
"BOMBA" ZƏRƏRSİZLƏŞDİRİLDİ
"Voyenno-promışlennıy kuryer" həftəliyinin icmalçısı, hərbi elmlər doktoru Konstantin SİVKOVUN "R+"a müsahibəsi
Müəllif: Ceyhun NƏCƏFOV Bakı
İranın nüvə proqramına dair Lozzanda aparılan danışıqlarda irəliləyişə nail olunub və çərçivə sazişi imzalanıb. İran televiziyası ABŞ prezidenti Barak Obamanın bu hadisəyə həsr olunmuş çıxışını canlı yayımlayıb. Ağ Evin sahibi çıxışında tərəflər arasında əldə edilmiş razılaşmanı "tarixi nailiyyət" adlandırıb. İranlılar küçələrə çıxaraq razılaşmanın əldə olunmasını bayram edib, Aİ, Çin və Rusiya isə danışıqların nəticəsindən məmnunluğunu bildirib, kompromis nümayişinə görə tərəfləri tərif edib. Politoloq, hərbi analitik, "Voyenno-promışlennıy kuryer" həftəliyinin icmalçısı Konstantin SİVKOV "R+"a müsahibəsində bu tarixi hadisənin aşkar və gizli tərəfləri haqda danışıb.
- Artıq iyunda İranın nüvə proqramı ilə bağlı yekun razılaşma imzalanacaq. Amma hələ bu ilin əvvəlində Qərb təmsilçiləri İranın nüvə proqramı ilə bağlı danışıqlarda Tehrana qarşı sanksiyaların sərtləşdirilməli olduğunu bildirirdilər. Onlar İranın nüvə silahından imtinasına nail olmaq üçün başqa təzyiq vasitəsi görmürdülər. Bəs, necə oldu ki, tərəflər kompromisə gəldilər?
- Məsələ ondadır ki, hazırda Yaxın Şərqdə ciddi qarşıdurma hökm sürür. Şiə qüvvələri - şimalda İran, cənubda isə Yəmən husiləri Səudiyyə Ərəbistanını geosiyasi "mühasirəyə" alırlar. Odur ki, Ər-Riyad şiələrlə mübarizəyə Ərəb Dövlətləri Liqasının sünni dövlətlərinin cəlbi üçün əlindən gələni edib. Səudiyyələr şiələrin mühasirəsinə düşməməyə çalışırlar. İran üçün isə indi regionda effektiv geosiyasi mübarizə apara bilmək üçün Qərblə münaqişəni aradan qaldırmaq, sanksiyaların ləğvinə nail olmaq, iqtisadiyyatını gücləndirmək, hərbi potensialını artırmaq vacibdir.
Qərbə gəlincə, o, İranın köməyi olmadan "İslam dövləti"nə (İŞİD) qalib gəlməyin mümkün olmadığını anlayır. İŞİD-in Qərb dövlətlərinin maraqlarına ciddi təhlükə olduğu da bəllidir və söhbət heç də Qərbin yalnız Yaxın Şərqdəki maraqlarından getmir. Məsələ ondadır ki, sünni təriqətinə məxsus hərbi islam fəal şəkildə Avropaya və ABŞ-a soxulmaqdadır. Bu amillər avropalılarla ABŞ-ı İranla barışığa getməyə məcbur edib. İranla imzalanmış çərçivə sazişi iki ölkənin təhlükəsizliyi üçün güclü zərbədir: İsrail və Səudiyyə Ərəbistanı. Bu mənada İsrail və Səudiyyə Ərəbistanının maraqları müəyyən mənada üst-üstə düşür.
- Yəni Səudiyyə Ərəbistanının mövqeyi bu qədər zəifdir? Nəhəng kapital, ABŞ-la müttəfiqlik, Fars körfəzində ərəb dövlətlərinin dəstəyi, OPEK-də liderlik, ölkə daxilində müxalifətin kökünün kəsilməsi...
- Məsələ ondadır ki, Səudiyyə Ərəbistanı şiə azlığı sərt şəkildə əzir və bu amil ölkə daxilindəki sabitliyi istənilən an partlada bilər. Aydındır ki, cənubda - Yəməndə şiə husilər qalib gəlirlərsə, şimalda isə beynəlxalq sanksiyaların aradan qaldırılması ilə İran güclənirsə, Səudiyyə Krallığında sosial partlayış, yerli şiələrin ayağa qalxması təhlükəsi xeyli real şəkil alır. Bu isə sünni monarxiyasının sonu ola bilər. Bu üzdən də, Ər-Riyad qısa zamanda Yəməndə husiləri darmadağın etməyə, şiələrin mühasirəsinə düşməməyə çalışır. Bəhreyndəki şiə azlığı ilə bağlı belə ssenariyə əl atılacağı kifayət qədər real görünür.
- Sanksiyaların ləğvi İran daxilindəki siyasi-hüquqi vəziyyəti dəyişə bilərmi?
- İranda hər hansı daxili siyasi islahatların baş verəcəyini düşünmürəm. Tehranın güzəştə getməsinin yeganə səbəbi Yaxın Şərqdəki məqsədlərinə çatmaq üçün əl-qolunun açılması istəyidir. İran üçün Səudiyyə Ərəbistanı vacib siyasi rəqibdir. Ər-Riyad İranın Suriyadakı rəqiblərini maliyyələşdirir. Çünki Suriyada hakimiyyət şiələrdədir. Səudiyyəlilər İraqın şiə hökumətinin rəqiblərini də dəstəkləyir. İranın bütün bunlara cavabı Səudiyyə Ərəbistanının sərhədində - Yəməndə geosiyasi hücuma keçməsidir.
Bu vəziyyətdə Qərb obyektiv olaraq sünni xilafəti - İŞİD-ə qarşı çıxır, baxmayaraq ki, "İslam dövləti"ndə əsas rolu Qətər oynayır.
- Yəni sanksiyaların aradan qaldırılması ilə İran Yaxın Şərqdəki qarşıdurmaya daha ciddi şəkildə cəlb olunacaq?
- İran Suriya və İraq müharibələrinə çoxdan cəlb olunub. İndi sünnilərlə şiələr arasında qarşıdurmanın miqyası genişlənir. Sünnilər ərəb xilafəti qurur, şiələr anklavlarını qoruyub saxlamağa, regionda hökmranlığı ələ almağa çalışırlar. Qərb isə onların arasında manevr etmək istəyir. Hazırda əsas təhlükə sünni xilafəti uğrunda savaşan İŞİD yaradır. Qərb də tarazlıq yaratmaq üçün şiələrin yolunu açır. Məsələn, İran hərbçilərini İŞİD-ə qarşı keçirdiyi yerüstü əməliyyatlara cəlb etməyə çalışır. İndiyədək İŞİD-ə qarşı İranın İslam İnqilabı Keşikçilərindən olan könüllülər vuruşurdu.
- Bəs, İran öz nüvə proqramının məhdudlaşdırılması ilə bağlı nə dərəcədə kompromisə gedib?
- İranın uranın zənginləşdirilməsi üzrə sentrifuqaların üçdə ikisini dayandırmağa razılaşması onların istənilən anda yenidən işə salına biləcəyini istisna etmir. Sertifuqaların işinin bərpası üçün çox qısa zaman kifayətdir. Tehranın gizli şəkildə nüvə silahının əldə olunması prosesini praktiki işlər görmədən də davam etdirməsinə heç nə mane olmayacaq. Nüvə silahının istehsalında ən önəmlisi məsələnin nəzəri tərəfi, dəqiq hesablamalardır. Məsələnin texniki tərəflərini 2-3 ilə reallaşdırmaq olar. İran artıq ortamənzilli raketlərə malikdir və həmin raketlər 4 min kilometr məsafədəki hədəfi vurmaq iqtidarındadır.
İranın dinc xarakterli nüvə proqramı üzərində işləri davam etdirmək hüququ tanınıb. Sentrifuqaların müəyyən hissəsi az zənginləşdirilmiş uranın əldə olunması üçün istifadə olunacaq. Bu, AES-lərdəki nüvə reaktorlarında istifadə edilə bilər. ABŞ əvvəlcə uranın zənginləşdirilməsini həyata keçirən qurğuların tamamilə ləğvini tələb edirdi. İndisə onlar kompromisə gedərək sentrifuqaların müəyyən hissəsinin saxlanılmasına razılıq veriblər. Əvəzində İran nüvə silahı istehsal etməyəcəyini, təftiş işləri üçün bütün lazımi şəraiti yaradacağını bəyan edib. Sanksiyalar həm də İranın İŞİD-lə mübarizəyə qoşulması qarşılığında aradan qaldırılacaq.
- İranın öz neftini beynəlxalq qiymətlərlə sərbəst şəkildə satmaq imkanının yaranması enerji daşıyıcılarının qiymətinə necə təsir göstərəcək?
- Ola bilsin ki, neftin qiyməti müəyyən qədər aşağı düşsün. Lakin Yaxın Şərqdə qarşıdurmanın artması onun yenidən bahalaşmasına səbəb olacaq.
- İrana tətbiq edilmiş sanksiyaların aradan qaldırılması Tehranın qonşuları ilə, xüsusilə Rusiya və Azərbaycanla münasibətlərinə hansı təsirigöstərə bilər?
- Sanksiyaların ləğvi İranın Qərbin müttəfiqinə çevriləcəyi anlamına gəlmir. İranla Qərb arasında ideoloji mübarizə davam edəcək. İran mühafizəkar islam dəyərlərinin daşıyıcıları kimi, Qərb liberalizminə düşməndir. Burada Tehranla Qərb dövlətləri arasında konseptual ziddiyyət var. İranda yaxşı anlayırlar ki, onlara kifayət qədər texniki, texnoloji, hətta müəyyən mənada hərbi və diplomatik yardımı yalnız Rusiya göstərə bilər. Moskvanın Suriyanın qanuni hökumətinə göstərdiyi kömək kimi. Azərbaycana gəlincə, Xəzəryanı ölkələrin indiki siyasəti davam edəcəyi şəraitdə İranla xeyirxah qonşuluq münasibətləri inkişaf edəcək. İran-Türkiyə münasibətlərinə gəldikdə, islam dəyərləri əsasında siyasət yürüdən və başqa formada Osmanlı imperiyasının bərpasına çalışan Ərdoğan hökuməti müstəqil inkişaf yoluna qədəm qoyub. Bu cür ABŞ-dan uzaqlaşma siyasəti Türkiyə dövlətinin daxildə Suriya ssenarisilə üzləşməsinə aparıb çıxara bilər. Bu halda Türkiyənin təhlükəsizliyinin yeganə qarantı yenə Rusiya olacaq.
- İranın hipotetik də olsa, nüvə silahı istehsalından imtina etdiyini düşünmək olarmı?
- Hələlik Tehranın əsl niyyətinin nə olduğunu bilmək çətindir. Amma onun nüvə silahından imtinası özü üçün böyük yanlışlıq olardı. Gözümüzün qarşısında Şimali Koreya və Liviya kimi klassik nümunələr var. Şimali Koreya bütün təzyiqlərə rəğmən, atom silahı əldə etdi. Liviya isə Qərbin təzyiqi ilə nüvə proqramından imtina etdi, qarşıdurmaya getmədi və Qərb dövlətlərilə münasibət qurdu. Amma sonda hər şey onun bombalanması, ölkənin faktiki olaraq parçalanması ilə nəticələndi. İndi orada müxtəlif ekstremist qruplar at oynadır. Dünyanı xalqların maraqlarına heç bir önəm verməyən transmilli maliyyə korporasiyalarının idarə etdiyi indiki dövrdə nüvə silahına malik olmaq dövlətin təhlükəsizliyinə zəmanət əldə etmək deməkdir. Nüvə silahı istehsalında ən vacibi texnologiyalara sahib olmaq, detalları necə quraşdırmağı bilməkdir. İranın zehni potensialı kifayət qədər yüksəkdir. Bütün elmi laboratoriyaların nəzarətdə saxlanılması isə praktiki olaraq, mümkün deyil.
MƏSLƏHƏT GÖR: