15 Mart 2025

Şənbə, 03:53

LİBERAL FÖVQƏLDÖVLƏT BAŞÇISININ MÜRACİƏTİ

Dmitri Medvedev ölkəsinin Amerikanın birqütblü hökmranlığına son qoymaqda israrlı olduğunu bəyan etdi

Müəllif:

15.11.2008

Rusiya prezidenti Dmitri Medvedevin Rusiya Federal Şurasına müraciəti ABŞ-da keçirilən prezident seçkisi ilə birgə son günlərin ən əhəmiyyətli beynəlxalq hadisələrindən biri oldu. Özü də dünyada sürətlə dəyişən situasiya baxımından, Rusiya prezidentinin çıxışı Amerikada öz sələfinin daxili və xarici siyasətini qamçılayan qaradərili liderin hakimiyyətə gəlməsindən heç də az əhəmiyyət daşımır.

 

"Güclü dövlət" adından

Müraciətdə Dmitri Medvedevin islahatçılıq məqsədlərinin əlamətləri çoxluq təşkil edir. Rusiyada nəşr olunan "Qazeta" yazır ki, "Əgər bizim ölkəmizi dəyişmiş Mixail Qorbaçov və Boris Yeltsin islahatçılığa öz xoşları ilə getməmişdilərsə (yəni, həmin siyasətçilər sadəcə hadisələrin ardınca gedirdilər), onlardan fərqli olaraq Dmitri Medvedev peşəkar islahatçı obrazında çıxış edə bilər".

Medvedevin ölkədə prezidentin və Dövlət Dumasının səlahiyyət müddətini artıraraq, müvafiq şəkildə 6 və 5 ilə çatdırılması təklifinə 1993-cü ilin dekabrında qəbul olunmuş Rusiya Konstitusiyasının dəyişdirilməsinə ilk cəhd kimi baxmaq olar. Bu, birmənalı olaraq, Rusiyada dövlət hakimiyyətinin möhkəmləndirilməsinə yönəlsə də, Moskvanın özündəki siyasi dairələrdə də sual yaradıb: Medvedev 6 illik prezidentlik müddətini kimin üçün hazırlayır - özünə, yoxsa Rusiyanın siyasi səhnəsində liderlik rolunu özündə saxlayan Vladimir Putin üçün?

Medvedevin təklif etdiyi daxili siyasi dəyişikliklər yalnız hakimiyyət mexanizminin möhkəmlənməsinə deyil, həm də Rusiya cəmiyyətinin liberallaşdırılmasına yönəlib. Doğrudur, qeyd etmək lazımdır ki, söhbət Rusiyaya spesifik olan liberallaşmadan  - ölkədə getdikcə möhkəmlənən hökmran ideologiyası ilə birgə addımlayan liberallaşmadan gedir. Medvedev əmin edir ki, "siyasi və iqtisadi konyukturadakı kəskin dəyişikliklər, dünya iqtisadiyyatındakı burulğanlar və hətta hərbi-siyasi gərginliklər Rusiyanın demokratik institutlarının ləğvinə, sənaye və maliyyənin milliləşdirilməsinə əsas olmayacaq". O, hesab edir ki, dövlət aparatının "ən böyük sahibkar, ən fəal naşir, ən yaxşı prodüsser, özü-özünə məhkəmə, özü-özünə partiya, sonda özü-özünə xalq olmasına son qoyulmalıdır". 

Prezidentin fikrincə, "belə sistem, birmənalı olaraq, qeyri-effektivdir və o yalnız azad, demokratik və ədalətli cəmiyyətin bir nömrəli düşməni olan korrupsiyanın əmələ gəlməsinə xidmət edir".

Liberal fövqəldövlət başçısı Medvedevin müraciətində daha bir diqqətçəkən məqam: "Güclü dövlətlə güclü bürokratiya eyni şey deyil. Çünki birincisi vətəndaş cəmiyyətinə inkişaf və asayişin qorunması aləti kimi lazımdırsa, ikincisi onun üçün ölümcül təhlükədir". 

Başqa sözlə, Rusiya lideri hesab edir ki, liberal dəyərlər "güclü dövlət"dən imtina etmək üçün əsas deyil. Bu yalnız bürokratiyaya yox, həm də oliqarx kapitalına mesajdır ki, artıq "bəlalı 90-cı illər”in "bazar özbaşınalıqları erası"na bir daha qayıdılmayacaq. Artıq "azad insanların çiçəklənən və ədalətli qanunlara əsaslanan cəmiyyətin”in - necə ki onu Kreml sahibi görmək istəyir - qarantı və tərəfdaşı rolunu məhz dövlət oynayacaq.

 

Birqütblü dünya düzəninə qarşı

Müraciətində D.Medvedev yalnız öz ölkəsində yox, bütünlükdə dünyada islahatların həyata keçirilməsini təklif edib. Onun müraciətində hələ prezident Vladimir Putinin, həmiçnin Gürcüstan hadisələri öncəsi Medvedevin özünün ortaya qoyduqları ümumi mövqe ifadə olunub. Məntiqlə, dünyada yaşanan gərginlik fonunda Rusiyanın qlobal problemlərə yanaşması ABŞ-ın birqütblü hökmranlığının qəbul edilməməsinə əsaslanır. Vaşinqtonun ünvanına bir sıra sərt ittihamlar səsləndirən D.Medvedev həm "Sixinval faciəsi"nə (Rusiya liderinin fikrincə, bu hadisələr özündənrazı, tənqidə dözümsüz və yalnız birtərəfli qərarlar qəbul edilməsini mümkün sayan Amerika administrasiyasının günahı üzündən baş verib), həm iqtisadi-maliyyə sahəsindəki böhrana görə (Medvedev hesab edir ki, özünün iqtisadi artımı naminə "pul köpüyünü" şişirdən Birləşmiş Ştatlar nəinki öz qərarlarını qlobal bazarın digər iştirakçıları ilə əlaqələndirmədi, həm də bütün hədləri aşaraq həm özlərinə, həm də digərlərinə ziyan vurdu) birbaşa Vaşinqtonu günahlandırdı. 

Medvedevin ən kəskin fikirləri isə ABŞ-ın "qlobal RMS sistemi", "Rusiyanın hərbi bazalarla dövriyyəyə alınması" və "NATO-nun genişlənməsi" ilə bağlı oldu. Buna cavab olaraq, prezident Kozelskdə yerləşən raket diviziyasının hərbi növbətçilikdən götürülərək, ləğv edilməsinə dair əvvəl qəbul edilmiş planın icrasını dayandırdığını, Kalininqrad vilayətində "İskander" raket kompleksinin yerləşdiriləcəyini, həmçinin ABŞ-ın Avropadakı yeni raketəleyhinə sisteminin obyektlərini radioelektron vasitələrlə "susdurulacağını" bəyan etdi.

Əslində, Rusiya artıq çoxdan bu qəbildən olan tədbirlərə əl ata biləcəyi haqda danışırdı. Rusiyanın generaliteti dəfələrlə bəyan edib ki, Polşa və Çexiya ərazisində Amerikanın raketdən müdafiə sistemi elementlərinin yerləşdiriləcəyi təqdirdə, bu ölkələr Rusiyanın hava hücumundan müdafiə vasitələri üçün "prioritet obyektlər" olacaqlar. Bundan başqa, Rusiyanın Strateji əhəmiyyətli qoşunlarının rəhbərliyi hələ yayda bildirirdi ki, Kreml Kozelskdə dislokasiya olunmuş 28-ci diviziyanı saxlamaq fikrindədir. Qeyd edək ki, bu diviziyanın raket kompleksləri Rusiya ilə ABŞ-ın hücum potensialının ixtisar edilməsilə bağlı razılaşmaya uyğun olaraq, utilizasiya edilməli idi. Lakin artıq söhbət nəinki diviziyanın və onun 46 raket kompleksinin saxlanmasından, hətta oraya yeni silahın - hipersəsli qanadlı blokun da əlavə olunmasından gedir. Bu cür blok raketlərin uçuş müddətini xeyli azaldır. Bu isə o deməkdir ki, onlar ABŞ-ın Şərqi Avropada güman edilən obyektlərini 60% tez vura bilərlər.

Kalininqradda "İskander" qurğularının quraşıdırılması məsələsinə gəlincə, nüvə içlikli qanadlı raketlərlə təchiz olunmuş bu operativ-taktiki komplekslərin hələ də silahlı qüvvələrin ixtiyarına verilməməsinin sadə bir səbəbi var: onlar sadəcə, tam hazır deyillər. Rusiyanın Çexiya və Polşada quraşdırılacaq RMS sistemləri hədələdiyi radioelektron mübarizə qüvvələrinin (RMQ) işə salınması haqda danışmaq da hələ tezdir. Lakin bütün bunlara rəğmən, Moskvanın ABŞ-ın onun sərhədləri yaxınlığında quraşdırmaq istədiyi hava hücumundan müdafiə qüvvələrinə ciddi müqavimət göstərmək fikrində olduğu şübhə doğurmur.

NATO-nun Rusiya prezidentinin bəyanatından ciddi narahatlığını ifadə etməsi də bununla bağlıdır. Şimali Atlantika Alyansının nümayəndəsi Robert Pşelin sözlərinə görə, Moskvanın Kalininqrad vilayətində "İskander" qurğularını yerləşdirmək qərarı silahlanmaya nəzarət üzrə əldə edilmiş razılaşmaları təhlükə altına salacaq və NATO-Rusiya münasibətlərini korlayacaq.

Qeyd olunan məsələdən ABŞ Dövlət Departamenti də təəssüflənib. Qurumun rəsmisi Şon Makkormak bir daha bəyan edib ki, Vaşinqtonun "Polşa və Çexiyada RMS yerləşdirmək planı Rusiyaya qarşı deyil, təhlükəli ölkələr, məsələn, uzaq məsafəli raketlərin istehsalı ilə məşğul olan İranın mümkün hücumundan qorunmaq niyyəti ilə həyata keçirilir". Lakin ABŞ-ın Şərqi Avropada RMS yerləşdirmək niyyətinin üzə çıxdığı gündən bu arqumentlərə inanmayan Rusiya bu açıqlamadan da "təsirlənməyib".

Bütün bunlarla bərabər, Medvedevin RMS-lə bağlı atacağı addımlara dair açıqlamaları daha çox hərbi yox, siyasi xarakter daşıyır və bunu Qərbdə də anlayırlar. Məsələn, Polşanın baş naziri Donald Tusk hesab edir ki, Rusiya prezidentinin ABŞ-ın Avropadakı RMS-nin neytrallaşdırılacağı ilə bağlı bəyanatına "hərbi yox, siyasi planda verilmiş növbəti bəyanat kimi baxılmalıdır". Bununla yanaşı, o, Rusiyanın böyük hərbi potensialının olduğunu etiraf edərək, "hadisələrin pis istiqamətdə inkişaf edə biləcəyi"ndən narahatlığını bildirib.

Bu məsələlərdə ən başlıcası odur ki, iki nüvə fövqəldövləti olan ABŞ və Rusiya öz aralarında hərbi toqquşmaya yol verilməsinin mümkünsüzlüyünü qəbul edirlər. Məhz bu səbəbdən onların təklif etdiyi və ya reallaşdırdıqları hərbi və müdafiə xarakterli aksiyalar, sadəcə, planetin müxtəlif regionlarında geosiyasi mövqelərinin möhkəmlənməsinə yönəlir. Bu mübarizədə hər iki tərəfin son dərəcə ehtiyatlı davrandığını da qeyd etməliyik. Həm Kreml, həm də Ağ ev çalışır ki, hadisələrin inkişafı sonradan strateji tərəfdaşlığa qayıtmağın mümkün olmadığı nöqtəyədək gedib çıxmasın. Bu tərəfdaşlıq isə (xüsüsilə, nüvə silahlarının yayılmaması, qlobal təhlükəsizliyin təmin edilməsi, beynəlxalq terrorizm ilə mübarizə kimi sahələrdə) hər iki tərəfin marağındadır.

D.Medvedevin ABŞ-a "hücumunu" Rusiyanın "Amerika xalqı ilə problemlərinin olmaması" sözləri ilə bitirməsi də təsadüf deyil. O, çıxışının sonunda Birləşmiş Ştatların yeni administrasiyası ilə yeni qlobal təhlükəsizlik arxitekturasının qurulmasında, BMT-də islahatların aparılmasında, silahlanma üzərində beynəlxalq nəzarət rejiminin inkişafında əməkdaşlığa ümid etdiyini vurğulayıb. Rusiya prezidenti Avropanın təhlükəsizliyi müqaviləsinin ABŞ, Avropa və Rusiyanın vahid yanaşması əsasında hazırlanması təşəbbüsünü də bir daha təkrarlayıb: "Dünyəvi məsələlərdə oyun qaydalarını məhz beynəlxalq hüququn hamı tərəfindən qəbul edilən prinsip və normaları müəyyənləşdirməlidir".

 

Həyati maraqlar məkanında

Bu baxımdan, Dmitri Medvedevin növbəti fikirləri də maraqlıdır. O bildirib ki, Rusiya "mövcud formatlara hörmət olaraq", Dnestryanı və Dağlıq Qarabağ münaqişələrinin həllinə çalışacaq, "bütün maraqlı tərəflərlə əməkdaşlıq edəcək" və "hamını qane edən razılıqlara can atacaq". Rusiya prezidentinin MDB məkanındakı münaqişələri yada salmasının özü göstərir ki, Moskva Gürcüstanla beşgünlük müharibədən sonra özünün kifayət qədər artan geosiyasi imkanlarını postsovet məkanında mövqelərinin daha da güclənməsinə yönəltmək fikrindədir. Xüsusilə, Gürcüstan hadisələrindən sonra Ermənistan-Azərbaycan qarşıdurmasında və Moldovada yaşanan problemin aradan qaldırılmasında danışıqlar prosesinə yardım etməklə RF göstərmək istəyir ki, mürəkkəb dövlətlərarası problemləri öz həyati maraqları çərçivəsində həll etmək iqtidarındadır. 

Bir nüansı da qeyd etmək lazımdır: Medvedev dünyanı Amerikanın birqütblü hökmranlığından qurtarmağın vacibliyini bildirərkən, bunu yalnız Moskvanın deyil, bir çox ölkənin qlobal siyasətdə bir neçə güc mərkəzinin mövcudluğunda maraqlı olması ilə izah edib. "Dünyanı bir paytaxtdan idarə etmək olmaz. Bunu anlamayanlar sadəcə özlərinə və başqalarına əlavə problemlər yaradacaqlar. Və əksər ölkələrin əsl praqmatik çoxistiqamətli siyasətə keçməsi  beynəlxalq institutların möhkəmlənməsinin aktuallığını göstərir", - deyə D.Medvedev qeyd edib. 

Bu bəyanat Rusiya rəhbərliyinin MDB məkanında müəyyən inteqrasiya imkanları ilə bağlı yeni təşəbbüslərindən xəbər verə bilər. Görünür, fövqəldövlət və dünyanın siyasi mərkəzlərindən biri olmaq üçün Rusiyadan məhz bu tələb edilir. 


MƏSLƏHƏT GÖR:

457