14 Mart 2025

Cümə, 21:49

ÜMİDLƏR VƏ REALLIQ

Bakı ilə Irəvan arasında danışıqlarda kövrək irəliləyiş müşahidə edilir

Müəllif:

15.11.2008

Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Moskvada keçirdikləri görüş hələ uzun müddət diqqət mərkəzində olacaq. Əksər ekspertlərin fikrincə, MDB məkanında ən köhnə regional münaqişənin həllinə həsr olunmuş Moskva bəyannaməsi Türkiyənin Qafqaz Sabitlik və Əməkdaşlıq Platformasının yaradılması təklifi ilə birlikdə bölgədə Rusiya ilə Gürcüstan arasında yaşanmış "beşgünlük müharibə"dən sonra "sülhməramlı fəallıq"ın göstəricilərindən biridir. Bu müharibə hər şeydən əlavə bir məqamı sübut etdi ki, "dondurulmuş münaqişələr" daim "dondurulmuş" vəziyyətdə qala bilməz.

Aydındır ki, Moskva üçün Qarabağ danışıqları hər şeydən əvvəl MDB məkanında Gürcüstanla müharibədən sonra ciddi zərbə almış sülhməramlı imicinin bərpasına cəhddir. Rusiya anlayır ki, münaqişələrin həllinə nail olmaq regiondakı təsir imkanlarının və nüfuzunun gücləndirilməsi üçün ən yaxşı vasitədir.

Məhz Moskva danışıqları ərəfəsində yaxşı tanıdığımız Aleksandr Duqin danışıqların perspektivləri və məqsədləri haqda fikirlərini bölüşdü. Yeri gəlmişkən, Türkiyə təhlükəsizlik orqanlarına inansaq,  Rusiyanın xüsusi xidmət orqanları ilə "Ergenekon" qruplaşmasından olan sui-qəsdçilər arasında əlaqəni məhz Duqin həyata keçirirmiş.

Baş "avrasiyalı" belə bir fikir yaratmağa çalışır ki, Moskva Ermənistanı bimənalı dəstəkləməkdən imtina edir, oriyentirləri dəyişir və Bakı ilə əlaqə vasitələri axtarır. "Moskva üçün Qarabağın müstəqilliyinin tanınması məsələsi gündəmdə ola bilərmi?" sualına Duqin belə cavab verib: "Hazırda bu, aktual deyil. Daha vacib olanı Türkiyə və Azərbaycanla strateji tərəfdaşlığın yaradılmasıdır. Konkret geosiyasi maraqlar nöqteyi-nəzərindən danışsaq, Rusiya üçün Atlantik strategiyaya qarşı dayanmaq üçün ən azı Türkiyənin strateji neytrallığı və Azərbaycanla daha sıx birləşmək lazımdır. Ermənistanla strateji birlikdən artıq nə mümkün idisə, "alınıb". Ermənistanın strateji vəziyyəti elədir ki, o, Rusiyaya bundan artığını verə bilməz. Türkiyə və Azərbaycandan isə indi həddindən artıq çox şey asılıdır".

Duqin və onun arxasında dayananların Azərbaycana strateji ittifaqın əvəzində real olaraq nə vermək istədikləri isə hələ açıq qalır. Elə həmin "geosiyasət mütəxəssisi" açıq şəkildə bildirir ki, "postsovet sərhədlərinin legitimliyi belə şübhə altına alına bilər. Çünki vahid unitar ölkə olmuş SSRİ-nin sərhədləri dövləti əhəmiyyət daşımırdı və sadəcə, rayonlara ayırma vasitəsi sayılırdı, məsələn, Moskvanın rayonlara ayrılması kimi".

"Anlamaq lazımdır ki, bizim söhbət açdığımız sərhədlər şərtidir. Onlar hər hansı tarixi əsaslandırma olmadan, etnik faktorlar nəzərə alınmadan beynəlxalq hüququn ehkamları kimi qəbul edilib. Bu isə təbii ki, çox sayda ziddiyyətlər meydana çıxarıb ki, Dağlıq Qarabağ münaqişəsini bunlardan biri hesab etmək olar. Mən əminəm ki, bu ərazinin Azərbaycana istənilən formada birləşdirilməsi real deyil. Doğrudur, həmin ərazi inzibati baxımdan Azərbaycanın nəzarətində olub, lakin əzəldən orada ermənilər yaşayıb. Bu statusun müəyyənləşdirilməsində ermənilərin öz mövqeləri var. Əsas plan isə tam destruktiv, əqli cəhətdən qüsurlu, situasiyanı qəlizləşdirən və yeni münaqişələr üçün şərait yaradan mənəviyyatsız qüvvə olan ABŞ-ın danışıqlar prosesindən uzaqlaşdırılması olacaq", - deyə Duqin bildirir. 

Bununla yanaşı, xatırladaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən yeganə olaraq, yalnız Metyu Brayza birmənalı şəkildə bildirir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.

Moskva görüşü ərəfəsində bu danışıqlarla bağlı Ermənistanda da ciddi nikbinlik hiss edilmirdi. Rusiyada nəşr olunan "Nezavisimaya qazeta"nın ştatlı "Cənubi Qafqaz analitiki" Yuri Simonyan üç dövlət başçısının görüşünə həsr etdiyi məqaləni "Qısır fəallıq" adlandırmışdı. Jurnalist ortaya "Azərbaycan və Ermənistan prezidentləri Moskvaya nə ilə gedirlər" kimi ritorik sual qoymuşdu: "Təəssüf ki, real olaraq heç nə ilə. Onların görüşmək və Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparmağa razılıq vermələri hər şeydən əvvəl problemin həllində praktik iş görmək istəyi yox, daha çox Dmitri Medvedevin təklifinə hörmət əlamətidir. Bundan bir qədər əvvəl onlar növbəti dəfə nümayiş etdirmişdilər ki, tanınmamış "Dağlıq Qarabağ Respublikası" (burada və bundan sonra dırnaq işarəsi bizimdir ) ilə əlaqədar məsələdə Bakı ilə Yerevanın mövqeləri tam fərqlidir və onların yaxınlaşdırılmasına səbəb olacaq rçaqlar görümür".

Jurnalistin fikrincə, hazırda D.Medvedevin vəziyyəti dəyişəcəyi və həmkarlarının Dağlıq Qarabağın statusu ilə bağlı razılığa gəlməsinə nail olacağını göstərən şərait yoxdur. Müşahidəçilər hesab edir ki, Moskva üçün bu çox yerinə düşərdi: Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması ilə nəticələnən avqust müharibəsi, həmçinin Dnestryanı münaqişənin həllində ən azı uğursuz vasitəçilik, şübhəsiz ki, beynəlxalq arenada Rusiyanın imicinə ciddi zərbə vurub. Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olunması ona yaxşı dividentlər gətirərdi. Bu baxımdan, Moskvanın Ermənistan-Azərbaycan meydanında fəallıq nümayiş etdirməsi tamamilə qanunauyğun görünür. Lakin onun ən azı yaxın gələcəkdə səmərə verəcəyi inandırıcı deyil.

Amma bütün bunlarla yanaşı, Moskva görüşünün uğuru ilk baxışdan hiss edildi.

14 ildə ilk dəfə olaraq Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 3 prezident tərəfindən sənəd imzalandı. Fransanın "Le Monde" qəzetinin qiymətləndirməsinə görə, bu, "yol xəritəsi" sayılmasa da, Rusiya, ABŞ və Fransanın həmsədrlik etdiyi ATƏT-in Minsk qrupu çərçivəsində müzakirə edilməli olan problemin "beynəlxalq zəmanətlərlə möhkəmlənmiş siyasi həlli"nin vacibliyinə xidmət edir. Bundan başqa, aşkar şəkildə görünür ki, Rusiya öz "vasitəçilik missiyası"nı ATƏT-ə qarşı yönəltməyib, əksinə, Minsk qrupu və onun həmsədrlərinə qarşı reverans da edib.

Bununla yanaşı, Moskva bəyannaməsinin real öhdəliklər əks etdirmədiyini söyləyənlərlə razılaşmamaq çətindir. Sənəddə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır, orada tərəflərin güc tətbiqindən imtinasına dair öhdəlik də yer almayıb. Və ən başlıcası, Azərbaycan ərazisindən erməni qoşunlarının nə vaxt çıxarılacağı ilə bağlı suala cavab da bəyannamədə əksini tapmır.

Lakin bəyannamədə müsbət məqamlar da var. Ən əsası, o, sənəd üzərində olan fikirlərin baş verənlərə və ya baş verməli olanlara yaxınlaşmasına təkan verə bilər. 

Bəyannamənin mətnində sadə və aydın tezis əksini tapıb: əvvəlcə münaqişə həll edilməli, yalnız bundan sonra iqtisadi əməkdaşlıqdan danışılmalıdır. 

Bundan başqa, sənədi Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ separatçılarının iştirakı olmadan imzalayıblar. Bunu artıq Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan da qeyd edib. O, "A1+"a müsahibəsində bildirib ki, Moskvada imzalanmış bəyannamə "1994-cü ildə ATƏT-in Budapeşt sammitinin məsələyə dair "Dağlıq Qarabağ Respublikası"nın münaqişədə tamhüquqlu üçüncü tərəf kimi tanınması ilə qəbul edilmiş qərarı birdəfəlik dəfn edib. Bu isə o deməkdir ki, Qarabağ bundan sonra özünün taleyinin həll olunduğu prosesdə heç bir rol oynamayacaq".

Heç kim tərəfindən tanınmamış "DQR"in Budapeştdə "Qarabağın erməni icması" kimi yox, guya "respublika" kimi qəbul edilməsi iddiasını Levon Akopoviçin öz insafına buraxaq. Və xatırladaq ki, bir müddət əvvəl Ermənistanda belə "etirafedici sənəd" kimi, ümumiyyətlə, hüquqi sənəd olmayan Bişkek protokolunun adı çəkilirdi.

Məsələ ondadır ki, Moskvada "qarabağlılar"ın heç bir iştirakı olmadan imzalanmış bəyannamə həqiqətən də Yerevanda və Xankəndidə səs-küylü spekulyasiyalar predmetinə çevrilə bilər. Lakin burda digər məqam da var. İstənilən ən uzaq yol ilk addımdan başlayır və bu ilk addım hələ ki yolun keçildiyi anlamına gəlmir. Üstəlik, Moskva Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsas istəyinə hələ ki nail ola bilməyib: söhbət Ermənistan qoşunlarının işğal olunmuş torpaqlardan çıxarılmasından gedir. Bu olmadan sonrakı irəliləyiş haqda danışmaq mümkün deyil.

Nəzəri baxımdan, əlbəttə ki, Rusiyanın Ermənistana təsir imkanlarını nəzərə almaqla düşünmək olar ki, Moskva Yerevanı qoşunlarını geri çəkməyə məcbur edəcək. "Mond" qəzeti Serj Sarkisyanın Parisə səfəri zamanı belə bir təzyiq hiss etmədiyini bildirdiyini yazsa da, bölgədə bu haqda danışıqlar get-gedə artır. Bununla eyni vaxtda Ermənistanda tam açıq şəkildə bildirirlər ki, Rusiyanın etibarlı "forpostu" ondan inciyə bilər. Məhz Moskva görüşü ərəfəsində Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağa bitişik ərazilərdə sülhməramlı qüvvələrin yerləşdirilmə ehtimalı haqda danışarkən qeyd edib ki, bunun baş verəcəyi təqdirdə həmin qüvvələrin çoxmillətli kontingent olması daha məqsədəuyğundur: "Arzuolunan olardı ki, orada bir ölkənin yox, bir neçə dövlətin sülhməramlı kontingenti yerləşdirilsin. Bununla Dağlıq Qarabağda beynəlxalq qüvvələrin mövcudluğu təmin olunacaq". 

Hər halda, bunun nəyə və kimə işarə olduğu aydındır.

Artıq Ermənistan qarşılıqlı "məhəbbət" olmadan Rusiyanın "forpostu" kimi qalmaq istəmir. Bu qarşılıqlı məhəbbət isə, ermənilərin nəzərində, işğal olunmuş torpaqların anneksiyasına yardım olmalıdır.

Artıq Moskva görüşündən sonra rəsmi qəzet olan "Qolos Armenii"nin səhifələrində Qarabağda separatçılığın təşəbbüskarlarından biri, hazırda "Siyasi Tədqiqatlar İnstitutunun ABŞ və regional siyasət şöbəsinin rəhbəri" kimi təqdim olunan İqor Muradyan deyir: "Artıq şübhə yoxdur ki, Rusiya Ermənistan ilə əlaqələrini birmənalı olaraq, Azərbaycan və Türkiyə ilə münasibətləri ilə uzlaşdırmağa başlayır. Rusiyanın Qarabağla bağlı planları getdikcə daha da aydınlaşır. O, erməni qoşunlarının Qarabağdan çıxarılmasını, əvvəlcə 5, daha sonra 7 rayonun Azərbaycana verilməsini, azəri qaçqınları adlandırılan şəxslərin geri qaytarılmasını, Rusiya sülhməramlılarının münaqişə zonasına gətirilməsini, Qarabağın statusunun isə tamamilə qulaqardı edilərək, 10 və ya daha çox illər təxirə salınmasını özündə əks etdirir. Bu, Ermənistanın elə həmin tərəfdaşlar arasında növbəti dəfə parçalanması və bölüşdürülməsindən başqa bir şey deyil. Rusiya 20-ci və 40-cı illərdə də Türkiyəni öz tərəfinə çəkməyə cəhd göstərirdi. Lakin Qara dəniz boğazlarına daha əlverişli çıxış əldə etmək əvəzinə, daim Türkiyə tərəfdən zərbə alıb". 

Aydındır ki, cənab Muradyanın və "Qolos Armenii" qəzetinin anlamında qaçqınlar, zərərçəkmişlər heç bir halda azərbaycanlılar və ya "azərilər" yox, yalnız ermənilər ola bilər.

Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı fikirlərini də Muradyanın insafına buraxaq. Hər şeydən əvvəl, hələ ki belə planın mövcudluğuna dair heç bir rəsmi təsdiq yoxdur. Bundan başqa, Moskva bəyannaməsində bölgədə atəşkəs rejiminin möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsinə dair fikirlər yer almayıb ki, bu da məhz sülhməramlı qüvvələr vasitəsi iləreallaşdırılsın. Hələ ondan danışmırıq ki, Gürcüstanda Avropa Jttifaqı missiyasının Rusiya "sülhməramlıları"nı əvəzləməsindən sonra Moskva, çətin ki, növbəti sülhməramlı əməliyyata başlamaq istəsin. Lakin məsələ başqadır: Rusiya Ermənistanla münasibətlərini Azərbaycan və Türkiyə, həm də ümumilikdə NATO ilə münaqişə istəmədən qurmağa çalışır və Yerevanda bunu heç cür qəbul etmək istəmirlər. Və nəticədə cənab Muradyan artıq Medvedevin ünvanına ən ciddi ittihamlar səsləndirir:"Dmitri Medvedevə gəlincə, məlumatlara görə, o, az qala Rusiyadakı Azərbaycan lobbisinə rəhbərlik edir: belə iddia ilə çıxış etmək üçün Rusiya prezidentinin sıx əlaqələri və maraqları haqda kifayət qədər məlumatlar var. Rusiyada xeyli sayda yüksək rütbəli məmurlar var ki, onlar əvvəlcə Azərbaycanın lobbiçiliyini edən şəxslər, yalnız bundan sonra bu və ya digər vəzifənin sahibləridirlər. Bu ölkənin rəhbərliyində artıq "qazçılar" və "neftçilər"in sayı çox artıb". 

Daha sonra o, Ermənistanın "faciə"dən qaçması üçün istifadə etməli olduğu "resept"i göstərir: "Yəqin ki, mən hər şeydən əvvəl özümün yox, uzun illər Qarabağ probleminin "dondurulması" ideyasını dəstəkləyən çoxsaylı Rusiya siyasətçilərinin mövqeyini söyləyirəm. Əsəbi reaksiya göstərmək və avtomatik olaraq ABŞ-ın yardımına üz tutmaq ağılsızlıq olardı. Qarabağın erməni xalqına məxsusluğunun şübhə altına alındığı belə bir vəziyyətdə Ermənistanın "yox", qəti şəkildə "yox" deməsi kifayətdir. Bu halda Rusiyanın öz planlarını yeritməsi üçün heç bir arqumentləri və imkanları qalmayacaq. Rusiya artıq elədiklərindən artığına çalışmayacaq".

Jurnalistin "Birdən Ermənistan qəti şəkildə "yox" demədi?" - sualına isə cənab Muradyan bu cavabı verib: "Bu halda Qarabağ ermənilərindən qurban masası üzərindəki qoyun kimi istifadə edilməsinə son qoymaq, qarabağlıların Ermənistanın bəzi rayonlarına, bəlkə də, hətta başqa ölkələrə köçürülməsi üçün pul tapmaq lazımdır".

Lakin əksər məqamlar göstərir ki, Yerevan danışıqlar prosesindən "qarabağlılar"ın kənarlaşdırılmasına cavab olaraq, regionda sülh prosesinin pozulması haqda ciddi düşünür. Hər halda, Moskva görüşündən sonra belə "Qarabağ demarşı" üçün "informasiya hazırlığı"na artıq başlanıb. Strateji mədəniyyət fondunun əməkdaşı Andrey Areşyev PanArmenian agentliyinin əməkdaşı ilə söhbətində bildirir ki, guya Moskva bəyannaməsinin üçüncü maddəsində tərəflər "münaqişənin sülh yolu ilə həlli onun bütün aspektləri və mərhələlərinin hüquqi öhdəliklərə əsaslanan beynəlxalq zəmanətlərlə müşayiət edilməsinə dair razılıq ifadə ediblər". "Hələlik bu zəmanətlərin səviyyəsi, onların konkret parametrləri nəzərdən keçirilmir və bunun əsas səbəbi odur ki, Dağlıq Qarabağ danışıqlarda iştirak etmir. Əgər söhbət hansısa sülhməramlı qüvvələrin "təhlükəsizlik zolağına" yerləşdirilməsindən gedirsə, əsas problem olan Dağlıq Qarabağın statusu məsələsi həllini tapmamış bu, sakitliyə yox, münaqişənin qızışmasına gətirib çıxara bilər. Yerevan "təhlükəsizlik zolağı"nı heç vaxt əldən verə bilməz və Azərbaycan tərəfini son dərəcə maraqlandıran bu məsələnin həlli "Stepanakert"in (dırnaq işarəsi bizimdir - red.) danışıqlar prosesinə tamhüquqlu tərəf kimi cəlb edilmədiyi müddətdə, mümkün deyil (1994-cü ildə keçirilmiş Budapeşt sammiti və Dağlıq Qarabağ münaqişəsinin həllinə dair digər əsas sənədlərə əsasən). Bəyannamədə qarşılıqlı inamın gücləndirilməsinə dair yer almış fikirlər də aktual olsa da, "DQR"in iştirakı olmadan bu da arzu olaraq qalacaq", - deyə Areşyev bildirib.

Qarabağ separatçıları isə dəfələrlə bildiriblər ki, onlar erməni qoşunlarının işğalı altındakı torpaqlardan çıxmasına qarşıdırlar. Separatçılar rəsmi olaraq, bunu təhlükəsizlikləri üçün problem yaranacağı ilə əsaslandırırlar. Əslində isə, söhbət yerli idarəçilərin biznes maraqlarından gedir: narkotik plantasiyaları, terrorçu düşərgələri, həmçinin İranla sərhəddə narkotik qaçaqmalçılığının həyata keçirildiyi qeyri-leqal Nəzarət Buraxılış Məntəqəsi məhz orada yerləşir, meşələrin vəhşicəsinə qırılması həyata keçirilir.

Bunların fonunda həm Yerevan, həm Moskva üçün Qarabağ ermənilərinin adından ciddi hərbi güc ortaya qoymaq, bölgədə yeni münaqişə yaratmaq və s. çətin deyil.

Hər halda, Medvedevin Yerevana səfərindən sonra Qarabağda "hücum təlimləri"nin keçirilməsi, paralel olaraq dəmir yolu və boru xətlərinin kəsilməsi, Yevlax və Mingəçevirədək irəliləmək və s. "məsləhətlər"in səslənməsi təsadüfi deyil.

Bundan başqa, bu ssenarinin sülhməramlılıqla altruizm naminə yox, regiondakı təsir imkanlarını qorumaq üçün məşğul olan Moskvanın strateji planları ilə üst-üstə düşdüyü də istisna deyil. Rusiyanın bu məqsədinə nail olması üçün əsas vasitəsi hələ də regional münaqişələrdir. 


MƏSLƏHƏT GÖR:

507