
2008-ci İLİN REGİONU
Siçan ili Cənubi Qafqaz üçün müharibə və siyasi çəkişmələr baxımından çox "məhsuldar" keçdi
Müəllif: Namiq MAYILOV Bakı
2008-ci il həm dünya, həm də regional miqyasda çox sayda səs-küylü hadisələrlə yadda qaldı. Təkcə bizim jurnalın saylarına kiçik bir ekskursiya etsəniz, bu ilin siyasi münaqişələr, müharibələr, böhranlar, təbii və qeyri-təbii fəlakətlər baxımından necə "məhsuldar" olduğunu görə bilərsiniz. Doğrudur, 2008-ci illə bağlı müxtəlif proqnozlar verilirdi. Ancaq bədbin öncəgörmələr çin çıxsa da, nikbin öncəgörmələr gerçəkləşmədi.
Axı 2008-ci il Yer siçanı ili idi və astroloqların vədlərinə görə, insanları əməlli-başlı doyuzdurmalı idi. Amma hər şey tam tərsinə oldu - dünya ciddi iqtisadi böhranla üz-üzə qaldı. Amma bu barədə sonra danışarıq, çünki görünür, böhran hələ Öküz ilində də bizə "yoldaş" olacaq. Hələlik isə region üçün Yer siçanı ilinin sonuclarına baxaq.
Azərbaycan
Ötən il Azərbaycan yüksələn iqtisadi inkişafını davam etdirdi, bu, ölkənin regionda, bəzi parametrlər üzrə, hətta dünyada lider mövqeyini gücləndirdi. Bu baxımdan, 2008-ci ilin Azərbaycanın lider rolunun beynəlxalq səviyyədə tanınması ili olduğunu demək olar. Belə ki, Dünya Bankının "Doinq Business-2009" hesabatında Azərbaycan öz reytinqini 64 bənd yaxşılaşdırıb və islahatçı ölkələr arasında liderə çevrilib. Bir qədər əvvəl - ilin başlanğıcında isə Azərbaycan Davos Dünya İqtisadi Forumunda isə informasiya-kommunikasiya texnologiyaları üzrə lider elan edildi. Ölkə həm də ümumi daxili məhsul (ÜDM) artımı templəri üzrə liderliyini qorudu.
İqtisadi baxımdan 2008-ci il həm də tarixə Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsinin tikintisinə başlanılması ilə girdi. Bütün çətinliklərə və maneələrə baxmayaraq, Azərbaycanın təşəbbüskarı olduğu daha bir regional layihə əsas mərhələsinə daxil oldu.
Təbii ki, hadisələrin bu cür gedişi heç də regionun bütün ölkələrinin ürəyincə olmadı. Bakı-Tbilisi-Qars qonşularına qarşı ərazi iddiaları üzündən özünü xarici dünyadan təcrid etmiş Ermənistanın onsuz da zəif olan mövqelərinə zərbə oldu. Azərbaycanın güclü regional oyunçu kimi özünü təsdiqləməsi və bir sıra başqa səbəblər Yerevanı Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə danışıqlarda "səsini aşağı salmağa" məcbur etdi.
Lakin Qarabağ cəbhəsində Azərbaycanın mövqelərinin güclənməsindən danışarkən, Azərbaycan diplomatiyasının xidmətlərini də unutmaq olmaz. "Martın 14-də Azərbaycan xarici siyasətinin tarixində qeyri-adi hadisə baş verib. BMT Baş Assambleyası 39 "hə", 7 "yox" və 100 bitərəf səsi ilə Azərbaycan tərəfindən təqdim edilmiş "İşğal olunmuş ərazilərdə vəziyyət" adlı qətnamə layihəsini qəbul edib. Bizim ölkə, faktik olaraq, MDB-də ilk dövlətdir ki, böyük dövlətlərin dəstəyi olmadan, özü də bu cür kəskin məsələ üzrə, BMT Baş Assambleyasında öz qətnamə layihəsini keçirə bilib",- deyə politoloq Fuad Axundov bizim jurnalda yazmışdı (2008, №7 (51).
Beləliklə, BMT növbəti dəfə Dağlıq Qarabağ regionunun Azərbaycana məxsusluğunu və bu ərazinin işğaldan dərhal azad olmasının vacibliyini vurğuladı. BMT-də gerçəkləşən səsvermədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin növbəti dəfə də "konstruktiv" ikibaşlılıq nümayiş etdirdiyini, sonradan isə buna bitərəfliyi saxlamaq donu geydirməyə çalışdıqlarını xatırlamağa belə dəyməz.
Hər nə olur-olsun fakt faktlığında qalır. BMT Baş Assambleyası növbəti dəfə Azərbaycanın işğal olunmuş əraziləri üzrə qətnamə qəbul edib və bunu ilin önəmli hadisələri sırasına aid etməmək olmaz. Bu çərçivədə daha önəmli hadisə isə bir qədər sonra - 2008-ci il noyabrın 2-də baş verdi. Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Moskvada birgə bəyannamə imzaladılar. Bu, 14 ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə münaqişə tərəflərinin prezidentlərinin qol çəkdikləri ilk sənəd idi. Sənəddə tərəflər beynəlxalq zəmanətlərlə dəstəklənən "siyasi qərar"ın vacibliyini vurğuladılar.
Önəmli cəhət odur ki, bəyannamənin mətnində sadə və aydın bir tezis dəqqiq göstərilir: əvvəlcə münaqişə nizamlanmalıdır, sonra iqtisadi əməkdaşlıqdan danışmaq olar. Bu, danışıqlarda Azərbaycanın mövqeyini daha da möhkəmləndirdi və əslində, ölkə rəhbərliyinin xidməti sayılmalıdır.
15 oktyabr 2008-ci ildə keçirilmiş prezident seçkilərində Azərbaycan xalqı yenidən indiki rəhbərliyin siyasi və iqtisadi kursunun davam etdirilməsinə səs verdi. Seçicilərin 88,7 faizi ölkə prezidenti İlham Əliyevi dəstəklədi. Özü də biz əvvəl qeyd etdiyimiz kimi, əgər 2003-cü ildə seçicilər İlham Əliyevə gələcək rifah ümidi ilə səs verirdilərsə, 2008-ci ildə sülhün və sabitliyin möhkəmlənəcəyi, islahatların davam etdiriləcəyi gələcəyi inamla seçirdilər.
Ermənistan
2008-ci ildə Ermənistanda da prezident seçkiləri keçirildi. Gözlənildiyi kimi, Ermənistan -Azərbaycan müharibəsinin fonunda hakimiyyəti ələ keçirmiş Robert Koçaryan fevralın 19-da onu Qarabağ klanının heç də az nüfuza malik olmayan başqa bir nümayəndəsinə - Serj Sarkisyana ötürdü. Hakimiyyətin qeyri-demokratik yolla ötürülməsini həm yerli, həm də xarici müşahidəçilər bəyan etdilər.
Ən qorxulusu isə sonra baş verdi. Seçkilərin ertəsi günü Yerevanda müxalifətin əsas namizədi, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyana dəstək mitinqləri keçirilməyə başlandı. Müdafiə nazirinin iki müavini və br sıra yüksəkçinli məmurlar müxalifətə qoşuldu. Fevralın 21-də mitinqlər müddətsiz və fasiləsiz elan edildi.
Vəziyyətin nəzarətdən çıxdığını görən hakim rejim martın 1-də şəhər küçələrinə ağır texnika çıxardı. Xalq etirazının amansızlıqla yatırılması nəticəsində Yerevanda 10 adam həlak oldu, onlarca insan yaralandı. Fəaliyyətdə olan prezident R.Koçaryan martın 20-nə kimi fövqəladə vəziyyət elan etdi.
Mitinqlər və nümayişlər, tətillər qadağan edildi. KİV-lər siyasi motivli materiallarda yalnız rəsmi versiyaya əsaslanmalı idi. Lazım gələndə partyaların və qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətinə mane olmağa icazə verilirdi. Martın 2-dən 3-nə keçən gecə müxalifət qəzetlərinin çapının qarşısı alındı, informasiya saytları dayandırıldı.
Hazırda hələ də Ermənistanın türmələrində həmin vaxt siyasi motivlərlə tutulmuş 67 adam saxlanmaqdadır. "Region plus"un proqnozlaşdırdığı kimi, Ermənistanda nə baş verməli idisə, o da oldu.
Azərbaycan ərazisində dinc əhalinin məhv edilməsində böyük təcrübəyə malik Serj Sarkisyan bu təcrübəsini öz xalqına qarşı da tətbiq etdi. Ermənistan rəhbərliyi öz hakimiyyətini saxlamaq və "klandaxili yerdəyişmə" etmək üçün hər şeyə getdi. Bu məsələyə Avropa Şurasının Parlament Assamblayesının 2009-cu ildə keçiriləcək qış sessiyasında baxılacaq. Söhbət ciddi gedəcək və məsələ Ermənistanın, hətta bu təşkilatda səs hüququndan məhrum edilməsinə gətirib çıxara bilər.
Lakin 2008-ci ildə Ermənistan təkcə daxili çəkişmələrlə yadda qalmadı. Həmişə olduğu kimi, erməni məsələsi bu il də regional inteqrasiya cəhdlərinə böyük əngəl olaraq qaldı. Bu dəfə Türkiyənin Qafqazda sabitliyi bərqərar etmək cəhdləri erməni çəpərini aşa bilmədi.
"Dostpərvər" Türkiyə
Beşgünlük Gürcüstan-Rusiya müharibəsindən sonra Türkiyə tərəfindən Qafqaz Sabitlik və Əməkdaşlıq Paktının (QSƏP) yaradılması təşəbbüsü irəli sürülüb, müharibə məsələsinə sonra qayıdacağıq. Öz ideyasını sandıqda saxlamayan Ankara dərhal Moskva, Tbilisi, Bakı və hətta Türkiyə ilə diplomatik əlaqələri olmayan Yerevanla danışıqlara başladı.
Və 6 sentyabr 2008-ci il günündə tarixi sayılmağa haqqı olan hadisə baş verdi. Ermənistanın dünya xəritəsində peyda olmasından sonra ilk dəfə olaraq, Türkiyə prezidenti kimi Abdulla Gül Yerevana səfər etdi, Serj Sarkisyanın hər iki ölkənin futbol yığmalarının Yerevanda keçiriləcək oyununa birgə baxmaq təklifini qəbul etdi. Hətta sadə vətəndaşa da aydın idi ki, futbol sadəcə bu məsələdə görüşmək üçün bəhanə idi.
Rəsmi Ankara Ermənistanla yaxınlaşma kursu götürməklə, ilk növbədə, regionda öz nüfuzunu möhkəmləndirmək, Avropa Birliyinə və ABŞ-a Yerevanla dailoqa hazır olduğunu nümayiş etdirmək məqsədi güdürdü. Ancaq bu zaman ərazisi Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın da mövqeyini nəzərə almamaq olmazdı. Məhz buna görə də Abdulla Gül Yerevana etdiyi səfərindən dörd gün sonra Bakıya gəldi.
Gülün özünün dediyi kimi, "Azərbaycanı sakitləşdirmək və Azərbaycan cəmiyyətində gərginliyi azaltmaq" məqsədi daşıyan bu qısamüddətli səfərin sonucları barədə söz demək çətindir. Yalnız bu aydındır ki, Türkiyə prezidenti Azərbaycan ictimaiyyətini tam sakitləşdirə bilmədi.
Türkiyənin özündə də uydurma erməni soyqırımı, həmçinin Azərbaycana və Türkiyənin özünə qarşı ərazi iddialarından imtina etmək istəməyən Ermənistana qarşı bu birtərəli xoşməram münasibətinin tərəfdarları azdır. İstənilən halda, Türkiyə tərəfindən irəli sürülmüş Qafqaz Sabitlik və Əməkdaşlıq Paktının yaradılması təşəbbüsü 2009-cu ildə də öz aktuallığını qoruyacaq, amma bu layihə çərçivəsində Bakı və Yerevanı, Moskva ilə Tbilisini bir araya gətirmək perspektivləri çox dumanlı görünür.
Bir az da Moskva və Tbilisi haqqında
Hələ 2008-ci ilin əvvəlində - 5 yanvarda Gürcüstanda növbədənkənar prezident seçkiləri keçirildi və gözlənildiyi kimi, Mixail Saakaşviliyə qələbə nəsib etdi. Hakimiyyət seçicilərin iradəsinə müraciət etmək qərarını 2007-ci ildə ölkədə yaranmış kəskin siyasi böhran üzündən seçdi. Məlum olduğu kimi, müxalifət qüvvələri kütləvi xalq çıxışları keçirməyə təşəbbüs göstərdilər ki, bu da polis tərəfindən dağıdıldı, fövqəladə vəziyyət tətbiq edildi, "İmedia" və "Kavkasia" kimi telekanalların işi dayandırıldı.
Saakaşvili hakimiyyətinin əməlləri, hətta ona himayədarlıq edən ABŞ və Avropa Birliyi tərəfindən kəskin tənqidə tuş gəldi. Ancaq hər nə olur-olsun seçkilər keçirildi və Gürcüstanın daxili siyasi durumu aydınlaşdı, amma xarici siyasi durumu haqqında isə bunları demək mümkün deyildi. Gürcüstanın separatçı əraziləri Abxaziya və Şimali Osetiya Tbilisi və Moskva arasında münasibətlərin normallaşmasına imkan vermədi.
Fevralın 17-də Avropa ölkələri və ABŞ tərəfindən Kosovonun müstəqilliyinin tanınması vəziyyəti xeyli kəskinləşdirdi. Serbiyanın bu diyarının müstəqilliyinin əleyhinə çıxış edən Moskva bundan dərhal sonra Qərbə adekvat cavab verilə biləcəyi - Gürcüstanın qiyamçı regionlarının müstəqilliyinin tanına biləcəyi xəbərdarlıq etdi. Ancaq Rusiya tələsmək niyyətində deyildi, çünki ölkə prezident seçkilərinin astanasında idi.
Rusiyada növbəti prezident seçkiləri 2 martda keçirildi. Gözlənildiyi kimi, baş nazirin birinci müavini Dmitri Medvedev, yəni əvvəlki prezident Vladimir Putin tərəfindən dəstəklənən namizəd qələbə çaldı. Amma seçkilərin gözlənilən sayılan nəticələrinə reaksiya heç də birmənalı olmadı. Bu günə kimi Rusiya mətbuatında bir məsələ hələ də müzakirə mövzusudur, yeni dövlət başçısı kimdir - Medvedevdir, yoxsa yenə də Putindir? Bu, ayrı söhbətin mövzusudur. Mübahisə ediliməyəcək yalnız bir məsələ var, seçkilərdən sonra Moskvanın həm daxili, həm də xarici siyasətindən heç bir dəyişiklik olmayıb. Özü də bu siyasətin istiqamətlərindən biri - Gürcüstan məsələsi öz zirvəsinə çatdırılıb.
Pekin Olimpiadasının açılışı ərəfəsində, avqustun 7-dən 8-nə keçən gecə Cənubi Osetiya ərazisində Rusiya ilə Gürcüstan arasında döyüşlər başlandı və bu, bütün bölgəni humanitar fəlakət astanasına gətirdi. Daha sonra bu döyüşlər "beşgünlük müharibə" adlandırılmağa başlandı. Məsələyə bütün dünya qarışdı və Avropa Birliyinin o vaxtkı sədri Fransanın prezidenti Nikola Sarkozinin böyük səyləri nəticəsində tərəflər atəşin kəsilməsi və gürcü-osetin münaqişəsi zonasında vəziyyətin sonrakı nizamlanması barədə plana imza atdılar.
Ancaq burası aydın idi ki, Rusiya artıq Cənubi Osetiya və Abxaziyanın legitimləşdirilməsi yolunu tutub. Dmitri Medvedev Moskvada Cənubi Osetiya və Abxaziya separatçılarının liderləri Eduard Kokoyta və Sergey Baqapşla görüşdə aydın və birmənalı şəkildə bildirdi ki, "Cənubi Osetiya və Abxaziya xalqlarının verəcəyi istənilən qərarı dəstəkləyəcək". Və tezliklə, tanınmamış respublikaların parlamentlərinin Rusiyaya müstəqilliklərinin tanınması xahişi ilə müraciətləri səsləndi və Moskva bu müraciətləri dərhal yerinə yetirdi.
Təbii ki, Qərb Moskvanın bu addımından çox əsəbiləşdi və bu, heç də Kosovanın tanınması zamanı Rusiyanın nümayiş etdirdiyi əsəbdən az olmadı. Özü də Kosovodakı vəziyyətdən fərqli olaraq Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliyini bir-iki ölkə tanıdı.
Ancaq hər nə olur-olsun fakt faktlığında qalır. Gürcüstanla Rusiya arasnıda 2008-ci ildə baş vermiş beş günlük müharibə dünyada siyasi qütbləşmə və münaqişə durumlarının kəskinləşməsi prosesini sürətləndirdi. Və dünyanın güclülərinin maraqlarının toqquşduğu episentrlərdən biri də bizim region oldu.
MƏSLƏHƏT GÖR: