14 Mart 2025

Cümə, 20:58

REAL ŞƏRAİT

Hazırda ağ ev üçün Azərbaycanla türkiyə daha maraqlıdır, nəinki ermənistan

Müəllif:

01.11.2008

Ağ evə növbəti, sayca 44-cü rəhbərin seçilməsi prosesi ənənəvi olaraq, hamının maraq dairəsindədir. Bunun öz səbəbləri var.

Birincisi, nə deyilməsindən asılı olmayaraq, ABŞ dünyanın ən güclü dövlətidir və yaxın gələcəkdə bu belə də olacaq. Hamı anlayır ki, yaxın 4 il ərzində Birləşmiş Ştatlara rəhbərlik edəcək şəxs ümumilikdə beynəlxalq iqlimə, həm də Vaşinqtonun bu və ya digər tərəfdaş dövlətlərlə ikitərəfli münasibətlərinə böyük təsir göstərəcək.

İkincisi, ABŞ-da prezident seçkisi əsasən uzun, çətin seçki prosesindən çox, maraqlı televiziya şousunu xatırladır (bu seçki də istisna deyil). Hadisələrin gedişini izləyənlərin ixtiyarına İnternet kimi geniş imkanın da verildiyi şəraitdə isə proses daha maraqlı görünür. Elə Respublikaçılar Partiyasının vitse-prezidentliyə namizədi Sara Peylinin İnternetdə yerləşdirilmiş çılpaq şəkilləri nəyə desən dəyər.

Üçüncüsü, hazırkı seçki iki fərqli cəhəti ilə yadda qalacaq: Demokratlar Partiyasının namizədi, senator Barak Obama ABŞ tarixində ilk qaradərili prezident ola bilər, onun respublikaçı rəqibi, senator Con Makkeynin isə tarixə Ağ evin ən yaşlı sahibi kimi düşmək imkanı var.

Nəhayət, dördüncüsü, seçkiqabağı kampaniyanın sonunun iqtisadi böhranla eyni vaxta təsadüf etməsi əksər amerikalıların diqqətini digər problemlərdən, məsələn, İraq müharibəsindən yayındırıb. Axı bu yarışın qalibinin qarşısında duracaq əsas problem məhz iqtisadi böhranın aradan qaldırılması olacaq.

Əgər 47 yaşlı B.Obama liberal, islahatlar tərəfdarı, "Amerika arzusu"nun bərpasına çağıran siyasətçi kimi tanınırsa, Vyetnam müharibəsinin 72 yaşlı veteranı C.Makkeyn daha çox vətənpərvərlik meyilləri ilə seçilir, öz təcrübəsi və xidmətləri ilə önə çıxır. Yəni, o, hər şeydən əlavə, Corc Buşun prezidentliyi dönəmində nüfuzuna ciddi zərbə dəymiş partiyasının xəttinə qarşı belə çıxa bilər.

ABŞ-ın Obamanı dəstəkləyən nüfuzlu "The New York Times" qəzeti yazır ki, qaradərili namizədin həm iqtisadiyyat, həm də milli təhlükəsizlik sahəsindəki proqramı Makkeynin proqramından daha effektlidir. Qəzet Obamanın beynəlxalq münasibətlərə dair proqramında da daha üstün məqamlar görür. Makkeynə gəlincə, onun "siyasəti və baxışlarının köhnə olduğu" qeyd edilir və bunun bariz nümunəsi kimi, respublikaçı senatorun vitse-prezidentliyə namizəd kimi açıq-aşkar qeyri-peşəkar fiqur olan Sara Peylini seçməsi göstərilir.

Son  sorğularda Makkeynin rəqibi ilə aralarındakı fərqi azaltmağa nail olduğu görünsə də, qaradərili namizəd hələ də öndədir. Özü də yalnız amerikalılar arasında yox. 

Jurnalistlər və sosioloqların keçirdikləri araşdırma göstərib ki, ABŞ prezidentinin seçilməsi prosesi bütün dünyada aparılsaydı, qələbə, şübhəsiz, Obamaya qismət olardı.

Yeri gəlmişkən, xatırladaq ki, 2005-ci ildə Barak Obama İndiana ştatından olan respublikaçı senator Riçard Luqarla birlikdə Azərbaycana (həmçinin Rusiya və Ukraynaya) səfər etmişdi. Səfər kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması məsələsində əməkdaşlığa həsr olunsa da, o, amerikalı siyasətçilərə Cənubi Qafqazın problemləri ilə tanışlıq imkanı da yaratmışdı.

Buna baxmayaraq, bir müddət sonra Obama Azərbaycan və Türkiyəni Ermənistanı blokada vəziyyətinə salmaqda günahlandırdı və Yerevana humanitar yardımın məbləğini əvvəlki səviyyədə saxlayacağına söz verdi. O, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair "öz müqəddəratını təyinetmə" hüququnu nəzərdə tutan qətnamənin qüvvəyə minməsinə çalışacağını da söyləyib. Amerika Erməni Milli Komitəsinin (ANCA) spikeri Elizabet Çulcyan Obamanın mövqeyini "son on il ərzində ortaya qoyulmuş ən qətiyyətli mövqe" adlandırıb.

Demokratlar Partiyasından vitse-prezidentliyə namizəd Cozef Bayden də daha çox ermənipərəst mövqeyi ilə tanınır. Delaver ştatından olan senator "Amerika-Ermənistan əməkdaşlığına töhfə verən insan" adlandırılır. Amerika Erməni Assambleyasının (AAA) məlumatında bildirilir ki, "1989-cu ildə Senatın hüquqi məsələlər komitəsinin sədri olmuş Bayden "epməni soyqırımı"nı təsdiqləyən 212 saylı qətnamənin təşəbbüskarı olub". 1992-ci ildə o, Miçiqan ştatından olan demokrat senator Con Kerrinin təklifi ilə səsverməyə çıxarılan Azadlığa dəstək aktına 907-ci düzəlişə dəstək verib. Xatırladaq ki, 907-ci düzəliş ABŞ büdcəsindən MDB ölkələrinə yardım şərtlərini müəyyənləşdirir. Sənəddə bildirilir ki, Azərbaycan Ermənistanın blokadasını aradan qaldırmayana qədər, Birləşmiş Ştatlar Bakıya yalnız humanitar yardım göstərə bilər. 907-ci düzəlişin fəaliyyətinin müvəqqəti dayandırılmasının əvəzində isə erməni lobbiçiləri ABŞ büdcəsinə Dağlıq Qarabağa birbaşa maliyyə yardımlarının göstərilməsi, həmçinin Azərbaycanla Ermənistana hərbi yardım məsələsində paritetin qorunmasına dair bənd salınması təklifini irəli sürüblər.

Con Makkeynə gəlincə, qeyd edək ki, o da Bakıda səfərdə olub və respublikaçı senator Azərbaycan üçün daha dost münasibətlərinin əks olunduğu qətnamələrin təşəbbüskarı kimi tanınır. Həmin sənədlərdə Azərbaycanın təhlükəsizliyinin möhkəmlənməsi və ölkənin daha da demokratikləşməsi məsələləri əksini tapıb. Makkeyn ABŞ-ın regiondakı vacib müttəfiqi saydığı Azərbaycanın ərazi bütövlüyünü də dəstəkləyir.

Azərbaycanı maraqlandıran daha bir məqam amerikalı namizədlərin Ermənistanın Türkiyəyə qarşı irəli sürdüyü qondarma soyqırım iddiasına necə yanaşmalarıdır.

Qeyd edək ki, Ermənistan Con Makkeyndən və ümumilikdə Corc Buşun rəhbərlik etdiyi respublikaçı administrasiyadan narazıdır. Ağ evin hazırkı sahibi seçkiqabağı kampaniyası dövründə "erməni soyqırımı"nı tanıyacağına dair vəd verməkdə, seçkidə Amerika ermənilərin dəstəyini aldıqdan sonra isə "vədindən boyun qaçırtmaqda" günahlandırılır. Xatırladaq ki, Buş ötən il Türkiyə ilə münasibətlərin pozulmasına imkan verməmək üçün Senatı "erməni soyqırımı"nı tanıyan 106 saylı qətnamədən boyun qaçırmağa məcbur edib. Sənəd 2007-ci il yanvarın 30-da Nümayəndələr palatasına respublikaçılar Adam Şif, Corc Radanoviç, həmçinin erməni məsələləri üzrə komitənin həmsədrləri Frenk Palloun və Co Nollenberq tərəfindən təqdim edilmişdi. 

Qeyd olunan məsələdə Makkeyndən də anoloji sərtlik gözlənilir.

Yeri gəlmişkən, oktyabrın 18-də ANCA Makkeynlə bağlı sərt bəyanatla çıxış edib. Qurum "məmurların özlərini Azərbaycan səfirliyinin əməkdaşları kimi apardıqlarını" bildirib. "ABŞ-ın vitse-prezidenti Dik Çeyninin Bakıya səfərindən sonrakı həftələr ərzində Birləşmiş Ştatlar administrasiyası xalqların öz müqəddəratını təyinetmə hüququ haqda danışmağı unudub və çıxışlarında bu demokratik prinsipi ümumiyyətlə yada salmır", - deyə erməni komitəsinin bəyanatında qeyd olunur.

Bunun fonunda "The Atlantic Monthly" nəşrinin 19 oktyabr 2008-ci il tarixli sayında "Makkeyn və erməni məsələsi" başlıqlı yazıda bildirilir ki, "hələ cənab Buşun səhnədə peyda olmasından xeyli əvvəl Makkeyn "erməni soyqırımı"nı tanımaq arzusunun olmaması və ABŞ-la Ermənistan arasında ikitərəfli münasibətlərə etinasızlığı ilə məşhurlaşıb". Məhz bu məqamlar ermənilərdə şok effekti yaradır.

Qəzet yazır ki, Obama əksinə, "hələ prezidentliyə namizəd olmazdan xeyli əvvəldən 1915-ci il hadisələrinin "soyqırım" kimi tanınmasının tərəfdarıdır". Buna cavab olaraq, hətta Kaliforniyada "Ermənilər Obama uğrunda" adlı təşkilat da yaradılıb.

Lakin heç də bütün ermənilər eyni düşüncədə deyillər. Bəziləri hesab edir ki, prezident seçildikdən sonra Obama da "soyqırım"ın tanınmasına dair vədlərini "unuda" bilər. Çünki əks təqdirdə, Ağ ev sahibi Türkiyə ilə münasibətlərin pozulacağından ehtiyatlanacaq. Xatırladaq ki, Ankara hadisələrin onun istəyinə uyğun olmayan istiqamətdə inkişaf edəcəyi təqdirdə ABŞ-la Türkiyə arasında ikitərəfli münasibətlərin pisləşəcəyini dəfələrlə bəyan edib. Bundan başqa, Türkiyə NATO üzvü olan müsəlman dövlətidir, onun ərazisi isə ABŞ-dan İraq və Əfqanıstana yüklərin daşınmasında vacib tranzit rolu oynayır: İraqa aparılan yüklərin 70 faizi məhz Türkiyə ərazisindən keçir.

Faktları heç bir şey dəyişə bilməz. Və onların gücü də elə bundadır. Hazırda Azərbaycan da Türkiyə kimi, ABŞ üçün daha vacib əhəmiyyət kəsb edir, nəinki Ermənistan. Real situasiya öz şərtlərini dəqtə edir və "siyasətdə dostlar yox, yalnız milli maraqlar var" ifadəsinə tamamilə uyğun gəlir.

ABŞ-ın nüfuzlu "The Washington Times" qəzeti bu haqda yazır: "Rusiyanın Azərbaycana qonşu olan Gürcüstana qarşı həyata keçirdiyi təcavüzə cavab axtaran Vaşinqton Azərbaycanla tərəfdaşlığı genişləndirmək haqda düşünməlidir. Azərbaycan geosiyasi baxımdan vacib olan regionun daha stabil dövlətidir və o, əsaslı tarixi incikliklərə baxmayaraq, daim qonşularla münasibətə böyük məsuliyyətlə yanaşır. Amerikanın 44-cü prezidenti istər Con Makkeyn, istərsə də Barak Obama olsun, bu kiçik, lakin neftlə zəngin Xəzər bölgəsinin vacib ölkəsi ilə strateji razılığın əldə edilməsi Vaşinqton üçün prioritet olmalıdır. Xüsusilə, növbəti prezident ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində diplomatiyasını gücləndirməlidir. Birləşmiş Ştatlar Ermənistanı danışıqlar masasına əyləşdirmək, münaqişəni birdəfəlik çözmək üçün təsir imkanlarından istifadə etməlidir. Çünki Qarabağ müharibəsinin bərpası Xəzər regionundan ABŞ-a neft nəqlinə mənfi təsir göstərə bilər. Gürcüstanın dəstəklənməsi Vaşinqton üçün birmənalı şəkildə vacib olsa da, ABŞ-ın uzunmüddətli maraqları stabil ölkələr və məsuliyyətli liderlərlə strateji alyansın yaradılmasını zəruri edir. Belə ölkələrdən biri isə Azərbaycandır".

Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur. Şübhəsiz ki, Azərbaycan həm Con Makkeynin, həm də Barak Obamanın rəhbərlik edəcəyi administrasiya ilə qarşılıqlı münasibətlər qurmağı bacaracaq. 



MƏSLƏHƏT GÖR:

410