
ABŞ OLMASIN, RUSİYA OLSUN
B. şafer: "əgər əsas güclər münaqişəni həll etmək istəmirlərsə, onda atət-in, yoxsa bmt-nin bununla məşğul olmasının heç bir fərqi yoxdur"
Müəllif: Almaz NƏSİB Baku
Brenda Şafer Xəzər bölgəsi ilə yaxşı tanışdır. Elə onun özünü də burada yaxşı tanıyırlar. ABŞ-ın Harvard Universitetinin Xəzər Araşdırmalar Mərkəzinin keçmiş rəhbəri, hazırda isə Hayfa Universitetinin və Azərbaycan Diplomatik Akademiyasının professoru olan xanım Şafer birinci il deyil ki, bu mürəkkəb regionla bağlı araşdırmalar aparır. Bu səbəbdən bölgənin mövcud durumu və ətrafında gedən geosiyasi proseslər barədə onun rəyini öyrənmək bizim üçün də maraqlı idi.
-ABŞ hakimiyyətində demokratlar respublikaçıları əvəz etdilər. Gələn ildən Vaşinqtonun xarici siyasətində əsaslı dəyişikliklər gözləmək olarmı? Məsələn, bildirilir ki, Obama administrasiyası dünyadakı münaqişələrə, o cümlədən İraq və Əfqanıstana hərbi müdaxiləni tamamilə dayandıracaq...
-Mənə elə gəlir ki, seçki kampaniyası zamanı verilən vədlərlə prezident kimi fəaliyyətə başlayandan sonra görülən işlər arasında fərq olur. Düzdür, demokratların lideri seçkiərəfəsi öz çıxışlarında çoxlu vədlər verirdi, amma gəlin onun kadr seçiminə baxaq. Hazırda kadr seçimində Barak Obama daha geniş, mərkəzçi siyasət yürüdür. Yəni daha geniş spektri əhatə edən kadrlar toplusu ilə işləməyə üstünlük verir. Məsələn, müdafiə naziri Robert Geytsi öz vəzifəsində saxladı, prezidentliyə namizəd olmuş və seçki kampaniyasında ona uduzan Hillari Klintonu dövlət katibi təyin etdi. Bu da onu göstərir ki, Obamanın niyyəti beynəlxalq məsələlərdə məhz orta xətti tutmaqdır. Bizim ümumiyyətlə bütün xarici siyasət sahəsində belə bir fikir, düşüncə var ki, uşağı özbaşına qoymaq lazımdır. Mən bunu təkcə cənab Obamaya aid etmirəm. Belə baxanda, Amerika xalqının özü xarici siyasətdən bir az uzaq düşüb, siyasətə elə də diqqət ayırmır. Odur ki, bəzən siyasi liderlər daha cəsarətli addımları ilə seçilirlər. Məsələn, Buş administrasiyasının müsbət cəhətlərindən biri o oldu ki, Gürcüstan hadisələrində daha doğru xarici siyasət yürütdü. Hətta insanlar düşünürdülər necə oldu ki, birdən-birə belə oldu.
-Konkret olaraq Vaşinqtonun Ermənistan-Azərbaycan münaqişəsilə bağlı siyasətində hansı dəyişiklikləri gözləmək olar? İndiyədək yürüdülən ikili siyasət konkret yanaşma ilə əvəz oluna bilərmi və bu yanaşma nədən ibarət ola bilər?
-Bu münaqişənin həllində ABŞ-ın həlledici qüvvə olduğuna inanmıram. Nəzərə alsaq ki, Rusiya Ermənistanı dəstəkləyən bir ölkədir, onda Rusiyanın bu münaqişənin həlli ilə bağlı nə etdiyi daha vacibdir, nəinki Amerikanın. Mənə elə gəlir ki, bu məsələdə Rusiya-ABŞ münasibətləri böyük rol oynayacaq. Onu da deyim ki, son dövrlərdə bu münasibətlər fərqli bir mərhələyə keçir.
-Sizə elə gəlmirmi ki, artıq Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Rusiya dominantlıq edir? Son 14 ildə münaqişə tərəflərinin birgə sənədə - Moskva bəyannaməsinə imza atması da məhz Moskvanın vasitəçiliyi ilə baş tutdu. Bu, Vaşinqtonun bölgədəki təsirini zəiflətmir ki?
Mənə elə gəlir ki, bu regionlarda münaqişələrin başlanmasında Rusiyanın rolu olmuşdur. Odur ki, münaqişələrin həlli ilə də bağlı Rusiyanın rolu böyük olacaq. Bu məsələdə ya Rusiya, ya Amerika kimi konkret seçim qoyulmamalıdır. Rusiya bu ölkələrdə böyük rola malik olduğu üçün onun təsiri də böyükdür. Rusiya etnik münaqişələrdən istifadə edərək bu ölkələri öz əlində saxlamağa çalışır. Məsələn, Azərbaycan-Ermənistan və ğürcü-abxaz münaqişələri buna əyani sübutdur. Bu, Rusiyanın özü üçün əslində təhlükəli bir oyundur. Çünki Rusiyanın özündə də çoxsaylı xalqlar yaşayır. Rusiyanın öz siyasi quruluşunda da problemlər var.
-Müsahibələrinizin birində demişdiniz ki, ATƏT-in Minsk qrupu bu münaqişəni çözə bilməyəcək, bunu BMT-yə həvalə etmək lazımdır. Əvvəlki fikrinizdə qalırsınızmı? Xüsusən də nəzərə alsaq ki, qrupun iki həmsədri - ABŞ və Rusiya arasında münasibətlər əməkdaşlıq üçün o qədər də əlverişli deyil...
-Əgər əsas güclər, fövqəldövlətlər bu münaqişəni həll etmək istəmirlərsə, onda fərqi yoxdur ATƏT, yoxsa BMT. Amma mən düşünürəm ki, xüsusilə də ilk illərdə ATƏT-i bu məsələyə qatmaq çox böyük səhv idi. ATƏT çox zəif təşkilatdır. Onun nə sülhməramlı qüvvələr toplamaq imkanı, nə də ki münaqişələrin həlli ilə bağlı təcrübəsi var. Əslində, çox da arzuolunan qərar deyildi ki, dünya Dağlıq Qarabağ münaqişəsini məhz ATƏT-ə həvalə etdi. Bu məsələnin çoxtərəfli həllinə çalışmaq, ayrı-ayrı ölkələrlə əməkdaşlıq etmək lazımdır.
-Sizcə, Avropanın enerji təhlükəsizliyi məsələsində Azər-baycanın rolunun getdikcə güc-lənməsi Ermənistan-Azərbaycan münaqişəsinin həllinə təsir edirmi? Təsir edirsə, bu özünü nədə büruzə verir?
-Azərbaycan üçün çox yaxşı bir haldır ki, ölkəniz Avropanın qazla təmin edən böyük bir ixracatçıya çevrilir. ABŞ enerji təhlükəsizliyi məsələsinə qlobal yanaşır və Avropadakı müttəfiqlərinin enerji ilə təmin olunmasına çox sevinir. Amma geosiyasi quruluşun tələbi başqadır. Azərbaycanın stabil qonşulara ehtiyacı var. Elə götürək Gürcüstanı. Neft-qaz daşınması üçün hansısa virtual imkanlardan istifadə etmək qeyri-mümkündür. Təbii qaz, neft ancaq kəmər vasitəsilə gedir. Demək daxili vəziyyəti gərgin olmayan qonşulara ehtiyac var.
-Avropanın enerji təhlükəsizliyindən söz düşmüşkən, Nabucco layihəsinin perspektivlərini necə görürsünüz?
-Mən regionu araşdıran digər tədqiqatçılardan fərqli olaraq bu məsələyə bir qədər bədbin yanaşıram. Sizcə, xüsusilə də Gürcüstanda baş verən hərbi əməliyyatlardan sonra bu layihə necə reallaşa bilər? İnanmıram ki, Qazaxıstan, İran bu tranziti seçsin...
-Və sonda, uzun müddətdir regionla məşğul olan bir araşdırmaçı kimi Xəzərin hüquqi statusunun indiyədək müəyyən olunmamasını necə izah edərdiniz?
-Xəzərin hüquqi statusu beynəlxalq hüquqa əsasən həll olunmalıdır. Amma dövlətlər çox vaxt hüquqi məsələlərin həlli zamanı bu amili yaddan çıxarır və siyasiləşdirirlər. Fikrimcə, Xəzərin statusu ilə bağlı siyasi baxımdan qərar qəbul olunarsa, o zaman bu məsələ həll oluna bilər. Amma inanmıram ki, Xəzərin statusu yaxın vaxtlarda həllini tapsın. İrandan fərqli olaraq, Rusiya və Qazaxıstan arasında problemin həll olunması üçün siyasi istək var. Tutaq ki, ölkə daxilində hüquqi məsələləri tənzimləyən orqan, polis var. Beynəlxalq hüquqda isə belə məsələlərin həlli çətindir.
MƏSLƏHƏT GÖR: