5 Dekabr 2025

Cümə, 22:21

"UÇDU GÖYLƏRƏ BİZİM PEYKİMİZ…"

"Kosmik irəliləyiş" tehrana çox baha başa gələ bilər

Müəllif:

15.02.2009

Mikrofona üç dəfə "Allahu-Əkbər" söyləyərək, İranın "Omid" ("Ümid") adlı ilk peykini daşıyan "Safir" raketini havaya buraxan prezident Mahmud Əhmədinejadın kadrları dünyanın əksər telekanalları ilə nümayiş olunub. İran peykinin buraxılması lap sovetlər dövründə olduğu kimi, konkret hadisəyə  - dəqiq desək, 1979-cu ilin noyabrında ABŞ-ın Tehrandakı səfirliyinin zəbt edilməsi ilə başlamış islam inqilabının 30 illiyinə həsr olunmuşdu. Rəsmi şərhlərdə peykin havaya buraxılması "sanksiyalar şəraitində çalışan İran alimlərinin daha bir uğuru" adlandırılır. Yerli KİV-in bildirdiyinə görə, "Ümid" "telekommunikasiya sahəsində tədqiqatlar"a xidmət etməlidir. Bundan başqa, o, Yerin şəkillərini çəkə bilən aparatla da təchiz olunub. Peyk orbitdə 1-3 ay çalışdıqdan sonra Yerə məlumatlar göndərəcək. "O, iranlı ekspertləri kosmosa daha bir peyk buraxa bilməsi üçün lazımi bilgilərlə təchiz edəcək", -  İİR televiziyasının məlumatında bildirilir. 

Ölkə prezidenti isə qeyd edib ki, "İran elmindəki bu irəliləyiş bütün dünyaya təkallahlılığı, sülh və ədaləti yaymalıdır".

Düzünə qalsa, peykin havaya buraxılması o qədər də gözlənilməz hadisə olmadı. Hələ 2008-ci il avqustun 17-də Tehran gələcəkdə orbitə peyk buraxılması məqsədi ilə "Safir" raketinin sınaqdan keçirildiyini bəyan etmişdi. Elə həmin ilin fevralında eyni məqsədə qulluq edə biləcək "Kaveşqyar-1" ("Tədqiqatçı-1") raketi də sınaqdan keçirildi. 2008-ci il noyabrın 26-da İran hökuməti "Kaveşqyar-2" raketinin ölkənin tarixində ikinci dəfə uğurla kosmosa göndərildiyini bəyan etdi və onun 40 dəqiqədən sonra missiyasını başa vuraraq elmi məlumatlarla Yerə qayıtdığını açıqladı.

Lakin vəd vermək və sınaqdan keçirmək hələ peyki havaya buraxmaq demək deyil. Düzdür, bir neçə il əvvəl havaya peyk buraxdığını bəyan etmiş Koreya Xalq Demokratik Respublikasından fərqli olaraq, İran peykinin həqiqətən də göyə qalxdığını hamı gördü. Halbuki  vaxtilə Tehran real hərbi texnikanın əvəzinə, oxşar maketlər nümayiş etdirməkdə ittiham olunurdu. Ancaq indinin özündə də bu peykin həqiqətən İrana məxsus olmasına dair dəqiq faktlar hələ ki yoxdur.

Daha bir maraqlı məqam ondan ibarətdir ki, elə həmin günlər İranın Xarici İşlər Nazirliyinin rəsmisi Həsən Qaşqavi İranın nüvə probleminin həlli ilə məşğul olan vasitəçi "altılıq"ı Tehranın dinc xarakterli nüvə texnologiyası əldə etməsi ilə barışmağa çağırıb. "İran nüvə proqramı sahəsində fəaliyyətini dayandırmaq fikrində deyil", - deyə İran rəsmisi bəyan edib. - "Odur ki, "altılıq" hadisələrə məntiqli yanaşmalı, İranın nüvə dövlətinə çevrilməsi gerçəkliyini qəbul etməlidir".

Əksər ekspertlərin fikrincə, İranda uğurların bu cür nümayişi həm də daxili siyasi amillərlə  bağlıdır. Məsələ bundadır ki, iyunun 12-də  ölkədə prezident seçkisi nəzərdə tutulur. Hazırkı dövlət başçısı Mahmud Əhmədinejad artıq bəyan edib ki, növbəti seçkidə də prezidentlik uğrunda yarışacaq. Onun əsas rəqibi isə, güman ki, ölkənin sabiq rəhbəri Məhəmməd Hatəmi olacaq. Belə bir şəraitdə peykin buraxılmasından və "nüvə dövləti" statusunun təsdiqlənməsindən daha uğurlu "piar" tapmaq təbii ki çətindir.

Lakin Əhmədinejadın seçdiyi seçkiqabağı piar vasitəsi ölkə üçün kifayət qədər təhlükəli də ola bilər. İranın nüvə proqramının nə dərəcədə sülhxarakterli olması məsələsi hələ də açıq qalır: əgər bu ölkənin gizlədiləcək heç nəyi yoxdursa,  yəqin ki, (xüsusilə də İraqın acınacaqlı nümunəsi ortada ikən) MAQATE ilə "siçan-pişik" oyununa son qoyardı. 

Əlbəttə, indi mübahisə etmək olar ki, İraq zəngin neft ehtiyatlarına malik olmasaydı, körfəzdə ikinci müharibə başlayardı, ya yox. Lakin fakt faktlığında qalır: məhz Bağdad rəsmilərinin BMT müfəttişlərinə müqavimət göstərməsi bu ölkənin nəyisə gizlətdiyini düşünməyə, İraqın kütləvi qırğın silahına malik olduğunu söyləməyə əsas vermişdi. Üstəlik, 1991-ci ilədək Səddamın İraqında belə proqram həqiqətən də mövcud idi. Və BMT müfəttişləri ilk müharibədən sonra anlamışdılar ki, Bağdad dünya ictimaiyyətini məharətlə aldadır. 

Qısası, BMT və MAQATE müfəttişləri ilə indi bu cür oynamağın çox təhlükəli olduğuna heç kəs şübhə etmir.

Qərbdə, xüsusilə də İsraildə İranın havaya peyk buraxması ciddi narahatlıq yaradıb. Ekspertlərin xatırlatdıqları kimi, daşıyıcı raketin Yerətrafı orbitə çıxması və peykin fəzaya buraxılması raket texnikasının ciddi inkişafının göstəricisidir: "Safir" kimi raket təkcə peyk yox, nüvə başlığını da daşıya bilər. İran isə, şübhəsiz ki, bu silahı əldə etmək ərəfəsində olan ölkələrin artıq sırasındadır. Təsadüfi deyil ki, bir qrup mütəxəss  peykin havaya buraxılmasını analiz etdiyi vaxt, digərləri Tehranın nüvə silahının neçə addımlığınıda dayandığını araşdırır.  Proqnozlar isə narahatlıq doğurmaya bilməz.

Odur ki, indi İranda çox mürəkkəb bir durum yaranıb: nüvə silahı və "İsraili yer üzündən siləcəyini" vəd edən lider, həmçinin bütünlükdə Azərbaycan ərazisinə iddia etməyə başlamış "yarımrəsmi" qəzetlər.

İranın havaya peyk buraxmasını şərh edən Amerikanın "Investor"s Business Daily" dərgisi sual edir: "Bundan sonra ABŞ və onun müttəfiqləri İranın nüvə dövləti olmaq cəhdlərinə ciddi yanaşacaqlarmı?.. 1957-ci ildə öz peykini havaya buraxmış SSRİ kimi, İran da bu addımı ilə dünyanın hərbi fövqəldövləti statusuna iddiasını və potensial qlobal təhlükə mənbəyi olduğunu ortaya qoyub". Dərgi elə bu yerdə Fransanın Xarici İşlər Nazirliyinin rəsmisi Erik Şevalyedən sitat gətirir. O, İranın raket texnologiyasının ballistik raket istehsalında istifadə olunan texnologiyaya bənzərliyini qeyd edir. 

NATO-dan  adının çəkilməsini istəməyən bir zabitin məsələyə münasibəti isə belədir: "Bu, təsdiqini taparsa, demək, onların raketinin uçma qabiliyyəti 2-3 min kilometrdir. Bununla da onlar həm Avropada, həm də İsraildə istənilən obyekti məhv edə bilərlər. Bu, onların potensialının təsdiqi olacaq". 

"Investor"s Business Daily" əmindir ki, İranın nüvə silahının olmadığını deyən və bu səbəbdən də baş verənləri "Tehrana qarşı ədalətsizlik" adlandıranlar qeyri-səmimidirlər. Çünki cəmi bir həftə əvvəl Londondakı nüfuzlu Beynəlxalq və Strateji Tədqiqatlar İnstitutu 2010-cu ildə İranın nüvə silahı əldə etmək üçün kifayət qədər materiala malik olacağını açıqlayıb. Qurum bu işlərin "BMT-nin nüvə proqramının dayandırılmasına dair dəfələrlə irəli sürdüyü tələblərə baxmayaraq" həyata keçirildiyini xüsusi qeyd edib.

Nəşr daha bir diqqətçəkən məqamı qabardır: "Peykin buraxılmasını şərh edən Barak Obamanın mətbuat katibi Robert Gibbs bildirib ki, ABŞ durumu  nəzarətə götürmək üçün bütün elementlərdən istifadə edir. Dövlət katibi Hillari Klinton isə İranın nüvə proqramını davam etdirəcəyi təqdirdə bunun Tehran üçün yarada biləcəyi "fəsadlar"dan danışır".

Qəzetin fikrincə, İran "altılıq" üzvlərinin Almaniyada keçiriləcək növbəti danışıqları ərəfəsində, həmçinin Barak Obamanın "inauqurasiyasında İrana əməkdaşlıq əli uzatmağa hazır olduğunu söylədiyi bir vaxtda" "hədə kartı"ndan tam gücü ilə istifadə edir.

İstənilən halda, İranın havaya peyk buraxmasına rəsmi şəxslər tam gözlənilən formada reaksiya veriblər. "ABŞ və Avropanın İranla bağlı mövqeləri tezliklə daha da yaxınlaşacaq. ABŞ, avropalı müttəfiqlərimiz və Yaxın Şərqdəki dostlarımız arasında belə bir vahid mövqe mövcuddur ki, İrana birlikdə daha effektiv yanaşma forması vacibdir", - deyə Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə görüşdən sonra Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton bildirib.

Ağ evin mətbuat katibi Robert Gibbs isə ənənəvi mətbuat konfransında deyib: "Qeyri-qanuni nüvə proqramı əsasında ballistik raket istehsalına cəhdlər, İran tərəfindən İsrailə yaranan təhlükə, həmçinin Tehranın terrorizmi dəstəkləməsi hazırkı administrasiyada ciddi narahatlıq yaradır".

Pentaqon rəsmisi Ceff Morrella da məsələyə münasibət bildirib. Onun sözlərinə görə, peykin havaya buraxılmasında istifadə olunan bəzi texnologiyalar ballistik raketlərin istehsalında da işə yarıya bilər: "Əlbəttə ki, bu bizdə İranla və onun uzaqməsafəli ballistik raket istehsalını nəzərdə tutan proqramının davam etdirilməsi ilə bağlı narahatlıq yaradır". 

Morrell bildirib ki, İsrail, regionun ərəb dövlətləri və ABŞ-ın Avropadakı müttəfiqləri də Tehranın kosmik proqramının reallaşdırılmasından narahatdırlar.

ABŞ artıq İranın avropalı tərəfdaşlarından da nə gözlədiklərini gizlətmir. Amerikanın nüfuzlu "The Wakk Street Journal" nəşri "Jerusalem Post" qəzetinin Berlin müxbiri Benjamin Veyntalın məqaləsini dərc edib. Məqalədə bildirilir ki, Avropa şirkətləri İranın bomba istehsalına kömək edir. 

Ümumiyyətlə, sözün israilli jurnalistə verilməsi faktının özü çox diqqətçəkəndir, hərçənd, bunun səbəbi aydındır: israillilər İranın nüvə proqramı haqda Qərbdəkilərin hamısından daha məlumatlıdırlar.

Veyntalın sözlərinə görə, Tehranın nüvə proqramı üçün texnologiya əldə etməkdə heç bir çətinliyi yoxdur. Bu isə BMT-nin İrana tətbiq etdiyi sanksiyaların əslində nə dərəcədə effektiv olması haqda düşünməyə əsas verir. Jurnalist bildirir ki, ABŞ-ın Tehrana təzyiqləri artırmaq və İranın nüvə silahı əldə etməsinə mane olmaq cəhdlərinin fonunda Avropa şirkətləri laqeydliklə, hər şeydən əvvəl, "Hizbullah" və HƏMAS kimi terrorçu təşkilatları maliyyələşdirən bir rejimlə işbirliyinə gedir. Məsələn, Avstriyanın neft nəhəngi OMV bəyan edib ki, o, mayeləşdirilmiş təbii qaz istehsalı ilə əlaqədar 2007-ci ilin aprelində imzalanmış 22 milyard avroluq layihənin reallaşdırılmasına başlamağa hazırdır. Şirkətin rəhbərliyi sadəcə "ABŞ-da siyasi dəyişiklikləri" gözləyir.

Öz növbəsində Avstriyada  böyüklüyünə görə 3-cü olan Raiffeisen bankı İranda çox fəal şəkildə işləyir. 

Bu il yanvarın sonunda isə İtaliyanın Eni SpA energetika korporasiyasının baş direktoru Paolo Skaroni Associated Press agentliyinə bildirib ki, onun rəhbərlik etdiyi qurum İranla müqavilənin şərtlərinə tam əməl etmək fikrindədir.

Məqalə müəllifi hesab edir ki, birləşmiş Avropanın iqtisadi mühərriki olan Almaniyanın bu məsələlərdə əhəmiyyəti xüsusi önəm daşıyır - onun sanksiyaları Tehrana həqiqətən ciddi zərbə vura bilər: "Lakin Tehranın nüvə silahı əldə etmək istiqamətində açıq cəhdləri Almaniyanı dayandırmır". 

Qeyd edək ki, ötən il bu iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard avro olub və dinamika müsbətdir. Təkcə Almaniyanın Siemens şirkəti ötən həftə Münhendə keçirilən konfransda etiraf edib ki, İranla 2008-ci ildə 400 milyon avrodan artıq dəyəri olan müqavilə imzalayıb.

Nəzəri cəhətdən, əlbəttə, güman etmək olar ki, ABŞ və İsrail Avropa ölkələrinə öz şirkətlərinin İranla əməkdaşlığına sərt şəkildə nəzarət etməsinin vacibliyinə sadəcə işarə vurur. 

"The Wakk Street Journal"dakı məqalədə göstərildiyi kimi, sanksiyalar rejimi işləmir, İrana diplomatik təzyiq təsir etmir, "əməkdaşlıq üçün əl uzatmaq" cəhdləri isə yalnız qarşı tərəfin yeni kampaniyalarına səbəb olur.

Əksər ekspertlər hesab edir ki, bu işdə Rusiyadan da çox şey asılıdır. Lakin Münhen konfransının nəticələri bir məqama şübhə yeri qoymadı - təəssüflər olsun ki, İranın havaya peyk buraxması Moskvanın Tehranın "üçüncü ölkələr"ə raket zərbəsi təhlükəsini qiymətləndirməsinə, ABŞ-ın raketdən müdafiə sistemləri (RMS) ilə bağlı mövqeyini dəyişməsinə səbəb olmadı. Bununla əlaqədar olaraq "The Washington Post" xatırladır ki, "Rusiya ötən il suveren dövlət olan Gürcüstan ərazisinə soxulub və hələ də onun bir hissəsini işğalda saxlayır; qışın ən şaxtalı dövründə bir sıra Avropa ölkələrini qazsız qoyur; İran və Venesuelaya silah satır və bir sıra digər məsələlərdə də özünü heç də yaxşı tərəfdən göstərmir". Nəticədə qəzet belə qənaətə gəlir ki, Rusiya NATO-nun İrana qarşı yönəlmiş RMS laiyhəsini iflasa uğratmağa çalışır": "Ona görə yox ki, bu, Rusiyaya və ya onun nüvə arsenalına qarşı yönələcək - bu layihə Rusiyaya təhlükə yaratmayacaq. Ona görə ki, bu sistemlər Varşava müqaviləsinin iki keçmiş üzvü - Polşa və Çexiyada yerləşdiriləcək. Rusiya Gürcüstan və Ukraynanı Avropa İttifaqı və NATO-ya üzvlükdən saxlamağa çalışır, çünki hər iki ölkə SSRİ-nin tərkibində olub. O istəmir ki, Avropa Azərbaycan və Xəzər dənizi istiqamətində qaz kəməri çəksin, çünki bu, Rusiyanın siyasi təsirlərini artırmasına imkan verən monopoliyasını aradan qaldıracaq".

Paradoksal səslənsə də, Moskva nə qədər inadkarlıq edirsə, ABŞ-da "güc variantı"nın tərəfdarlarının üstünlük əldə etmək şansları o qədər artır. Təsadüfi deyil ki, İranın raket və nüvə proqramlarını inadla inkişaf etdirdiyi, vasitəçi "altılıq"ın isə hətta öz aralarında belə razılığa gələ bilmədiyi şəraitdə, bütün ümidlərin ancaq təyyarədaşıyan gəmilərə qaldığını deyənlər fəallaşır. Amma bu, bütün region üçün ən arzuolunmaz ssenari olardı.



MƏSLƏHƏT GÖR:

497