Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
Yumşaq və ehtiyatla yeriyən bu ciddi adama baxanda dünyanın tanınmış alimlərindən biri Lütfi Zadə olduğunu demək mümkün deyil. Onunla ünsiyyətdə olub ürəkdən danışmağı çox istərdik, ancaq "Bakutel-2008"in telekommunikasiya və informasiya texnologiyaları sərgisinin şərtləri bunu etməyə imkan vermədi. Ancaq hamı anlayırdı ki, hazırda çox böyük istedad bizimlə bir yerdədir.
İnsanlar bu dahi ilə söhbət etmək, xatirə şəkli çəkdirmək istəyir və o, dünyaşöhrətli olmasına baxmayaraq, imtina etmir. Yaxınlaşıb əl tutduqdan sonra 20-ci yüzilliyin və müasirliyin ən böyük dühalarından birinə pərəstiş etməyə bilmirsən. Beynindəki suallarla anın təntənəsini pozmaq istəmirsən, lakin ürəyində fəxr edirsən ki, bu zərifsifətli və sadəgeyimli, kiçikboylu mehriban insan dahidir. Və bu dahi azərbaycanlıdır.
Bu fikir hər şeyə dəyər. Lütfi Zadə tərəfindən yaradılmış nəzəriyyələr dünyanı təmiz və yaxşı edir. Onlar rasional dünyaya mənəviyyat gətirdi. Bu, proqreslə korlanmış insanlara hava və su kimi lazımdır. O, Tanrının gerçək elçisidir.
Sərgidə ekspozisiyadan - ekspozisiyaya keçən alim elmi-texniki proqresin son nailiyyətləri ilə tanış olur, axı o özü də həmin nailiyyətləri yaradanlardandır. Yəqin ki, doğulduğu ölkədə öz nailiyyətləri ilə qarşılaşmaq ona daha xoş idi. Bəlkə də, elə buna görə Lütfi Zadə Azərbaycanın İT şirkətlərinin stendlərinin önündə daha çox dayanırdı.
Alim çox astadan söhbət edirdi. Ancaq ona qulaq asarkən, fikirlərini tutmağa çalışarkən ətrafdakı səs-küy sanki sönür. Bu, əzəmətli sakitlikdir. O, dünya elminə beş fundamental nəzəriyyə bəxş edib - "Həssaslıq nəzəriyyəsi", "Halların məkan nəzəriyyəsi", "Sözlərlə hesablama nəzəriyyəsi", "Yumşaq hesablamalar nəzəriyyəsi", "Qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar nəzəriyyəsi".
Dünya elminin inkişafında çevriliş edib, biz, demək olar ki, hər gün həyatın bütün sahələrində Lütfi Zadənin ixtiraları ilə qarşılaşırıq. Bizdən əl uzaqlığı məsafəsindədirlər. Bu böyük azərbayjanlının qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar nəzəriyyəsi hesabına kompyuterlər, biliklərə malik maşınlar, süni intellektlər insan düşünjəsinə bənzər irrasional şəkildə yaradılmağa başladı.
İnformasiyanın hesablanmasında sözlərin və cümlələrin istifadə edildiyi kompyuterlərin işinin əsasında isə sözlərlə hesablama nəzəriyyəsi durur. Bu gün də həmin kompyuterlər insanın qavrayışına ən yaxın olan texniki model sayılır.
Lütfi Zadə ekspozisiyaların hamısına baş çəkir və hamı onu tanıyır. Bu sadə, mehriban və böyük insan haraya yaxınlaşırsa, onu çevrəyə alıb buraxmırlar. Lütfi Zadənin özü də həvəslə söhbətlərə qarışır, hər dəfə ona 87 yaşı olmasına baxmayaraq, çox gənc görünməsi barədə tərifli sözlər deyəndə o, jiddiliklə başını aşağı salır. Bu insanın istedadı qarşısında, demək olar ki, hamı - səfirlər, nazirlər, İT şirkətlərinin rəhbərləri baş əyir.
Çoxları anlayır ki, elmi dairələrdə "qeyri-səlis məntiqin atası" sayılan bu insanla söhbət edərkən unudulmazlıq və əbədiliklə təmasda olurlar. Ancaq Lütfi Zadənin 1944-cü ildə gəldiyi ABŞ-da - bu böyük imkanlar ölkəsində onu kimsə tanımırdı. 1946-cı ildə o, tanınmış Massaçusets Texnologiya Universitetini elektrotexnika ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. Kolumbiya universitetində isə doktorluq dissertasiyası üzərində işləy0ən Lütfi Zadə çox rahatlıqla assistentlikdən 36 yaşında professorluğa qədər yüksəlib.
46 yaşında Lütfi Zadənin "İnformasiya və nəzarət" jurnalında dərc olunmuş "Fuzzy sets", yəni qeyri-səlis çoxluqlar nəzəriyyəsi onun həyatının başlıca zəhmətinə çevrilir. Bu məqalə qeyri-səlis riyaziyyat sahəsində böyük miqdarda dərclərə səbəb oldu. Ancaq 20-ci yüzilliyin 70-ci illərinə kimi bu böyük azərbaycanlının ideyası ehtiyatla qarşılanıb. Çox vaxt, xüsusilə də, "təmiz riyaziyyatçılar" arasında soyuq qarşılanıb.
"İnanmaq çətindir ki, hətta 1989-cu ildə ABŞ Milli Elm Jəmiyyəti riyaziyyat proqramından bir sıra qeyri-səlist məntiq dərslərini çıxarmaq barədə ciddi düşüncələr aparıb. O dərsləri ki hazırda təcrübədə tətbiq edilir və informasiya texnologiyalarının irəliləməsində yetərincə rol oynayır",- deyə Rusiya Qeyri-Səlis Sistemlər Assosiasiyasının prezidenti A.Averkin Lütfi Zadə haqqında yazır.
Yaponlar azərbaycanlı dahinin nəzəriyyəsinin ilk məhsulunu istifadə etməklə Tokiodan elmi şəhərcik Sendaya qədər elektrik qatarını işə salmaqla amerikalıları qabaqlayıblar. Ona elə idarəetmə qurğusu quraşdırıblar ki, sərnişinlər qatarın nə yola düşməsini, nə də sürətlənməsini hiss etməyiblər. Bu, Yaponiyada əsl texnoloji bum demək idi. Bunun ölkəyə gətirə biləcəyi iqtisadi yararı nəzərə alan yaponlar Lütfi Zadəyə 1989-cu ildə elmi dünyada çox hörmətli olan Honda mükafatı, 1999-cu ildə isə Okasi mükafatı veriblər.
Yaponlar mütəmadi olaraq azərbaycanlı alimin ixtiraları əsasında qurulmuş məişət texnikaları ilə evdar xanımlarını sevindiriblər. Camaşırın kirlilik səviyyəsini, həcmini, keyfiyyətini özü müəyyən edən və səhvsiz şəkildə ən qənaətcil rejimi seçən ilk təmizlik maşınları elə ortaya çıxıb. Supermarket sahibləri də yeni eranın başlandığını hiss ediblər. Onlar avtomatik olaraq yönələn video kameralar quraşdırıb, ağıllı kondisionerlərdən, tozsoranlardan, mikrodalğa sobalarından və rəqəmsal televizorlardan istifadə etməyə başlayıblar.
Alimin nəzəriyyəsi əsasında yapon ixtiralarının çeşidləri heyrət doğurur. Buraya pilotsuz və yerdən səslə idarə olunan vertolyotdan tutmuş ikebana çələnginin təşkilinə kimi çox şey daxildir. Ən proqressiv şəkildə hərbçilər yararlanıblar. Məhz onlar ən çətin olan problemlərini, yəni düşmənin yeni raketlərinin tutulmasını bu yeni riyaziyyat üsulu ilə həll etməyi bacarıblar. Köhnə üsullar isə buna imkan vermirdi.
Bu prosesi kibrit qutusuna yerləşdirilə bilən qeyri-səlist tənzimləyici idarə edir. Bu cür sürətli qeyri-səlis çiplərin istifadə edildiyi müxtəlif sistemlərin bazarının həcmi hazırda 20 milyard dolları ötür. "Bu fakt Lütfi Zadənin nəzəriyyəsinin praktiki önəminin daha bir tutarlı təsdiqidir", - deyə A.Averkin vurğulayır.
Bakının torpağındandır, yoxsa suyundandır, bilmirəm, Azərbaycan həmişə yalnız bir ölkə üçün deyil, bütün dünya üçün nailiyyət sayıla biləcək insanlar yetirib. Bunlar Lütfi Zadə, Müslüm Maqomayev, Mstislav Rostropoviç, Lev Landaudur. Bizim bu iftixar siyahısını bir az da davam etdirmək olar.
Bəlkə də, bu "Bakıda doğulmaq nəzəriyyəsi" səlislikdən məhrumdur, ancaq "qeyri-səlis məntiqin atası", bəlkə də, bununla tamamilə razılaşardı. Məhz Lütfi Zadə insan və onun həssasiyyət mərkəzi ilə rəqəmlərin quru dilindən başqa ayrı şey anlamayan kompyuter arasında proqressiv dilin əsasını qoyub. "Lütfi Zadənin kəşflərinin köməyi hesabına kompyuterlərlə dəqiq standart komanda dili ilə ünsiyyət qurmaq əvəzinə, onlarla danışmaq imkanı yaranıb", - deyə A.Averkin yazır.
"Bakı böyüyüb və inkişaf edib. Mənim təəssüratım çox müsbətdir. Azərbayjanın hər şeyi var. Bununla yanaşı, ölkəyə onun inkişafında maraqlı olan ağıllı insanlar rəhbərlik edir. Bu, əsas məsələdir. Çox sağ olun. Çox sağ olun ki, məni Bakıda belə gözəl qəbul edirlər. Həddindən şadam ki, mən burada, gözəl insanların arasındayam",- deyə Lütfi Zadə bildirib.
Hazırda bu dahi azərbayjanlı qeyri-səlis məntiq sahəsində nəşr olunan 54 elmi curnalın, idarənin və "Soft Computing"in elmi redaktoru və redaksiya heyətinin üzvüdür. Bu, əməyinə ən çox istinad edilən alimdir. O, bir çox xarici ölkələrin akademiyalarının üzvüdür.
O, çoxsaylı hörmətli cəmiyyət və fondların mükafatları və medalları ilə təltif olunub. O, onlarca xarici ölkənin və ictimai təşkilatların fəxri doktorudur. O cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının fəxri akademikidir. Bu, böyük alim və bütün azərbaycanlıların fəxri olan Lütfi Zadənin böyük uğurlarıdır.
MƏSLƏHƏT GÖR: