
"BİZ BUNU BACARACAĞIQ!"
Amerikanın yeni prezidenti öz həmvətənlərində yalnız ümid yox, həm də ruh yüksəkliyi yaradır
Müəllif: Rasim MUSABƏYOV, politoloq Bakı
2009-cu il yanvarın 20-də Barak Obama-ABŞ-ın 44-cü prezidenti səlahiyyətlərinin icrasına başladı. Vaşinqtonda keçirilən inauqurasiya mərasiminə Amerikanın hər tərəfindən rekord sayda insan gəlmişdi. Tədbir öz emosionallığı və səmimiliyi ilə də seçilirdi və ötən il Rusiyanın yeni dövlət başçısı Dmitri Medvedevin Kremldə köhnə imperiya üslubunda düzənlənmiş analoji mərasimindən fərqlənirdi. Vaşinqtonda tədbir Konqresin qarşısındakı meydanda keçirilirdi və oraya yüz minlərlə insan toplaşmışdı.
Barak Obama prezident kimi ilk çıxışında amerikalıların ABŞ-ı bürümüş böhranı dərk etdiklərini bildirdi: "Ölkə zorakılıq şəbəkəsinə qarşı çətin müharibə aparır. İqtisadiyyatımız zəifləyib. Bu, bir sıra şəxslərin tamahkarlığı və məsuliyyətsizliyinin nəticəsidir. Əvəzində isə çoxları evlərini, işini, biznesini itirib. Bu gün biz çoxlu sayda ciddi problemlərlə üzləşmişik. Lakin onların öhdəsindən gələcəyik. Problemlərin həlli tez və asan olmayacaq, ancaq Amerika, əmin ol: onlar həll ediləcək. Söhbət bazarın rəhmli və ya zalım olmasından getmir. Bu böhran bizə göstərdi ki, lazımi nəzarət olmadıqda zənginlik yaradan və azadlığı artıran bu qüvvə nəzarətdən çıxır".
Obama ABŞ-ın təhlükəsizliklə ideallar arasında seçim etmədiyini də vurğuladı: "Bundan əvvəlki nəsillərin nələrlə üzləşdiklərini yada salın. Onlar faşizm və kommunizm ilə mübarizə aparsalar da, bunu yalnız raket və tankların köməyi ilə yox, həm də əqidənin köməyi ilə ediblər. Onlar anlayırdılar ki, yalnız güc bizi müdafiə edə bilməz. Digər tərəfdən, güclü olmağımız heç də o demək deyil ki, istədiyimiz kimi hərəkət edə bilərik. Biz qüvvəmizdən ağıllı istifadə etdikcə, o artır".
Obama ABŞ qoşunlarını İraqdan çıxartmaq və orada nəzarəti yerli hakimiyyətə vermək niyyətində olduğunu bir daha təsdiqlədi.
Amerika lideri "nüvə təhlükəsinin aradan qaldırılması üçün köhnə müttəfiqlər və sabiq düşmənlərlə yorulmadan işləməyə hazır olduğunu" da bəyan etdi.
Prioritetlər
Amerikanın yeni prezidenti güclü xarakter və xarizmaya malikdir və hazırkı çətin dövrdə bu olduqca vacib amildir. Obamaya irqi, etnik tərkibi, dini mənsubiyyəti və yaşayış səviyyəsindən asılı olmayaraq, əhalinin böyük bir hissəsi etibar edir. Ağ evin yeni sahibi insanlarda yalnız ümid yox, həm də ruh yüksəkliyi, işləmək həvəsi yaradır. ABŞ-ın hazırkı çətin durumunda bu, heç zaman olmadığı qədər vacibdir. Axı çətin islahatların həyata keçirilməsi üçün prezidentə ayrı-ayrı maraqlı qrupların müqavimətini qırmaq lazım gələcək. İstəyini reallaşdırmaq üçün Obamanın ictimaiyyətin ciddi dəstəyinə də ehtiyacı var. Və əgər Barak Obama düzgün siyasət yürüdə, prioritetləri düzgün müəyyənləşdirərək bu dəstəyi qoruyub-saxlaya biləcəksə, ABŞ-ı böhrandan çıxarmağı, onun liderliyini, dünyada batmaqda olan nüfuzunu geri qaytarmağı bacaracaq.
Şübhəsiz ki, yeni administrasiyanın ilk vəzifəsi maliyyə-iqtisadi böhranın aradan qaldırılması üçün qəti qərarlar vermək, böhrandan daha çox zərər çəkənlərə yardım göstərməkdir. Bu, yalnız ABŞ üçün yox, həm də digər dövlətlər üçün vacibdir. Çünki Amerika iqtisadiyyatı dirçələcəyi təqdirdə, lokomotiv kimi bütün dünyanı arxası ilə çəkəcək.
Bununla yanaşı, ABŞ-dan kənarda Obama administrasiyasının beynəlxalq məsələlərlə bağlı siyasətinin necə olacağı da maraqla gözlənilir. Axı Vaşinqtonun son illər bu sahədə yeritdiyi siyasət iflasa uğrayıb və ciddi tənqid hədəfidir.
Amerika və Avropanın aparıcı analitiklərinin fikrincə, Obamanın rəhbərlik etdiyi ABŞ-ın xarici kursu, əksər hallarda birtərəfli şəkildə qərarlar qəbul edən və bu zaman hərbi gücə arxalanan Corc Buş administrasiyasının siyasətindən ciddi şəkildə fərqlənəcək. Görünən odur ki, Amerikanın yeni demokrat administrasiyası xarici siyasətini ənənəvi diplomatiya vasitəsi ilə qurmaq, tərəfdaşlıq və əməkdaşlığa üstünlük verməklə həyata keçirmək niyyətindədir.
Obama təntənəli inauqurasiya mərasimindən dərhal sonra "qollarını çırmalayıb". O, Quantanamo da daxil olmaqla, Mərkəzi Kəşfiyyat İdarəsinin gizli həbsxanalarının bağlanması ilə əlaqədar rəmzi sərəncam imzalayıb, sələfinin icra olunmamış bütün sərəncamlarını dayandırıb, iqtisadi müşavirə və yüksək rütbəli hərbçilərlə görüş keçirib. Xarici ölkələrə ilk telefon zənglərini isə o, Qəzza zolağı ətrafında situasiyanın normallaşdırılmasına nail olmaq məqsədi ilə Misir, İordaniya, İsrail və Fələstin liderlərinə edib.
Məşhur almaniyalı siyasi ekspert Aleksandr Rarın fikrincə, Obama hamıya hər şey vəd edən tipik siyasətçidir: "Amerikada afroamerikalının hakimiyyəti dünyanı heyrətə salıb və indi hamı ona ağlasığmaz ümidlər bəsləyir, yoxsulların qeydinə qalacağını, Afrika siyasəti ilə məşğul olacağını, QİÇS-ə qalib gələcəyini, bütün dünyanı "yedizdirəcəyini" gözləyir. Latın Amerikasında onu ən solçu, hətta bəlkə də ABŞ-ın tarixində ən sosialist düşüncəli prezident kimi görürlər. Avropa Obamadan avropalıların təhlükəsizliyini təmin edəcəyni, onlarla məsləhətləşəcəyini, yeni müharibələrə rəvac verməyəcəyini, pozulmuş dünya düzənini transatlantik cəmiyyətin maraqlarına uyğun balanslaşdıracağını gözləyir. Ərəb dünyası isə Obama ailəsinin islami köklərini diqqətlə araşdırmaqla məşğuldur".
Lakin B.Obamanın ilk kadr təyinatları göstərir ki, yeni administrasiyanın xarici siyasətində kəskin, impulsiv addımlar gözləmək lazım deyil. Müdafiə naziri postunda hələ Corc Buşun təyin etdiyi Robert geyts qalıb, Dövlət Departamentinə rəhbərlik Hillari Klintona tapşırılıb. Bu şəxslərdən başqa xarici siyasətə Demokrat Partiyasının Zbiqnev Bjezinski, Madlen Olbrayt, Riçard Holbruk, Stroub Telbott kimi məşhur və təcrübəli nümayəndələri də böyük təsir göstərəcəklər.
Məlumdur ki, beynəlxalq məsələlərdə Barak Obama ilə yanaşı Hillari Klinton da aparıcı rola malik olacaq. Ümumiyyətlə, kadr təyinatlarına nəzər salanda belə qənaətə gəlmək olar ki, yeni administrasiyada aparıcı vəzifələrin əksəriyyəti Klintonlar ailəsinə yaxın şəxslərə həvalə edilib. Bu isə göstərir ki, Barak Obama yeni vəzifəsinə öyrəşənə qədər, səhv addımlardan və tənqidlərdən yayınmaq üçün Demokrat Partiyasından olan təcrübəli siyasətçilərə və administratorlara arxalanmaq fikrindədir. Bu, ağıllı siyasətdir. Lakin eyni zamanda unutmaq olmaz ki, hamı Obamadan real, dərin dəyişikliklər gözləyir, yüksək inam isə çox tez bir zamanda dərin məyusluğa çevrilə bilir.
Azərbaycandan baxış
Prezident Obama senator olduğu dövrdə artıq Azərbaycana səfər edib. Odur ki, ölkəmizin Amerika siyasəti üçün yalnız regional kontekstdə yox, bütünlükdə əhəmiyyəti ona yaxşı məlum olmalıdır. Söhbət yalnız enerji məsələlərindən yox, həm də İranın nüvə proqramından, Amerikanın raketdən müdafiə sistemi elementlərinin yerləşdirilməsindən, həmçinin Əfqanıstandakı ordunun təminatında Azərbaycanın kommunikasiyalarından istifadədən gedir.
Dövlət katibi Hillari Klintona da Cənubi Qafqazın, xüsusilə Azərbaycanın problemləri yaxşı məlumdur. Axı məhz onun həyat yoldaşı Bill Klintonun prezidentliyi dövründə "Azəri-Çıraq-Günəşli" yatağının işlənməsi ilə bağlı vacib müqaviləyə "hə" deyilib, strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsinə dəstək verilib.
Bir sözlə, ABŞ-ın yeni administrasiyasının siyasətinin üslubunda dəyişiklik heç də Vaşinqtonun regionda Azərbaycanla kifayət qədər möhkəm əlaqəli olan maraqlardan imtinası anlamına gəlmir. Ağ evin regionda maraqları olan bütün tərəflərlə siyasətini dialoq və əməkdaşlıq üzərində qurmağa hazır olması Azərbaycanın da maraqlarına cavab verir və Bakının həyata keçirdiyi balanslaşdırılmış xarici siyasi kurs ilə uzlaşır.
Bununla yanaşı, Bakı üçün ABŞ-ın yeni administrasiyasının yalnız Dağlıq Qarabağ münaqişəsinə, ümumilikdə Cənubi Qafqaza münasibətdəki mövqeyi yox, həm də İran, Türkiyə və Rusiya ilə bağlı siyasəti maraqlıdır. Məsələn, İranla bağlı danışarkən, Obama nüvə proqramı da daxil olmaqla, bütün məsələlərin həllində birbaşa dialoqa başlamağa hazır olduğunu bəyan edib.
Türkiyəyə gəlincə, yeni administrasiyada əvvəllər 1915-ci il hadisələrinin "erməni soyqırımı" kimi tanınmasının vacibliyini bəyan etmiş çoxlu sayda insanın təmsil olunduğu sirr deyil. ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici münasibətlər komitəsi tərəfindən təsdiq olunmuş qətnamə - "erməni soyqırımı"nın tanınmasını nəzərdə tutan sənəd hələ də qurumun gündəmindədir və Nümayəndələr Palatasının demokrat rəhbəri Nensi Pelosinin onu müzakirəyə və səsverməyə çıxarmasını gözləyir. Amma əgər Obama həqiqətən də Amerika qoşunlarını tezliklə İraqdan çıxarmaq niyyətindədirsə, onun regiondakı yeganə nüfuzlu müttəfiqi, İraqla bilavasitə sərhədə malik Türkiyə ilə münasibətləri korlaması ehtiyatsızlıq olardı. Çünki Ankara Qərbin maraqlarına aid məsələlərdə həlledici rol oynaya, Vaşinqtonun təyin etdiyi Bağdad hökumətini möhkəmləndirə bilər.
ABŞ-ın Rusiya ilə bağlı siyasətində də çox güman ki, müəyyən dəyişiklik olacaq. Yeni administrasiya raket-nüvə silahının məhdudlaşdırılması və strateji balansın qorunması ilə bağlı Moskvanın narahatlıqlarına daha anlaşıqlı yanaşa bilər. Amma son vaxtlar Rusiyada güclənən avtoritarizmə yanaşmada Ağ evdən etinasızlıq gözləmək lazım deyil.
Enerjidaşıyıcılarının qiymətinin aşağı düşməsi, sürətlə azalan valyuta ehtiyatları və yaşanan maliyyə böhranı Kremlin iddialarını azaltmalıdır. Demək, ziddiyyətsiz qarşılıqlı münasibət qurmaq imkanları var.
Gürcüstanla Ukraynanın NATO-ya inteqrasiyası prosesi, yəqin ki, ləngiyəcək. Amma eyni zamanda Obama və Klintonun Moskvanın postsovet məkanında hansısa eksklüziv hüquqları ilə razılaşacaqları da inandırıcı deyil.
Bununla yanaşı, Rusiya siyasətçiləri və politoloqları da demokrat administrasiyanın idarə etdiyi ABŞ-la münasibətlərdə müsbət dəyişikliklərin olacağına ehtiyatlı nikbinliklə yanaşırlar.
Neft və qazın qiymətinin düşməsi ilə bağlı situasiyada yalnız Rusiyanın əhəmiyyəti deyil, eyni zamanda nəhəng enerji layihələrinə maraq da azala bilər. Ola bilsin ki, məhz bunun nəticəsində ABŞ-ın Azərbaycana da marağı bir qədər azalsın. Lakin biz beynəlxalq məsələlərdə heç də yeni "oyunçu" deyilik. Azərbaycanın ABŞ hökuməti ilə əlaqələri lazımi formada qurulub, daim diplomatik dialoq aparılır. Son illər sistematik olaraq, Dövlət Departamentinin yüksək rütbəli nümayəndələrinin, energetika, ticarət nazirlərinin Azərbaycana səfərləri olur, Rusiya ilə Gürcüstan arasında ötən ilin avqustunda yaşanan münaqişə zamanı isə ABŞ-ın vitse-prezidenti Dik Çeyni də Bakıya gəlmişdi.
Bir sözlə, Azərbaycan-Amerika münasibətləri iqtisadi, siyasi, həmçinin hərbi sahələrdə uğurla inkişaf edir və onların Ağ evin yeni administrasiyası dönəmində də möhkəmlənməsinə heç nə mane olmamalıdır.
MƏSLƏHƏT GÖR: