
UĞUR, YOXSA İFLAS?
Brüssel özünün "Şərq tərəfdaşlığı" siyasətinin nəticələrinə tənqidi yanaşır
Müəllif: Rasim MUSABƏYOV, politoloq, Milli Məclisin deputatı Bakı
Mayın 21-22-də Latviya paytaxtında Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramının iştirakçısı olan dövlətlərin yüksək səviyyədə sammiti keçiriləcək. Sammitdə proqramın nailiyyətləri, çatışmazlıqları, ən başlıcası isə gələcək perspektivləri, həmçinin daha geniş Avropa qonşuluq siyasəti müzakirə ediləcək. Bununla əlaqədar olaraq, Aİ məmurları çoxsaylı raportlar yazır, siyasətçilər, analitiklər və KİV öz təhlillərini, qiymətləndirmələrini ortaya qoyurlar. Aydındır ki, Brüssel və tərəfdaş ölkələrin paytaxtları vəziyyəti fərqli görür. Amma proqram ümumidir və demək, Riqada keçiriləcək sammitdə ictimai dialoq və son diskussiyalar vasitəsilə ümumi nəticəyə gəlinməlidir.
Bu məqalənin müəllifi əvvəlcə vətəndaş cəmiyyətini təmsil edən ekspert qismində Avropa qonşuluq siyasətinin formalaşdırılması ilə bağlı diskussiyalarda iştirak edib. Sonra isə o, Aİ-nin "Şərq tərəfdaşlığı" proqramı ilə bağlı müzakirələrə də qatılıb. 2010-cu ildən indiyədək mən Azərbaycan nümayəndə heyətinin üzvü kimi EuroNest Parlament Assambleyasının işində iştirak edirəm. Odur ki, bu proqramın uğurları və obyektiv məhdudiyyətləri haqqında əsaslı fikirlər söyləyə bilərəm.
Sonradan genişlənərək "Aralıq dənizi ittifaqı" və "Şərq tərəfdaşlığı" layihələrini də özündə birləşdirən Avropa qonşuluq siyasəti böyük ruh yüksəkliyilə qarşılanmışdı. Bu ruh yüksəkliyi istər Aİ-də, istərsə də iştirakçı ölkələrdə müşahidə olunurdu. Lakin o andan 10 il keçdikdən sonra təəssüflə qeyd etməliyik ki, proqramla bağlı gözləntilər özünü doğrultmayıb. Məlum olub ki, "Şərq tərəfdaşlığı" proqramının iştirakçıları müxtəlif mərhələlərdə tamam fərqli məqsədlər güdürdülər və əldə olunan nəticələrin gözləntidən xeyli fərqləndiyinə görə təəccüblənməyə dəyməz.
Şərqi Avropadan olan bir çox iştirakçıların Avropa qonşuluq siyasətinə, xüsusilə də "Şərq tərəfdaşlığı" proqramına Aİ-nin tamhüquqlu üzvlüyünə aparan yolda hazırlıq mərhələsi kimi yanaşdıqları sirr deyil. Brüsselli məmurlar isə bu fikri inkar etməsələr də, iştirakçıları Kopenhagen meyarlarına cavab vermək üçün uzun-uzadı islahatlar və inkişaf prosesinə yönəlməyə çağırırdılar. Bununla yanaşı, onlar "institutlarda iştirak istisna olmaqla, hər şey" formuluna hazır olmağı məsləhət görürdülər. Axı, Brüssel "Şərq tərəfdaşlığı" proqramını Aİ-nin genişlənməsi məqsədilə irəli sürməmişdi. Brüsselin məqsədi Avropa İttifaqının sərhədləri boyunca onunla siyasi, iqtisadi və mədəni baxımdan sıx bağlı olan dost ölkələrdən ibarət zolaq yaratmaq idi.
Bunun üçün, yəqin ki, tərəfdaş ölkələrdə sabitliyə dəstək vermək, onlarda dövlət institutlarının güclənməsinə, mövcud münaqişələrin həllinə yardım göstərmək, sərhədlərə nəzarətin, miqrasiya prosesinin yaxşılaşdırılmasına yardım etmək, transsərhəd cinayətkarlığı ilə mübarizədə əməkdaşlıq qurmaq lazım idi. Onlarla nəqliyyat, iqtisadi və humanitar sahələrdə əlaqələr də qurulmalı idi. Lakin reallıqda "Şərq tərəfdaşlığı" proqramında əsas diqqət daha çox siyasi-ideoloji müstəvilərə, "Avropa dəyərləri"nin irəli çəkilməsinə yönəldilib. Nəticədə, Brüsselin əməlləri Aİ-nin özünəməxsus nüfuz dairəsinin yaradılması cəhdləri kimi görünməyə başlayıb. Hər halda Moskva Avropa qonşuluq siyasətini və "Şərq tərəfdaşlığı" proqramını məhz bu cür qiymətləndirir və ona Brüsselin postsovet məkanının Avropa hissəsinə nəzarəti ələ almaq cəhdi kimi baxır. Söhbət Rusiyanın öz eksklüziv nüfuz dairəsi saydığı ərazilərdən gedir. Üstəlik, ona əvvəlcədən proqrama digər 6 iştirakçılarla eyni hüquq və statusda qoşulmaq təklif olunmuşdu. Bu, Moskvanın Moldovaya və ya Ermənistana tay tutulması demək idi. Rusiya isə bunu özünə sığışdırmayaraq Brüssellə ikitərəfli əməkdaşlıq formatına üstünlük verdi.
Avropa qonşuluq siyasətinin və "Şərq tərəfdaşlığı" proqramının gedişinə və məzmununa daxildən təsir etmək imkanı olmayan Rusiya öz alternativ inteqrasiya təşəbbüsünü irəli sürdü. Söhbət Gömrük İttifaqından və Avrasiya İqtisadi İttifaqından (Aİİ) gedir. Bununla, Moskva postsovet ölkələrini çətin seçim qarşısında qoydu. Bu, xüsusilə Ermənistan və Ukrayna üçün ağır oldu. Ermənistan rəhbərliyi əvvəlcə Aİİ-yə qoşulmalarının mümkün olmadığını deyir, Aİ ilə Assosiativ Saziş imzalamağa hazır olduğunu bəyan edirdi. Lakin prezident Serj Sarqsyanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında 30 dəqiqə davam edən təkbətək görüşdən sonra birinci gözlənilmədən ölkəsinin Aİİ-yə üzv olacağını bəyan etdi. Yanukoviçə isə Aİ ilə Rusiya arasında tərəddüd hakimiyyət itkisi bahasına başa gəldi. Bu tərəddüd Ukraynanın Krımı itirməsinə və ölkənin cənub-şərqində böhranın baş qaldırmasına da səbəb oldu. Sonda Kiyev Brüssellə assosiativ üzvlüyə dair saziş imzalasa da, Rusiyanın narazılıqları nəzərə alındı və bu, özünü sənədin müddətində də göstərdi. Gürcüstan və Moldova üçün assosiativ sazişin imzalanması ciddi kataklizmlərsiz ötüşdü. Lakin gələcəkdə belə problemlərin ortaya çıxacağını istisna etmək olmaz. Bunun müəyyən simptomları hiss olunmaqdadır. Ola bilsin ki, Moskva bu istiqamətdə fəal addımlarını sadəcə sonraya saxlayaraq Ukrayna probleminin həllini gözləyir.
"Şərq tərəfdaşlığı" proqramının adıçəkilən iştirakçılarından fərqli olaraq, Azərbaycan Brüssel ilə assosiativ sazişin imzalanması prosesini sürətləndirmədi və diqqəti praktiki əhəmiyyəti olan məsələlərə yönəltdi. Bakı ilə Brüssel arasında viza rejiminin sadələşdirilməsini nəzərdə tutan saziş imzalandı. Bundan başqa, Azərbaycan Aİ ilə əsasən enerji, həmçinin təhsil və turizm sahələrində əməkdaşlığı gücləndirir. Artıq reallaşdırılmış strateji layihəyə - Bakı-Tiflis-Ceyhan neft kəmərinə əlavə olaraq, Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasına start verildi. O, özündə Cənubi Qafqaz qaz kəməri, EFTFZ və EFZ-ı birləşdirir. Azərbaycan-Aİ tərəfdaşlığının miqyasını bu layihənin həcmi də göstərir. Onun reallaşdırılmasına 45 milyard avronun xərclənməsi nəzərdə tutulubsa, Brüssel "Şərq tərəfdaşlığı" üçün 2020-ci ilədək 16 milyard avroluq büdcə ayırıb.
Azərbaycanın bu məsələdə ehtiyatlılığı Aİ ilə assosiativ sazişin verə biləcəyi faydalar və zərərləri düzgün qiymətləndirməsindən irəli gəlir. Xoşumuza gəlsə də, gəlməsə də, bu razılaşma Rusiyanın mənfi reaksiyasına səbəb olur. Nə qədər müstəqil xarici siyasət yürütsək də, Rusiyanın Aİ-nin inteqrasiya layihələrinə mənfi münasibətini nəzərə almalıyıq. Bundan başqa, Azərbaycanın, təxminən, 1000 kilometrlik ümumi sərhədə malik olduğu İranın güclü antiqərb fobiyası ilə də hesablaşmaq lazımdır.
Aİ ilə assosiativ sazişin faydalarına gəlincə, hələlik bu faydalar o qədər də nəzərə çarpmır. Məgər, Avropaya inteqrasiya prosesində Azərbaycandan daha irəli getmiş və assosiativ saziş imzalamış Gürcüstan, Moldova və Ukrayna ərazilərindəki münaqişələri çözə, separatçı rejimləri aradan qaldıra biliblər? Tutaq ki, Dağlıq Qarabağ münaqişəsində Brüssel ATƏT-in Minsk Qrupunun arxasında gizlənir. Axı, Moldovadakı Dnestryanı münaqişənin, Gürcüstandakı Cənubi Osetiya və Abxaziya problemlərinin, indisə Ukraynanın cənub-şərqindəki böhranın həllində Aİ əsas moderatorlardan biridir. Təəssüf ki, onun bu problemlərin həllindəki vasitəçiliyi nəinki müsbət nəticələr vermir, hətta avropalıların bu münaqişələrin aradan qaldırılmasına yönəlmiş səyləri belə, müşahidə olunmur. Moskva ilə qarşıdurma isə həmin ölkələrdə vəziyyəti yalnız ağırlaşdırıb.
Moldova, Gürcüstan və Ukraynanın Brüssellə yaxınlaşmadan və Moskvadan uzaqlaşmadan ciddi iqtisadi fayda qazandığını da söyləmək olmaz. Bu, onların əhalisinin rifah halının yaxşılaşmasına səbəb olmayıb. Hazırda bu ölkələr Avropanın ən yoxsul dövlətləri arasında yer alırlar. Onların sənayesi və kənd təsərrüfatı getdikcə geriləyir, Avropanın bu ölkələrə birbaşa investisiyaları çox azdır, Aİ-nin qrantları isə onlar üçün vacib olsa da, iqtisadi vəziyyətlərini yaxşılığa doğru dəyişdirmək iqtidarında deyil.
Azərbaycanın vəziyyəti fərqlidir. Ölkənin Avropaya ixracının 97%-i enerji daşıyıcılarının payına düşür və indiki mərhələdə Bakı daxili bazarının qapılarını taybatay açmağı məqsədəuyğun saymır. Xarici investisiyaların həcmi onsuz da yüksəkdir və burada söhbət heç də yalnız neft-qaz layihələrinin maliyyələşdirilməsindən getmir. Azərbaycanın öz maliyyə ehtiyatları da çoxdur (təxminən, 50 milyard dollar) və onun Aİ-nin kiçik qrantlarına ehtiyacı yoxdur.
Bütün sadalananları, o cümlədən Moldova, Ukrayna, Gürcüstan və Belarusdan fərqli olaraq, Aİ ilə birbaşa kommunikasiyalara malik olmadığını, onları Gürcüstan və Türkiyə vasitəsilə həyata keçirdiyini nəzərə alan Azərbaycan qurumla assosiativ saziş imzalamağa tələsmir. Azərbaycan rəhbərliyi Brüsselə strateji tərəfdaşlığa dair ikitərəfli razılaşma imzalamağı təklif edib. Orada tərəflərin qarşılıqlı maraqlarının və istəklərinin əksini tapması təklif olunur. Hazırda bu razılaşma müzakirə və hazırlıq mərhələsindədir. Qeyd edim ki, Bakı Aİ ilə yaxınlaşmada müəyyən təmkin nümayiş etdirməklə yanaşı, Moskvanın təşəbbüskarı olduğu Aİİ-yə də maraq göstərmir. O, bu birliyə də daxil olan ölkələrlə ikitərəfli formatda tərəfdaş münasibətləri qurur.
Nəticədə nəzər salsaq, Avropa qonşuluq siyasətinin və "Şərq tərəfdaşlığı" proqramının elan edilmiş məqsədlərə nail olmadığını görərik. Aİ ətrafında sabit və firavan qonşular əvəzinə, Tunisdən, Liviyadan, Misirdən, Suriyadan başlayaraq, Cənubi Qafqaza, Ukraynaya, Moldovayadək daxili sabitliyi olmayan, terror təhlükəsinin mövcud olduğu, separatçılığın tüğyan etdiyi, silahlı münaqişələrin yaşandığı bir zolaq formalaşıb. Avropa İttifaqının tərəfdaşı olan əksər ölkələr depressiyadan çıxa bilmir, bəzilərində isə aşkar tənəzzül və eniş müşahidə olunur. Bütün bunların fonunda nəzarətdən çıxmış miqrasiya problemi dərinləşib, Aİ ərazisinə terrorçuların, silahlı cinayətkar qrupların keçməsi kimi təhlükəli hallar müşahidə olunur.
Aydındır ki, Avropa qonşuluq siyasətində köklü dəyişikliklər, praqmatik korreksiyalar aparılmalıdır. Ən vacibi isə onu qarşıdurma xarakteri daşımaqdan xilas etməkdir. O, Aİ ilə Rusiya arasında nüfuz dairəsi uğrunda mübarizə kimi qəbul edilməməlidir. Əlbəttə ki, tərəfdaşların Brüssellə münasibətləri necə qurmasını Rusiyanın müəyyənləşdirməsi qəbuledilməzdir. Amma Moskvanın qanuni maraqlarına da etinasızlıq göstərilməməlidir. Təcrübə bunun səmərəsizliyini göstərib. Rusiya bu proqramda səs hüququna malik olmalı, amma heç kəsə öz iradəsini diktə etməməlidir. Bir çox problemləri Rusiyanın konstruktiv iştirakı olmadan çözmək mümkün deyil.
Avropa qonşuluq siyasətində əsas diqqət münaqişələrin həllinə, sülhün, ictimai təhlükəsizliyin bərqərar olunmasına, yerli özünüidarəetmənin, hüquqi institutların gücləndirilməsinə, sahibkarlığın inkişafına və iqtisadi artıma yönəldilməlidir. Miqrasiya axınının tənzimlənməsi, hərəkət azadlığının təmini, terror və transsərhəd cinayətkarlığının qarşısının alınması da vacib olaraq qalır.
MƏSLƏHƏT GÖR: