı bu gözəl mənzərəli dağ kəndi folkloru ilə tanınır. Nəfəs alətlərinin ustası İbrahim kişinin zurnada ifa etdiyi Zərqava havası məşhurdur. Zurnaçı ibrahim dayının musiqisini dinləyərkən həyətdəki təndirdə bişən çörək diqqətimi çəkdi. Buralarda evdə bişən təndir çörəyi ilə mağazada satılan çörək fərqlidir. Quba təndir çörəyi nisbətən incə olur, üstünə yumurta vurub müxtəlif naxışlar atırlar. ifasını bitirən İbrahim kişi çöldəki toyuqlardan birini tutub kəsdi və  mətbəxə təhvil verdi ki, xanımlar tat üsulu ilə çığırtmanı bişirsinlər. Kənd camaatı çox qonaqpərvərdir. Qonaqlarına “Tat çığırtması” yedirməmiş heç bir yerə buraxmırlar.

 

Quba paxlavası 

Şəhərin bütün küçələrində paxlava - bükmə sexinə rast gəlinir. Çoxu şəxsi evlərin həyətində yerləşən sexlərdə Quba paxlavası və bükməsi hazırlayırlar. Şəki halvasına, görün - üşünə görə Bakı paxlavasına bənzəsə də, dadı fərqlidir. Burada paxlavanın bişirmə prosesini izləmək mümkündür. Əvvəlcə üyüdülmüş və şəkərlə qarışdırılmiş qozdan ibarət iç hazırlanır. Daha sonra düyü unu və sudan yumşaq, maye halında xəmir hazırlanır və bişirilir. Hazır yuxalar hörümçək toruna bənzəyir. Buna qubalılar paxlava əriştəsi deyirlər. Paxlava üçün 40 - 50 ədəd əriştə hazırlamaq lazımdır. Bişən əriştələr üst - üstə yığılır. Bir neçə qatın arasına bol iç əlavə edilir. Ən üst qata qırmızı rəngli boya sürtüb romb şəklində kəsir, hər romb formasının ortasına qoz dənələri yerləşdirilir. Sininin üstü qapaqla  örtülür və bişməyə qoyulur. Hazır olunca üstünə su, şəkər və müxtəlif ədviyyatlardan hazırlanmış şərbət tökülür. Bir neçə saat şirəni canına çəkən paxlava yumşalır və yeməyə hazır olur. 

 

Quba bükməsi

Bükmə də eyni inqridientlərlə hazırlanır. Amma formaca fərqlənir. Bir dənə bişmiş paxlava əriştəsini iki yerə qatlayır, içinə qoz içi doldurduqdan sonra bükür və qızardırlar. Buna bükmə deyirlər. Beləcə, şəhərlə ilk tanışlıq şirniyyatla başlayır. Yerlilər şirin söhbət etmək üçün şirin yeməyin lazım olduğuna inanır.

 

Turizm cənnəti

Sərt-mülayim iqlimi olan Quba təbii-coğrafi və füsünkar gözəlliyi ilə çox məşhurdur. 

Şimal turizm zonasının mərkəzində müxtəlif istiqamətlərdə turist səyahət marşrutları təşkil edilir. Ekskursiyalardan ən mühüm 5-ini gəzməklə Quba haqqında tam məlumat sahibi olmaq mümkündür.

 

Quba - Qırmızı qəsəbə - “Long Forrest” (15 km)

Ən qısa ekskursiyanın son dayanacağı Uzun meşədir. Meşə ənənəvi qaydada eninə deyil, uzunlamasına yerləşdiyi üçün belə adlanır. Ərazidə eyniadlı kənd və istirahət mərkəzi yerləşir. Şimalın və Qubanın ən məşhur işlətmələrindən olan bu yer 1999-cu ildən fəaliyyətdədir. Sahibi şotlandiyalı iş adamıdır. Qış aylarında da çalışır. Amma qışda buraya gəlməzdən əvvəl rezervasyon etdirmək lazımdır ki, otaqları qızdırsınlar və yemək hazırlasınlar. Yoxsa gecə temperaturun mənfi 10 - 14 dərəcə şaxta olduğu yerdə qalmaq qeyrmümkündür. Uzun meşəni bütün fəsillərdə mükəmməl təbiəti və havasıyla gəzməyə, görməyə dəyər. 

 

Quba - Təngəaltı (33 km)

Hamının rəğbət etdiyi və axın - axın gəldiyi bu yerdə eyniadlı kənd var.  Mənası “Dağarası yer”deməkdir. Böyük Qafqaz dağlarının şimal yamacında iki dağ arasından Vəlvəlçay keçir.  Ağ, qara və çəhrayı qranit çıxır bu dağlardan. Dərinliyi 400-600 metr olan bu dərə ağ, qara və çəhrayı mərmərdən ibarət nadir təbiət abidəsidir. 2 dağ arasından keçən yol, yol üzərində olan sıldırım qayalar, yaşıllıqlar içindən axan çay, meşə bu kəndin mənzərəsini füsunkar edir. Sıldırım qayalıqda “Qaçaq Mayıl”ın mağarası diqqət çəksə də, oraya çıxmaq sadəcə professional dağçıların işidir.  1834-cü ildə burada olan dekabrist  yazıçı Bestujev - Marlinski  “Molla Nur” povestində Təngə dərəsinin cazibəli mənzərəsini tərifləyib. 

 

Şəlalələr

Suatan şəlaləsi Təngə dərəsinin ilk və yol kənarında yerləşən ən kiçik şəlaləsidir. Ümumiyyətlə isə ərazidə şəlalə çoxdur. Onlardan ən məşhuru Təngə dərəsinin bir neçə kilometrliyində yerləşən Afurca şəlaləsidir. Rayon mərkəzindən 42 km məsafədə Afurca kəndinə mütləq getmək lazımdır. Kənd ətrafında yüksək qayalıqdan axıb ətrafa tökülən “Afurca” şəlaləsinin hündürlüyü 70 metrdir. Altına enmək üçün mövcud olan yalnız 3-4 metr enində dar keçid adrenalin ifrazatını artırır. Tavanı dağ çuxurlarından ibarət olan yerdən keçərkən istər-istəməz vahimə basır. Şəlaləyə yolun üstündəki çayxanada ətraf dağ və meşədən toplanmış otlardan dəmlənən bitki çayının dadı, tamı, qoxusu bütün qorxunu və yorğunluğu aparır. Qonaqkənd - Xaltan - Qarxun kəndlərinə, eləcə də Babadağ (3629 metr) ziyarətgahına aparan şimal yolu da buradan keçir. 

 

Quba - Xaltan kəndi - İstisu (80 km)

Bu ekskursiyanı gerçəkləşdirmək üçün bir gün vaxt lazımdır. Odur ki, səhər saat 7-də qalxdıq və “jeep”lə yola çıxdıq. Başqa nəqliyyatla yola çıxmaq məsləhət deyil. Təbiət, mənzərə, yaşıllıq, boşalmış kənd xarabalıqları və köhnə qəbiristanlıq görüntüləri bir-birini yolboyunca əvəz edir. Qubalılar 20-ci əsrin əvvəllərinə qədər bu kəndlərdə yaşayışın çox olduğunu söyləyirlər. Amma elektrik, su, qaz və yol çəkilməməsi tədricən kənd sakinlərinin şəhərə olan rəğbətini artırıb və hamı köçüb. Bu dağlar 19-cu əsrdə qaçaq hərəkatının lideri, şimal zonasının ən məşhur qaçaqlarından Qaçaq Mayılın yuvası olub. 

Bu istiqamətdə Qubanın son yaşayış məntəqəsi olan kənddə çox az ailə yaşayır. Xaltan yaxınlığındakı meşəlikdə, Çarxaçu çayı dərəsində, okean səviyyəsindən 780 metr yüksəklikdə otuzdan çox bulaq qaynayır. Yerdən 40-50 və 36-38 dərəcə hərarətlə çıxan istisu ürək-damar, oynaq, əsəb, osteoxondroz, dəri, hərəkət-istinad, xroniki intoksikasiya, toksiki polinevrit, ensefalit, beyin damarlarının aterosklerozu, qaraciyər iltihabı, mədəaltı vəzi, böyrək daşı, öd yolları, mədə-bağırsaq, babasil xəstəliklərinin, onurğa sütunu, qida borusu və orqanizmin digər sistemlərinin müalicəsində böyük səmərə verir. Ərazidə azot və kükürdlü oksigen xassəli termal və soyuq sular var. 

 

İstisu - təbii vannalar 

Vannalar kəndin cəmi 10 km.-liyində yerləşməsinə baxmayaraq, oraya 2-3 saata getmək mümkün oldu. Çünki yoldeyilən şey yoxdur. Yol boyunca nə bir insan, nə bir canlı, quş - heç nəyə rast gəlmək mümkün deyildi. Telefon əlaqəsinin belə olmadığı yerdə səssizlik qulaq batırır. 

Bir neçə saatlıq yorucu yolçuluqdan sonra görülən mənzərə heyrətləndiricidir. Bura  çadır şəhərciyinə bənzəyirdi. Ətraf rayonlardan buraya müalicəyə gələnlər 40 gün bu sivilizasiyadan uzaq həyat tərzi sürürlər. 1500-1800 m yüksəklikdə qayaların arasından yüz illərdir, istisu çıxır.  Suyun kimyəvi xassəsinə tab gətirə bilməyən qayalar oyularaq təbii vanna əmələ gətirib. Ona görə adı belə qalıb. Ərazidə 2 ədəd böyük təbii vanna var. Birisi qadınlar üçün, digəri kişilər üçün nəzərdə tutulub. Deyilənlərə görə, geniş ərazidə bu cür təbii vannaların sayı çoxdur. Amma onların yerləşdikləri ərazi daha zirvədə, nisbətən daha təhlükəli yerdədir. Təbii qaz yataqları da var.   

 

Pirəkəkil Baba piri

Vannalardakı prosedurlardan bir parçası da bu ziyarətgahda gerçəkləşdirilir. Pirəkəkil babadan uşaq istəyən xanımlar niyyət edib buradakı uzunluğu 15 - 20 metr olan dar tuneldən keçməlidirlər. Tuneli keçməyi bacaranların diləkləri baş tutur. Jlan, kərtənkələ, başqa həşəratlarla dolu bu dar keçiddə bəziləri ilişibqalır. O zaman kənardakılar zəncirləmə şəkildə yerdən uzanaraq içəridəkini dartıb çıxarırlar. 

İslamdan əvvəlki inanclara görə, təbii müalicəvi mineral suların çıxdığı ərazilər qədimdən bəri xalq arasında möcüzəli yer sayılıb.  Buralar Allaha dua edilən və bütün dərdlərin sağaldığı məkanlar kimi qəbul edilib. Müəyyən vaxtlarda bəzi arzularının həyata keçməsi üçün insanlar pir dedikləri bu məkanlara üz tutaraq dua edirlər və bu qayda yüz illərdir dəyişmir. Quba ən çox ziyarətgahı olan rayonlardandır. Hər pirin daşıdığı missiya onunla bağlı yaranmış əfsanələrdən anlaşıldığı kimi fərqlidir. Təkcə Pirvahid kəndində 7 ziyarətgah mövcuddur. Onlardan birinə “Pir bənövşə” deyirlər. Novruz Bayramında ərə getməmiş qızların üz tutduğu, gələn bayrama qədər ərə getmək istəklərini dilə gətirdikləri yerdir. Deyilənlərə görə, bayram günü ətraf kəndlərdən dəliqanlılar buraya yığışaraq pirə gəlmiş qızlara tamaşa edir, içlərindən qız bəyənirlər.  

 

Quba - Qəçreş -Minarə (25 km) 

Qubanın ən populyar istirahət zonasıdır. Qəçreş “gəl otur” deməkdir. Bu adı “Gün dəyməyən yer” kimi də yozurlar. Rayonun şimalında yerləşdiyinə görə Qəçreşi “Qüzey” də adlandırırlar. Bu geniş ərazidə ağaclar elə sıx düzülüb ki, gün işığı yerə dəymir və  yayda çox soyuq olur. 

 

Qımıl kəndi

Qəçreş istirahət zonasıyla paralel ərazidə, meşənin qarşı tərəfində yerləşən dağ kəndidir. Qubanın xalça mərkəzlərindən hesab edilir. SSRİ vaxtı kolxoz - sovxoz sisteminin yayılması, ixracatın olmaması, əməyin qiymətləndirilməməsi xalçaçılığın zəifləməsi ilə nəticələndi. Buna baxmayaraq, az da olsa, evlərdə xalçatoxuma işinə davam edildi. Əsasən evlərdə cehizlik xalçalar toxudular. Son illərdə bu işə verilən qiymət və maraq artınca dağ kəndlərində xalçaçılıq yenidən inkişaf etməyə başladı. 

 

Quba xalçası

Qubada toxunan «Çiçi», «Ağgül» və «Pirəbədil» xalçaları Azərbaycanda ən yaxşı xalçalardır. 1712-ci ildə toxunmuş «Qollu Çiçi» xalçası hazırda Nyu - Yorkdakı «Metropolitan» muzeyində saxlanılır. Azərbaycan xalçaları coğrafi mövqeyinə, naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə 7 xalçaçılıq məktəbinə bölünür. Ustalar xalçanı təhlil edərkən sanki xalça dil açıb danışır, hər ilmənin öz adı, mənası və hər xalçanın öz məzmunu var. Qımıl kəndindəki evlərin əksəriyyətində xalça toxunsa da, satın almaq niyyətinə düşənlər boş yerə həvəslənməsin. Çünki burada xalçalar artıq əvvəlcədən edilən sifarişlə toxunur. Odur ki, Qubada xalça almaq niyyətinə düşənlər rayonda fəaliyyət göstərən xalça mərkəzlərinə müraciət etməlidirlər.  

 

Təbii minarə 

Qəçreş ərazisinin bitdiyi yerdə bu  marşrutun son dayanacağı yerləşir. Qrızdəhnə yolunun başlanğıcında, Qudyalçayın daş qayanı deşib-keçməsi nəticəsində yaranan bu təbii abidənin uzunluğu 30-35, eni 4-5, hündürlüyü isə 3-4 metrə çatır. Onun tektonik hərəkətlər və çayın eroziyası nəticəsində IV əsrdə əmələ gəldiyi güman olunur. Minarə həm də 10-15 metr yüksəklikdə təbii körpü rolunu oynayır. Qayaların arasında oyuq var, buraya soyuducu deyirlər. Həqiqətən, elə soyuqdur ki, ərazidəki restoran işlətməçiləri mağaranın girişinə qapı qoyub qıfıllayıblar və soyuducu kimi buradan istifadə edirlər. 

Odur ki, Qubaya yolunuz düşəndə yanınızda soyuducu və ya kondisionerin olmamasına təəssüflənməyin. Bura yayın qızmarından qaçıb, təbiətin qoynunda sığınacaq axtaranlar üçün ən münasib yerdir.



MƏSLƏHƏT GÖR:

586