
SƏRHƏDƏ "BAHAR" GƏLDİ
Taktiki oyunlar, yoxsa Ermənistanla Türkiyə tarixi barışıq Ərəfəsində?
Müəllif: Rasim MUSABƏYOV, politoloq Bakı
Mart ayı ərzində Ermənistan və Türkiyə KİV bu iki ölkə, həmçinin Azərbaycan ictimaiyyətini Ankara ilə Yerevan arasında mümkün razılaşma haqda sensasiyalı məlumatlarla həyəcanlandırdı. Hətta Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasına (ƏİP) yaxın "Star" qəzeti Ermənistanla Türkiyə arasında danışıqların sona çatmaq üzrə olduğu xəbərini yaydı. Qəzetin bildirdiyinə görə, tərəflər arasında imzalanmasına hazırlıq görülən razılaşma sərhədlərin açılmasını, birbaşa ticarət dövriyyəsinin başlanmasını, həmçinin "1915-ci il hadisələrinin öyrənilməsi ilə məşğul olacaq" birgə komissiyanın yaradılmasını nəzərdə tutur. Məlumatda Dağlıq Qarabağ münaqişəsinin Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına maneə olmayacağı da bildirilir.
Türkiyənin daha bir qəzeti- "Sabah" öz növbəsində yazır ki, ƏİP-dən olan və "erməni soyqırımı" ilə bağlı qətnamənin mümkün qəbulu ilə əlaqədar ABŞ Konqresindəki görüşlərdə iştirak etmiş deputatlar da eyni mövqeni ortaya qoyublar. Amma görüşün iştirakçısı Nursuna Mehmetcan deyilənləri təkzib edib: "Biz Türkiyə ilə Ermənistan arasında danışıqların artıq 1 ildir ki, davam etdiyini söyləmişik. Bu məsələ ilə 3 ölkənin prezidentləri məşğul olur. Əgər hazırkı mərhələdə ABŞ hansısa qərar qəbul edərsə ("erməni soyqırımı"nın tanınması nəzərdə tutulur), bu, hazır plova su əlavə edilməsi olacaq".
Türkiyə-Ermənistan razılaşmasının imzalanacağına dair proqnozlar müşahidəçilər tərəfindən aprelin ortalarında Türkiyənin xarici işlər naziri Əli Babacanın Yerevana nəzərdə tutulmuş səfəri ilə əlaqələndirilir. Qeyd edək ki, səfər çərçivəsində Babacan Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının növbəti iclasında iştirak edəcək. Buna qədər isə - aprelin əvvəllərində ABŞ prezidenti Barak Obamanın Türkiyəyə səfəri gözlənilir.
Bütün bunlarla yanaşı, yaranmış durum aprelin 24-ü tarixinin yaxınlaşması ilə də əlaqədardır. Məhz həmin gün ənənəyə uyğun olaraq, ABŞ prezidenti ölkənin erməni icmasına müraciət edəcək. Təbii ki, ermənilər Ağ ev sahibinin 1915-ci il hadisələrini "erməni soyqırımı" adlandıracağına dair vədinə əməl edib-etməyəcəyini həyəcanla gözləyir. Xatırladaq ki, ABŞ-ın digər prezidentləri kimi, Obama da seçkiqabağı kampaniyası dövründə "erməni soyqırımı"nın tanınmasının vacibliyini bəyan etmişdi.
Şübhəsiz, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması faktı Obamanı çətin və ciddi nəticələr verə biləcək seçimdən azad edə bilər.
"Los Angeles Times" qəzeti 17 mart tarixli sayında yazır ki, Obamanın ehtiyatlı davranışı onun "Orta Şərqə yeni yanaşmasına" Türkiyədən dəstək gözləməsi ilə əlaqədardır. Qəzet bildirir ki, ABŞ administrasiyasının yüksək rütbəli şəxsləri Türkiyə ilə Ermənistan münasibətlərində mümkün yaxınlaşma ilə əlaqədar, prezidentin sözügedən bəyanatı təxirə salmasını mümkün sayırlar. Qəzetin suallarını cavablandıran Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Maykl Hammer deyib: "Hazırda bizi düşündürən odur ki, ABŞ Ermənistanla Türkiyəyə keçmişlə bağlı razılığa gəlmək üçün necə köməklik göstərə bilər".
Hammerin sözlərinə görə, ABŞ administrasiyası Ankara ilə Yerevan arasında münasibətlərin yaxınlaşmasında maraqlıdır və inanır ki, "iki ölkə arasında keçmişlə əlaqədar açıq və düzgün dialoq mümkündür".
Qeyd etmək lazımdır ki, prezident Obamaya ciddi təzyiqlər var. "Azadlıq" radiosunun məlumatına görə, 4 konqresmen-demokratlar- Adam Şiff, Frank Palloun, həmçinin respublikaçılar - Corc Radanoviç və Mark Kirk Ağ ev sahibini aprelin 24-də səsləndirəcəyi ənənəvi müraciətində "soyqırım" ifadəsini işlətməyə çağırıblar.
Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Ə.Babacan isə "Akşam" qəzetinə müsahibəsində bildirib ki, apreldə Obamanın bu ifadəni işlətməsi riski var. Bununla yanaşı, nazir hesab edir ki, "hadisələrin belə inkişafı Ermənistan-Türkiyə əlaqələrinə, həmçinin Ermənistanla Azərbaycan arasında gedən danışıqlar prosesinə mənfi təsir göstərəcək". "Biz bunu amerikalılara açıq şəkildə bildiririk", - deyə Ə. Babacan qeyd edib.
O bildirib ki, Türkiyə indiyədək heç vaxt Ermənistanla münasibətlərin normallaşmasına bu qədər yaxın olmayıb: "Bu, 1915-ci ildən sonra bizim ermənilərlə münasibətlərimizin ən yaxşı məqamıdır. Biz problemlərin həllinə çox yaxınıq. Belə imkan hər gün ələ düşmür".
Həqiqətən də, bütünlükdə 2008-ci ildə və yeni başlamış 2009-cu ildə Ankara ilə Yerevanın münasibətlərində ciddi "istiləşmə" müşahidə olunur. Türkiyə prezidenti Abdullah Gülün Ermənistana gözlənilmədən səfər edərək erməni həmkarı Serj Sarkisyanla iki ölkənin futbol üzrə milli komandaları arasında qarşılaşmanı izləməsi də bunun göstəricisidir. Bundan başqa, ermənilərlə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Əli Babacanın iştirakı ilə də bir neçə görüş keçirilib. Üstəlik, Türkiyə hökuməti Ahtamar adasındakı erməni kilsəsinin bərpasına 2 milyon dollar vəsait ayırıb.
İndiyədək şəxsi şirkətlər tərəfindən həyata keçirilən İstanbul-Yerevan reysi, həmçinin Yerevan-Antalya çarter reyslərinə bundan sonra Türkiyənin dövlət qurumu olan "Türkiyə Hava Yolları" da qoşulacaq.
Ötən il ilk dəfə olaraq Türkiyədən olan turist qrupu Yerevana səfər edib, 2009-cu ilin fevralında Türkiyənin Turizm və Mədəniyyət Nazirliyi Ermənistandan olan turistlərə bir sıra güzəştlərin tətbiqinə qərar verib (hər il bu ölkədən Türkiyəyə istirahət məqsədi ilə 50 minədək insan gəlir).
Ümumiyyətlə, Türkiyə-Ermənistan əlaqələrində fəallıq müşahidə olunur - bu həm rəsmi səviyyələrdə, həm vətəndaş cəmiyyətinin nümayəndələri, həm də ekspert və jurnalistlər səviyyəsində yaşanmaqdadır. Hətta Türkiyənin dövlət teleradio şirkətinin erməni dilində verilişlər yayımlamağa hazırlaşmasına dair də informasiya yayılıb.
Artıq qeyd olunduğu kimi, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması diplomatik əlaqələrin qurulması və sərhədlərin açılmasını nəzərdə tutur. Bəs bu, tərəflərə nə verəcək?
Diplomatik münasibətlərdən danışılırsa, ilkin mərhələdə Türkiyənin Gürcüstandakı səfirinin eyni vaxtda Ermənistanda da akkreditə olunacağı bildirilir.
Sərhədlərin açılması məsələsinə gəlincə, yükdaşımaları və ticarət dövriyyəsində ciddi nailiyyətlərin olacağını gözləmək çətindir. Statistikaya əsasən, hətta sərhədlərin bağlı olduğu şəraitdə 2008-ci ildə Türkiyədən Ermənistana Gürcüstandan tranzit vasitəsilə 28 400 ağır yük avtomobilinin yollandığı məlumdur, özü də onlardan 11 400-ü Türkiyəyə məxsusdur. Bu axının hansısa hissəsi avtomobil yox, dəmir yolu vasitəsilə birbaşa həyata keçirilə bilər. Lakin nə qədər ki Ermənistan-Azərbaycan sərhədi bağlıdır, Avropa və Türkiyədən Ermənistan vasitəsilə heç bir tranzit daşımaları mümkün deyil. Odur ki, Türkiyə-Ermənistan sərhədinin açılmasının səmərəsi minimum olacaq. Ona görə də təkcə Azərbaycan və Türkiyədə yox, həmçinin Ermənistanda da bunun əleyhinə çıxanların olması təəccüblü deyil.
"Daşnaksütun" partiyasının funksioneri və "Ay Data"nın Yerevan ofisinin rəhbəri Kiro Manoyanın fikrincə, Türkiyə ilə sərhədlərin açılması Ermənistana yalnız xeyir gətirməyəcək. K. Manoyan əmindir ki, bununla "erməni tərəfi daha pis və qeyri-bərabər vəziyyətə düşəcək". Bəzi ekspertlərin fikrincə, sərhədlərin açılacağı təqdirdə yüngül və yeyinti sənayesinin yerli təmsilçiləri üçün daha keyfiyyətli və ucuz Türkiyə malları ilə rəqabət aparmaq çətinləşəcək.
Bununla belə, Türkiyə ilə iqtisadi əlaqələrin qurulması Ermənistana sərf edir - o, bununla Türkiyənin şərq vilayətlərinə elektrik enerjisi vermək, böyük Türkiyə bazarına girmək, Türkiyə tərəfinin vasitəçiliyi ilə Avropa ölkələri, böyük erməni icmasının olduğu Suriya və Livanla iqtisadi-ticari əlaqələri genişləndirmək imkanları qazanacaq. Ümumdünya Bankının hesablamalarına əsasən, Ermənistan-Türkiyə sərhədinin açılması ilə Ermənistanın xarici ticarət dövriyyəsinin 500 milyon dollar artacağı gözlənilir. Yerevan Türkiyə investisiyasında da son dərəcə maraqlıdır və qlobal maliyyə böhranının yaşandığı şəraitdə buna daha böyük ehtiyac var. Türkiyənin Ermənistanda yeni AES blokunun inşası layihəsinə dolayısı ilə dəvət edilməsi də bunun göstəricisidir. Ermənistanın baş naziri Tiqran Sarkisyan isə sözlərinin düzgün başa düşülmədiyini bildirir: "Söhbət yeni AES-in səhmlərinin bir hissəsinin sərbəst satışa çıxarıla biləcəyindən gedir. Bu halda onlara Türkiyə, Yunanıstan və başqa ölkələrdən olan şirkətlərin maraq göstərəcəkləri istisna deyil".
Məlumat üçün qeyd edək ki, Ermənistan 2016-cı ilə 1000 mvt gücündə yeni AES bloku inşa etməyi planlaşdırır (o vaxtadək hazırkı blokun resursları qurtaracaq və o bağlanacaq). Artıq blokun inşası ilə əlaqədar müsabiqə elan edilib. Yerevan qonşu Gürcüstana bu stansiyanı şərikli şəkildə tikməyi təklif edir. Lakin problem yalnız maliyyələşdirmədə deyil, avadanlığın, nüvə yanacağının daşınması, işlənmiş elementlərin ölkədən çıxarılması və digər məsələlər də nəzərə alınmalıdır. Bu məsələləri Gürcüstan və ya Türkiyə ilə razılaşdırmadan AES layihəsini nə Avropa, nə də Rusiya şirkətləri reallaşdırmaq iqtidarındadır.
Amma təbii ki, iqtisadi və nəqliyyat baxımdan üstünlüklərə baxmayaraq, Yerevanla Ankara arasında mümkün razılaşmanın əldə olunmasında əsas maneələr ermənilərin Türkiyəyə qarşı iddiaları ("1915-ci il soyqırımı" pərdəsi altında) və Azərbaycanla Dağlıq Qarabağla bağlı yaşanan münaqişədir. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasının nə dərəcədə real olması haqda amerikalı məşhur analitik Ariel Koenin fikirləri belədir: "Düşünürəm ki, bu, ləng prosesdir, lakin hər iki tərəfdə xoş məram var. Əsas məsələ odur ki, Türkiyə 1915-1917-ci illərin tarixi faktları ilə bağlı məsələni necə həll etməyi düşünür və tarixin müasir münasibətlərə mane olmaması üçün nə təklif edir. Türkiyənin hazırda siyasi islamlaşma mərhələsini keçdiyini və mürəkkəb geosiyasi reorientasiya nəticəsində, Qərbdən uzaqlaşmağa başladığını nəzərə alsaq, bundan Azərbaycana da zərər dəyə bilər. Türkiyə ilə Ermənistanın münasibətlərindəki istiləşməyə məhz Ankaranın Rusiya və Avrasiyaya reorientasiyası və ABŞ ilə Avropa İttifaqından uzaqlaşması kontekstində yanaşmaq lazımdır". Odur ki, Azərbaycan Ankara ilə Yerevan arasında yaşanan proseslərə son dərəcə diqqətlə yanaşmalıdır".
Lakin Bakının diqqət yetirməli olduğu məqamlar yalnız geosiyasətlə bağlı deyil. Ankarada bəzilərinin köhnə erməni-türk düyününü Azərbaycanın hesabına açmağın mümkünlüyü haqda düşünməsi istisna deyil. Əgər yaxın gələcəkdə Dağlıq Qarabağın Azərbaycana qaytarılması real görünmürsə, bu itkinin leqallaşdırılması və bunun vasitəsilə erməni iddialarının aradan qaldırılması Türkiyə rəhbərliyindəki bəzi şəxslər üçün kifayət qədər uğurlu kombinasiya təsiri bağışlaya bilər. Bu, elə ermənilər üçün də praqmatik dəyişdirmə kimi görünə bilər.
Onlar yaxşı anlayırlar ki, hətta ABŞ-ın "erməni soyqırımı"nı tanımasından sonra belə, Türkiyədən hansısa maddi, xüsusilə də ərazi kompensasiyasının alınması real olmayacaq. Burada kağız üzərindəki qətnamələr işə yaramayacaq, ermənilərin maraqları uğrunda vuruşmaq istəyənlər isə, çətin ki, tapılsın. Lakin "daim iztirab çəkən" ermənilər üçün kompensasiya kimi Dağlıq Qarabağın verilməsi daha uyğun variant kimi görünə bilər - xüsusilə də buna meyilli olan ABŞ və Qərbə Türkiyə də qoşularsa.
Qeyd edək ki, bu versiya nəinki ermənilərin beynində dolaşır, hətta bunu açıq şəkildə dilə gətirənlər də var. Məsələn, bir müddət əvvəl eks-prezident, hazırda erməni müxalifətinin lideri olan Levon Ter-Petrosyan deyib: "Nə qədər ki Dağlıq Qarabağ problemi həll olunmayacaq, Ermənistan-Türkiyə münasibətləri normallaşmayacaq və sərhədlər açılmayacaq. Türkiyənin bu məsələdə nə qədər qərəzsiz və konstruktiv mövqe ortaya qoymasından, xüsusilə də Ankaranın Azərbaycana nə dərəcədə təsir göstərməsi və onu qaçılmaz güzəştlərə hazırlamasından çox şey asılı olacaq".
Söhbət nədən gedir?
Türkiyə siyasətçiləri və diplomatları Azərbaycan hakimiyyətinin və cəmiyyətinin əndişəsini anlayaraq sakitləşdirici bəyanatlarla çıxış edirlər. KİV ermənilərlə aparılan oyunun daxili siyasi aspektlərindən yazır. Belə ki, martın 29-da keçirilən bələdiyyə seçkilərində hazırkı iqtisadi böhranın fonunda (Türkiyə lirəsinin dəyəri təxminən 30% aşağı düşüb, işsizliyin səviyyəsi isə son 25 ildə özünün ən yüksək həddindədir) seçkini ƏİP-in qazanması asan olmayacaq. ABŞ-ın "soyqırım"ı tanıyacağı təqdirdə isə, islamçılar antiamerika və antiisrail kartlarından istifadəyə başlayacaqlar.
Yeri gəlmişkən, bu fənd artıq sınaqdan keçirilib və çoxluq tərəfindən dəstəklənib.
Ermənistanla diplomatik oyunlar Ankara üçün arzuolunmaz qərarın qarşısını alarsa, ƏİP bunu özünün uğuru kimi təqdim edəcək və bələdiyyə seçkisində uğur qazanmaq üçün qeyd olunan məqamı da qabardacaq.
İstənilən halda, görünən odur ki, Azərbaycan-Türkiyə münasibətlərində, xüsusilə ictimaiyyət arasındakı romantik əhval-ruhiyyəni artıq praqmatik yanaşma əvəzləyir. Bu yanaşmanın getdikcə daha da möhkəmlənəcəyi şübhə doğurmur. Amma bundan panikaya düşməyə və ya məyus olmağa ehtiyac yoxdur. Rusiyanın "forpost"u sayılan, hərbi, siyasi və iqtisadi baxımdan Moskvadan asılı vəziyyətdə olan Ermənistandan fərqli olaraq, Azərbaycanla Türkiyə arasında münasibətlər bərabərhüquqlu xarakter daşıyır. Türkiyənin Azərbaycana təzyiq etmək üçün rıçaqları yoxdur və bu məsələdə Ankaranın itirəcəyi daha çoxdur. Ankara-Yerevan münasibətlərinin normallaşmasında ən nikbin ssenarinin reallaşacağı təqdirdə belə, Türkiyə üçün Azərbaycanın əhəmiyyəti həm siyasi, həm də iqtisadi baxımdan çox yüksəkdir.
Odur ki, Azərbaycanın situasiyanı diqqətlə izləməsi, səbir nümayiş etdirməsi və tələsik qərar və bəyanatlar verməməsi doğru mövqedir. Axı ermənilər Türkiyə-Azərbaycan münasibətlərinin pisləşməsini, Azərbaycanda Türkiyənin addımlarından məyusluğun yaranmasını özlərinin qələbəsi sayacaq. Buna heç bir halda imkan vermək olmaz. Siyasi konyukturanın dəyişməsinə baxmayaraq, mərhum prezident Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinə dair səsləndirdiyi "bir millət-iki dövlət" nəsihəti qorunub saxlanmalıdır, çünki bizim ümumi-gələcəyimizin əsasını məhz bu təşkil edir.
Biz birlikdə bütün çətinliklərin öhdəsindən gələcəyik.
MƏSLƏHƏT GÖR: