14 Mart 2025

Cümə, 21:39

PAKT HƏLƏ FAKT DEYİL

Ankara öz layihəsini dost Azərbaycanın maraqlarına zərbə vurmadan reallaşdıra biləcəkmi?

Müəllif:

15.12.2008

Gürcüstanla Rusiya arasındakı beşgünlük müharibədən sonra Türkiyənin Qafqazda Sabitlik və Əməkdaşlıq Paktının (QSƏP) yaradılması ilə bağlı irəli sürdüyü təşəbbüs hələ də regionun gündəmindəki əsas mövzulardandır. Özü də bu təşəbbüsdəki erməni komponenti onun avtomatik olaraq, Azərbaycan-Türkiyə münasibətləri kontekstindən şərh edilməsinə səbəb olur. Hazırda Türkiyə diplomatiyasının Bakı, Moskva, Tbilisi və Yerevanla dialoq vasitəsilə özünün Pakt təşəbbüsünün (onu bəzən Platforma da adlandırırlar) reallaşdırılmasına cəhd göstərdiyini, həmçinin onun Azərbaycan üçün ciddi nəticələrinin ola biləcəyini nəzərə alaraq, bu mövzuya bir daha qayıtmaq və onun əsas məqsədlərinə nəzər salmaq vacibdir.

 

Beynəlxalq və Avropa faktorları

Türkiyə diplomatiyası bu təşəbbüslə çıxış edən zaman qarşısına hansı məqsədləri qoyub? Axı şübhəsiz, Türkiyə rəhbərliyi QSƏP-in yaradılması perspektivlərini real qiymətləndirir. Doğrudanmı Ankara anlamır ki, bu Pakt çərçivəsində Moskva ilə Tbilisini, həmçinin Bakı ilə Yerevanı "bir masa ətrafında əyləşdirmək" çətin olacaq? Xüsusilə də, Gürcüstan-Rusiya münaqişəsinin siyasi-diplomatik mərhələsinin hərbi mərhələ qədər gərgin olduğu bir şəraitdə//...

Fikrimizcə, Türkiyə siyasətçiləri reallıqdan uzaq deyillər və onların motivləri kifayət qədər praqmatikdir. Münaqişənin lap əvvəlindən Ankara Moskva ilə münasibətləri korlamaqdan və onu məzəmmət etməkdən çəkindi. Amma eyni zamanda, suverenlik və ərazi bütövlüyü kimi prinsipial məsələlərdə Tbilisini dəstəkləməyə də bilməzdi. Xüsusilə də nəzərə alsaq ki, Türkiyənin NATO-dakı müttəfiqləri bu məsələdə birmənalı olaraq Tbilisinin tərəfində durdular. Belə bir çətin şəraitdə ortaya çıxan bu regional təşəbbüs, bir tərəfdən Türkiyənin münaqişə ilə bağlı  ikili mövqedə olduğunu gizlətməklə yanaşı, həm də Ankaranın regiondakı məqsədlərinə çatmasına yardım edərdi.

Həmin vaxt Türkiyə prezidenti Abdullah Gül bəyan etdi ki, onun ölkəsi "regionun hər hansı digər dövlətinə düşmən deyil", Gürcüstanla Rusiya arasında yaşananlar isə "Qafqazdakı dondurulmuş münaqişələrin həlli üçün təcili tədbirlərin görülməsinin vacibliyini ortaya çıxarıb".

Beləliklə, fikrimizcə, hər şeydən əvvəl beynəlxaq və Avropanın ictimai rəyinə hesablanmış bu təşəbbüsün irəli sürülməsində əsas məqsəd Ankaranın hadisələrdən geridə qalmadığını və əvvəlkitək vacib regional oyunçu olduğunu nümayiş etdirmək idi. Bununla yanaşı, Türkiyə Avropa İttifaqına qəbulu ilə əlaqədar aparılan danışıqlar prosesinə hesablanmış addım ataraq, Avropaya nümayiş etdirməyə çalışdı ki, böhranlı məqamlarda Ankaraya etibar etmək olar və o, bütünlükdə Avropanın təhlükəsizliyi üçün problem olan kəskin regional münaqişələrin həllində konstruktiv rol oynamaq iqtidarındadır. Başqa sözlə desək, Avropa İttifaqının üzvü olan Türkiyə Aİ üçün etibarlı "arxa" ola bilər.

Bundan başqa, Paktın yaradılması təşəbbüsünə Ankaranın xarici siyasət doktrinası kontekstində də baxmaq olar. Bu doktrinanın əsasında bütün regional qonşularla (İran, Rusiya, Cənubi Qafqaz dövlətləri, Yaxın Şərq), eyni zamanda, Türkiyə diplomatiyası üçün "ənənəvi olmayan" digər regionlarla - Afrika, Latın Amerikası ölkələri ilə möhkəm münasibətlərin qurulması dayanır.

 

Ermənistan faktoru

Ankaranın maraqları baxımından Paktın vacib komponenti erməni faktoru, daha dəqiqi QSƏP formatından Türkiyə-Ermənistan dialoqunun fəallaşdırılması, ikitərəfli münasibətlərin normallaşdırılmasında istifadə məsələsidir. Bu gün Türkiyə siyasətçiləri yekdilliklə belə düşünürlər ki, Ankara Yerevanla münasibətlərini yaxşı tərəfə dəyişməlidir. Bu məsələdə əsas rolu ABŞ və Avropa İttifaqının təzyiqlərindən çox, Türkiyənin öz regional mövqeyini möhkəmləndirmək, Cənubi Qafqazda daha ciddi rola sahib olmaq, Rusiya (Moskva üçün Rusiya-Gürcüstan münaqişəsindən sonra sərhədlərin bağlanması ilə təcrid duruma düşmüş Ermənistanın, hətta Türkiyənin hesabına olsa belə, bu vəziyyətdən çıxarılması sərf edir), həmçinin ABŞ və Aİ ilə dialoqda əlavə dividendlər qazanmaq istəyi oynayır.

Beləliklə, Türkiyənin Pakt çərçivəsində Ermənistanla yaxınlaşması Ankaraya eyni vaxtda bir neçə vacib xarici siyasi məsələləri həll etmək imkanı verərdi. 

Birincisi, bu, Türkiyənin Cənubi Qafqazda mövqelərini möhkəmləndirməsi və daha fəal rol oynamasına Rusiyanın müqavimətini aradan qaldıracaq. Bir daha təkrar edirik ki, Gürcüstan-Rusiya münaqişəsindən sonra daha da təcrid olunmuş Ermənistanın bu ağır vəziyyətdən çıxarılması Moskvanın maraqlarına uyğundur.

İkincisi, Türkiyənin Aİ ilə gələcək danışıqlarında da bu faktor mühüm rol oynayacaq. Yəni bu, həlledici faktor olmasa da, hər halda, ondan pozitiv istifadə (misal üçün, Pakt çərçivəsində dialoqun fəallaşdırılması) bu prosesdə müsbət atmosfer yarada, Türkiyəyə, məsələn, erməni diasporunun rolunun güclü olduğu Fransa kimi ölkələrin əlavə dəstəyini qazandıra bilər.

Nəhayət, üçüncüsü və fikrimizcə, Türkiyə diplomatiyası üçün ən vacib olan faktor: ABŞ-dakı son prezident seçkilərində "erməni soyqırımı"nın tanınması məsələsində prinsipial mövqedən çıxış edən Barak Obamanın qələbəsi, ABŞ Konqresində "erməni soyqırımı"nın tanınmasına dair qətnamənin qəbuluna yol aça bilər. Öz prinsipiallığı ilə məşhur olan B.Obama artıq ermənilərə iki dəfə rəsmən vəd edib ki, ABŞ Konqresinin Nümayəndələr Palatasında "erməni soyqırımı"nın tanınmasına dair qətnamənin qəbuluna çalışacaq. ABŞ administrasiyasının bu istiqamətdəki aktivliyini neytrallaşdırmaq üçün Ankara Yerevanla yaxınlaşmaq niyyətinin ciddiliyini nümayiş etdirmək qərarına gəlib. Və bu məsələdə Pakt ideyası lap yerinə düşür.

Bütün bunlara əsaslanaraq, belə güman etmək olar ki, Paktın beştərəfli formatı, əslində, Ankara-Yerevan danışıqlarının pərdələnməsinə, ikitərəfli dialoqa və yaxınlaşmaya legitimlik qazandırılmasına və Bakının narazılığından sığortalanmağa yönəlib.

Ankara hesab edir ki, bu təşəbbüs çərçivəsində Yerevanla aparacağı dialoq Azərbaycan tərəfindən aşkar narazılıqla qarşılanmayacaq. Türkiyənin "Turkish Daily News" qəzeti bununla bağlı ölkənin diplomatlarından birinin (adının çəkilməməsi şərti ilə) fikirlərinə yer ayırıb. O bildirir ki, "Ankara ilə Yerevan arasında diplomatik əlaqələr olmasa da, Türkiyə Ermənistanı tanıyır". Diplomatın fikrincə, Ankaranın Qafqazda əməkdaşlıqla bağlı irəli sürdüyü mexanizmlərdə Yerevanın yoxluğu hiss edilərdi, çünki "regiondakı son müharibədən ən çox ziyan çəkən ölkə məhz Ermənistandır".

Yerevana gəlincə, bu ölkə artıq Türkiyənin təşəbbüsünü dəstəklədiyini rəsmən bəyan edib və bildirib ki, Ermənistan regionda əməkdaşlıq və təhlükəsizlik məsələlərinə dair daim dialoq və danışıqlar tərəfdarı olub.

 

Rusiya faktoru

Paktın yaradılması təşəbbüsünün xarici siyasətin vacib istiqaməti olan Rusiya ilə münasibətlərin yaxınlaşmasına hesablandığını göstərən daha bir faktor Türkiyənin NATO-nun digər üzvlərindən fərqli olaraq, Gürcüstanın ərazi bütövlüyünü o qədər də qızğın şəkildə dəstəkləməməsidir. Türkiyəli jurnalistlərin rəyinə görə, bu gün Ankara bu prinsipi müdafiə etsə də, onu son dərəcə ehtiyatla - Moskvanın ünvanına hər hansı tənqiddən çəkinməklə dəstəkləyir. Bundan başqa, Ankara situasiyanı real qiymətləndirir və Abxaziya ilə Cənubi Osetiyanın Gürcüstandan ayrılması ehtimalını istisna etmir. Yəni Ankara üçün Moskva ilə müsbət münasibətlərin, strateji xarakterli əlaqələrin qorunub-saxlanması prioritetdir. Moskva ilə enerji sahəsində tərəfdaş münasibətlər saxlamaq istəyən Türkiyə bu əlaqələrdən İraq və kürd faktorları ilə bağlı ABŞ-la o qədər də asan olmayan münasibətlərinə "əks ağırlıq" kimi də istifadə etməyə cəhd göstərir.

Bu məqamda Moskvanın da Ankara ilə etibarlı əlaqələrin qurulmasında maraqlı olduğunu vurğulamaq vacibdir. Məsələ ondadır ki, hər iki ölkə bu gün son dərəcə aktual olan məsələ - Qara dənizdə xarici hərbi qüvvələrin mövcudluğuna eyni mövqedən yanaşır. Ukrayna, Gürcüstan və Rumıniyadan fərqli olaraq, həm Türkiyə, həm də Rusiya hesab edir ki, Qara dəniz yalnız sahilyanı dövlətlərin nüfuz zonasıdır. Hər iki dövlət burada NATO və Aİ-nin iştirakının güclənməsinə qarşıdır. Ankaranın fikrincə, bu bölgədə istənilən kənar hərbi qüvvənin mövcudluğu 1936-cı ildən qüvvədə olan Montre Konvensiyasının "eroziyasına" səbəb olacaq. Xatırladaq ki, həmin sənədə əsasən, Türkiyə Aralıq dənizindən Qara dənizə hərbi gəmilərin Bosfor və Dardanel boğazları vasitəsilə daxil olmasına nəzarət hüququna malikdir. 

Yeri gəlmişkən, Ankaranın bir neçə günlüyə hər iki boğazı Qara dənizə tələsən ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin üzünə bağlaması faktı da göstərir ki, Türkiyə Qara dəniz hövzəsində ABŞ-ın mövqelərinin möhkəmlənməsini istəmir.

Bu məsələdə Rusiya Türkiyə ilə müttəfiqdir. Moskvanın da ABŞ və NATO-nun regiondakı mövqelərinin güclənməsində maraqlı olmadığı məlumdur. Rusiya hövzənin NATO, Avropa İttifaqı və Amerika üçün açıq elan olunmasının özünün Qara dəniz hövzəsindəki təsir imkanlarını azalda biləcəyindən ehtiyatlanır və qəti şəkildə bunun əleyhinə çıxış edir. 

Bu baxımdan, Türkiyənin təşəbbüsündəki əsas məqamlardan biri - onun  bölgənin ABŞ və NATO-nun üzünə bağlı olmasını (ən azı, hazırkı mərhələdə) nəzərdə tutması Moskvanı qane etməyə bilməz.

Bütün bunlar belə bir fikir söyləməyə əsas verir ki, Qafqaz Paktının məqsədlərindən biri də Rusiya ilə yalnız Cənubi Qafqazda deyil, həmçinin Qara dəniz məsələsində qarşılıqlı anlaşmaya nail olmaq istəyidir. NATO və ABŞ-ın Gürcüstana yardım məqsədi adı altında bu gün Qara dənizdə iştirakını gücləndirmək cəhdləri fonunda həm Ankara, həm də Moskva qarşılıqlı dəstəkdə maraqlıdırlar. Və Türkiyənin irəli sürdüyü Pakt Ankara-Moskva dialoqu, həmçinin qeyd olunan məsələ ilə əlaqədar qarşılıqlı əməkdaşlıq üçün çox rahat format ola bilər.

Beləliklə, Pakt Moskva və Ankaranın mövqelərinin üst-üstə düşdüyü üç istiqaməti üzə çıxarıb: Rusiyanın strateji tərəfdaşı olan Ermənistanın regional təcrid durumundan çıxarılması, ABŞ-ın həm də Gürcüstan vasitəsilə Qara dənizdə mövqeyini gücləndirməyə göstərdiyi ciddi cəhdlərin qarşısının alınması və nəhayət, Ankaranın Moskvanın dəstəyinə ehtiyacı olduğu kürd və İraq problemlərinin həllində fəaliyyətin koordinasiyası. 

Bir halda ki maraqlar üst-üstə düşür, deməli, Rusiyanın bu layihəyə dəstək verəcəyi şübhə doğurmur. Elə isə bu Paktın Türkiyənin regiondakı mövqelərinin gücləndirilməsi alətinə çevrilməsi tamamilə mümkündür.

 

ABŞ faktoru

 

Ankaranın bu layihəsində Vaşinqton üçün yer nəzərdə tutulmayıb (hər halda, indiki mərhələdə) və bu, təsadüfi deyil. Fikrimizcə, Ankara bu təşəbbüsü irəli sürməklə ABŞ və NATO-ya siqnal göndərib: Türkiyə bu regionda Vaşinqton və Brüsseldən ehtiyat etməyərək, öz siyasətini yürütmək fikrindədir. Və nə qədər ki, ABŞ İraqın şimalında kürd separatçıları üçün meydana çevriləcək müstəqil kürd dövlətinin yaradılması siyasətini davam etdirəcək, Ankara öz siyasətini daha israrla yeridəcək.

 

Nəhayət, Azərbaycan faktoru

Bu planın reallaşdırılmasından uduzan yeganə tərəf Bakı ola bilər. Doğrudan da bizim bu layihəyə qarşı çıxmağımız üçün obyektiv əsas yoxdur. Əksinə, onu dəstəkləmək lazımdır. Çünki bu layihə regionda sabitliyə yönəlmiş sülhməramlı bir addımdır. Lakin eyni zamanda bu təşəbbüs əsasında Ankara ilə Yerevan arasında dialoqun fəallaşdırılması və iki ölkənin münasibətlərin mərhələli normallaşdırılması prosesinə başlaması Azərbaycanın maraqlarına mənfi təsir göstərə bilər. Çünki bu yaxınlaşma  Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Ermənistanın mövqelərinin güclənməsi, Azərbaycanın mövqelərinin isə əksinə, zəifləməsinə gətirib çıxara bilər.

Bu situasiyadan ən optimal çıxış variantı odur ki, türkiyəli tərəfdaşlarımız Yerevanla yaxınlaşmanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini qabaqlamasına imkan verməsinlər. Bu yaxınlaşma Yerevanın münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında, ölkəmizin suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsiplərinə uyğun ədalətli həlli üçün konstruktiv addımlara hazırlıq nümayiş etdirməsi ilə müşahidə olunmalıdır. Və Ankarada da etiraf olunduğu kimi, yalnız bu halda Bakı Pakta "yaşıl işıq" yandıra bilər.

Paralel olaraq, fikrimizcə, Azərbaycan öz enerji ehtiyatlarının Avropaya nəqli üçün Türkiyə ilə yanaşı digər marşrutlar da axtarmalı, Rusiya və Yunanıstan istiqamətlərində, eləcə də Kipr qarşıdurmasının həlli məsələsində aktivliyini artırmalıdır. Çox güman ki, bu aktivlik Ankaranın arxasında dayanan və ona arxa duran ABŞ və Qərb tərəfindən də doğru qiymətləndiriləcək.  


MƏSLƏHƏT GÖR:

410