PASİENT ÇOXDAN ÖLÜB…
Postsovet məkanının Rusiya ətrafında reinteqrasiya planının reallaşması mümkün görünmür
Müəllif: Rasim MUSABƏYOV, politoloq Bakı
Son aylar ərzində postsovet məkanında iki kifayət qədər əlamətdar hadisə baş verdi. Bunlardan biri MDB-nin, Azərbaycan prezidenti İlham Əliyevin də daxil olmaqla bir çox dövlət başçılarının önəm vermədiyi qeyri-formal Qazaxıstan sammitinin iflasa uğraması, ikincisi isə bu yaxınlarda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatının (AİƏT) Moskvada keçirilən sammitləridir.
Sonuncu sammitlər bu təşkilatlara üzv ölkələrin həqiqi inteqrasiyası istiqamətində addımladığının göstəricisi hesab olunur.
MDB-nin inteqrasiya layihəsi kimi iflasa uğradığına şübhə yoxdur. Rəsmi dairələrin nikbinliyinə baxmayaraq, birliyə marağın getdikcə ölməsi göz önündədir. Qurumun inkişaf konsepsiyasının irəli sürülməsi və ona yeni həyat vermək cəhdlərinin nəticəsi olmadı. Rusiya ilə Gürcüstan arasında ötən ilin avqustunda yaşanmış hərbi toqquşmanın ardından Moskvanın Abxaziya və Güney Osetiyadakı separatçı rejimləri tanıması onsuz da MDB-yə ən sonda daxil olmuş Gürcüstanın birliyin sıralarını tərk etməsilə nəticələndi.
Ukrayna ötən 18 ildə MDB-nin Nizamnaməsini ratifikasiya etməyib, indi isə ölkə rəhbərliyi Avropaya inteqrasiyaya can atdığını və MDB sammitlərinə qatılmaq arzusunda olmadığını nümayiş etdirir. Türkmənistan hələ Niyazovun prezidentliyi dövründən MDB ilə məsafə saxlayaraq, bunu "daimi neytrallıq" mövqeyi ilə əsaslandırırdı. Ölkənin yeni rəhbəri Qurbanqulu Berdımuhammedovun təşkilatın sammitlərə qatılması isə heç də Aşqabadın birliyə qayıtmaq niyyəti kimi başa düşülməməlidir. Türkmənistan MDB-nin sadəcə assosiativ üzvü olduğunu bəyan edir, halbuki MDB-də belə üzvlük nəzərdə tutulmayıb.
Azərbaycana gəlincə, MDB-nin sammitlərində iştirak edən Bakı qurum çərçivəsində qəbul edilən sənədləri ya imzalamaqdan imtina edir, ya da ölkənin suverenliyi və maraqlarına zidd məqamlarla əlaqədar onlara ciddi dəyişikliklər tələbini irəli sürür.
Adından da göründüyü kimi, "Müstəqil Dövlətlər Birliyi"nin missiyası oraya daxil olan dövlətlərin müstəqilliyinin daha da möhkəmlənməsi olmalıdır. Təşkilat keçmiş SSRİ ölkələri arasında "sivil ayrılma"nı həyata keçirmək niyyəti ilə yaradılıb və fəaliyyət göstərib. Bu baxımdan o, bir sıra kompleks məsələləri həll edib: hərbdən təsərrüfata, xarici siyasətdən humanitar məsələlərədək. Məhz MDB çərçivəsində yeni müstəqil dövlətlərin inkişafı və yetkinləşməsi baş verib. MDB bütün üzv dövlətlərin iqtisadiyyatı və təsərrüfatının yenidən qurulmasında, yeni bazar münasibətləri və demokratik mexanizmlərin qurulmasında zamin kimi çıxış edib. Onun çərçivəsində yeni dövlətlərin gömrük orqanı, xarici siyasəti və hərbi strukturları formalaşdırılıb.
Lakin bu missiyalar, demək olar ki, artıq yerinə yetirilib. 90-cı illərin sonlarına doğru yeni müstəqil dövlətlərin sivil qaydada ayrılması və sovet irsinin bölüşdürülməsinin əsas hissəsi başa çatıb. Moskvanın MDB-ni öz himayəsi altında inteqrasiya birliynə çevirmək təşəbbüsü isə nəticə verməyib. Bu mənada, Rusiyanın və digərlərinin, xüsusilə Avropaya inteqrasiyaya üstünlük verən postsovet ölkələrinin maraqları toqquşub. MDB-nin tədricən, lakin durmadan "sönməsi" prosesi də məhz bununla bağlıdır.
Görünür, MDB çərçivəsində həyata keçirməyi düşündüyü planların baş tutmadığını görən Moskva bu siyasətini KTMT və AİƏT istiqamətinə döndərməyə qərar verib.
İlk baxışdan, bu təşkilatların Moskvada keçirilmiş sammitinin Rusiya üçün uğurlu alındığını düşünmək olar. Fevralın 4-də Rusiyanın məsləkdaşları Kremldə toplaşıb: Ermənistan prezidenti Serj Sarkisyan, Qırğızıstanın dövlət başçısı Kurmanbek Bakiyev, Qazaxıstan lideri Nursultan Nazarbayev və Belarus prezidenti Aleksandr Lukaşenko. Rusiya rəhbərliyi son anda, sammitə bir gür qalmış tədbirə qatılmayacağını nümayişkaranə şəkildə bəyan edən Tacikistanın dövlət başçısı Emoməli Rəhmonun da Moskvaya gəlməsini təmin edə bildi. Qeyd edək ki, Rusiya prezidenti Dmitri Medvedev Özbəkistana son səfəri zamanı ölkəsinin Daşkəndin razılığı olmadan dağlıqdakı Su-Elektrik Stansiyasının bəndi və enerji mənbələrinin inşasını başa çatdırmayacağını bəyan etmişdi və bu, E.Rəhmonun xoşuna gəlməmişdi.
Daşkəndin bir müddət əvvəl AİƏT-i tərk etdiyini bəyan etməsinə baxmayaraq, Özbəkistan prezidenti İslam Kərimov da Moskva toplantısına qatıldı.
KTMT Şurasının növbədənkənar toplantısında daim hərbi hazırlıq vəziyyətində olacaq 10 minlik kollektiv hərbi qüvvələrin yaradılmasına dair qərar qəbul olundu. Onların böyük hissəsini Rusiya (hava-desant diviziyası və desant-hücum briqadası) və Qazaxıstan (desant-hücum briqadası) təşkil edəcək, digər iştirakçılar isə batalyonlarla kifayətlənəcəklər. Sülh şəraitində bu hərbi kontingent daimi dislokasiya yerində məskunlaşacaq və milli hərbi strukturlara tabe olacaq. KTMT -nin Birgə Qərargahı isə onların fəaliyyətinin koordinasiyası ilə məşğul olacaq.
Rusiya və Ermənistan təbliğatı bu razılaşmanı son dərəcə mühüm hadisə kimi qiymətləndirir. Rusiya prezidenti D.Medvedev, hətta yeni yaradılmasına qərar verilmiş bu qüvvələri çoxdan fəaliyyət göstərən analoji struktur - NATO ilə müqayisə etməkdən də çəkinməyib. "İndi yaxşı hazırlanmış ciddi, ən müasir hərbi texnika ilə təchiz olunmuş hərbi birlik yaradılır. Onun potensialı Şimali Atlantika Blokunun imkanlarından heç də zəif olmayacaq", - deyə Kreml sahibi qeyd edib.
Erməni hərbi analitiki, general-mayor Katacan isə hesab edir ki, KTMT-nin mobil hərbi qüvvəsinin yaradılması qərarı Azərbaycana və onun Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll etmək planına ayıldıcı təsir göstərəcək.
Erməni analitikin bəyanatında nəyin daha çox olduğunu anlamaq çətindir - loğvalığın, yoxsa özünüaldatmanın. Bir məqam tam aydındır ki, KTMT çərçivəsində nə yaradılır-yaradılsın, Rusiya istisna olmaqla, onun üzvlərinin heç biri öz hərbçilərini Azərbaycanla müharibədə Ermənistana yardım üçün göndərməyəcək. Moskvanın Gürcüstanla münaqişədə də belə yardıma ümid etməsi mümkün deyil.
Üstəlik, KTMT-nin bəzi üzvləri artıq yeni hərbi birləşmə ilə bağlı mövqelərini ortaya qoyublar. Məsələn, Özbəkistan burada iştirak edəcəyini, lakin bunun daimi xarakter daşımayacağını bəyan edib və mümkün iştirakının da bu və ya digər əməliyyatlardan asılı olacağını bildirib.
Belarus, Xarici İşlər Nazirliyinin mətbuat katibi Andrey Popovun dili ilə birbaşa və açıq şəkildə bildirib ki, ölkə Konstitusiyası Belarus vətəndaşlarının dövlətin sərhədlərindən kənarda hərbi əməliyyatlarda iştirakını qadağan edir. Yəni, Daşkənd kimi, Minsk də yeni yaradılan Kollektiv Operativ Reaksiya Qüvvələri (KORQ) üçün hərbçilər ayırmaq niyyətində deyil.
Amma o da həqiqətdir ki, Rusiya ilə Belarus KTMT-nin fevral sammiti çərçivəsində hava hücumundan vahid müdafiə sisteminin yaradılmasına dair razılaşma imzalayıblar və Kreml üçün bu daha vacibdir.
KTMT-nin toplantısı ilə paralel keçirilən AİƏT-in sammitinə gəlincə, onun ciddi nəticələrinin olduğunu söyləmək mümkün deyil. Təşkilat çərçivəsində 10 milyard dollarlıq Antiböhran fondu yaradılacaq və lazım gəldikdə qurumda birləşən dövlətlər buradan maliyyə vəsaiti götürə biləcəklər.
Bundan başqa, Rusiya ilə Belarus arasında Gömrük Şurasının yaradılması çərçivəsində bu il ərzində tranzit məhdudiyyətləri tam aradan qaldırılacaq - gömrük postları İttifaq Dövlətinin sərhədlərinə çəkiləcək.
Maliyyə böhranı dövründə Birlik ölkələrinin sabit kreditlər alması prosesini sadələşdirmək məqsədilə isə İnvestisiya Fondunun yaradılmasına qərar verilib. D.Medvedevin mətbuat konfransında söylədiyi kimi, Fondun nəzarət paketi Rusiyada olacaq - Moskva yatırımın ən böyük hissəsini - 7,5 milyard dolları öz boynuna götürüb. Daha 1 milyard dolların Qazaxıstan tərəfindən ayrılacağı məlum olub.
Krediti isə yalnız fondun formalaşdırılmasında maddi baxımdan iştirak etmiş ölkələr ala biləcəklər.
"Postsovet ölkələrini Rusiyaya cəlb edən amil varsa, bu, bizim onlara verdiyimiz imtiyazlar və borclardır", - deyə Qloballaşma Problemləri İnstitutunun elmi rəhbəri Mixail Delyagin bildirir. Onun fikrincə, Rusiyanı güzəştlərə getməyə iqtisadi böhran məcbur edib, Mərkəzi Asiya ölkələri üçün isə regionda sabitliyin pozulması kimi real təhlükə var: "Mərkəzi Asiyada qorxurlar ki, amerikalılar Pakistan və Əfqanıstanda xaos yaradacaq və bu zaman taliblər tərəfindən Mərkəzi Asiyanın postsovet respublikalarına siyasi və hərbi təzyiqlər artacaq. Sosial gərginliyin olduğu dövrdə bu onlar üçün çox təhlükəlidir. Həmin ölkələr məhz bu səbəbdən Rusiyanın dəstəyinə ehtiyac duyurlar".
AİƏT və KTMT-nin sammitləri Rusiya və xarici mətbuatda çoxsaylı istehzalı və acı şərhlərə də səbəb olub. KİV-lər Moskvanın "dost"larını pulla aldığını yazır. Məsələn, Belarus prezidenti Aleksandr Lukaşenko əvvəlcədən vəd edilmiş 2 milyard dollar həcmində antiböhran kreditinin ikinci tranşını əldə edib (1 milyard dollar hələ noyabrda ayrılmışdı). Bundan başqa, ona əlavə 100 milyon rubl kreditin ayrılması də vəd olunub.
Qırğızıstan Moskvadan 2 milyon dollarlıq güzəştli kredit alıb, Bişkekin Rusiyaya borcu tam silinib, həmçinin ona 150 milyon dollarlıq əvəzsiz kredit ayrılıb və bütün bunların əvəzində Qırğızıstan ABŞ-ın ölkə ərazisindəki "Manas" hərbi bazasını bağlamalıdır.
Ermənistana prezident S.Sarkisyanın istədiyi 1 milyard dollar əvəzinə 500 milyon vəd edilib.
Amma maliyyə böhranının Rusiyanın imkanlarını məhdudlaşdıracağını, həmçinin müttəfiqlərə verilən dilənçi payının uzunmüddətli loyallığa zəmanət olmadığını da düşünmək mümkündür.
Hər halda, Kreml Qırğızıstan prezidenti K.Bakiyevi ABŞ-ın Bişkek yaxınlığındakı "Manas" hərbi bazasını bağlamağa razı salmaq üçün xeyli cəhdlər göstərməli və pul xərcləməli olub. Lakin səs-küylü bəyanatlara baxmayaraq, görünən odur ki, Bişkek bu qərarı həyata keçirməyə tələsmir. Hər halda, ölkə parlamenti yekun qərarı ləngidir və ola bilsin ki, Qırğızıstan NATO və ABŞ tərəfindən alternativ təkliflər gözləyir.
Rusiyanın KTMT-dəki digər müttəfiqi Tacikistan isə NATO-nun Əfqanıstana hərbi yüklər daşıması üçün nəinki quru infrastrukturunu, həmçinin hava məkanını verməyə hazır olduğunu bəyan edib.
İndi Rusiya öz ətrafında KTMT və AİƏT-i birləşdirir, Belarusla raketdənmüdafiə sistemi (RMS) haqda razılaşma imzalanıb, "Manas"ın qapadılmasına çalışır və bütün bunlarda məqsəd ABŞ-ın yeni administrasiyası ilə "alver" ərəfəsində mövqelərin möhkəmləndirilməsidir. Lakin bütün bunlar çətin ki Vaşinqtonda gözlənilən rəyi yaratsın. ABŞ-ın vitse-prezidenti və NATO-nun baş katibinin Münhendə keçirilmiş təhlükəsizlik konfransındakı çıxışları göstərib ki, Birləşmiş Ştatlar Şərqi Avropada RMS yerləşdirmək planından imtina etməyib, NATO-nun qapıları həm Gürcüstanın, həm də Ukraynanın üzünə açıq qalır. Bununla yanaşı, Moskvanın Abxaziya və Güney Osetiya separatçılarının müstəqilliyini tanımasına neqativ münasibət ortaya qoyulub, orada Rusiyanın öz bazalarını yerləşdirmək planına etiraz edilib.
Bu arada Rusiya ABŞ-la nüfuz dairəsi uğrunda mübarizəyə hazırlaşarkən, onun sərhədləri yaxınlığında geosiyasi vəziyyət ciddi şəkildə dəyişir. Fevralın ortalarında Çexiya parlamenti Lissabon müqaviləsini müzakirə etmək niyyətindədir və sənədin qəbul olunacağı gözlənilir. Avropa İttifaqının bu müqavilədən imtina etmiş yeganə ölkəsi olan İrlandiyanın məsələni yenidən referenduma çıxarmasına nail olunmağa çalışılır.
Beləliklə, Aİ-nin gözlənilən yenidən təşkili - federasiyaya çevrilməsi ona beynəlxalq siyasət və təhlükəsizlik məsələlərindəki rolunu artırmağa imkan verəcək.
Şübhəsiz ki, Brüsselin fəallığı ilk növbədə birləşmiş Avropanın sərhədlərinə bitişik ərazilərə istiqamətlənib. Odur ki, Moskvanın postsovet məkanında birmənalı nəzarət yaratmaq iddiaları tezliklə yalnız ABŞ-ın yox, həm də Avropa İttifaqının müqaviməti ilə üzləşəcək.
Bir sözlə, enerji resurslarının qiymətinin düşdüyü, iqtisadi böhranın dərinləşdiyi dövrdə, Avropanın birləşməsi fonunda Rusiyaya postsovet məkanında hegemonluğunu bərpa etmək planını reallaşdırmaq çox çətin olacaq. Uzun illər ərzində Rusiya bunu çoxsaylı iqtisadi rçaqlarla - ucuz təbii qaz, imtiyazlar, kreditlər və s. vasitəsilə həyata keçirməyə çalışıb. Lakin istəyinə nail olmayıb. Bu gün isə Moskva ən ciddi iqtisadi problemlər girdabında olduğundan, hegemonluğun bərpası ümumiyyətlə mümkünsüz görünür. Odur ki, Moskva hərbi rçaqlardan istifadəyə çalışır - sözügedən ölkələrin ərazisinə yeridiləcək birgə hərbi qüvvələrin yaradılması qərara alınıb.
Çünki hamıya məlumdur ki, bu ordu "ümumi" adlandırılsa da, əslində, söhbət Rusiya silahlı qüvvələrindən gedəcək.
MƏSLƏHƏT GÖR:




506

