
SAXTA DÖVLƏTİN HƏQİQİ PROBLEMLƏRİ
Kosovo probleminin birdəfəlik həllinə hələ çox var
Müəllif: Eldar PAŞAYEV Bakı
Serbiyanın tərkibinə daxil olmuş Kosovo və Metoxiya muxtar vilayəti parlamentinin Serbiyadan ayrılaraq, müstəqil Kosovo Respublikasının yaradılması haqda qərarından düz bir il ötür. Belqraddan ayrılmanın birinci ildönümü münasibətilə Kosovoda yüzlərlə insan küçələrə çıxıb, Priştinada məktəblilərin paradı keçirilib, açıq meydançalarda konsertlər, atəşfəşanlıqlar təşkil olunub.
Kosovonun "baş naziri" Haşim Taçi "müstəqilliyin ilk ilinin uğurlu alındığını" bildirib. Ölkə "prezident"i Fatmir Seydiu isə Amerikanın "The Christian Science Monitor" qəzetinə müsahibəsində deyib: "Dövlətimiz həyat qabiliyyətli olduğunu sübut edir".
Həm Taçi, həm də Seydiu əmindirlər ki, Kosovoda "bütün xalqların özlərini evlərindəki kimi hiss edəcəkləri" tolerant cəmiyyət qurulur. "Müstəqillik"in ildönümü ilə əlaqədar bəyanatlarda hökumətin 6%-lik iqtisadi artıma nail olduğu da bildirilib. Rəsmilərin sözlərinə görə, bu 1 ildə yeni iş yerləri açılıb, onlarca məktəb binası tikilib və min kilometrlərlə yol çəkilib.
Xarici dövlətlərin təbriklərinə gəlincə, əlbəttə ki, Priştina üçün ən vacibi Kosovonun müstəqilliyinin əsas təşəbbüskarı olan ABŞ-ın səsinin eşidilməsi idi.
"ABŞ Kosovo Respublikasının xalqını müstəqilliklə bağlı tarixi bəyannamənin qəbulunun birinci ildönümü münasibəti ilə təbrik edir. Ötən il ərzində Kosovo demokratik institutların yaradılması istiqamətində effektiv işləyib, BMT-nin xüsusi nümayəndəsi, Nobel mükafatının sahibi Marti Axtisaarinin planında yer almış milli azlıqların hüquqlarının müdafiəsi, dini və mədəni irsin qorunması istiqamətindəki prinsiplərə əməl edib. ABŞ Kosovo xalqı və hökumətinin regionda sabitliyin təmini, gələcəkdə cəmiyyətin çiçəklənməsi üçün təhlükəsizlik sisteminin yaradılmasında etnik və dini qruplarla əməkdaşlığını alqışlayır", - deyə ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilir.
Xatırladaq ki, Birləşmiş Ştatlar Kosovonun müstəqilliyini tanımış dövlətlərin siyahısına rəhbərlik edir. Ümumilikdə isə BMT-yə üzv 192 dövlətin 55-i Kosovonun müstəqilliyini tanıyıb. Onların sırasında Avropa İttifaqının 27 üzvündən 22-nin adına rast gəlinir. Kanada, Avstraliya, Yaponiya, Albaniya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Əfqanıstan, Malayziya və digər ölkələr də Priştinanı müstəqil dövlət kimi tanıyan ölkələr sırasındadırlar.
Kosovonun müstəqilliyini tanıyan hələlik sonuncu ölkə bu qərarı fevralın 19-da vermiş Maldiv Respublikasıdır.
Əks mövqedə olanlar isə Serbiya, Rusiya, Çin, İspaniya, Yunanıstan, Rumıniya, Slovakiya, Kipr, Bosniya, Azərbaycan və digərləridir.
Maraqlıdır ki, Haşim Taçi yanvarın 20-də Belqradda nəşr olunan "Politika" qəzetinə müsahibəsində Rusiyanın da Kosovonun müstəqilliyini tanımaq fikrində olduğunu bildirib. Lakin Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyilənləri dərhal təkzib edərək "cənab Taçinin arzularını reallıq kimi qələmə verdiyini" söyləyib. Lavrov deyib ki, "Rusiya Federasiyası adından kim danışsa da, Taçi danışmasın".
Xatırladaq ki, bu mübahisədə Moskva Belqradın əsas müttəfiqi olsa da, bir il əvvəl Kosovonun Serbiyadan ayrılmasına mane ola bilmədi. Hazırda isə Rusiyanın əlində olan ən effektiv imkan Kosovonun BMT-yə üzvlüyünə imkan verməməkdir. Məsələ ondadır ki, Priştinanın bu quruma qəbulu BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməlidir: Rusiyanın isə burada istənilən qərara veto qoymaq hüququ var. Üstəlik, Kosovonun müstəqilliyinə qarşı olan daha bir dövlət - Çin də bu hüquqa malikdir.
Beləliklə, Kosovonun yarımçıq müstəqilliyi 1 ildir ki, davam edir. Odur ki, artıq ilkin nəticələr haqda danışmağın zamanıdır.
Köhnə Dünyanın Avropa İttifaqı məkanında yeni qonşunun yaranması ilə bağlı ümumi əhvalını belə xarakterizə etmək olar: Serbiya əyalətinin müstəqilliyini elan etməsindən sonra gözlənilən ən pis variant baş verməsə də, nikbin proqnozlar da özünü doğrultmayıb.
Kosovo rəhbərliyinin bəyanatlarına baxmayaraq, onun iqtisadiyyatı acınacaqlı durumdadır. Bölgədəki layihələrin əksəriyyəti uzunmüddətli olsa da (Kosovo zəngin təbii resurslara malikdir), hələ ki investorlar oraya sərmayə yatırmağa həvəs göstərmir. Sənayedə olduğu kimi, kənd təsərrüfatı sahəsində də bərbad vəziyyət müşahidə olunur. İşsizliyin səviyyəsi çox yüksəkdir və işsizlərin böyük hissəsini gənclər təşkil edir: qeyri-rəsmi statistikaya görə, Kosovonun yaşı 35-dən aşağı olan vətəndaşlarının 75%-nin daimi iş yeri yoxdur. Bütün bunlar isə korrupsiya, kölgə iqtisadiyyatı və mütəşəkkil cinayətkarlığa rəvac verir.
Kriminalın yüksək həddə olmasının daha bir səbəbi müharibə dövründən əhalinin əlində böyük həcmdə silah-sursatın qalmasıdır. Bundan başqa, bildirilir ki, Avropaya daşınan narkotiklərin böyük hissəsi (təxminən 80%) məhz Kosovo ərazisindən keçirilir. Söhbət, ilk növbədə, Əfqanıstan və Pakistanda becərilmiş opiumdan gedir.
Beləliklə, Taçi ilə Seydiunun sadaladıqları uğurlar əgər həqiqətən də baş veribsə belə, bu, yalnız Qərbin maliyyə dəstəyi hesabına mümkün olub. Artıq öz himni, bayrağı və digər atributları olan yeni "dövlət" Avropa İttifaqının əsas problemlərindən biri olaraq qalır. "Frankfurter Rundschau" bildirir ki, "Kosovoda əsl özünüidarəetmə, ən yaxşı halda, 10 ildən sonra yaranacaq, lakin onda da bütün prinsipial məsələlərlə bağlı qərarı Brüssel qəbul edəcək".
Bundan başqa, Priştina Kosova əhalisinin əksəriyyətini serblər təşkil edən şimalına faktiki nəzarət etmir. Bu hissə isə müstəqilliyini elan etmiş dövlətin, təxminən, dörddəbiridir.
Kosovoda qayda-qanuna NATO, BMT və Avropa İttifaqına məxsus beynəlxalq qüvvələr nəzarət etsə də, onlar da sabitliyin pozulmayacağına zəmanət verə bilmirlər. Avropa İttifaqının Kosovodakı xüsusi nümayəndəsi Piter Feyt deyir: "Durum son dərəcə gərgin olaraq qalır. Axır həftələrdə biz zorakılıq qığılcımlarını müşahidə edirik və bu, təkrarlana bilər. Bizim üçün problemi birdəfəlik həll etmək vacibdir".
Hələlik söhbət genişmiqyaslı toqquşmalardan getməsə də, insidentlərə kifayət qədər tez-tez rast gəlinir. Kosovo serbləri Belqrad tərəfindən fəal surətdə dəstəklənir. Priştinanın müstəqilliyinin ildönümünü qeyd etdiyi gün Mitrovisa yaxınlığında Serbiyanın Kosovo və Metoxiya vilayətinin Skupşinasının iclası keçirilib. Yeri gəlmişkən, tədbirə Serbiya Xalq Skupşinasının müxalifətdən olan deputatları da qatılıblar.
"Politika" qəzetinin məlumatına görə, iclasda Kosovonun statusunu Serbiyanın sərhədləri daxilində müəyyənləşdirən bəyannamə yekdilliklə qəbul olunub. Tədbir iştirakçıları Priştinadakı müvəqqəti orqanların birtərəfli qaydada müstəqillik və təhlükəsizlik qüvvələrinin yaradılması haqda qəbul etdiyi qərarları separatçılıq kimi qiymətləndirib və rədd edib. Bundan başqa, Serbiya hökumətinə BMT Təhlükəsizlik Şurasının 1244 saylı Qətnaməsinə uyğun olaraq ərizə ünvanlanıb və Belqraddan TŞ-nin təcili toplantısının çağırılması tələb olunub. İclas iştirakçıları hesab edir ki, həmin iclasda Kosovoda Marti Axtisaari planını həyata keçirən EULEX missiyasının yerləşdirilməsi haqda qərarın ləğvinə dair qətnamə qəbul olunmalıdır. Bu çağırışlar Sebiyanın sabiq baş naziri Voislav Koştunisa, radikalların lideri Voislav Şeşel və Serbiya patriarxı Pavel tərəfindən də dəstəklənib.
"Politika"nın məlumatına görə, Serbiya Skupşinasının nümayəndə heyətləri iclasları ayrı-ayrılıqda keçiriblər. Müşahidəçilərin fikrincə, bu, Serbiya siyasətçiləri arasında Kosovonun gələcəyi və onun uğrunda mübarizənin yollarına dair fikir ayrılıqlarının olduğunu göstərir. Düzdür, Serbiya parlamentinin spikeri Slavitsa Cukiç-Deyanoviç heç bir fikir ayrılığının olmadığını, Belqradın Kosovo ilə bağlı siyasətinin vahid və dəyişməz qaldığını bəyan edib.
Lakin fakt faktlığında qalır və fikir ayrılıqları göz qabağındadır. Avropapərəst siyasətçilər hesab olunan Serbiyanın hazırkı prezidenti Boris Tadiç və onun komandasının əsas prioriteti Avropa İttifaqına inteqrasiyadır. Və onlar bu yolda müxtəlif güzəştləri mümkün sayırlar. Öz növbəsində, Serbiya radikallarının mövqeyi tam fərqlidir - onlar Kosovanı qaytarmaq üçün ən sərt tədbirlərə belə hazırdırlar.
Ölkədə keçirilən son seçki isə xalq arasında hər iki tərəfin, təxminən, eyni dərəcədə dəstəkləndiyini göstərib.
Belqradda fikir ayrılığı digər məqamla bağlıdır: bir qrup siyasətçi Kosovonu yalnız Serbiyanın tərkibində görürsə, digərləri hesab edirlər ki, Kosovo alban və serb hissələrinə bölünməlidir.
Hər halda, daxildə nə baş verməsindən asılı olmayaraq, Serbiyanın mövqeyi ondan ibarətdir ki, Kosovo uğrunda mübarizə hələ bitməyib. Belqrad Kosovonun Müstəqillik Bəyannaməsinin qeyri-qanuni olması ilə bağlı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində də məsələ qaldırıb. Boris Tadiç hesab edir ki, Kosovonun Serbiyadan birtərəfli şəkildə ayrılması BMT Təhlükəsizlik Şurasının 1244 saylı Qətnaməsinə, BMT-nin Nizamnaməsinə, həmçinin Helsinki razılaşmasına ziddir. Tadiç xüsusi olaraq bildirir ki, bu kontekstdə məsələyə məhkəmədə tam sakit şəkildə, siyasətçilərin prosesə müdaxiləsi olmadan baxılması vacibdir. "Əsas odur ki, biz hamımız Kosovo problemini region dövlətlərinin Avropa İttifaqına üzvlüyü ilə əlaqələndirməkdən çəkinməliyik. Serbiya regionun Avropa İttifaqına inteqrasiyasında katalizator mövqeyindədir", - deyə o, qeyd edib.
Amma etiraf etmək lazımdır ki, indi Avropa İttifaqı hələ genişlənmə haqda düşünmür.
Bütün bunlar bir məqamı ortaya çıxarır: Priştinanın "müstəqillik"inin bir ilinin tamam olmasına və onun 55 dövlət tərəfindən tanınmasına baxmayaraq, Kosovo münaqişəsinin birdəfəlik həllinə hələ çox var.
Bu isə o deməkdir ki, Balkanlarda sülhün və sabitliyin tam bərqərar olması elə də yaxın zamanlarda baş verməyəcək.
MƏSLƏHƏT GÖR: