15 Mart 2025

Şənbə, 00:41

MOSKVA ALVERƏ HAZIRLAŞIR

Rusiya ilə ABŞ arasında Postsovet məkanı uğrunda mübarizə səngimir

Müəllif:

01.03.2009

Qırğızıstan parlamenti (Joqorku Keneş) ölkənin "Manas" beynəlxalq hava limanında ABŞ-a məxsus hərbi bazanın mövcudluğuna dair Vaşinqtonla qüvvədə olan razılaşmanın pozulmasına səs verib. Xatırladaq ki, bu baza Qırğızıstanda 2001-ci ilin dekabrında BMT mandatı əsasında Əfqanıstanda koalisiya qüvvələrinin keçirdiyi antiterror əməliyyatlarının dəstəklənməsi məqsədilə yaradılmışdı. Aviabazada ABŞ-a məxsus 1,2 minədək hərbçi, həmçinin hərbi-nəqliyyat, yanacaqdaşıyan təyyarələr var. 

Bazanın ölkədən çıxarılmasına dair qanun layihəsinin Qırğızıstan prezidenti tərəfindən imzalanması və ABŞ tərəfindən rəsmən təsdiqlənməsindən sonra kontingentin, hərbi texnika və avadanlığın oradan çıxarılması prosesi 180 gün ərzində başa çatdırılmalıdır. Bunun ardınca "Manas"da bazanın yaradılması haqda koalisiya üzvü olan daha 11 ölkə ilə müqavilələr pozulacaq.

Hələ 2005-ci ildə Qırğızıstanın yeni seçilmiş prezidenti Kurmanbek Bakiyev Amerikadan bazaya görə kirayə haqqının 2 milyondan 200 milyon dollaradək qaldırılmasını tələb etmişdi. ABŞ isə bundan imtina edərək, əvəzində Qırğızıstana hər il 150 milyon dollarlıq yardım paketi vəd vermişdi. Eyni zamanda, aviabazanın istifadəsinə görə bilavasitə ödəniş 17,5 milyon dollar həcmində müəyyənləşdirildi. Amma Qırğızıstan rəhbərliyi bu təklifdən razı qalmamışdı. Bişkeki qıcıqlandıran o idi ki, razılaşmaya əsasən, Qırğızıstana o qədər də vacib olmayan layihələr təklif edilir üstəlik, bu layihələrlə bağlı amerikalı ekspertlərə hesabat verilməli və əksər məsələlər onlarla razılaşdırılmalı idi. Qırğızıstan hökuməti davamlı olaraq Amerikadan icarə haqqının həcminin artırılmasını və ödənişin şəffaf şəkildə həyta keçirməsini tələb etsə də, istəyinə nail olmamışdı. Nəticədə, gözləməkdən bezən Qırğızıstan rəhbərliyi Rusiyanın əks təklifi ilə razılaşmalı oldu: Moskva Bişkekə 150 milyon dollar həcmində yardım təklif edir (əlavə olaraq 1,7 milyard dollarlıq investisiya və 180 milyon dollarlıq borcun silinməsi), əvəzində isə Qırğızıstan Amerikanın hərbi bazasını ölkədən çıxarır.

Barak Obamanın rəhbərlik etdiyi yeni ABŞ administrasiyası ilə dialoqa və münasibətləri normallaşdırmağa hazırlaşan Moskva alver üçün mövqelərini möhkəmləndirməyə çalışır. Onun qarşısına iki məqsəd qoyduğu aydındır: birincisi, Vaşinqtonun Şərqi Avropada Rusiyanın nüvə-raket potensialını dəyərdən sala biləcək hava hücumundan müdafiə sistemləri (HHM) yerləşdirməkdən imtinasına nail olmaq, ikincisi, Rusiyanın postsovet məkanında xüsusi rolu və məsuliyyətinin olduğunu qəbul etdirməkdir. Bu isə faktik olaraq, MDB-nin Rusiyanın nüfuz dairəsi kimi qəbul edilməsi, NATO-nun və onun Moskva üçün sərfəli olmayan siyasi və iqtisadi layihələrinin bu məkana müdaxilə etməməsi deməkdir.

Öz növbəsində isə Rusiya rəhbərliyi Vaşinqtonla Əfqanıstan, Yaxın Şərq, İran, Şimali Koreya və digər problemlərə dair konstruktiv əməkdaşlıq vəd edir. 

Belə görünür ki, Kremlin ilin əvvəlində Ukrayna ilə "qaz müharibəsi" təşkil etməsi, Abxaziya və Cənubi Osetiyada hərbi bazalar yerləşdirmək niyyətini açıqlaması və faktik olaraq, Qırğızıstandan ABŞ hərbi bazalarının çıxarılmasına nail olması, məhz Qərblə "alverdə" öz mövqelərini möhkəmləndirmək üçün vacibdir. Bununla paralel olaraq, rəsmi Moskva ABŞ-ı Rusiya ərazisindən Əfqanıstana yükdaşımaları ətrafında dialoqa da dəvət edir.

Moskva bütün bu addımları ilə diqqəti özünə çəkməyi bacarsa da, ABŞ, Avropa İttifaqı və NATO-nun reaksiyası, çətin ki, Rusiya rəhbərliyinin ümidlərinə tam uyğun olsun. ABŞ-ın müdafiə naziri Robert Geyts NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Polşanın Krakov şəhərində təşkil olunan görüşündən əvvəl verdiyi açıqlamada bildirib ki, Rusiya Qırğızıstandakı "Manas" hərbi bazasının bağlanmasının bütün aspektlərindən xeyir götürməyə çalışır. "İTAR-TASS"ın bildirdiyinə görə, Pentaqon rəhbəri deyib: "Rusiya, bir tərəfdən, Əfqanıstan məsələsində bizimlə əməkdaşlığa hazır olduğunu deyir, digər yandan, bizə qarşı addımlar atır. "Manas" bazasının bizim üçün son dərəcə vacib olduğu hər kəsə bəllidir".

Avropa Beynəlxalq Münasibətlər Şurası Tədqiqat Mərkəzinin (London) elmi əməkdaşı Niku Popeskunun fikrincə, ABŞ, Avropa və NATO "Manas"a alternativ axtarışına başlayacaq. "Mərkəzi Asiyadan yükboşaltma məntəqəsi kimi istifadə imkanının tam itirilməsi ABŞ-ın Əfqanıstanda sabitlik yaratmaq siyasətini poza bilər. Biz hansı nəticələrin meydana çıxacağını bilmirik, amma onlar çox pis ola bilər. Özü də bazanın bağlanmasının fəsadlarını, ilk növbədə, Rusiyanın özü və regiondakı müttəfiqləri, məsələn, Tacikistan hiss edə bilər", - deyə ekspert bildirib. - "Artıq Rusiya postsovet məkanındakı problemləri ilə təkbaşına bacarmayacaq. Bu, əsasən, onunla bağlıdır ki, postsovet ölkələrinin əksəriyyəti Rusiya ilə təkbətək qalmaq istəmir. Onların hamısı Rusiya ilə başqa dövlətin arasında manevr etmək üçün alternativ mərkəz axtarır. Mərkəzi Asiyada bu, Çin və müəyyən mənada, ABŞ-dır. Qafqazda isə bu, ABŞ, müəyyən qədər də Avropa İttifaqıdır".

Moskvanın bütün cəhdlərinə baxmayaraq, yalnız postsovet məkanında yox, həm də özünün rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) da istədiyi tabeliyə nail ola bilməməsi təəccüblü deyil. "Reuters" agentliyi amerikalı admiral Mark Harniçekə istinadən xəbər verir ki, KTMT-yə daxil olan Tacikistan artıq öz avtomobil və dəmir yollarından Əfqanıstana qeyri-hərbi yük daşımalarında istifadəyə razılıq verib. "Biz hər həftə Özbəkistan və Tacikistan ərazisindən keçməklə Əfqanıstana 50-200 konteyner daşımaq fikrindəyik", - deyə kontradmiral bildirib. Onun sözlərinə görə, ABŞ artıq yüklərin tranziti ilə bağlı Özbəkistandan da razılıq alıb. 

Yeri gəlmişkən, Daşkənd Moskva ilə münasibətlərdə özünü kifayət qədər müstəqil aparır və onun yenidən öz ərazisində, Əndican hadisələrinə qədər olduğu kimi, NATO bazasının yerləşdirilməsinə razılıq verəcəyini istisna etmək olmaz.

ABŞ Qırğızıstandan çıxaracağı hərbi bazasının Qafqaz ölkələrinin birində və ya Türkiyədə, daha dəqiqi, Trabzon şəhərində yerləşdirilməsi məsələsini də nəzərdən keçirir. Məlumatı Türkiyənin "Hurriyet" qəzeti Pentaqona istinadən yayıb. Digər qəzet - "Yeni Safak" da bildirir ki, Özbəkistan və Tacikistan variantları alınmasa, diqqətlər Trabzona yönələcək. ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının rəhbəri Devid Petreusun Türkiyəyə səfər etmək niyyəti də bununla əlaqələndirilir.

Lakin həm Trabzondaki virtual, həm də İncirlikdəki real hərbi baza Əfqanıstandan çox uzaqdır və bu baxımdan onlar "Manas"a tam əvəz ola bilməz. Bu işdə Gürcüstan, daha çox isə Azərbaycan və Türkmənistan işə yarayardı. Rəsmi Tbilisi artıq ABŞ və NATO-ya bu sahədə dəstək verməyə hazır olduğunu bəyan edib. Gürcüstanın müdafiə naziri David Sixarulidze bildirib ki, söhbət ölkə ərazisində NATO bazalarının yerləşdirilməsindən yox, sadəcə Əfqanıstana uçuşların həyata keçirilməsi üçün Gürcüstanın hava məkanından istifadəyə razılıq verilməsindən gedir.

Azərbaycan və Türkmənistana gəlincə, bu ölkələrin rəsmi şəxsləri və hərbi rəhbərliyi hələ ki susur. Vaşinqton və Brüsselin Əfqanıstandakı hərbi əməliyyatlara dəstək üçün hərbi-hava infrastrukturundan istifadə ilə bağlı onlara müraciət edib-etmədiyi də məlum deyil.

Şübhəsiz ki, adıçəkilən digər ölkələrlə müqayisədə, Bakı və Aşqabad üçün situasiya daha çətindir. Bu ölkələr ABŞ və NATO-nun hərbi komandanlığına "hə" deyərsə, yalnız Rusiyanın yox, həm də İranın neqativ reaksiyası ilə üzləşəcəklər. Enerji resurslarının satışından kifayət qədər pul qazanan Azərbaycan və Türkmənistan üçün hərbi bazalara görə ödəniləcək icarə haqqı və "demokratiya dərsləri" o qədər də cəlbedici deyil. Əgər ABŞ və NATO Ermənistanın işğalının aradan qaldırılması, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsində, birmənalı şəkildə, Bakını dəstəkləyərlərsə, bu başqa məsələdir. Lakin görünən odur ki, Vaşinqton və Brüssel hələ ki bunu etmək niyyətində deyil. Bu şərtlərlə ABŞ və NATO tranzit üçün hava dəhlizi, nəqliyyat aviasiyasının enişi və yanacaq götürməsinə icazə, həmçinin Əfqanıstandakı Azərbaycan hərbi kontingentinin sayının rəmzi artırılmasından başqa heç nəyə ümid edə bilməz.

Ələlxüsus da nəzərə alsaq ki, Rusiya ilə İran ABŞ və NATO-ya qarşı yeritdikləri siyasətdə Azərbaycanı öz tərəfinə çəkə bilməsə də, heç olmasa, Bakıdan da Türkmənistan kimi neytral mövqe tutacağına dair təminat almağa çalışırlar. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu yaxınlarda Bakıya səfər etməsi, həmçinin Rusiya və Azərbaycan prezidentləri Dmitri Medvedevlə İlham Əliyev arasında telefon danışığı da bunun göstəricisidir. Mətbuat xidmətinin rəsmi məlumatına görə, Rusiya lideri azərbaycanlı həmkarını KTMT sammitinin nəticələri haqda məlumatlandırıb. Xatırladaq ki, məhz bu tədbirdə "birgə çevik reaksiya qüvvələri"nin yaradılması haqda qərar qəbul olunub.

Güman ki, bu, sadəcə informasiya yox, həm də Kreml sahibi tərəfindən müəyyən mənada məsələyə aydınlıq gətirmək cəhdi olub. Məsələ ondadır ki, tək Ermənistanın yox, həm də Rusiyanın bəzi siyasətçiləri, hərbçiləri və analitikləri dərhal spekulyasiya edərək bildiriblər ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll etməyə qərar verəcəyi təqdirdə KTMT daxilində yaradılan birgə hərbi qüvvələr Ermənistana dəstək verəcək. Şübhəsiz ki, Rusiyanın Cənubi Qafqazdakı "forpost"u olan Ermənistana təmənnasız olaraq 800 milyon dollarlıq silah-sursat verməsi haqda informasiyalar Azərbaycanın ABŞ və NATO ilə daha sıx əməkdaşlığına təkan verə bilər. 

Aydındır ki, Moskva Azərbaycanın Qərbin hərbi-siyasi nüfuz dairəsinə tam keçməsini istəmir. Bu gün Güney Qafqazda və Mərkəzi Asiyada ABŞ-ın rəhbərlik etdiyi Qərblə Rusiya arasında "böyük oyun"un növbəti mərhələsinin nəticəsi haqda birmənalı fikir söyləmək çətindir. Xüsusilə də nəzərə alsaq ki, bu oyuna Çin də asta-asta qoşulmaqdadır. 

Odur ki, Azərbaycan kimi kiçik ölkələrin rəqabət aparan nəhənglərin arasında əzilməməsi və öz problemlərinin həlli üçün yaranan imkanlardan doğru istifadə etməsindən ötrü fəaliyyətini tarazlaşdırması vacibdir.



MƏSLƏHƏT GÖR:

557